Beynəlxalq seçki sistemləri və seçkilərin hüquqi tənzimlənməsi qaydaları

(əvvəli qəzetin 27 oktyabr və 3 noyabr 2010-cu il tarixli saylarında)
Azərbaycan Respublikasının Konstitusiyasında (Maddə 85) Milli Məclisin deputatlığına namizədlərə aid tələblərdə müəyyən edilir ki, yaşı 25-dən aşağı olmayan hər bir vətəndaş qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilə bilər.
İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər isə Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.
Onu da bildiririk ki, Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş şəxsin seçicilər tərəfindən geri çağırılmaq hüququ birbaşa qanunvericilikdə nəzərdə tutulmamışdır.
Azərbaycan Respublikasının Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi (maddə 89) aşağıdakı hallarda mandatından məhrum edilir:
1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;
2) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
5) özü imtina etdikdə.
Azərbaycan Respublikası Konstitusiyasında və Seçki Məcəlləsində əlbəttə ki, bələdiyyə seçkiləri, Milli Məclisə seçkilər, prezident seçkiləri, referendumla bağlı aktiv və passiv seçki hüquqlarının subyekt tərkibi baxımından, seçkilərin keçirilməsi, nəticələrin təsdiqi və dövlət hakimiyyətinin təşkilinin müxtəlif hakimiyyət qollarını əhatə etməsi baxımından fərqlidirlər. Son dövrlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 3 iyun 2003-cü ildə hüquqi qüvvəyə minməsindən sonra 11 noyabr 2003-cü il tarixli, 8 iyun 2004-cü il tarixli, 12 oktyabr 2004-cü il tarixli, 30 dekabr 2004-cü il tarixli, 4 mart 2005-ci il tarixli, 28 iyun 2005-ci il tarixli, Azərbaycan Respublikasının qanunları ilə məcəlləyə müvafiq dəyişikliklər və əlavələr edilmişdir.
2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 5 mart 2010-cu il tarixli qanunu ilə, 16 dekabr 2008-ci il tarixli Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə, 18 iyun 2010-cu il tarixli Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanunu ilə edilmiş yeniliklər nəticəsində Seçki Məcəlləsi son hüquqi reallıqlar baxımından təkmilləşdirilmişdir. Bu dəyişikliklər və əlavələrdə beynəlxalq təşkilatların da rəyləri nəzərə alınmışdır.
Hesab edirik ki, bu gün Azərbaycan Respublikasında Azərbaycan vətəndaşlarının iradəsini dövlətin və cəmiyyətin siyasi sisteminin təşkilində ifadə etməyə imkan verən, demokratik seçkilər keçirilməsinə əsas yaradan seçki qanunvericiliyi mövcuddur.
Hazırda Milli Məclis seçkilərinə namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi davam edir. Mövcud seçki Məcəlləsinə görə, namizədlərin irəli sürülməsi bir neçə formada həyata keçirilə bilər: namizədin özü tərəfindən, təşəbbüs qrupu tərəfindən, siyasi partiyalar bloku tərəfindən. Namizədin qeydə alınması prosedurun sonuncu mərhələsidir.
Azərbaycan Respublikasının Konstitusiyası və 27 may 2003-cü il tarixdə qəbul olunmuş və 3 iyun 2003-cü il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Seçki Məcəlləsi Azərbaycan Respublikası Parlamentinin - Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin - referendumun təşkili və keçirilməsi qaydalarını müəyyən edir.
Azərbaycan Respublikasının dövlət hakimiyyətinin əsasını Azərbaycan xalqının iradəsi təşkil edir. Azərbaycan xalqının iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə, ümumxalq səsverməsində öz təzahürünü tapır. Azərbaycan dövləti vətəndaşlarının iradəsinin ifadə edilməsinə seçki hüququ normalarının qəbulu və onların popzulmazlığının təmin edilməsi yolu ilə təminat verir. Seçki hüququ həm seçilmək və həm də ki, seçmək hərəkətlərini əhatə edir.
Azərbaycan Respublikası Konstitusiyasında seçki sistemi və seçki hüququ haqqında ayrıca fəsil və ya bölmə yoxdur. Diqqətə layiq hal odur ki, seçki hüququ Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində təsbit edilmiş əsas insan və vətəndaş hüquqları və azadlıqları fəslində Konstitusiyanın II bölməsində yer almışdır.
Azərbaycan Respublikası Konstitusiyasında məhz ikinci maddədə seçki hüququnun ümumi, bərabər və birbaşa, sərbəst, gizli və ya şəxsi səsvermə yolu ilə həyata keçirilməsi prinsipləri təsbit edilmişdir. Seçki hüququ əsas hüquq və azadlıqlar sisteminə daxil olmaqla Konstitusiyada təminatlı hüquqlar sırasında müəyyən olunmuşdur.
Seçki hüquq sisteminin prinsiplərinə əməl edilməsinin əhəmiyyəti seçkilərin legitim sayılması ilə əlaqəlidir. Bu prinsiplər beynəlxalq hüquqi aktlarda öz təsdiqini tapır. Belə ki, insan hüquqları haqqında ümumi bəyannamə, (1948-ci il ) mülki və siyasi hüquqlar haqqında beynəlxalq aktlarda siyasi hüquqların müdafiəsi, o cümlədən azad seçki hüququnun müdafiəsinə diqqət yetirilir. Insanların ümumi hüquq bəyənnaməsində azad seçki hüququ vasitəsilə hər bir insanın öz ölkəsinin idarə edilməsində iştirakı nəzərdə tutulur. Hər bir şəxs öz fikirində maneəsiz qalmaq hüququna malikdir. Öz fikrini azad ifadə edə bilər. Eyni zamanda, digər şəxslərin hüquqlarına və nüfuzuna hörmətlə yanaşmalıdır, dövlətin təhlükəsizlik mənafeyini nəzərə almalıdır.
Seçki hüquqlarının müdafiəsinin təminatı kimi müstəqil məhkəmə hakimiyyətinin formalaşması vacib məsələlərdən hesab olunur.
Gizli səsvermənin məqsədi seçicini hər hansı qorxudan qorumaq, öz hüquqi düşüncəsi əsasında tam sərbəst səsverməsini reallaşdırmağı xidmət edir. Hər bir seçicinin gizli səsverməsi mexanizmi ona əsaslanır ki, o tam azad səs versin. Bu isə seçki bülleteninin səsvermə otağında doldurulmasından başlayaraq gizli formada seçki qutusuna daxil etməyə qədər olan hərəkətləri əhatə edir. Belə olan halda, seçicilər də belə müdafiə formasını bildikdə seçkidə onların fəallığı artır.
Azad seçkilərin mahiyyəti xalqın siyasi iradəsinin ifadə edilməsi ilə sıx əlaqəlidir. Nəticədə, bu iradənin seçki hüququ əsasında həyata keçirilməsi dövlət hakimiyyətinin təşkilinin əsaslarını yaradır.
Ədalətli seçkilər seçki prosesini tənzimləyən hüquq normalarına əməl edilməsi ilə müəyyən olunur. Seçici siyahılarının düzgün tərtib olunması hər bir səsvermə hüququ olan vətəndaşın ümumi seçki siyahısına daxil edilməsi həmin şəxsin seçkidə iştirakının hər hansı maneəsiz həyata keçirilməsi üçün əsaslar sisteminə daxildir. Seçkilərin ədalətli keçməsi üçün bir sıra texniki xarakterli tədbirlərin görülməsinə zərurət yaradır. Belə hallardan dələduzluq hallarının qarşısının alınması, korrupsiya hallarına yol verilməməsi vacib şərtlərdəndir. Seçkilərin keçirilməsinin mütəmadiliyi demokratik proseslərin dönməzliyinin təmini və insanların sabit və yeniliklər baş verdikcə daha effektiv idarəetmə təşkil etməsinə şərait yaradılır.
Eyni zamanda, seçkilər mütəmadi ona görə keçirilir ki, hakimiyyətin idarəetməsində daimi xalqın iradəsi əsas götürülsün. Seçkidə qalib gəlmiş iqtidar və ya müxalifət partiyalarının münasibətləri də hüquqi tənzimlənmə predmetidir. Belə ki, seçkilər qanunla tənzimləndiyinə görə o hər hansı partiyanın arzuları ilə deyil, xalqın iradəsinin əsasında formalaşan hakimiyyətin müvafiq qolunun təşkili ilə nəticələnir.
Həqiqi seçki nəticəsində seçicilər azad seçki hüququndan istifadə edərək öz istədiyi və seçdiyi namizədə və ya namizədlər siyahısına səs verir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsi və seçki hüquqlarının pozulmazlığını təmin edən digər normativ hüquqi aktlar seçki hüququnun həyata keçirilməsinə tam təminat verir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında Seçki Məcəlləsinin qəbulundan sonra Məcəllədə müəyyən dəyişikliklər və əlavələr aparılmışdır.
Xüsusilə, 2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum aktının tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikasının Seçki Məcəlləsin 18 iyun 2010-cu il tarixdə qüvvəyə minmiş qanunla 33 maddə üzrə dəyişikliklər və əlavələr edilmişdir. Həmin Məcəllədən 69.9. maddəsi çıxarılmışdır ki, məhz həmin maddənin çıxarılması hesabına qeydə alınmış namizədlərin və referendum üzrə təşviqat qruplarının seçki fondlarına dövlət tərəfindən ayrılmış vəsaitin MSK tərəfindən bölüşdürülməsi ilə bağlı maddə çıxarılmışdır. Digər maddələrdə isə müddətlərlə bağlı dəyişikliklər aparılmışdır. Həmin maddələr Seçki Məcəlləsinin 8.1, 29.6, 30.1 və digər maddələridir.
Sonda deyə bilərik ki, Azərbaycan Demokratik Respublikasında seçki sistemi və seçki hüququnun əsaslarını təşkil edən qanunvericilik aktları sistemi vətəndaşların aktiv və passivseçki hüququnun həyata keçirilməsinə tam təminat verir.

{nl}

İlqar CƏFƏROV, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında