Son yeddi ildə icra olunan Dövlət Proqramları həmin prosesi daha da sürətləndirməkdədir
Qədim bir hind məsəli var - hara gedəcəyini, necə gedəcəyini bilməyən kəs yola çıxmasa yaxşıdır. Yəni son məqsədin nədən ibarət olacağını, həmin mərama çatmaq üçün hansı yollarla gedəcəyini bilməyən, bu yolda üzləşəcəyi problemlərdən yaxa qurtarmaq üçün variantları olmayan insanın hansısa uğura imza atması qətiyyən ağlabatan deyildir. Dövlətlər də belədir. Siyasi idarəetmənin "necə olar, olar" prinsipinin öhdəsinə buraxıldığı ölkələrin taleyi hamıya məlumdur.
Ancaq Azərbaycan kimi - istənilən məqsədə çatmaq üçün elmi şəkildə əsaslandırılmış, son nəticələri əvvəlcədən məlum olan dövlət proqramları ilə fəaliyyət göstərən ölkələrdə tərəqqi, inkişaf və nailiyyət məhz gözlənilən səviyyədə olur. Postsovet məkanının politoloq və ekspertləri haqlı olaraq etiraf edirlər ki, Azərbaycanda cəmiyyət həyatının istənilən sahəsini inkişaf etdirmək üçün xüsusi proqramlar icra olunur. Bu dövlətin uğurlarının təməlində də məhz həmin proqramlar dayanır.
Ölkəmizin son yeddi ildəki möhtəşəm inkişafının əsası Prezident İlham Əliyevin 2004-cü ilin fevralında imzaladığı fərmanla icrasına başlanan "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" adlı mükəmməl bir elmi proqramla qoyulmuşdur. Doğrudur, dövlət başçımız hələ 2003-cü ilin noyabrında ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsini təmin edəcək bir sərəncam imzalamışdı. Ancaq haqqında söz açdığımız ilk Dövlət Proqramı bu qəbildən olan birinci analoji sənəd kimi sözün həqiqi mənasında ölkəmizdə qüdrətli bir inkişaf tendensiyası yaratdı. Regionların sosial-iqtisadi inkişafının təmin edilməsi üçün başlanan tədbirlərin icrası zamanı yüz minlərlə yeni iş yerləri yaradıldı ki, bu da işsizliyin və yoxsulluq səviyyəsinin yüksək olduğu Azərbaycanda çox böyük önəm kəsb edirdi. Həmin proqramın icrasına başlanılmasından sonra - xüsusilə qeyd edilməlidir ki, 2008-ci ilin sonunda adı çəkilən proqramın icrası başa çatdıqdan sonra növbəti beş ili əhatə edən ikinci Dövlət Proqramı da təsdiq edildi və uğurla icrasına başlanıldı - 800 mindən çox yeni iş yerləri yaradılıb, yoxsulluq həddi 49 faizdən 11 faizə endirilibdir.
Dövlət başçımız, eyni zamanda, bir Dövlət Proqramının digər proqramla əlaqələndirilməsi məsələsini də daim diqqət mərkəzində saxlayır və bunun nəticəsində böyük uğurlar əldə edilir. Məsələn, neft sektorundan qazanılan gəlirlərin bir hissəsinin qeyri-neft sektorunun inkişafına yönəldilməsini təmin edən Dövlət Proqramı bilavasitə regionların sosial-iqtisadi inkişafını təmin edəcək proqramla əlaqələndirilmiş şəkildə icra olunur. Belə ki, bölgələrdə çoxsaylı müalicə-diaqnostika mərkəzləri, olimpiya-idman kompleksləri, səhiyyə, təhsil, mədəniyyət, turizm, xidmət müəssisələri, min kilometrlərlə müasir yol qovşaqları, körpü və tunellər tikilib istifadəyə verilir. Bu inşaat işlərinin böyük əksəriyyəti ya birbaşa Dövlət Neft Şirkətinin vəsaiti hesabına, ya Dövlət Neft Fondundan ayrılan investisiya ilə, ya da dövlət büdcəsinin ayırmaları ilə ərsəyə gəlir ki, həmin mənbələrin hər üçündə neft sektorundan əldə edilən gəlirlərin xüsusi çəkisi daha böyükdür.
Yaxud başqa bir məqama diqqət yetirək. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunan "Məktəb tikintisinin sürətləndirilməsi Dövlət Proqramı" uğurla icra edilir. Eyni zamanda, bu proqram regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsini təmin edən proqramla paralel şəkildə icra olunur. Çünki 2004-cü ilin fevralında imzalanan Dövlət Proqramında bölgələrdə çoxsaylı yeni məktəb binalarının tikilməsi məsələsi prioritet məsələlərdən biri idi. Ölkədə təhsilin inkişafına nail olmaq üçün imzalanan 16 Dövlət Proqramından biri olan məktəb tikintisi proqramının da həmin Dövlət Proqramı ilə əlaqələndirilməsi nəticəsində qısa müddətdə 1600-dən çox yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Postsovet məkanındakı həmkarlarımız etiraf edirlər ki, Azərbaycanın bu nailiyyəti SSRİ-nin çökməsindən sonra yaranmış gənc müstəqil dövlətlərin əksəriyyəti üçün əlçatmazdır.
Azərbaycana Müstəqil Dövlətlər Birliyi ölkələri arasında daha bir uğurlu nüfuzu nəqliyyat şəbəkəsinin genişləndirilməsində əldə etdiyimiz nailiyyətlər qazandırır. Qeyd edilən ölkələrin heç birində son beş-altı ildə Azərbaycanda olduğu qədər yol çəkilməmiş, körpü və yol qovşağı tikilməmiş, yeni avtovağzallar inşa edilməmişdir. Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanının yenidən qurulması, Naxçıvan, Gəncə, Lənkəran və Zaqataladakı yerli hava limanlarının beynəlxalq hava limanı statusunun tələblərinə cavab verən səviyyəyə gətirilməsi, Rusiya, İran, Qazaxıstan və Türkmənistanla dəniz nəqliyyatının daha geniş şəbəkəsinin yaradılması son beş-altı ilin uğurlarıdır. Azərbaycanın müasir yol qovşaqları Şimal-Cənub nəqliyyat dəhlizinin (Rusiya-İran) və Şərq-Qərq daşıma yollarının (Bakı Dəniz Limanından Gürcüstan sərhədinədək) daha səmərəli və çevik fəaliyyət göstərməsinə zəmin yaratmışdır. Ancaq nəqliyyat sektorunda əldə etdiyimiz nailiyyətlər təkcə dəniz, hava və quru yolları ilə bitmir. Azərbaycan həm də Xəzərin karbohidrogen ehtiyatlarının boru xətləri vasitəsiylə nəqlində də xüsusi bir təcrübəyə imza atmışdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz ixrac kəmərləri artıq təkcə Azərbaycanda istehsal edilən enerji daşıyıcılarını deyil, eləcə də Xəzərin Şərq sahillərində hasil olunmuş neftin dünya bazarına çıxarılmasında da xüsusi əhəmiyyət kəsb edir. Şanxaydan Londona qədər uzanacaq dəmir yolu xəttinin mühüm tərkib hissəsi olan Bakı-Tbilisi-Qars hissəsinin layihədən reallığa keçmək üzrə olması da Azərbaycanın nəqliyyat sektorundakı nailiyyətlərindəndir.
Biz yuxarıda ölkəmizin sosial-iqtisadi həyatda əldə etdiyi uğurlardan bəzilərini qeyd etdik. Ancaq avropalı ekspertlər belə düşünürlər ki, Azərbaycan son yeddi ildə cəmiyyətin daha da demokratikləşdirilməsində, demokratik dəyərlərin daha geniş tətbiqində, vətəndaş cəmiyyətinin formalaşdırılmasında digər MDB ölkələrinə nisbətən daha çox uğurlar əldə etmişdir. 2005-ci il parlament seçkiləri ərəfəsində Prezident İlham Əliyevin ölkədə seçki təcrübəsinin daha da təkmilləşdirilməsi üçün imzaladığı iki sərəncam, Azərbaycan Seçki Məcəlləsinin Avropa miqyaslı beynəlxalq təşkilatların ekspertləri ilə birlikdə ən müasir dünya təcrübəsi əsasında təkmilləşdirilməsi, ölkəmizin Avropa Şurasına qəbul edilərkən üzərinə götürdüyü öhdəlikləri mərhələ-mərhələ tamamilə yerinə yetirməsi, 2008-ci il prezident seçkilərinin bütün yerli və xarici müşahidəçilər üçün açıq elan edilməsi və bir çox başqa məqamlar beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilir.
Yeri gəlmişkən, bu gün Azərbaycan növbəti bir parlament seçkisi ərəfəsindədir. Noyabrın 7-də dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər keçiriləcək. Bu seçkilərdə namizədliyin irəli sürülməsi və qeydiyyat mərhələsi uğurla başa çatmışdır. Seçkilərdə iştirak etmək istəyən siyasi partiyalara, siyasi partiyaların bloklarına, bütün vətəndaşlara bərabər şərait yaradılmış, hər hansı qanun pozuntusu qeydə alınmamışdır. 10 siyasi partiya və 5 siyasi partiya blokunun, ümumilikdə 22 siyasi partiyanın üzvlərinin və ayrı-ayrı vətəndaşların namizədliyi irəli sürülmüşdür. Namizədlərin təşviqat kampaniyasında 63 yerli kütləvi informasiya vasitəsi (38 qəzet və jurnal, 13 informasiya agentliyi, 12 televiziya) iştirak edir. Bu seçki də əvvəlki seçkilər kimi beynəlxalq ictimaiyyət üçün açıq elan edilmişdir. ATƏT, Avropa Şurası, MDB kimi beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələr yenə də öz müşahidə missiyalarını ölkəmizə göndərəcəklər. Hətta, uzunmüddətli missiyalar artıq ölkəmizdə öz fəaliyyətlərinə başlayıblar.
Bütün bunlar Azərbaycanın son illər əldə etdiyi çoxsaylı uğurların cüzi bir hissəsidir. Biz bu qədər uğurlara ona görə imza atırıq ki, ölkəmizdə Heydər Əliyev siyasəti davam etdirilir. Nəticələrimiz ildən-ilə ona görə yaxşılaşır ki, ölkə düşünülmüş şəkildə, müasir dövlətçilik prinsipləri əsasında idarə elilir. Nailiyyətlərimiz ona görə çoxdur ki, ölkədə istənilən sahənin inkişafı üçün mükəmməl dövlət proqramları icra edilir. Həmin amillər birlikdə ifadə ediləndə isə belə bir ifadə yaranır: Dövlətin və cəmiyyətin müasirləşməsi. Bu isə Azərbaycan həqiqətidir.{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.