(Əvvəli qəzetin 27 oktyabr 2010-cu il tarixli sayında)
Konstitusiya sistemi özlüyündə ölkənin əsas problemlərini həll edə bilməz. Heç bir konstitusiya demokratiya üçün son dərəcə əlverişsiz şəraitin hökm sürdüyü ölkədə demokratiyanı qoruyub saxlaya bilməz. Əlverişli şəraitin olduğu ölkə isə öz əsas demokratik institularını qoruyub saxlaya və alternativ konstitusiyaların geniş dairəsindən istənilən variantı seçə bilər. Konstitusiyanın incədən- incəyə düşünülmüş və yerləşdirilmiş müddəaları təyinedici şərtlərin həm əlverişli, həm də əlverişsiz olduğu ölkələrdə təməl demokratik institutların qorunub saxlanmasına kömək edə bilər.
Fundamental demokratik sabitliyin qorunub saxlanması nə qədər vacib olsa da, o, "konstitusiyanın keyfiyyətinin" yeganə meyarı sayıla bilməz. Digər meyarlar arasında ədalətli nümayəndəlik, şəffaflıq və anlaşıqlıq (hökumətin qəbul etdiyi qərarları dərk etməyin mümkünlüyü), hökumətin hesabat verməli olması, onun effektivliyi meyarları da böyük önəm daşıyır. Bütün bu dəyərlər konstitusiyada öz yerini tapıbsa, onda onlar həyata keçə bilər və keçəcək.
Qüsursuz konstitusiya sistemi yoxdur ki, bütün meyarlara istisnasız uyğun gəlmiş olsun. Demokratik nöqteyi - nəzərdən istənilən konstitusiya həmişə qeyri - mükəmməl olacaqdır. Bundan əlavə, konstitusiyanın qəbul edilməsi və ya artıq mövcud olana dəyişikliklər edilməsi məlum qeyri - müəyyənliklə əlaqədardır. Deməli, konstitusiyanın yaradılması və ya dəyişdirilməsi məqsədlər və bu dəyişikliklərlə bağlı risk arasında kompromisin əldə olunmasını tələb edir.
Görünür, iki yüz il ərzində amerikalılar, onların prezident - parlament idarəetmə sisteminin, HQÇ seçki sisteminin, federalizm sisteminin, qəbul edilən qanunlar üzərində sərt məhkəmə sisteminin effektivliyini təmin edən siyasi mədəniyyəti, vərdişləri və prosedurları lazımınca inkişaf etdirə bilmişlər. Amerikanın siyasi sistemi hədsiz mürəkkəbdir və elə buna görə başqa ölkədə bu cür saz işləyə bilməyəcəkdir. Hər halda o, geniş yayıla bilməyib. Və çox güman ki, yayıla bilməzdi də.
Bəzi alimlər bu nəticəyə gəlmişlər ki, Latın Amerikası dövlətlərinin siyasi quruluşu üçün səciyyəvi olan variant - prezident respublikası ilə PN tipli seçki sisteminin kombinasiyası bu regionda demokratik rejimlərin tez-tez çökməsinə səbəb olmuşdur. Cəmiyyətin siyasi qütbləşməsinə və böhranlara konstitusiya sisteminin və ya əlverişsiz hallar məcmusunun səbəb olduğunu müəyyən etmək çətin olsa da, görünür demokratik ölkələr bu məsələyə ehtiyatla yanaşmalı və Latın Amerikası variantından qaçmalıdır.
Fransa və Amerika inqilablarından ruhlanmış Tomas Cefferson qeyd etmişdi ki, hər bir nəsil üçün inqilab yaşamaq faydalıdır.
Dövlət hakimiyyət orqanlarının, yerli özünüidarəetmə orqanlarının formalaşmasında eləcə də, dövlət həyatının vacib problemləri ilə bağlı referendumda xalqın iradəsinin ifadəsinin ən yaxşı üsulunu demokratik azad seçkilərin keçirilməsi təşkil edir.
Seçkilər və referendumlar bütün dünyada vətəndaşların dövlətin işlərində iştirakının ən yaxşı kütləvi yayılmış forması hesab olunur. Vətəndaşların azad iradəsinin seçkilərdə və referendumlarda həyata keçirilməsinə və seçkilərin demokratik prinsiplər əsasında keçirilməsinə dövlət seçki hüququ normaları vasitəsilə təminat verir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası tərəfindən hazırlanmış ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş Əsas Qanunumuzda müstəqil Azərbaycan dövlət hakimiyyətinin yeganə mənbəyi xalq hesab olunur. Məhz xalqın öz suveren hüquqlarını iradə ifadəsinin mükəmməl forması olan seçkilərlə həyata keçirməsi Konstitusiyada və xüsusi qanunvericilikdə ifadəsini tapmışdır.
Azərbaycan Respublikasında 1991-ci il 18 oktyabr tarixdə qəbul olunmuş "Müstəqillik haqqında Konstitusiya aktı" və 1995-ci il 27 noyabr tarixdə qüvvəyə minmiş Konstitusiya ölkəmizdə sabitliyin hüquqi təminatında əvəzsiz rol oynamaqla yanaşı artıq 15 ildir ki, demokratik seçkilərin keçirilməsi üçün azad seçki mühitinin yaradılmasının əsasını təşkil edir. Bu gün Azərbaycan Respublikasında növbəti çağırış Milli Məclisə seçkilər keçirilməsi ərəfəsini yaşayırıq. Azərbaycan Respublikası Konstitusiyasının 4-cü maddəsinə əsasən xalqı təmsil etmək hüququ, xalqın seçdiyi səlahiyyətli nümayəndələrə verilir. Azərbaycan Respublikasında dövlət hakimiyyəti (maddə 7) hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:
- qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. Azərbaycan Respublikası Konstitusiyasında (maddə 54) Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ təsbit edilir.
Azərbaycan Respublikası Qanunvericilik sistemində uğurlu hallardan biri kimi seçki hüququnun Konstitusiyanın "Əsas hüquqlar, azadlıqlar və vəzifələrə aid" ikinci bölməsində yəni "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" fəslində (III) fundamental hüquqlar sırasında təsbit edilməsidir. Əlbəttə ki, Azərbaycan dövləti demokratik dünyəvi dövlətlər sırasında olmaqla BMT-nin 1948-ci ildə qəbul etdiyi "İnsan hüquq və azadlıqlarının ümumi Bəyannaməsi" və "Siyasi və mülki hüquqlar haqqında" Konvensiyanın və digər beynəlxalq hüquq müqavilələrinin tərəfdaşı olmaqla, seçki qanunvericiliyinin formalaşmasında həmin demokratik prinsipləri əsas tutmuşdur. Bu baxımdan, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında seçkilər çox partiyalılıq şəraitində, vətəndaşların və siyasi partiyaların sərbəst iştirakı, siyasi partiya bloklarının fəaliyyəti şəraitində yeniləşmiş, 2003-cü il iyun ayından qəbul olunmuş Seçki Məcəlləsi əsasında həyata keçirilir.
Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində seçki hüququnun əsasları müəyyən edilmişdir;
I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.
II. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur.
III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.
Azərbaycan Respublikasının 1995-ci ildə Konstitusiyasının qüvvəyə minməsindən sonra seçki qanunvericiliyi tam yeniləşmiş və seçki hüququ qanunvericiliyin vacib sahələrindən birinə çevrilmişdir. İlk dəfə Azərbaycanda 9 iyun 1998-ci ildə "Azərbaycan Respublikasının Prezidentinin seçkiləri haqqında" Qanun qəbul olunmuşdur. Həmin qanun indiki seçki qanunvericiliyinin əsasını təşkil etmişdir.
1999-cu il 27 iyun tarixdə "Bələdiyyələrə seçkilər haqqında" Qanun 2000-ci il 5 iyul tarixdə "Milli Məclisə seçkilər haqqında" Qanun, 30 dekabr 1997-ci ildə "Referendum haqqında" Qanun qəbul olunmuşdur. Vətəndaşların seçmək hüququ yetkinlik yaşına çatması ilə 18 yaş tamamında həyata keçirilməyə başlayır. Vətəndaşlar tam həcmdə hüquq və vəzifələrə malik olduqdan sonra hüquqlarını sərbəst həyata keçirirlər.
Vətəndaşlar dövlət hakimiyyət orqanlarına və yerli özünüidarəetmə orqanlarına uyğun olaraq 25 və 21 yaş tamam olduqda Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin I hissəsinin tələblərinə uyğun olaraq, üzv seçilmək hüququna malikdirlər. Azərbaycan Respublikası ərazisində 10 ildən az yaşamayan 35 yaşı tamam olan vətəndaşlar Azərbaycan Respublikasının prezidenti seçilmək hüququna malikdirlər.
Referendumda iştirak etmək üçün digər məhdudiyyətlər qoyulmur, yalnız referendum keçirilən vaxta qədər və həmin gün 18 yaşlı bütün vətəndaşlar iştirak etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının müstəqillik tarixinə nəzər salsaq Demokratik Cümhuriyyət dövründə (ADR) - 1918-1920-ci illərdə azad seçki keçirilməsi ilə bağlı əhəmiyyətli normativ sənədlər qəbul edilmişdir.
Dövlətçilik tariximizdə ilk dəfə müstəqil ADR-in 21 iyul 1919-cu ildə qəbul olunmuş "Azərbaycan Demokratik Respublikasının Müəssislər Məclisinə seçkilər haqqında" Əsasnamədə seçkilərdə iştirak hüququ müəyyən edilmişdir.
Həmin Əsasnamədə Müəssislər Məclisinə - yəni parlamentə hər iki cinsli vətəndaşların, seçki günü 20 yaşı tamam olan şəxslərin, qadınların və kişilərin seçilmək hüququ müəyyən edilmişdir. Həqiqi hərbi xidmətdə olan şəxslər isə passiv seçki hüququna malik olmuşlar.
Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların seçilmək və seçmək hüququ təsbit edilsə də, seçilmiş nümayəndələrin geri çağrılması hüququ nəzərdə tutulmur.
Qanunvericilikdə seçkili şəxsin mandatının ləğv edilməsi və ya onun öz mandatından könüllü imtina etməsi nəzərdə tutulsa da, onları seçən seçicilərin mandatdan məhrum etmək hüququ nəzərdə tutulmur.
Yalnız, mandatdan məhrum etməni seçkili orqan özü həyata keçirə bilir. Keçmiş zamanlarda SSRİ Konstitusiyasında seçicilərin qarşısında seçilən şəxslərin məsuliyyət daşıması müəyyən edilsə də, təcrübədə geri çağrılma halları olmamışdır. Eyni zamanda, seçilən şəxsin geri çağırılması ilə bağlı hər hansı qanun da qəbul edilməmişdir.
Demokratik ölkələr sırasında olan Azərbaycanda deputatın geri çağırılması hüquqi institutu yoxdur. Belə qəbul edilir ki, həmin deputatı yeni dövrdə seçməməklə onun fəaliyyətinə münasibət bildirmək olar. Amerika Birləşmiş Ştatlarının təcrübəsində ştatlarda deputatların geri çağrılması üçün müvafiq qanunvericilik aktları qəbul olunmuşdur ki, həmin qanunlarda geri çağrılma üçün seçicilərin 25-dən 40 faizə qədərinə təşəbbüsü ilə imzalı sənəd əsasında belə məsələnin qaldırılması nəzərdə tutulur. Eyni zamanda, belə hallar müəyyən xərclər də tələb edir. Azərbaycan Respublikasında seçkilərin keçirilməsi əhalinin ərazi təşkili ilə əlaqələndirilir və Azərbaycan Respublikasının ərazisi seçkilərin təşkili üçün seçki dairələrinə bölünür. Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə hazırda 125 mandatlı seçki dairələri yaradılır. Əvvəllər isə 101 bir mandatlı dairə və 25 deputatın partiya siyahısı əsasında seçilməsi üçün çoxmandatlı dairə təşkili qaydaları mövcud idi.
Qanunvericiliyə görə, hər bir seçici birdən artıq namizədə imza etmək hüququna malikdir. Səsvermə seçki prosesində ən mühüm mərhələlərdən biridir. Səsvermə nəticəsində xalq iradəsini ifadə edir və namizədlər xalqın verdiyi səslərin sayı hesabına seçki mandatı əldə edir. Seçkinin həyata keçirilməsi üçün xüsusi seçki bülleteni hazırlanır ki, həmin bülleten əsasında seçici müdafiə etdiyi namizədin lehinə və yaxud əleyhinə xüsusi hazırlanmış yerdə bülletendə qeydiyyatını aparır və bülleteni xüsusi konvertə qoyur və seçki qutusuna atır. Eyni zamanda, maraqlı hallardan biri də odur ki, bəzən seçicilər öz yaşadığı ərazidə olmayanda qabaqcadan xüsusi vəsiqə alırlar ki, həmin vəsiqə əsasında müvəqqəti olduğu yerdə səsvermədə iştirak edə bilsin. Bəzi ölkələrdə xüsusilə, Fransada seçki Məcəlləsində seçicilərə öz adından başqa şəxslərə səs vermək üçün etibarnamə əsasında təmsilçilik etmək hüququ nəzərdə tutulmuşdur. Etibarnamə almış şəxs etibar edən şəxsin seçki hüquqlarını tam həyata keçirmək səlahiyyətinə malik olur. Səsvermənin bir gün müddətində keçirilməsinin əsasını qanunvericilik belə şərh edir ki, bu hal saxtalaşdırma hallarının baş verməməsi üçün əhəmiyyətlidir.
Azərbaycan Respublikası seçki sisteminin əsas xüsusiyyətlərindən biri odur ki, seçki qanunvericiliyində Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və yaxud konsul idarələrinin yerləşdiyi ölkələrin ərazisində həmin ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarına səsvermədə iştirak etmək üçün zəruri şərait yaradılır. Azərbaycan Respublikasında mülki hüquq qabiliyyətli sayılmaq üçün müəyyən edilən 18 yaş digər ölkələrə münasibətdə daha gənc yaş hesab olunur. Belə ki, Yaponiyada bu 20 yaş Almaniya və İtaliyada 21 yaş götürülür. Vətəndaşların seçki hüququ fəaliyyət qabiliyyətsizliyi ilə bağlı və yaxud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması ilə əlaqədar fəal olmaya bilər. Demokratik Azərbaycan Respublikasının Müəssislər Məclisi zamanında da qanunla müəyyən edilmiş qaydada ağılsız, dəli, lal-kar sayılan, himayədə olan şəxslərin seçkidə iştirak etməməsi "Seçkilər haqqında" Əsasnamədə nəzərə alınmışdır. Belə ki, yetkinlik yaşına çatmış öz hüquq və vəzifələrini düzgün icra edə bilən şəxslər siyasi, iqtisadi və şəxsi həyatda hüquqlarını tam həyata keçirir və öz hərəkətlərinə görə cavabdeh ola bilərlər.
Ağlına və psixi vəziyyətinə görə vətəndaşlıq hüquqlarını tam yerinə yetirə bilməyən şəxslərin fəaliyyət qabiliyyətsizliyini məhkəmə müəyyən etmək hüququna malikdir. Həmin şəxslər seçici siyahılarına daxil edilmir. Seçki hüququnun məhdudlaşdırılması forması kimi azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslərin yalnız passiv seçki hüququna malik olması ilə seçilir. Lakin, hələki haqqında məhkəmə hökmü çıxarılmayan istintaq və təhqiqat altında olan şəxslərin isə seçki hüququ tam şəkildə təmin edilir. Eyni zamanda, seçki hüququnun məhdudlaşdırılması ağır cinayət törətmiş şəxslərə, ikili vətəndaşlığı olanlara və müəyyən dövlət vəzifələrində işləyənlərə də aiddir. Azərbaycan Respublikasının Seçki Məcəlləsi 6 bölmədən, 38 fəsildən, 246 maddədən ibarətdir.
Seçki Məcəlləsinin 12-ci maddəsində aktiv seçki hüququnun mənsubiyyəti, 13-cü maddədə isə passiv seçki hüququnun mənsubiyyəti göstərilmişdir. Aktiv seçki hüququ deyəndə Milli Məclisə seçkilərin, prezident seçkilərinin, bələdiyyələrə seçkilərin, referendumun keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, referendumda səs vermək, seçkilərin (referendumun) gedişini müşahidə etmək, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etmək, bu məcəllə ilə nəzərdə tutulmuş seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququ təsbit edilmişdir. Həmin məcəllənin 13-cü maddəsində isə aktiv seçki hüququna malik olan hər bir vətəndaşın referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsçüsü olmaq, Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş prezidentliyə, deputatlığa, bələdiyyə üzvlüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə, Milli Məclisin deputatı, prezident, bələdiyyə üzvü seçilmək hüququ - passiv seçki hüququ vardır. Azərbaycan Respublikası qanunvericiliyində beynəlxalq hüquq təcrübəsinə əsaslanaraq passiv seçki hüququ olmayan şəxslərin siyahısı da göstərilib.
Belə ki, Seçki Məcəlləsində qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin III hissəsində, 85-ci və 100-cü maddələrə uyğun olaraq, aşağıdakı şəxslərin Milli Məclisin deputatı, prezident, bələdiyyə üzvü seçilmək hüququ - passiv seçki hüququ yoxdur:
13.3.1. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər;
13.3.2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslər;
13.3.3. ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşları (ikili vətəndaşlığı qalanadək);
13.3.4. xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşları (həmin öhdəliklərə xitam verilənədək). Azərbaycan Respublikası Konstitusiyasında vətəndaşların dövlət və cəmiyyət qarşısında (maddə 72) hüquq və azadlıqlardan bilavasitə irəli gələn vəzifələr daşıması müəyyən edilir.
Azərbaycan Respublikası Konstitusiyasında (maddə 81) qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisinin həyata keçirməsi və say tərkibinin 125 deputatdan ibarət olması müəyyən edilir.
Azərbaycan Respublikasının Milli Məclisi deputatlarının majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 illik səlahiyyət müddətinə seçilməsi Konstitusiyanın 83-84-cü maddəsində müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi səlahiyyət müddəti 5 il olmaqla 45 üzvdən ibarətdir.
(ardı var)
{nl}
İlqar CƏFƏROV, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.