Əqli cəhətdən problemi olan insanlardakı qəribə əlamətlərdən biri də odur ki, onlar hansısa bəlaya düçar olanda başqalarını da həmin oda cəlb etməyə çalışırlar.
Rabindranat TAQOR, hind yazıçısı
{nl}
Ermənistan prezidenti sözün həqiqi mənasında psixoloji durumun kəskin mərhələsini yaşayır. Öz qanlı və çirkin keçmişinin xofunu yaşayan Sarkisyan açıq-açığına mənsub olduğu xalqı, təmsil etdiyi dövləti və yaşadığı regionu müharibəyə, növbəti ölüm-itimli günlərə sürükləyir. Necə olur, olsun, kim ölür, ölsün, təki, özü hakimiyyətdə qalsın. Çox qorxulu bir vəziyyətdir. Özünü siyasətçi adlandıran bir şəxsin gözü görə-görə xalqını qırğına doğru aparması, onsuz da ölüm ayağında olan ölkə iqtisadiyyatını tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qoyması artıq həmin millətin bədbəxtliyinin ilk mərhələsidir. Bugünkü Ermənistan birmənalı şəkildə bədbəxtliyin astanasındadır.
Serj Sarkisyan nə üçün müharibənin yenidən başlanmasını istəyir?
Əvvəla, bu gün artıq dünyada Ermənistanı işğalçı dövlət kimi tanımayan heç bir ölkə və beynəlxalq təşkilat qalmayıb. İkili standartlardan əl çəkən dünya ictimaiyyəti Azərbaycana irad tutmaq üçün heç bir əsas görmür. Rəsmi Bakını müharibəyə təhrik etməklə beynəlxalq aləmdə Azərbaycan üçün suç formalaşdırmaq istəyən Serjik unudur ki, hərbi əməliyyatlar başlanacağı təqdirdiə biz mütləq öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Dünyanın bütün konfliktoloqları və postsovet məkanının siyasətçiləri açıq şəkildə bəyan edirlər ki, bu hərbi əməliyyatlar Azərbaycanın hüququdur. Müharibənin başlanacağı təqdirdə Azərbaycan üçün militarist və ya işğalçı imici formalaşacağını gözləmək xəstəlikdən başqa bir şey deyildir.
İkincisi, daim işğalçılıq və separatizmi yol seçmiş bu insanlar son 95 ildə bədnam erməni soyqırımı uydurmasını nə qədər çeynədilərsə, həzm edə bilmədilər. Türkiyə diplomatiyası və dünya ictimaiyyəti buna yol vermədi. Ona görə də Türkiyədən qisas almaq üçün çıxış yolu kimi Azərbaycanı müharibəyə cəlb etməyi görürlər. Başa düşürlər ki, Türkiyə istənilən məqamda Azərbaycanın yanında olacaq və həmin məqam Ankaraya təzyiq etmək istəyən erməni lobbisi üçün göydəndüşmə fürsətə çevriləcək. Ancaq unudurlar ki, ermənilər Türkiyə üçün "torba tikməyi" bacarsaydılar, bunu indi yox, qılıncının dalı da, qabağı da kəsən, Kremldə at oynadan Anastas Mikoyan və Mixail Qorbaçov dövründə edərdilər. Üstəlik o zaman Türkiyə indiki kimi qüdrətli deyildi. Yeri gəlmişkən Anastas Mikoyanın Tiflisdəki çayxanada işlədiyi dövrdə oradakı müsəlman gənclərdən gördüyü "xidmətləri" hansısa erməninin unutması qətiyyən mümkün deyil. Unudublarsa, 1932-ci ildə Riqada çap olunan jurnallara yenidən baxsınlar.
Üçüncüsü, ermənilər son 20 ildə Dağlıq Qarabağın müstəqilliyinə nail ola bilmədikləri kimi onun Ermənistana birləşdirilməsi məsələsini də bir tərəfə çıxara bilmədilər. Yeri gəlmişkən, indi Ermənistanda daxili bir didişmə prosesi başlanıb. Bir tərəfdə Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına çalışanlar, digər tərəfdə isə Dağlıq Qarabağa müstəqillik verilməsinin qəti əleyhdarları dururlar. Sonuncular iddia edirlər ki, qondarma muxtar respublikaya müstəqillik veriləcəyi təqdirdə İlham Əliyevin "türk torpağında ikinci erməni dövləti yaradılması mümkün deyil" - tezisi beynəlxalq ictimaiyyətin əlində dəstəvuza çevriləcək və indiki Ermənistanın türk torpağında qurulması faktı (ermənilər bu həqiqəti hələ də hər vasitə ilə gizlətməyə çalışırlar) daim dünya siyasətçilərinin gündəliyində olacaq. Erməni general Arkadi Ter-Tadevosyan isə Qarabağın müstəqilliyinin tanınması məsələsinin parlamentin gündəliyinə gətirilməsini hüquqi cəhətdən savadsızlıq adlandırır.
Serjik müharibənin yenidən başlanmasını ona görə istəyir ki, illərdən bəri dilənib vəsait topladığı erməni diasporunun qarşısında deməyə söz tapsın: "Mən əlimdən gələni etdim, lakin zəngin Azərbaycan bizim planlarımızın baş tutmasına imkan vermədi".
Dördüncüsü, qafqazlıların qədim məsəli olan "balıq tutmaq istəyən adama suyun bulanıq olması sərf edər" ifadəsi Sarkisyanın işinə çox yarayır. Çünki o, Ermənistanın iqtisadiyyatını başdan-başa çökdürüb. Korrupsiya, rüşvətxorluq, maxinasiyalar, gizli iqtisadiyyat xalqı təngə gətirib. Ölkə iqtisadiyyatının yarısı xarici borcların əvəzində verilib, qalan hissəsi isə Robert Koçaryanın və Serj Sarkisyanın əlində cəmləşdirilib. Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifətin sırası genişləndikcə, xüsusən, xarici ölkələrdəki erməni diasporunun indiki iqtidardan üz döndərərək Ter-Petrosyana ümid etməsi Sarkisyanı bərk qorxuya salıb. Ona görə də veriləcək çoxsaylı suallardan qorunmaq üçün gecə-gündüz Allaha yalvarır ki, Azərbaycan hərbi müdaxiləni bir az tez başlasın.
Azərbaycan bütün addımları beynəlxalq hüququn prinsipləri əsasında atdıqda, səbr və təmkinlə danışıqların nəticələrini gözlədikdə isə Sarkisyanın səbri çatmır və görünməmiş həyasızlıq nümayiş etdirir, təhrikedici sərsəmləmələri ipə düzür. Unudur ki, bu gün Azərbaycana rəhbərlik edən siyasətçi Heydər Əliyev kimi siyasət nəhənginin, müasir türk dünyasının ən görkəmli dövlət xadiminin varisidir və o, atacağı addımlarda Sarkisyana çıxış yolları qoymayacağını çoxdan sübut edib.
Serj Sarkisyanı son zamanlar daha çox narahat edən məsələ Azərbaycanın iqtisadi inkişafının, xüsusən hərbi potensialının durmadan, iti sürətlə artmasıdır. Son zamanlar ABŞ Prezidenti Barak Obamanın, dövlət katibi Hillari Klintonun və Pentaqon rəsmilərinin Prezident İlham Əliyevlə müntəzəm olaraq görüşməsi, Rusiya Prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində təşəbbüsləri Azərbaycan - Türkiyə hərbi tərəfdaşlıq müqaviləsinin gündəliyə gəlməsi və nəhayət, ATƏT-in Minsk qrupu həmsədrlərinin ölkəmizin mövqeyini dəstəkləyən bəyanatlara daha çox yer verməsi İrəvanı Spitak zəlzələsindən də betər silkələyir. ABŞ, Rusiya və Türkiyədən gələn xəbərlərə bir az dözümlülük nümayiş etdirə bilsələr də - hərçənd bu ilin yayında ermənilər Moskvanı xəyanətdə ittiham edirdilər ki, Kreml İrəvanın deyil, Bakının mövqeyini əsas götürür - Minsk qrupunun bəyanatlarını o qədər də həzm edə bilmirlər. Artıq erməni hərbçiləri Minsk qrupu həmsədrlərini ittiham edirlər. General Arkadi Ter-Tadevosyanın ittihamı isə daha konkretdir: "Minsk qrupu Azərbaycanın döyüşə başlaması üçün əlverişli şərait yaradıb. Azərbaycan artıq hərəkətə keçə bilər". General elə danışıb ki, sanki Sarkisyanın ürəyindən keçənləri oxuyub. Çünki Sarkisyan məsuliyyəti öz üstündən atmaq üçün müharibəni daha çox arzulayır.
Ermənistan Müdafiə Nazirliyinin rəsmisi David Camalyan öz prezidentinin qeyri-peşəkar və hətta, qeyri-insani addımlarının yaratdığı vəziyyəti xarakterizə edərkən böyük təşviş hissi nümayiş etdirib: "Müharibə təhlükəsi indi həmişəkindən daha artıqdır. Həqiqətə ayıq başla yanaşmaq lazımdır". Təbii ki, Ermənistan hərbçisi "ayıq baş" deyəndə İrəvan konyakının təsirini nəzərdə tutmur, şizofreniyanın yaratdığı dumanı nəzərdə tutur. Erməni ekspert Riçard Kirakosyan isə bir müddət əvvəl söylədiyi fikirləri yenidən təkrar edərək bildirir ki, Azərbaycan Dağlıq Qarabağda və ətraf 7 rayonda hərbi əməliyyatlar aparacağı təqdirdə nə Rusiya hərbiçiləri, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Bakının yürüşünün dayandırılmasına cəlb olunmayacaq. Çünki, beynəlxalq ictimaiyyət həmin əraziləri Azərbaycanın ərazisi kimi tanıyır və Bakının mövqelərini dəstəkləyir.
Sonda Azərbaycan Respublikası Prezidenti Admininstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu günlərdə ölkə mətbuatında yayılan "Gorus-2010: absurd teatrı mövsümü" məqaləsinin son abzasında verilmiş bir fikiri yada salmaq istəyirik: "Yalnız erməni rəhbərlərinin nitqlərində "Dağlıq Qarabağ Respublikası" adına rast gəlmək olar. Tam tənha qalmaqlarına baxmayaraq, onlar özlərinə və öz vətəndaşlarına toxtaqlıq verməkdə davam edirlər ki, dünya birliyi onların "ümidlərini" dəstəkləyir". Ancaq, əslində, Serj Sarkisyanın ölkəsi həmin ümidlərin heçə endirilməsi ərəfəsindədir.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.