Böyük ensiklopedik alim Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabrın 31-də qədim Naxçıvanın Ordubad şəhərində anadan olmuşdur. Atası Hacı Heydər kişi din xadimi olmaqla yanaşı, həm də dövrünün çox maarifpərvər adamı idi. Məhz buna görə də o, övladlarının mükəmməl təhsil almaları üçün hər cür şərait yaratmışdır.
Müəlliməsi – tatar qızı Gülsüm Axtyamova (anasının da adı Gülsüm idi) xatırlayırdı: – Yusif həmişə dərsdən sonra qalıb soruşardı ki, rusca filan bitkinin, quşun adı nədir, xüsusiyyətləri, xeyri nədir? Bu gün öyrəndiklərini üç gün sonra soruşanda hamısına dəqiq cavab verərdi. Qonşuları, Yusifdən 4 yaş böyük olan Məmmədhəsən kişi 1984-cü ildə dedi ki, mən Usufun qayğanağını da yemişəm (Ordubadda uşaq anadan olanda 40 yumurtanın qayğanağına bal qatıb qonşulara, uşaqlara paylayırlarmış). O, çox çalışqan oğlan idi. Yusifgilin yaxşı ərik bağları var idi, onun çoxunu o özü calamışdı.
Günlərin bir günü müəllimi Yusifə deyir ki, Əylis kəndində yaşayan Mirzə Əbdülvahab müəllimin çoxlu kitabı var, get istə, yəqin, səni yoxlayıb verər. Əbdülvahab müəllim görür ki, bu oğlanın 13 yaşı olmasına baxmayaraq, çox savadlıdır, kitabları buna oxumağa vermək olar. Beləliklə, ayda bir dəfə aldığı kitabları təhvil verib yenisini alarmış. 1918-ci ilin yayında Hacı Heydər kişi daşnak Andronikin Ordubada hücumu nəticəsində ailəsini Arazın o tayına keçirir. Oğlu İlyas Araz çayında boğulub həlak olur. Bu kədərli hadisədən sonra Hacı Heydər kişi Təbrizdə aldığı evdə il yarım yaşayır. Bu vaxtlar Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycan xalqı azadlığa çıxmışdı. Həmin vaxt Azərbaycan dilində məktəblər açılmış, yeni xəstəxanalar tikilmiş və başqa abadlıq işləri görülmüşdü. Bu hadisədən heç bir il keçməmiş fars hökmdarı əlavə qüvvə toplayıb, Cənubi Azərbaycanda baş verən inqilabı boğdu, başçıları isə edam olundu. Bir neçə dildə sərbəst danışan qardaşı İlyasın ölümü, Təbrizdəki edam və güllələnmə hadisələri gənc Yusifi bərk sarsıdır. Görünür, bunun nəticəsi idi ki, sonralar o, qəza və ölüm hadisələrindən çox həyəcanlanardı.
1920-ci ildə Şimali Azərbaycanda vəziyyət sabitləşdiyindən Hacı Heydər kişi oğlanlarının xahişi ilə Ordubada qayıdır. 1920-1923-cü illərdə gənc Yusif məktəbdə müəllim işləyir. 1923-cü ildə isə o, təhsilini artırmaq üçün Bakıya gələrək təzə açılan Pedaqoji İnstituta daxil olur, öncə ədəbiyyat fakültəsində oxumaq istəyir. İnstitutda Almaniyada təhsil alan professor Sadıq Hüseynovla tanış olur. Sadıq müəllim Yusifin təbiət elmləri üzrə çox savadlı olduğunu bildikdə ona kimya fakültəsində oxumağı məsləhət bilir. Professor S.Hüseynovun israrlı təklifindən sonra gənc Yusif kimya fakültəsinə daxil olur.
1927-ci ildə institutu bitirdikdən sonra o, Gəncədə orta məktəbdə, sonra isə İrəvanda institutda dərs demişdir. Gənc Yusif 1929-cu ildə Moskva Dövlət Universitetinin kimya fakültəsində təhsilini davam etdirir. O, 1931-ci ildə universiteti bitirdikdən sonra Moskva zavodlarının birində mühəndis vəzifəsində çalışmağa başlayır. Nəhayət, 1933-cü ildə Bakıya gəlib Kuybışev adına Elmi-Tədqiqat İnstitutunda (indiki Neft-Kimya Prosesləri İnstitutu) kiçik elmi işçi vəzifəsinə qəbul olunur.
Yusif Məmmədəliyev buradakı gərgin elmi fəaliyyəti nəticəsində kiçik elmi işçi vəzifəsindən akademikliyədək şərəfli yol keçir. 1938-ci ildə qazların kimyəvi çevrilməsi sahəsindəki elmi işlərinə görə Moskva Dövlət Universiteti ona müdafiə etmədən kimya elmləri namizədi elmi dərəcəsi verir. Bundan sonra elmi işlə çox ciddi məşğul olan alim orijinal metodla yüksək çıxımlı toluolu sintez edir. Toluol isə güclü partlayıcı maddə olan trinitrotoluolun xammalıdır.
1942-ci ildə Y. Məmmədəliyev “Aramatik birləşmələrin alkilləşmə və dealkilləşməsi ilə toluolun sintezi” üzrə doktorluq dissertasiyasını müdafiə etdi. Bununla da o, doktorluq elmi dərəcəsi və professor adı aldı. 1943-cü il iyulun 3-də “İzvestiya” qəzetində müxbir Tatyana Tessin “Bizim günlərin dissertasiyaları” məqaləsi çap olundu. Müəllif həmin məqaləsində yazırdı: “Nə vaxtsa müharibə dövrünün dissertasiyaları yeni tədqiqat predmeti olacaq. Budur, azərbaycanlı Yusif Məmmədəliyevin dissertasiyası. Dissertasiya işi kimyanın müasir, vacib problemi olan toluolun sintezinə həsr olunub. Toluol müharibə üçun çox tələb olunan partlayıcı maddə – trinitrotoluolun xammalıdır. Bu iş müharibə ilə birbaşa bağlıdır. Onun arxasında mərmilərin gurultusu, tüstü, atəş, düşmənə zərbə dayanır”.
Toluolun bu üsulla tətbiqi tezliklə tikilən sənaye qurğusunda onun milyon tonlarla istehsalına imkan yaratdı. Bu işə görə müəllifinə SSRİ Dövlət Mükafatı verildi. Bundan sonra Yusif müəllim benzolu propilenlə sulfat turşusunun iştirakı ilə alkilləşdirib izopropil benzol aldı. Bu birləşmə yüksək oktan ədədinə (132) malik olduğundan təyyarə benzinlərinə 10-15 faiz qatılmaqla, sovet qırıcıları (Miqlər) yüksək sürəti və manevrliyi ilə alman qırıcıları (Mister Sriotler) üzərində hava müharibəsində parlaq qələbə qazandılar.
O vaxtlar Azərbaycanda sərbəst fəaliyyət göstərən Elmlər Akademiyasının açılmasında Y.Məmmədəliyevin misilsiz xidmətləri olmuşdur. Gürcüstanda sərbəst akademiya 1941-ci ildə, Ermənistanda isə 1943-cü ildə açılmışdır. Moskvada ermənilər xəbər yaymışdılar ki, Azərbaycanda sanballı alim yoxdur, orada akademiya açmaq lazım deyil, xeyri xərcini ödəməyəcək. Bu isə ziyalılarımızı bərk naharat edirdi. Odur ki, çox xahiş-minnətdən sonra SSRİ Elmlər Akademiyasının prezidenti Vladimir Leonteviç Komarovun başçılığı ilə respublikamıza müxtəlif sahələr üzrə 5 nəfər akademik gəldi. Bütün elmi sahələr və istiqamətlər yoxlanılmalı idi. İlk sual-cavab meydanına Üzeyir bəyin, Səməd Vurğunun və Makovelskinin məsləhəti ilə Y.Məmmədəliyev getdi. İki saatlıq sual-cavabdan sonra akademik V.Komarov çıxıb elan etdi ki, təkcə Yusif Heydəroviç kimi alimi olan respublika akademiyaya sahib olmağa layiqdir. Yusif Məmmədəliyevin çıxışı sürəkli alqışlarla qarşılandı.
Beləliklə, 1945-ci ilin martında Azərbaycanda sərbəst fəaliyyət göstərən akademiya yaradıldı və Yusif Məmmədəliyev ilk akademik seçildi. Əslində o, akademik yox, canlı akademiya, ensiklopedik biliyə malik bir şəxs idi. Akademik Mark Dalin Yusif müəllim haqqında çap etdirdiyi məlaqəni mənə göstərərək demişdi ki, 1961-ci ilin noyabrında Ermənistanda sovet hakimiyyətinin 40 illiyi münasibətilə Sov.İKP-nin Baş katibi N.S.Xruşşov, müttəfiq respublikaların birinci katibləri və akademiyaların prezidentləri Yerevanda idilər. Biz Viktor Amborsavilyanın qonağı olduq. Astronomiyanın müasir problemlərindən Məmmədəliyevlə Amborsavilyanın 20 dəqiqəlik söhbətləri oldu. Söhbətdən sonra SSRİ EA-nın prezidenti Aleksandr Nesmeyanov dedi ki, sizin kimyanın müxtəlif sahələrində ensikopedik alim olduğumuzu bilirdim, amma astronomiyanın müasir problemlərini belə dəqiq bildiyiniz üçün çox sağ olun.
1984-cü ildə A.Nesmeyanov xatırlayırdı ki, onun üçün SSRİ Nazirlər Sovetində və akademiyada keçilməz baryer yox idi. Azərbaycanda Elmlər Akademiyası üzrə nə məsələ olurdusa, hamısını dəqiq əsaslandırıb həll edirdi. O, Azərbaycanda rəsədxana açmaq istəyirdi. Bunun üçün Almaniyaya bahalı, diametri 2 metr olan teleskop sifariş verdik. 1959-cu ildə teleskop Moskvaya gətirildi. SSRİ Nazirlər Sovetindən qərar gəldi ki, bu teteskop Ermənistana, Ermənistandakı köhnə teleskop isə Azərbaycana verilsin. Mən bu informasiyanı ona teleqramla çatdırdım. Dedim ki, qərarı dəyişdirə bilərsinizsə, gəlin. Həmin gün gəldi, qərara baxdı, qeydlər götürüb Nazirlər Sovetinə getdi. O vaxtlar A.Mikoyan Nazirlər Soveti Sədrinin birinci müavini idi. Onun əlindən teleskopu necə qopardısa, səhəri zəng edib dedi ki, indi qatarla teleskopu Bakıya aparacağam.
Akademik Vasili Korşak deyirdi ki, Yusif Heydəroviç əsl alim və centlmen idi. N. Y. Şukinin fikrincə isə, Y.Məmmədəliyev alkilləşmənin kralı idi. Akademik A. Balandin onun ensiklopedik şəxs olması haqqında belə yazmışdır: “Y.Məmmədəliyevin elmi marağının genişliyi və onların həllinin elmi dərinliyi adamı heyrətə salır”.
Mərhum akademik Həsən Əliyev xatırlayırdı ki, 1950-ci ilin əvvəlində – Mərkəzi Komitədə kənd təsərrüfatı şöbəsinin müdiri işlədiyi vaxtlarda Azərbaycanda ideoloji işi yaxşılaşdırmaq barədə müşavirə keçirilirdi. Müşavirənin təlimatları ancaq rusca idi. İştirakçıların çoxu rus dilini yaxşı bilmədikləri üçün tez-tez Yusif müəllimdən xahiş edirdilər ki, dediklərini tərcümə etsin. Axırda Y. Məmmədəliyev əl qaldırıb iclası aparan ikinci katib V.Çeplakovdan xahiş edir ki, təlimatlar Azərbaycanca da çap olunsa, bu, işimizin xeyrinə olar. Bu zaman MK katibi Yaqubov Yusif müəllimi “Siz kimsiniz ki, MK-nın işinə qarışırsınız”, – deyə danlayır. Y.Məmmədəliyev 10 gün sonra akademiyanın işi ilə əlaqədar birinci katib Mircəfər Bağırova zəng edir. Bu zaman M. Bağırov deyir ki, mən MK katiblərinə göstəriş verən Y.Məmmədəliyevi tanımıram. Bundan sonra Y.Məmmədəliyev sürgün çemodanını hazırlayır. Gözləyir ki, bu gün-sabah yəqin ki, sürgün ediləcək. Amma o, sürgün edilməsə də, prezidentlikdən töhmətlə çıxarılır.
Böyük qardaşı Məşədi Mehdinin oğlu Əli müəllim xatırlayırdı ki, son zamanlar əmisi çox kədərli görünürdü. Səbəbini soruşanda dedi: “Əli, Nuh 100 il (bəzi ədəbiyyatlarda 1000 il) yaşadı, bir fəlakət gördü, mən 50 il yaşadım, 100 fəlakət gördüm”.
Y.Məmmədəliyev alkilləşmə ilə bərabər, üzvi birləşmələrin xlorlaşması, bromlaşması sahəsində də böyük işlər görmüşdür. Məlumdur ki, metanın yüksək temperaturda (300-400 C) xlorlaşması partlayışla, xlorda yanmaqla gedir. Alimin əməkdaşları ilə birlikdə seçdiyi katalizator (kontakt materialı) sistemi və “qaynar” layda xloridin (CCI4) alınmasına səbəb oldu. Bu prosesin sənayedə tətbiqi xalq təsərrüfatı sərgisinin qızıl medalına və pul mükafatına layiq görüldü. Bundan sonra etan, propan, butan, pentan və heksanın xlorlaşma prosesləri tədqiq olundu, prosesin parametrləri, optimal çıxım şəraiti, alınan xlorlu birləşmələrin tətbiq sahəsi oyrənildi.
1960-cı ildə Parisdə halogenləşmə üzrə beynəlxalq konfransın birinci bölmənin sədri olan Yusif Məmmədəliyev C1-C6 karbohidrogenlərinin xlorlaşması prosesləri haqqında plenar məruzə etdi. Müxtəlif ölkələrin alimlərinin suallarından sonra ABŞ alimi Makbi çıxış edərək dedi ki, sovet alimlərinin təklif etdikləri kontakt materiallarının (silikagelin, perlitin, aktiv kömürün) “qaynar” layda aparılan təhkükəsiz prosesi təkcə xlorlaşmada deyil, başqa zəncirvari prosesləri təmizləmək üçün tətbiq oluna bilər.
1961-ci ildə flüorlaşmanın perspektivlərini qabaqcadan görərək, bu prosesin aparılamasını akademik Məmmədyarova tapşırdı. Çox ekzotermik (istilik ayrılmaqla) olan bu proses xüsusi bokslarda istidəyişdirici reaktorlarda aparılmalı idi. Onun ölümündən sonra bu prosesi aparan olmadı. 1962-ci ildən flüorlaşmanı Kanada alimi Barlet apardı. 1969-cu ildə ona flüorlaşma sahəsində tədqiqatlara görə Nobel mükafatı verdilər. Böyük alimimizin vaxtısız ölümü flüorlaşma yeniliklərinin Azərbaycanda baş verməsinə maneçilik törətdi.
Yusif müəllim xeyrxahlıqda hatəm idi. Qızı Sevda xanım mənə onlarca pulköçürmə qəbzləri göstərdi. Qazaxdan, Gədəbəydən, Şəmkirdən, Şəkidən, Naxçıvandan və başqa yerlərdən yardım üçün müraciət edən kasıb ailələrə pul göndərmişdi. Alimin tələbəsi, Gəncə Pedoqoji İnstitutunun dosenti Fərhad Rüstəmov deyirdi ki, 1956-ci ildə rektorumuzun kabinetinin qabağından keçəndə gördüm ki, 10-12 nəfər tələbə burada növbəyə dayanıb. Tələbələrdən bunun səbəbini soruşduqda dedilər ki, rektor kasıblara pul paylayır. Şalvarının dizi yamaqlı olan oğlan isə dedi ki, mənə 1200 manat verdi. Yaxşı oxyacağım təqdirdə üç ay sonra yenə verəcəyini dedi. Başqa birisinə 1000 manat, digərinə 800 manat, sonuncuya 500 manat verəndən sonra katibə çıxıb tələbələri danladı ki, rektoru pis vəziyyətdə qoymayın, çıxın gedin.
Moskva Neft-Kimya Sintezi İnstitutunun direktoru, akademik S.S. Namyotik yazırdı ki, bizim institutda Azərbaycandan 5-10 aspirant var idi. İldə iki dəfə Yusif Heydəroviç bura gəlib həmin aspirantlara atalıq qayğısı göstərərək onları restorana aparıb qonaqlıq verərmiş. Həm də onlara deyərmiş ki, Azərbaycan sizi bura göndərib ki, təkcə diplom yox, bilik alasınız. Savadlılarınızı Bakıya gələn kimi yaxşı işlə təmin edəcəyəm.
1985-ci ildə akademik Y. Məmmədəliyevin yaradıcılığını tam araşdırandan sonra gördüm ki, respublikamızda onun elmi fəaliyyəti layiqincə qiymətləndirilməyib. Bununla bağlı birinci katib Kamran Bağırova ətraflı məktub yazdım ki, onun xalqımız qarşısında xidmətləri çox böyükdür. Xahiş edirəm ki, onun adına təqaüd və mükafat təsis olunsun, heykəli qoyulsun, Bakıda ev muzeyi yaradılsın. Bütün bunlar qədirbilənliklə bərabər, elmimizin inkişafına səbəb ola bilər. Bir həftə sonra akademiyanın prezidenti Eldar Salayev əsəbi halda məni yanına çağırtdirib dedi ki, sən gərək o məktubu mənə yazaydın. Mən də birinci katibə müraciət edəydim. Söhbət uzun çəkdiyi üçün mən ona qısaca “Elmdə siz Məmmədəliyevin 0,1 faizi qədər, işdən təzlikcə çıxarılan Həsən Abdullayevin yarısı qədər deyilsiniz”, – deyib çıxdım. Katibəsi mənə dedi ki, birinci şöbəyə gedin, Mərkəzi Komitədən sizə məktub var, qol çəkin. Gedib şöbə müdirinin qapısını döydüm. Nurani yaşlı adam kim olduğumu soruşanda dedim ki, adım Həsəndir. Dedi, çox xeyrxah iş görübsünüz. Yusif müəllimi yaxşı tanıyırdım, amma Eldar Salayev sizi danlayacaq, çünki onunla arası yox imiş. Dedim ki, narahat olmayın, danladı, cavabını da aldı.
1985-ci ildə məqalələr yazdım, kitab hazırladım. Eldar müəllim mane oldu. 1995-ci ildə ulu öndər Heydər Əlieyevin göstərişi ilə kitab çap olundu, redaktoru da akademik Bəkir Nəbiyev oldu.
...Bəşər tarixində az-az şəxslər olmuşlar ki, onların güclü təfəkkürü, dərin müşahidə qabiliyyəti mürəkkəb formanın arxasında gizlənən həqiqi məzmunu qavraya bilmişlər. Belə şəxslər bəşəriyyətin almaz fondunu təşkil edirlər. Yusif Məmmədəliyev bu fondun ən iri və parlaq incilərindən idi.
Mənim 10 ildə topladığım materialın ekstraktının alimin anadan olmasının 90 illiyində ümummilli liderimiz Heydər Əliyev cəmi 23 dəqiqəlik çıxışında çox lakonik və sistematik şəkildə dinləyicilərə çatdırdı. Sonda qızı Sevda xanım Prezidentimizə minnətdarlıq edərək kitabın bir nüsxəsini ona bağışladı. Heydər Əliyev müəllifin kimliyi ilə maraqlandı. Sevda xanım cavab verib dedi: “Həsən Həsənov”. Prezidentimiz isə: “Çox sağ, olsun oxuyaram” – dedi.
Xalq yazıçısı Mirzə İbrahimov Yusif müəllimi onunla Səməd Vurğunun tanış etdiyini söyləyərdi. Deyərdi ki, özünün də bir neçə şeiri çap olunmuşdu, bəzilərini də tanış kimyaçılarımızın şeiri kimi təqdim edib deyib oxuyardı. Yusif Məmmədəliyev müasir ədəbiyyatımızın problemlərini çox gözəl bilirdi, onun həllinə lazimi şərait yaradırdı. O, Yusif müəllimi xeyrxah, insanlığın, alimliyin, vətənpərvərliyin klassik nümunəsi kimi dəyərləndirərdi.
Akademik Murtuza Nağıyev məqalələrinin birində yazmışdır: “Böyük, uca uzaqdan da yaxşı görünür. Zaman etibarı ilə o, bizdən nə qədər uzaqlaşsa da, elmdə böyük olduğu üçün həmişə görünəcək”. Müəllimim akademik İsmayıl İbrahimov isə deyir ki, onu uşaqlıqdan tanıyırdım. Həmişə fikirləşər axtarar, tapar və yaradardı. Elmdə nadir tapıntı idi. Onun bütün həyatı yaradıcılıq idi.
....Akademik Yusif Məmmədəliyevin vəfatı qədirbilən xalqımızın ziyalılarının, xüsusilə ədəbiyyatçılarını çox kədərləndirdi. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin ona həsr etdiyi şeirin bir bəndini xatırlamaq yerinə düşərdi:
Ey alim, sönməsin eşqin, həvəsin,
İnsanı yaşadan yalnız hünərdi.
Xalqın hörmətini qazanan kəsin,
Ömrü də xalqın ömrü qədərdi.
Həsən HƏSƏNOV,
kimya elmləri üzrə
fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.