BMT-nin Baş Məclisində "Xalqların öz müqəddəratını təyinetmə hüququ"na dair keçirilmiş müzakirələrdə Ermənistan nümayəndəsinin qeyri-konstruktiv mövqeyi üzv dövlətlərin narazılığına səbəb olmuşdur

Noyabrın 1-də və 3-də BMT-nin Baş Məclisinin sosial, humanitar və mədəni məsələlər üzrə komitəsində "Xalqların öz müqəddəratını təyinetmə hüququ" üzrə müzakirələr keçirilmişdir.
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyindən bildirmişlər ki, müzakirələrdə, Azərbaycan da daxil olmaqla, 37 üzv dövlətin nümayəndəsi çıxış etmişdir.
Çıxışların əksəriyyətində xalqların öz müqəddəratını təyinetmə hüququnun yalnız müstəmləkə ərazilərinə, xarici hərbi işğala məruz qalmış xalqlar da daxil olmaqla, əsarət və istibdad altındakı xalqlara şamil edilməsi qeyd olunmuşdur. Xalqların öz müqəddəratını təyinetmə hüququna münasibətdə beynəlxalq və dövlətdaxili hüquqda müəyyən hədlərin mövcudluğu, müstəqil dövlətlərdən birtərəfli ayrılmanın beynəlxalq hüquqa uyğun olmadığı vurğulanmışdır. Bu hüququn gücdən qeyri-qanuni istifadə etməklə və beynəlxalq hüququn əsas normalarını pozmaqla həyata keçirilməsinin qəbuledilməz olduğu bildirilmişdir.
Azərbaycan nümayəndəsinin çıxışında qeyd olunmuşdur ki, sadalanan ümumi məqamlarla və normativ əsaslarla yanaşı, bu hüququn qeyri-düzgün və kobud təfsirinə də yol verilir. Bunun bariz nümunəsi kimi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı vurğulanmış, bu ölkənin gücdən istifadə etməsinə və etnik təmizləməni həyata keçirməsinə bəraət qazandırmaq üçün xalqların öz müqəddəratını təyinetmə hüququna istinad etməsinin qəbuledilməzliyi bildirilmişdir. Bu cür mövqenin beynəlxalq hüquqa və məsələ üzrə davam edən siyasi danışıqlar prosesinə zidd olması vurğulanmışdır.
Çıxış edən üzv dövlətlərin nümayəndələri sırasında xalqların öz müqəddəratını təyinetmə hüququnu birtərəfli ayrılma kimi təfsir edən yeganə dövlət Ermənistan olmuşdur. Azərbaycana qarşı ərazi iddialarına haqq qazandıran Ermənistan nümayəndəsi öz ölkəsinin növbəti dəfə BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa açıq-aşkar hörmətsizliyini nümayiş etdirmişdir. Bu cür təcavüzkar və qeyri-konstruktiv mövqe üzv dövlətlərin haqlı narazılığına səbəb olmuşdur.
Buna cavab olaraq Azərbaycan nümayəndəsi müharibənin başlanmasına görə məhz Ermənistanın məsuliyyət daşıdığını, müharibə zamanı bu ölkə tərəfindən müxtəlif ciddi beynəlxalq cinayətlərin törədildiyini və bu faktların əsaslı dəlillərlə sübuta yetirildiyini diqqətə çatdırmışdır.
Ermənistanın iddia etdiyi "öz müqəddəratını təyinetmə hüququ"nun BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisi, eləcə də digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı qanunsuz güc tətbiq etmək kimi qiymətləndirildiyi xüsusi vurğulanmışdır.
Sonda davamlı sülhə və sabitliyə nail olunması üçün Ermənistanın Azərbaycan ərazilərinin işğalına, eləcə də etnik ədavətə və qonşu ölkələrə qarşı ərazi iddialarına son qoyması, bütün region dövlətləri ilə sivil münasibətlər qurması ilə bağlı çağırış edilmişdir.

{nl}

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında