Payızda qışlağın özgə büsatı olur. Yayın qovurub cızdağını çıxartdığı düzlər ilk yağışlardan sonra sürətlə cana gəlir. Göz işlədikcə uzanan çöllər, yamyaşıl örüşlər ilk baharı xatırladır. Bu nəhəng yaşıl xalının qoynunda yenidən quşların cəh-cəhi, qoyun-quzu mələşməsi, çoban tütəyi... səslənir. Bu mənzərə insana yaşamaq, yaratmaq həvəsi gətirir. Ağcabədi rayonu ilə Kür çayı arasında Beyləqan və İmişliyə doğru uzanan bu geniş çöl dədə-babadan Laçın maldarlarının qışlaq yeri olub. Hər il yaylaq mövsümü başa çatanda - elə bu vaxtlar sürülər-naxırlar bu yerlərə gətirilirdi. Rayon 18 il əvvəl erməni quldurları tərəfindən işğal olunandan sonra isə bu qışlağa gəl-gedi olan obaların sakinləri yaylağa qayıda bilmədilər. Üstəlik, rayondan didərgin düşmüş minlərlə qohum-yaxın da onlara pənah gətirdi.
1992-ci ilin yazı-yayı bu yerlərin tarixində insan əzabının, məşəqqətlərinin görünməmiş epizodları, mənzərələri ilə yadda qaldı. Yaz yağışlarından horraya dönmüş çöllər fəlakətdən yaxa qurtarıb bura gələnləri yeni əziyyətlərə düçar etdi. Yayın qızmarı, ağcaqanadı, quraqlığı-qəhətliyi bundan da dəhşətli oldu. Yağışlı-yağmurlu payız, qarlı-boranlı qış laçınlıları o vaxtadək üzləşmədikləri sınaqlardan keçirdi. Onların bu vəziyyətindən xəbərdar olan ulu öndər Heydər Əliyevin göstərdiyi zəruri, təxirəsalınmaz yardımlar olmasaydı, kim bilir burada məskunlaşmış 15 minədək adamın taleyi necə olacaqdı. Ulu öndərin həyata keçirdiyi əsaslı tədbirlərlə, təxminən bir ildən sonra qışlaq əhalisinin vəziyyəti normallaşdı.
Sonrakı illərdə torpaq qazmalarda, alaçıqlarda yaşayanlar üçün quraşdırma evlər gətirildi, daş evlər tikilməyə başlandı. Kommunikasiyalar yaradıldı, ilk növbədə, su, elektrik enerjisi təminatı qaydaya salındı. Taxtakörpü adlanan ərazi Laçını bir rayon kimi yaşatmaq, onların problemlərini tez, səmərəli şəkildə həll etmək üçün mərkəzə çevrildi. Yardımlar, quruculuq işləri adamları ayağa qaldırdı. Necə deyərlər, qışlaqda yeni bir Laçın yaratmaq uğrunda mübarizə başlandı.
Ötən illərdə Taxtakörpü qəsəbəsi Zərdab - Ağcabədi yolunun üstündə abad bir məntəqəyə çevrilmişdir. İldən-ilə sayı artan daş evlər, inzibati binalar, sosial-mədəni obyektlər rayonun idarəçiliyini və həyat üçün zəruri şəraiti yüksək səviyyədə təmin etmişdir. Kür çayı üstündə qurulan nasos stansiyaları və Prezident İlham Əliyevin təşəbbüsü ilə çəkilən "Qayğı" kanalı Taxtakörpüyə və ətraf obalara həyat, bolluq gətirmişdir. İndi bu qışlaqda ilin bütün fəsillərində yaşamaq, fəaliyyət göstərmək mümkündür. İldən-ilə genişlənən əkin-biçin əhalinin ərzağa, mal-qaranın yemə tələbatını ödəməyə kömək edir. Regional inkişaf və məcburi köçkünlərlə bağlı dövlət proqramlarının konkret müddəaları yerinə yetirildikcə Laçının sosial-iqtisadi göstəriciləri yüksəlir, adamların güzəranı yaxşılaşır.
İndi Taxtakörpü qəsəbəsi və ətraf obalarda geniş quruculuq işləri həyata keçirilir. Respublikanın 60-dək rayonunda məskunlaşmış laçınlılar üçün bu yerlər istinadgah, qayğı və problemlərinin həll olunduğu mərkəzdir. Yaxınlaşan parlament seçkilərinin də əsas hazırlıq tədbirləri burada həyata keçirilir. Son baharın çal-çağırlı bir dövründə bu yerlərdə növbəti seçki prosesinin doğurduğu fəallığın, yeni arzu və ümidlərin də şahidi olduq.
Ən başlıcası, laçınlılar 18 ildən bəri, xüsusən, son 5 ildə onlara göstərilən dövlət qayğısının, həyata keçirilən irimiqyaslı işlərin davam etdirilməsini istəyirlər. Bu səbəbdən onlar həmin siyasi xətti, nəzərdə tutulan sosial-iqtisadi tədbirləri davam etdirəcək namizədlərin kimliyinə daha çox diqqət yetirirlər. Biz də rayona bu səfərimizdə daha çox son illərin uğurlu nəticələri, perspektiv işlərlə maraqlandıq.
Taxtakörpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyəti üçün tikilmiş yaraşıqlı bina uzaqdan diqqəti cəlb edir. İkinci mərtəbəyə qalxan pilləkanın kənarında asılmış şəkillərin qarşısında isə ayaq saxlamaya bilmirsən. Sanki, Laçın şəhərinin və ətraf dağların mənzərəsi dil açıb övladlarını o yerlərə səsləyir. Elə buna görə də iri şəklin altında yazılıb: "Unutma ki, sən bu dağlarda doğulmusan və ora qayıtmağa borclusan". Bu mənzərənin yaratdığı təəssüf və kədər hisslərini bir az sonra Laçın rayonunun son illərdəki uğurlarından doğan xoş duyğular əvəz etdi. Bu barədə ətraflı söhbət açan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov bildirdi:
- 2006 - 2010-cu illərdə Laçın rayon sakinlərinin sıx məskunlaşdıqları ərazilərdə görülmüş işlər barədə danışarkən, hər şeydən əvvəl, aşağıdakıları bildirmək istərdim. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyun 2005-ci il tarixdə məcburi köçkün düşmüş rayonların icra hakimiyyəti başçıları ilə keçirilən müşavirədə verdiyi tapşırıq əsasında 2006-cı ildə Qarqar çayından Taxtakörpü ərazisinə 30 obanı təsərrüfat suyu ilə təmin edən 8,1 kilometr uzunluğunda beton üzlüklü kanal çəkilmişdir. 2006 - 2007-ci illərdə Bərdə, Ağcabədi, Saatlı və Sabirabad rayonlarında çadır və vaqonlarda məskunlaşmış məcburi köçkünlər üçün Taxtakörpü ərazisində 58 evdən ibarət bütün infrastrukturu olan 2 qəsəbə tikilmişdir.
2007-ci ildə Laçın Rayon İcra Hakimiyyəti üçün Taxtakörpü qəsəbəsində yeni inzibati bina istifadəyə verilmişdir. Son 5 ildə Taxtakörpü ərazisində 250 nəfərlik Mədəniyyət evi, Rabitə Qovşağı və 256 nömrəlik ATS, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı, 55 saylı Yol İstismarı MMC, Suvarma İdarəsi üçün yeni binalar tikilmişdir.
Büdcə təşkilatlarında işləyən işçilərin əmək haqlarının plastik kartlarla ödənilməsini təmin etmək məqsədilə 24 dekabr 2007-ci il tarixdə müvafiq rayon komissiyası yaradılmış, 2008-ci ilin əvvəllərində plastik kartlar gətirilərək komissiya vasitəsilə yerlərdə öz sahiblərinə çatdırılmışdır. Respublikada ilk olaraq 120 saylı Dairə Seçki Komissiyasının 100 seçki məntəqəsi üzrə əmək haqlarının plastik kartlarla ödənilməsi təmin edilmişdir. Hazırda rayon üzrə bütün idarə və müəssisələrdə əmək haqqı və digər ödənişlər 100 faiz plastik kartlarla verilir. Bununla da büdcə təşkilatlarında işləyən işçilərin əmək haqlarının ödənilməsində yol verilən qanunsuzluğun qarşısı tamamilə alınmışdır.
Qanunçuluğu möhkəmləndirmək, ictimai həyatda şəffaflıq yaratmaq üçün 2008-2009-cu illərdə zəruri tədbirlər həyata keçirilmişdir. "Məcburi köçkünlərə yemək xərci müavinətlərin paylanmasına dair təlimat"ın tələblərinə uyğun olaraq 2000 nəfərədək köçkünə qanunsuz müavinət ödənilməsi dayandırılmışdır. Kənd təsərrüfatı istehsalçılarının əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə kompensasiyaların verilməsi ilə bağlı Taxtakörpü ərazisində məskunlamış məcburi köçkünlərə humanitar yardımların və mövsümlə əlaqədar verilən ağ neftin paylanılmasında şəffaflıq təmin edilmiş, 1700 nəfərə qanunsuz ödənişə yol verilməmişdir. Rayonun ümumtəhsil məktəblərində yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində aparılmış məqsədyönlü tədbirlər nəticəsində rayon üzrə 185 sinif komplekti ləğv olunmuş, 8 məktəbin və 19 filialın fəaliyyəti dayandırılmışdır.
Əvvəlki dövrdə əhali arasında olan narazılıqlardan biri də rayonun bir çox icra strukturularının Taxtakörpü ərazisində olmasına baxmayaraq, bəzi idarə və müəssisələrin Bakı şəhəri və digər ərazilərdə fəaliyyət göstərmələri olmuşdur. 2008-ci ildən rayonun bütün icra strukturlarının Taxtakörpü qəsəbəsinə köçürülməsi təmin edilmiş və onlara lazımi iş şəraiti yaradılmışdır. Son iki ildə Taxtakörpü qəsəbəsində Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, Əhalinin Sosial Müdafiəsi və Məşğulluq mərkəzləri, Polis Şöbəsi, 46 saylı və Vağazin 1 saylı orta məktəbləri, 2 uşaq bağçası üçün yeni binalar tikilib istifadəyə verilmişdir. "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin Laçın rayon filialı üçün yeni bina tikilərək 2009-cu ildən fəaliyyətə başlamışdır. Rayonun müstəqil Elektrik Şəbəkəsi Müəssisəsinin bərpasına nail olunmuşdur.
Taxtakörpü ərazisində Mil massivindəki 35/10 kv-luq yarımtansiya müasir avadanlıqla təchiz olunaraq yenidən qurulmuşdur. Son 3 ilə yaxın bir müddətdə Dövlətqaçqınkomun yaxından köməkliyi nəticəsində Taxtakörpü ərazisindəki obalarda müxtəlif gücə malik 30-dək yeni transformator quraşdırılmışdır. 45 transformator, 25 kilometr uzunluğunda elektrik xətləri əsaslı və cari təmir olunmuş, 32 kilometr elektrik xətti isə yenisi ilə əvəz edilmişdir. 69 kilometr uzunluğunda avtomobil yolu Nazirlər Kabinetinin 3 sentyabr 2008-ci il tarixli qərarına əsasən balansa götürülmüşdür. Dövlətqaçqınkom və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə aparılmış məqsədyönlü iş nəticəsində Taxtakörpü ərazisində 40 kilometrədək yeni çınqıl örtüklü avtomobil yolları çəkilmişdir.
Dünyaya Baxış Beynəlxalq Humanitar Təşkilatının köməyi ilə Taxtakörpü - Mais içməli su xətti 7 kilometrlik hissədə plastik borularla əvəz olunmuşdur. Taxtakörpü qəsəbəsinə Ağcabədi şəhərindən qaz xətti çəkilmişdir. 1000 hektar ərazidə meliorasiya işləri aparılmışdır. Taxtakörpü qəsəbəsinə Ağcabədi şəhərindən yeni fibro-optik kabel çəkilmişdir. Gənclərin asudə vaxtlarını səmərəli keçirilməsi məqsədilə AFFA rəhbərliyinin yaxından köməkliyi ilə Taxtakörpü qəsəbəsində kiçik idman meydançası tikilib istifadəyə verilmişdir.
2008-ci ildə rayonda ilk dəfə respublikanın müxtəlif elm, təhsil, müəssisələrində, hüquq-mühafizə orqanlarında çalışan laçınlı ziyalılar və iş adamları, rayon fəalları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə toplantı keçirilmiş, hər bir laçınlı fəal əməkdaşlığa dəvət olunmuşdur. Həmin il rayonun qoca, yaşlı, tənha sakinləri ilə də Taxtakörpü qəsəbəsində görüş keçirilmişdir. Tədbirdə Hacıxanlı kənd sakini Məhərrəmov Qaraş Alxan oğlunun 100 yaşı təntənəli surətdə qeyd olunmuşdur. 100 yaşı tamam olmuş, I qrup Böyük Vətən müharibəsi əlili Qaraş Məhərrəmova isə Azərbaycan Respublikası Prezidenti adından "Oka" markalı avtomobil, soyuducu, xalça hədiyyə olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tədbir iştirakçılarınıdan 100 yaşlı Qoca Muradova televizor, Sosialist Əməyi Qəhrəmanı Şərqiyyə Vəliyevaya paltaryuyan maşın, 8 nəfər əlilə əlil arabası, 5 nəfərə isə eşitmə aparatı verilmişdir. Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına 200-dək qoca, yaşlı şəxsə ərzaq bağlamaları təqdim edilmişdir.
2008-ci ildə ali məktəblərdə təhsil alan və yeni qəbul olunmuş tələbələrlə Bakı şəhərində görüş keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti 600-dən yuxarı bal toplamış 6 tələbəyə kompyuter hədiyyə etmişdir. 2009-cu ildə də belə görüş keçirilmiş, 600-dən yuxarı bal toplayan 6 şagirdə kompyuter, 500-dən yuxarı bal toplayan 10 nəfərə qol saatı bağışlanmışdır.
2008 və 2009-cu illərdə Qurban bayramında 350 baş xırda, 4 baş iri heyvan kəsilərək respublikanın 30-dan çox rayonunda məskunlaşmış 3000-dən çox şəhid ailəsi, Qarabağ müharibəsi əlili, imkansız, tənha laçınlıya paylanmışdır. 2009-cu ildə Taxtakörpü ərazisindəki fermer və imkanlı şəxslərin məhsul yığımı dövrü verdiyi 36 ton taxıl 17 rayonda məskunlaşmış 700-dən artıq imkansız və şəhid ailələrinə çatdırılmışdır.
2009-cu ilin fevral ayında möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə Laçın şəhərinin 85 illik yubileyi yüksək səviyyədə qeyd edilmişdir. Ölkə başçısının müvafiq sərəncamı ilə rayonun inkişafında xidmətləri olan 5 nəfər medalla təltif olunmuşdur. 6 nəfər isə yüksək fəxri adlara layiq görülmüşdür. Laçın şəhərinin 85 illik yubileyi ilə bağlı film çəkilmiş, rəngli foto-albom hazırlanmışdır. 2010-cu ilin fevral ayında isə Laçın rayonunun qocaman təhsil ocaqlarından biri Minkənd orta məktəbinin 120 illik yubileyi keçirilmişdir. Yubiley münasibəti ilə ölkə başçısının müvafiq sərəncamları ilə 2 müəllim "Tərəqqi" medalı ilə təltif olunmuş, 1 müəllim isə "əməkdar müəllim" fəxri adına layiq görülmüşdür. Son üç ildə 20 nəfərdən çox laçınlı yüksək fəxri ad və medallarla təltif olunmuşdur.
2008-ci ildə respublikanın 47 rayon və şəhərində 225 yaşayış məntəqəsində 2196 nəfər, 2009-cu ildə isə 38 rayon və şəhərdə 149 yaşayış məntəqəsində keçirilmiş səyyar görüşlər zamanı rayonun 1529 nəfər məcburi köçkünü qəbul edilmiş və onların qaldırlıqdarı problemlərin çoxu müsbət həll olunmuşdur.
"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əlavələrdə nəzərdə tutulmuş tədbirlərlə bağlı laçınlı məcburi köçkünlərin məskunlaşdığı fin tipli evlərin yerində 313 və 221 ailəlik yeni qəsəbələr salınır. Gələn il isə 3137 ailə üçün yeni daş evlər tikiləcək.
Bu ilin əvvəlindən Taxtakörpü qəsəbəsi və məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə tikinti-abadlıq işləri davam etdirilmişdir. Rayon Təhsil Şöbəsinin, 121 saylı Laçın Dairə Seçki Komissiyasının, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin binalarının dam örtüyü yararsız vəziyyətdə olduğu üçün metal kirəmidlə əvəz olunmuş, fasadları rənglənmişdir. Taxtakörpü ərazisində və respublikanın digər rayonlarında fəaliyyət göstərən 19 ümumtəhsil məktəbində, 3 səhiyyə və 8 mədəniyyət müəssisəsində cari və əsaslı təmir işləri aparılmışdır. Taxtakörpü ərazisində yolların cari təmiri, nasos alınması, elektrik təchizatı və digər məsələlərlə bağlı 23 mikrolayihə həyata keçirmişdir.
Taxtakörpü qəsəbəsində rayon şəhidlərinin adlarının əbədiləşdirilməsi məqsədilə Xatirə Kompleksi ucaldılaraq ətrafı abadlaşdırılmışdır. Ərazidəki yolların səkilərinə üzlük daş döşənmişdir. Taxtakörpü qəsəbəsində Gənclər parkı yaradılmış və həmin parkda 200-dək müxtəlif ağac və gül kolları əkilmişdir. Prezident İlham Əliyevin 2010-cu ili Azərbaycanda "Ekologiya ili" elan etməsi ilə bağlı laçınlılar rayon sakinlərinin məskunlaşdığı ərazilərdə 3 minədək ağac əkmişlər.
Taxtakörpü ərazisində təsərrüfat suyuna olan tələbatın ödənilməsi məqsədilə 10 nasos, 22 hidrotexniki qurğu əsaslı və cari təmir edilmiş, 58 kilometr uzunluğunda kanallar lildən təmizlənmişdir. 1006 hektar sahədə 750 metr beton üzlüklü, 3500 metr açıqsuyığıcı kanal, 300 metr qapalı dren, kanal üzərində 6 körpü tikilmişdir. Ərazidəki içməli su şəbəkələrində yararsız xətlərin 1470 metrlik hissəsi yenisi ilə əvəz edilmiş və 4300 metr hissəsində isə təmir işləri aparılmışdır.
Aprel-may aylarında respublika ərazisinə yağan aramsız güclü yağışlarla əlaqədar Kür çayının səviyyəsinin xeyli artması, Qarqar çayının daşması, Mil-Muğan kollektorunda suyun çoxalması və qrunt sularının yer səthinə qalxması nəticəsində Taxtakörpü ərazisində istismar müddəti başa çatmış fin evləri və çiy kərpicdən tikilmiş qamış daxalları, əkin sahələrini su basmış, ərazidəki evlərin əksəriyyəti qəzalı vəziyyətə düşmüşdür. Eyni zamanda, 1034 hektar taxıl sahəsi su altında qalmışdır ki, bu da ərazidə taxıl istehsalının azalmasına və məhsuldarlığın aşağı olmasına səbəb olmuşdur. Yaranmış ağır vəziyyətlə əlaqədar rayonun bütün idarə və müəssisələri səfərbər olunaraq Kür çayının Ağcabədi rayonu ərazisindən keçən sağ sahili boyunca bəndbərkitmə işlərinə cəlb edilmişdir. Evlərə dolmuş qrunt sularının kənara axıdılması üçün 20-dən çox nasos alınaraq qabaqlayıcı tədbirlər görülmüşdür.
Hazırda əhali və fermer təsərrüfatlarında 30 min baş iri, 195 min baş xırda heyvan var.
Başçı sonda dedi:
- Laçınlı məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə mövcud olan bütün problemlər öyrənilmişdir. Bununla bağlı 14 bənddən ibarət təkliflər hazırlanmış və İqtisadi İnkişaf Nazirliyinə təqdim olunmuşdur. Bundan başqa, Taxtakörpü qəsəbəsində və ərazidə qamış daxal evlərdə məskunlaşmış məcburi köçkünlər üçün qəsəbələr salınması yeni evlərin tikintisi sürətləndirilmişdir. Məcburi köçkünlərin Sosial İnkişaf Fonduna təqdim olunmuş bir sıra icma layihələrinin həyata keçirilməsi və digər məsələlər də qarşımızda duran ən mühüm vəzifələrdəndir.
Göründüyü kimi, son 5 il Laçın köçkünlərinin zəruri problemlərinin həlli yönündə ciddi addımlar atılmışdır. Axır 3 ildə həyata keçirilən tədbirlər isə dinamikliyi, artan sürəti və səmərəliliyi ilə seçilir.
Laçınılılar inanırlar ki, yeni formalaşdırılacaq ali qanunverici orqan ölkəmizdə modernləşdirmə xəttinin yeni uğurlarına təminat yaratmaqla yanaşı, məcburi köçkünlərin problemlərinin həllində, ən başlıcası isə işğal olunmuş torpaqlarımızın geri qaytarılması, soydaşlarımızın doğma yerlərə qayıtması prosesinin sürətlənməsində fəaliyyətini gücləndirməklə bu dəfəki etimadı da doğruldacaq. Laçınlılar seçkilərə bu inam və ümidlərlə gedirlər.{nl}
Tahir AYDINOĞLU, Ziyəddin SULTANOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.