Bu ilin may ayında Kür və Araz çaylarında baş verən daşqından dərhal sonra Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə dövlətimizin başçısı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı müvafiq orqanlara tapşırıqlar vermiş, texnika və canlı qüvvə təbii fəlakət zonasında xilasetmə və bərpa işlərinə cəlb olunmuşdu. Təbii fəlakətin miqyasının genişlənməsinin qarşısı dövlət strukturlarının həyata keçirdiyi tədbirlər nəticəsində alınmışdı.
Dağılan bəndlərin operativ bərpası, əhalinin daha təhlükəsiz yerlərə köçürülməsi nəticəsində insan tələfatına yol verilməmişdi. Həmin vaxt dövlət başçısının təbii fəlakət bölgəsinə getməsi və burada sakinlərlə görüşməsi, onların problemləri ilə maraqlanması dəyən ziyanın aradan qaldırılmasının dövlətimizin başçısının daim diqqətində olduğunu göstərmişdi. Tədricən əhalinin yaşayış yerlərinə köçürülməsinə, evləri dağılan insanların mənzil problemlərinin həllinə başlanmışdı. Müvafiq strukturların cəlb olunduğu tikinti-quraşdırma işləri zamanı əsas diqqət evlərin əvvəlki kimi çiy kərpicdən yox, daha keyfiyyətli materiallardan istifadə olunaraq inşasına yönəldilmişdi. Daşqınlar nəticəsində dağılan evlərin dövlət başçısının tapşırıqlarına əsasən, yeniləri ilə əvəz olunması və zərərçəkənlərin isə bərpası istiqamətində görülən işlər uğurla həyata keçirilmişdir. Bu prosesin qış başlayana qədər başa çatdırılması və evlərini itirən insanların yeni mənzillərlə təmin olunması istiqamətində kompleks tədbirlər genişləndirilmişdi.
Xatırladaq ki, İmişli, Sabirabad, Saatlı, Kürdəmir, Salyan, Zərdab, Neftçala və Hacıqabul rayonlarında ümumilikdə 1617 ev qəzalı vəziyyətə düşmüşdü. Dövlət başçısının tapşırıqları əsasında bu rayonlarda 3375 ev təmir olunmuş, 1500 yeni ev tikilmiş, bir çox mənzillərdə bərpa və gücləndirmə işləri aparılmışdır. Bu rayonlar üzrə 7424 ailəyə ümumilikdə 6 milyon 547 min manatdan çox maddi yardım edilmişdir. Tikinti prosesində infrastruktur obyektlərinin inşası da diqqətdə saxlanılmışdır. Təbii fəlakətə məruz qalan bölgələrdə 27 məktəb, 6 məktəbəqədər təhsil müəssisəsi, 12 tibb ocağı, 15 məscid və digər obyektlər bərpa olunaraq yenidən əhalinin istifadəsinə verilmişdir. Bütün bunlar Prezident İlham Əliyevin təbii fəlakətdən ziyan çəkən insanlara, onların məruz qaldığı problemlərin həllinə həssas münasibətinin məntiqi nəticəsidir. Məhz qış gələnə qədər evlərini itirən insanların yeni mənzillərlə təmin olunması kimi mühüm tapşırığın öhdəsindən çox qısa zamanda gəlinməsi də dövlətin vətəndaşlara hərtərəfli münasibətinin bariz nümunəsidir.
Salyan rayonunda da bu ilin yazında baş vermiş daşqınların nəticələri aradan qaldırılır, evlərindən məhrum olan sakinlər üçün yeni mənzillər inşa edilir. Dövlətin hərtərəfli dəstəyi nəticəsində inşaat işləri sürətlənir. Daşqınlar zamanı Salyan rayonunun 20 yaşayış məntəqəsində 2 mindən artıq həyət su altında qalmışdı. Təbii fəlakət nəticəsində 500-ə qədər evə, 6 məktəbə, 2 uşaq bağçasına müxtəlif dərəcəli ziyan dəymişdi. Kür çayının daşması nəticəsində Salyan rayonunda qəzalı vəziyyətə düşmüş evlərin əvəzinə Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni evlər inşa olunmuşdur.
Salyan rayonunda salınmış yeni qəsəbəyə gələn Prezident İlham Əliyev mənzillərdə yaradılmış şəraitlə tanış olmuşdur. Dövlət başçısına məlumat verilmişdir ki, qəsəbənin ümumi ərazisi 20 hektardır. Qəsəbə üçün torpaq sahəsi Kür Qaraqaşlı bələdiyyəsinin ehtiyat fondundan ayrılmışdır. Fövqəladə Hallar Nazirliyi tərəfindən burada ümumilikdə 68 yeni ev inşa edilmişdir. Evlərdən 10-u ikiotaqlı, 48-i üçotaqlı, 10-u isə dördotaqlıdır. Yeni mənzillərdə sakinlərin normal yaşamaları üçün hərtərəfli şərait yaradılmışdır. Diqqətə çatdırılmışdır ki, evlərin inşası zamanı tikinti işlərinin tez və keyfiyyətlə görülməsi üçün bütün qüvvələr səfərbər olunmuşdur. Yaşayış massivinin lazımi infrastrukturla təmin edilməsi də diqqətdə saxlanılmışdır. Qəsəbədaxili yollara asfalt döşənmiş, ətraf abadlaşdırılmışdır. Burada 2 transformator quraşdırılmışdır. Yaxın gələcəkdə evlərin hamısı təbii qazla təmin ediləcəkdir.
Salyan rayonunda salınmış yeni qəsəbənin sakinləri ilə görüşən Prezident İlham Əliyev demişdir ki, əvvəlki, uçulmuş evlər, onların böyük əksəriyyəti keyfiyyətsiz idi, çiy kərpicdən tikilmişdi. Amma bunlar gözəl şəraiti olan iki, üç, dördotaqlı daş evlərdir. Yəni burada yaşamaq üçün bütün şərait vardır. Bu evlər qısa müddətdə cəmi bir neçə ay ərzində tikilib. Qarşıya vəzifə də qoyulmuşdu ki, evlər qış gələnə qədər tikilsin ki, insanlar bu evlərə köçsünlər... Təbii fəlakətdən əziyyət çəkmiş bütün bu insanlar dövlət tərəfindən qayğı, dəstək görürlər, həm kompensasiya ödənilir, həm də evlər tikilir. Bu, Azərbaycan dövlətinin gücünü, vətəndaşlarına olan münasibətini göstərir.
Görüşdə qəsəbə sakinləri adından çıxış edən Səfurə Rzayeva təbii fəlakət dövründə dövlətin onları tək qoymadığını vurğulamış, dövlət başçımızın tapşırıqları əsasında qısa müddətdə daşqının nəticələrinin aradan qaldırıldığını və ziyan çəkən vətəndaşların hərtərəfli şəraiti olan evlərlə təmin olunduğunu diqqətə çatdırmışdır.
Səfurə Rzayeva təbii fəlakətdən ziyan çəkən sakinlərə həssas münasibət göstərdiyinə görə Heydər Əliyev Fonduna da minnətdarlığını bildirmişdir.
Kür və Araz çaylarının daşması nəticəsində yaranan təbii fəlakətdən zərər çəkən digər rayonlarla yanaşı, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Sabirabadda da kompleks tədbirlər həyata keçirilmişdir. Rayonda təbii fəlakətdən 33 yaşayış məntəqəsi ziyan çəkmişdir. Ümumilikdə, 9 min evə ziyan dəymişdir. Uçmuş evlərin yerində hökumət komissiyasının qərarına əsasən 630 yeni evin tikintisi nəzərdə tutulmuşdur. Qısa müddətdə 317 evin tikintisi tam başa çatdırılmışdır. Daşqınlardan ziyan çəkən yaşayış məntəqələrində zəruri infrastrukturun yaradılması və həyətyanı sahələrin normal vəziyyətə gətirilməsinə xüsusi diqqət yetirilmişdir. Yeni evlər müasir tələblərə uyğun inşa olunmuşdur.
Daşqınlar nəticəsində Yusif Qasımov adına Mürsəlli kənd orta məktəbi də tamamilə yararsız vəziyyətə düşmüşdü. Dövlət başçısının tapşırıqlarına əsasən məktəbdə əsaslı təmir və yenidənqurma tədbirləri aparılmışdır.
Prezident İlham Əliyevə məlumat verilmişdir ki, avqust ayından başlayaraq görülən işlər nəticəsində məktəbin üç korpusdan ibarət ikimərtəbəli binası müasir standartlara uyğun surətdə yenidən qurulmuşdur. Bütün lazımi avadanlıqla təchiz olunmuş təhsil ocağının həyətyanı sahəsinə asfalt döşənmiş, ətraf abadlaşdırılmışdır. Dövlət başçısı məktəbdə yaradılan şəraitlə tanış olmuşdur. Daha sonra dövlət başçısı demişdir: ....Bu il biz misli görünməmiş təbii fəlakətlə üzləşmişdik. Yaxın tarixdə belə bir hadisə olmamışdır. Əlbəttə ki, bu təbii fəlakət bütün imkanlarımızın səfərbər olunmasını tələb edirdi. Mən çox məmnunam ki, bütün qurumlar çox operativ, çox səmərəli işlədilər. İlk növbədə, xilasedicilər böyük peşəkarlıq göstərmiş və insanları vaxtında təhlükəsiz yerlərə köçürmüşlər. O yerlərdə müvəqqəti yaşamaq üçün şərait yaradıldı, ərzaqla təmin olunma, təhsillə bağlı məsələlər həllini tapdı. Hər bir müvəqqəti məskunlaşma yerində tibbi məntəqələr təşkil olundu. Yəni, Azərbaycan dövləti ilk növbədə, insanların təhlükəsizliyini təmin etmək üçün səylərini göstərmişdir və əlbəttə, xilasetmə işləri yüksək səviyyədə aparıldı. Bir dənə də itki, zərərçəkən olmamışdır.
O ki qaldı dağılmış evlərə, uçmuş binalara, Azərbaycan güclü dövlətdir və biz öz gücümüzə arxalanaraq bütün bu təmir-tikinti işlərini apardıq. Bu gün, bir neçə ay keçəndən sonra artıq evlərin böyük əksəriyyətinin tikintisi reallaşıbdır. Üç min beş yüz ev ya uçmuşdur, ya da qəzalı vəziyyətə düşmüşdür. Artıq ölkə üzrə təxminən 1500 ev tikilibdir. Sabirabad rayonunda inşası gözlənilən evlərin 77 faizi artıq tikilibdir. Təkcə evlər deyil, məktəblər, məscidlər, tibb məntəqələri, sosial obyektlər böyük vəsait tələb edən məsələlərdir. Eyni zamanda, biz bunu qısa müddət ərzində etməli idik ki, qış gələnə qədər bütün bu işlərin böyük əksəriyyəti öz həllini tapsın.
Bu gün artıq görülən işlər bir daha onu göstərir ki, Azərbaycan ilk növbədə güclü, böyük maliyyə imkanlarına malik olan dövlətdir. Azərbaycanda sosial siyasət bizim üçün prioritet məna daşıyır...
Məktəbin direktoru Əhəd Şükurov dövlət başçısına görülən işlərə görə rayon sakinlərinin minnətdarlığını çatdıraraq demişdir ki, uzun müddətdir yaddaşımızdan çıxmayacaq bu gün bizim üçün müqəddəsdir. Bizi təbii fəlakət nəticəsində yaranmış ağır vəziyyətdən çıxaran, bizə yeni həyat bəxş edən əziz Prezidentimiz, bu gün görüşümüzə gəlmisiniz. Buna görə biz Sizə dönə-dönə minnətdarıq... Biz Azərbaycan dövlətinin, onun müdrik rəhbərinin insan rifahına böyük qayğısını gördük. Elə buna görə insanlarımızın duaları sizlərlədir, əziz Prezidentimiz.
Prezident İlham Əliyev Saatlı rayonunda yeni evlərin açılışında da iştirak etmişdir. Dövlət başçısı fərdi evlərdə yaradılmış şəraitlə tanış olmuş, qəsəbənin planına və tikintidə istifadə olunmuş materialların nümunələrinə baxmışdır. Məlumat verilmişdir ki, təbii fəlakət nəticəsində ümumilikdə Saatlı rayonu ərazisində 1028 evə, 5479 sakinə ziyan dəymişdi. Dövlət başçısının tapşırığına əsasən, rayonda 269 yeni daş evin tikilməsi qərara alınmışdır. Bunlardan inşası başa çatan 178 ev Yeni Novruzlu kəndində yerləşir.
Prezident İlham Əliyevə bildirilmişdir ki, evlərə dəymiş ziyanla bağlı 916 ailəyə 998 min manat məbləğində kompensasiyanın ödənilməsi də başa çatmaq üzrədir. Qeyd olundu ki, yeni tikilən evlərin 13 min 751 kvadratmetr sahəsi vardır. Bu da həmin evlərə köçürüləcək ailələrin əvvəlki çiy kərpicdən olan mənzillərinin sahəsindən 3 min 400 kvadratmetr çoxdur.
Prezident İlham Əliyev İmişli rayonunun Allahmədətli kəndində yeni evlərin açılışında da iştirak etmişdir. Burada dövlət başçısına məlumat verilmişdir ki, adı çəkilən kənddə 104 ev inşa olunmuşdur. Evlərdə hər bir ailənin normal yaşayışı üçün yaxşı şərait yaradılmışdır. Daşqın nəticəsində İmişlinin Allahmədətli, Telişli və Hacımustafalı kəndlərində yararsız hala düşmüş evlərin sahibləri yeni tikilmiş evlərdə yaşayacaqlar. Fövqəladə Hallar Nazirliyinin xətti ilə yaradılan yeni kənddə 1004 ailə, ümumilikdə 629 nəfər məskunlaşacaqdır. Hər ailəyə 12 sot həyətyanı torpaq sahəsi ayrılmışdır.
Allahmədətli kənd sakini Qələndər Qarayev inşa edilən yeni evlərə görə Prezident İlham Əliyevə sakinlər adından minnətdarlığını bildirmiş, bundan sonra da rayon sakinlərinin ölkənin ümumi inkişafı naminə keçirilən tədbirlərdə yaxından iştirak edəcəklərini vurğulamışdır.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.