Şriftin ölçüsü:
03.11.2010 06:18 | Oxunma sayı: 398
"The Hill" qəzeti: Vaşinqton - Bakı əməkdaşlığının genişləndirilməsi ABŞ-ın milli təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir
Müasir dünyada demokratik dəyərlər daha geniş şəkildə tətbiq edildikcə, qloballaşma öz qəti addımlarını sürətləndirdikcə yeni siyasi və iqtisadi münasibətlər prizması formalaşır. İndi artıq güclü dövlətlərin kiməsə, nəyisə diqtə etməsi və ya nisbətən zəif ölkələrin zorən vassallıq etməsi heç kəs tərəfindən qəbul edilmir. Təbii ki, Ermənistanın öz dövlət müstəqilliyini könüllü olaraq kiminsə ixtiyarına verməsi istisna olmaqla. Burada "könüllü" sözünə ona görə ehtiyac var ki, heç bir xarici ölkə və ya siyasi qüvvə Ermənistanı nəyəsə təhrik etmir. Rəsmi İrəvan öz istəyi ilə ənənəvi vassallığını davam etdirərək müasir beynəlxalq dəyərlər sistemində istisna yaradır.
Yeni əsrin formalaşdırdığı siyasi-diplomatik münasibətlərin ən qətiyyətli və prinsipial subyektlərindən olan Azərbaycan Respublikası həm regionda, həm də bütövlükdə dünyada müstəqil siyasət yeritməyin mükəmməl nümunəsini yaratmışdır. ABŞ və Avropa ekspertləri səmimiyyətlə etiraf edirlər ki, postsovet məkanının beynəlxalq aləmə ən iti sürətlə inteqrasiya edən ölkələrindən biri məhz Azərbaycandır. Bu inteqrasiya beynəlxalq münasibətlərin bütün sahələrində özünü yüksək səviyyədə göstərir. Azərbaycan öz qonşuları ilə və dünyanın istənilən ölkəsi ilə münasibətləri tam olaraq bərabərhüquqlu tərəfdaşlar səviyyəsində qurur. Rəsmi Bakının gündəliyində kiminsə xoşuna gəlmək üçün hansısa addımın atılması və ya öz maraqlarının kiməsə güzəştə gedilməsi məsələsi yoxdur. Bu prinsiplər Amerika Birləşmiş Ştatlarının nüfuzlu mətbuat vasitələrindən olan "The Hill" qəzetində ölkəmiz haqqında verilmiş məqalədə də öz əksini tapır. ABŞ ictimaiyyətinin tanınmış simalarından olan Rob Sobhaninin "Azərbaycan: narahat regionda etibarlı tərəfdaş" adlı məqaləsində Azərbaycanın Amerika Birləşmiş Ştatları üçün nə qədər gərəkli bir ölkə olduğu dilə gətirilir. Müəllif ABŞ - Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsinin Vaşinqton üçün çox böyük önəm kəsb etdiyini yazır və öz arqumentləri ilə bunu sübut edir.
Cənab Sobhani son dörd ayda Birləşmiş Ştatların Prezidentinin, dövlət katibinin və müdafiə nazirinin Azərbaycan Prezidenti İlham Əliyevlə ayrı-ayrılıqda və şəxsən görüşməsinin təsadüfi bir hal olmadığını söyləyir. Hətta, Prezident Barak Obamanın bir müddət əvvəl Nyu-Yorkda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsini adi görüş və ya müzakirə kimi qiymətləndirməyən Sobhani yazır ki, bu, Obamanın İlham Əliyevə minnətdarlıq ifadəsi idi. ABŞ dövlət başçısı Azərbaycan Prezidentinə nə üçün minnətdarlıq edirdi? Sadəcə Azərbaycan Prezidenti beynəlxalq aləmdə gedən ictimai-siyasi prosesləri lazımınca qiymətləndirərək, beynəlxalq münasibətlərin təməl prinsiplərinə uyğun, öz ölkəsinin və xalqının mənafelərinə cavab verən şəkildə siyasət yeritməklə dünya ictimaiyyətinin hörmət və etimadını qazanmışdır. Terrorçuluqdan və separatizmdən böyük əziyyətlər çəkmiş Azərbaycan Respublikasının Prezidenti bu iki bəşəri bəlaya qarşı mübarizə aparan ABŞ-ın bir çox addımlarını dəstəkləyir. Xüsusən, Əfqanıstanda aparılan əməliyyatlar zamanı ABŞ Azərbaycanın hava limanından istifadə etməklə rəsmi Bakının böyük dəstəyini görmüş olur. Sobhaninin fikrincə, cənab Obama həmin dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlıq edib.
Müəllifin fikrincə, Prezident İlham Əliyevin həmin qətiyyəti Azərbaycan dövlətinin yaradıcısı olmuş Heydər Əliyev tərəfindən təməli qoyulan bir ənənə üzərində davam etdiyinə görə səmərəli nəticələr verir: "2001-ci ilin 11 sentyabr hadisələrindən sonra mərhum Prezident Heydər Əliyev ABŞ-a öz ölkəsinin köməyini təklif etmək məqsədiylə Birləşmiş Ştatların səfirinin də iştirak etdiyi iclas keçirmişdi. Bu iclasda Azərbaycan müxtəlif formalarda ABŞ-a öz köməyini təklif etmişdi".
Ancaq Vaşinqtonla Bakının əməkdaşlığını zəruri edən başqa məqamlar da vardır. Rob Sobhani həmin məqamları tərəflərin iqtisadi maraqlarında axtarır: "Xəzər neftinin və qazının istehsalı və dünya bazarlarına nəql edilməsi həm Bakının, həm də Vaşinqtonun ortaq marağıdır. Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Azərbaycan çox vacib rol oynayır. Bundan başqa, Türkiyə vasitəsiylə Avropaya qaz nəql edəcəyi nəzərdə tutulan Nabukko layihəsinin reallaşmasında Azərbaycanın iştirakının vacibliyi burada hökm sürən iqtisadi-siyasi sabitlik, eləcə də, bu ölkənin məsuliyyətli rəhbərliyinin olması ilə bağlıdır". Yəni, ölkə rəhbərliyi məsuliyyətsiz olanda xalq və dövlət erməni xalqının və Ermənistan dövlətinin gününə düşür.
Rob Sobhaninin xüsusi önəm verdiyi növbəti məsələ barədə söz açarkən bu yazının əvvəlində qeyd etdiyimiz bir məntiqi yada salmaq zərurəti yaranır. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi artıq kiminsə öz gücündən və üstünlüyündən istifadə edərək başqa ölkələrə təzyiq göstərməsi yolverilməz hal kimi qəbul edilir. Çox təəssüf ki, bu tezis işğalçı və separatçı ölkələrlə münasibətlərə də şamil edilir. Dolayısı ilə bu tezisdən bəhrələnən Ermənistan güclü dövlətlərin təzyiqindən yaxa qurtarmağa çalışır. Elə cənab Sobhaninin məqaləsində də Azərbaycanın gərəkli ölkə, etibarlı dost, sədaqətli tərəfdaş olduğu dönə-dönə dilə gətirilsə də, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün Ermənistana konkret təzyiqlər göstəriləcəyi barədə çox ehtiyatla danışılır: "Vaşinqton Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün rəsmi Yerevanı danışıqlar masası arxasına gətirməkdə özünün xoş məramından istifadə etməlidir". Azərbaycan əhalisinin fikrincə isə ABŞ və Rusiya işğalçı Ermənistana qarşı münasibətdə xoş məramlardan əvvəl konkret təzyiqlər nümayiş etdirməklə münaqişənin həllini daha da yaxınlaşdıra bilərlər.
Bununla yanaşı cənab Sobhaninin Ermənistan rəhbərliyinə açıq mesajı da məqalədə öz əksini tapır: "Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistanın Türkiyə ilə əlaqələrinin normallaşmasına, beləliklə də daha böyük regional sülhün əldə olunmasına gətirib çıxaracaqdır".
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.