Ölkəmizin yol-nəqliyyat infrastrukturu əsaslı şəkildə yaxşılaşdırılır

Keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycan Respublikası artıq inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Ölkəmizin yeni inkişaf dövrü isə, əsasən, nəhəng infrastruktur və investisiya layihələrinin icrası, eləcə də əhalinin sosial rifah halının getdikcə yaxşılaşması ilə müşayiət olunur. Elə son zamanlar ölkəmizin ayrı-ayrı regionlarında, eləcə də Bakıda yol-nəqliyyat infrastrukturunun imkanlarının daha da genişləndirilməsi, həmçinin əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmiş bir sıra vacib addımların atılması da bunu açıq-aydın sübut edir.
Bütövlükdə isə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması uzun illərdir ki, dövlətin investisiya siyasətinin başlıca prioritetlərindən birini təşkil edir. Hələ 1998-ci ilin sentyabr ayında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan paytaxtında tarixi İpək Yolunun bərpasına dair keçirilmiş beynəlxalq konfrans bu sahədə böyük işlərin, iri infrastruktur layihələrinin həyata keçirilməsinin əsasını qoymuşdur. Artıq qədim İpək Yolunun ölkəmizdən keçən hissəsinin tamamilə yenidən qurularaq dünya standartlarına uyğun səviyyəyə gətirilməsi işləri, demək olar ki, başa çatmaq üzrədir.
Son illər bu sahəyə xüsusi diqqət yetirən Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və daimi nəzarəti altında Azərbaycanın beynəlxalq əhəmiyyətli tranzit yollarının yenidən qurulması istiqamətində mühüm işlər görülür. Qərb istiqamətində yolun yenidən qurulması ilə yanaşı, Şimal - Cənub nəqliyyat dəhlizinin beynəlxalq yükdaşımalarının tələblərinə uyğunlaşdırılması ilə bağlı işlər də sürətlə davam etdirilir. Bütün bunlarla yanaşı, regionlarda da yol tikintisinə diqqət getdikcə artırılır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bu barədə demişdir: "... Biz yola qoyulan vəsaitin nəticələrinin regionların inkişafında görürük. Bir neçə ildən sonra Azərbaycanın bütün magistral yolları dünya standartlarına cavab verəcəkdir. Biz şəhərlərarası yollara və xüsusilə indiki şəraitdə kənd yollarına diqqət göstərməliyik, çünki bu sahədə hələ çox iş görülməlidir".
Məlum olduğu kimi, son illər Bakıda yol infrastrukturunun inkişafı istiqamətində xeyli iş görülmüş, yol qovşaqları, tunellər, körpülər tikilmişdir. Bu da paytaxtın nəqliyyat probleminin və tıxacların aradan qaldırılmasına xeyli dərəcədə kömək etmişdir. Təkcə onu demək kifayətdir ki, son illər ərzində Bakıda 170 kilometr uzunluğunda yeni yollar salınmış və təmir olunmuş, 15 yol ötürücüsü və 30 piyada keçidi tikilib istifadəyə verilmiş, paytaxtda sərnişin daşımanın səviyyəsinin yaxşılaşdırılması üçün 2300-dən çox yeni iritutumlu avtobus gətirilmişdir.
Ötən müddətdə paytaxtın ayrı-ayrı yerlərində inşa edilib istifadəyə verilmiş yol ötürücüləri, körpü və yeraltı keçidlər hazırda nəqliyyatın hərəkətinin tənzimlənməsinə imkan yaratmaqla yanaşı, həm də şəhərimizə əlavə yaraşıq gətirir. Onu deyək ki, bu istiqamətdə işlər hazırda da davam etdirilir, yeni dairəvi yol çəkilir, şəhərətrafı kənd və qəsəbələrin yol infrastrukturu əsaslı şəkildə yeniləşdirilir.
Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı ölkəmizin nəqliyyat sektorunda bütün proqramların uğurla icra edildiyini diqqətə çatdırmaqla yanaşı, Bakının sürətli inkişafının metronun da imkanlarının genişləndirilməsi zərurətini yaratdığını bildirmişdi. Elə noyabr ayının 4-də Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə həsr olunmuş xüsusi iclasın keçirilməsi də dövlət başçımızın paytaxtın ən rahat və sərfəli nəqliyyatı sayılan metronun inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Dövlət başçısının qeyd etdiyi kimi, böyük tarixə malik olan Bakı Metropoliteninin ilk stansiyaları 1967-ci ildə istismara verilmişdir. Ötən əsrin 70-ci illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Bakıda metro tikintisi xeyli sürətlənmiş, yeni-yeni stansiyalar istifadəyə verilmişdir. Lakin sonradan məlum səbəblər ucbatından Bakıda bu sahə bir müddət kənarda qalmış, yalnız ulu öndərin ikinci dəfə ölkə rəhbərliyinə gəlişi ilə iqtisadiyyatımızın tədricən böhrandan çıxarılması istiqamətində görülən işlər ölkədə yeni quruculuq işlərinin vüsət almasına səbəb olmuşdur. 1993-cü ilin sonlarında uzun müddət tikintisi dayandırılmış Cəfər Cabbarlı stansiyası istifadəyə verildikdən sonra paytaxtda metro tikintisi yenidən canlanmağa başlamışdır. 2001-ci ildə isə ulu öndər Heydər Əliyevin yaxından köməyi ilə Avropa İttifaqı tərəfindən ayrılmış qrant hesabına bir il sonra metronun "Həzi Aslanov" stansiyası istifadəyə verilmişdir. Bundan əlavə, Heydər Əliyevin bilavasitə göstərişi ilə Bakı Metropoliteninin vaqon parkının yeniləşdirilməsinə başlanılmış, 2002 - 2003-cü illər ərzində 50 yeni müasir vaqon alınmışdır.
Son illər Azərbaycanı geniş quruculuq işlərinin mərkəzinə çevirmiş ölkə Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Bakı Metropoliteni yeni inkişaf dövrünə qədəm qoymuşdur. Dövlət başçısının "Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" 2008-ci il noyabr ayında imzaladığı sərəncamla "Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı" və metronun yeni perspektiv sxemi hazırlanmışdır. Son illər metro tikintisinə ayrılmış 600 milyon manata yaxın vəsait hesabına metronun "Nəsimi", "Azadlıq prospekti" stansiyaları və "28 May" stansiyasının ikinci çıxışı istismara verilmişdir. Ötən illər ərzində metronun digər stansiyalarında dünya standartlarına cavab verən ən müasir qurğu və avadanlıqlar quraşdırılmışdır.
Bundan əlavə, dövlət başçısının yaxından köməyi ilə paytaxta 116 yeni vaqon gətirilmişdir. Bu da metronun vaqon təsərrüfatının əsaslı şəkildə yeniləşdirilməsinə imkan yaratmışdır. Bütövlükdə isə 43 illik tarixi olan Bakı Metropoliteni ötən illər ərzində böyük inkişaf yolu keçərək 22 stansiya və 32,9 kilometr yeraltı polad yolları əhatə edən böyük bir şəbəkəyə çevrilmişdir. Aparılmış məqsədyönlü tədbirlər nəticəsində metro ilə sərnişin daşınmasının illik həcmi 175 milyon nəfərə çatmışdır.
Yeri gəlmişkən, hazırda metro şəhər nəqliyyatının 30 faizini təşkil edir. Sərnişinlərin ən çox istifadə etdikləri bu nəqliyyat vasitəsində qiymətlər də ucuzdur. Müqayisə üçün deyək ki, Bakı Metropolitenində gediş haqqı bütün MDB məkanından, eləcə də Avropa ölkələrindən dəfələrlə ucuzdur. Bu məsələyə toxunan Prezident İlham Əliyev demişdir: "Biz metro haqlarının aşağı səviyyədə saxlanılması ilə, bir növ, sosial məsələlərin həllinə də öz töhfəmizi vermiş oluruq... Bizdə metroda gedişhaqqı 15 qəpikdir. Mənə verilən arayışa görə, hər bir sərnişinə xərclənən vəsait 49 qəpikdir, yəni üç dəfə çoxdur. Yəni, bu, birbaşa dövlət tərəfindən ayrılan subsidiyalardır. Mən, sadəcə olaraq, qeyd etmək istəyirəm ki, metro o sahə deyil ki, ora investisiya qoyasan və oradan gəlir gözləyəsən. Metroya qoyulan investisiyalar qayıtmayacaq, bunu biz bilirik. Amma buna baxmayaraq, insanların rahatlığı və şəhər nəqliyyatının tənzimlənməsi üçün biz bunu edirik".
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasda metronun uzunmüddətli perspektiv inkişaf sxemi haqqında da söhbət açıldı. Qeyd olundu ki, gələcəkdə Bakı Metropoliteninin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətdən, 76 stansiyadan və 119 kilometr uzunluğunda metro xəttindən ibarət olacaqdır. Bu isə o deməkdir ki, yaxın 15-20 il ərzində paytaxtda 53 yeni metro stansiyası və əlavə 84,3 kilometr yeraltı polad magistralı inşa ediləcəkdir. Bütövlükdə, metronun perspektiv inkişafının üç istiqamətdə - "Avtovağzal" - "Memar Əcəmi" (5 stansiya və 6,8 kilometr metro xətti), VI stansiya - J-3 - Böyük Şor - M.Əzizbəyov - 2 - Sabunçu - Bakıxanov - J - 22 Qaraçuxur - Yeni Günəşli (8 stansiya və 12,5 kilometr metro xətti), H.Aslanov - Zığ şossesi - Hərbi Akademiya (2 stansiya və 3,7 kilometr metro xətti) həyata keçirilməsi nəzərdə tutulur.
Bütün bu işlərin reallaşdırılması üçün isə külli məbləğdə vəsait tələb olunur. Prezident İlham Əliyev Bakı Metropoliteninin növbəti 20 il üçün nəzərdə tutulmuş yeni inkişaf proqramının icrasının böyük vəsait tələb edəcəyini diqqətə çatdıraraq bu investisiya layihələrini maliyyə imkanlarımızla əlaqələndirməyin vacibliyini qeyd etmişdir. Bununla belə, ölkəmizin maliyyə imkanlarının ilbəil artması onu deməyə əsas verir ki, bütün infrastruktur layihəsi kimi metronun yeni perspektiv inkişaf proqramı da uğurla icra olunacaqdır. Dövlət başçısı İlham Əliyev demişdir: "Çalışmalıyıq ki, 20 il ərzində bax, bu gün göstərilən bütün vəzifələr icra olunsun, bu stansiyalar tikilsin. Çox böyük, peşəkarlıq, maliyyə imkanları tələb edən işdir. Əminəm ki, biz bütün bu işləri vaxtında və böyük keyfiyyətlə görəcəyik və şəhər sakinləri üçün yeni, gözəl imkanlar yaradacağıq.
Ölkəmizin nəqliyyat infrastrukturunun əsaslı şəkildə yeniləşdirilməsi istiqamətində həyata keçirilməsinə start verilmiş digər mühüm layihə isə yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi ilə bağlıdır. Xatırıladaq ki, noyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt qəsəbəsinin ərazisində təməli qoyulmuş bu nəhəng liman kompleksi 400 hektar ərazini əhatə edir. Tikinti işlərinin üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan ilkin mərhələdən sonra liman kompleksində 10 milyon tona qədər yük və TEU standartlarında 40 min konteyner işləniləcəkdir. İkinci mərhələdə bu rəqəmlər müvafiq surətdə 17 milyon tona 150 min konteynerə, üçüncü mərhələdə isə 25 milyon ton yükə və 1 milyon konteynerə bərabər olacaqdır.
Yeni limanın təməlqoyma mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev obyektin bu ərazidə yaradılmasının əsas məqsədinin Azərbaycanda nəqliyyatın təhlükəsizlik məsələlərini uğurla həll etmək, Bakını Xəzər hövzəsində çox müasir və böyük loqistika, nəqliyyat mərkəzinə çevirmək, Xəzəryanı ölkələr arasında əməkdaşlığı dərinləşdirmək və Şimal - Cənub və Şərq - Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə şərait yaradılmasından ibarət olduğunu diqqətə çatdırmışdır.
Bununla yanaşı, Prezident qeyd etmişdir ki, bu layihə Azərbaycanın nəqliyyat imkanlarını böyük dərəcədə artıracaq, ölkəmizin regional nəqliyyat mərkəzi kimi rolunu daha da gücləndirəcəkdir.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında