Bakıda "Azərbaycan Respublikasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları sahəsinin inkişafı üzrə Milli Strategiya" və əqli mülkiyyət Dövlət Proqramının layihəsi ilə bağlı "dəyirmi masa" keçirilmişdir

Aprelin 16-da Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA) və Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları sahəsinin inkişafı üzrə Milli Strategiya" və əqli mülkiyyət Dövlət Proqramının layihəsi ilə bağlı "dəyirmi masa" keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan MHA-nın sədri, professor Kamran İmanov bildirmişdir ki, son illər texnikanın, texnologiyaların, iqtisadiyyatın və qlobal cəmiyyətin inkişafı əqli mülkiyyətin beynəlxalq institutu qarşısında bir sıra ciddi çağırışlar irəli sürmüşdür. Bunların ən kəskini və ən nəzərə çarpanı əqli mülkiyyət fenomenidir və ona artan ictimai diqqətdir. Xüsusiyyət və spesifikasına görə bu fenomen uzun illər kölgədə qalaraq, son 20 ildə ictimai marağın və təhlillərin əsas diqqət mərkəzinə çevrilmişdir. Əqli mülkiyyətin dünyadakı dəyişmiş iqliminin idarə olunması hazırda DƏMT-a üzv dövlətlərin diqqət mərkəzindədir. Çünki betona və dəmirə əsaslanan iqtisadiyyatın biliklərə əsaslanan iqtisadiyyata, kreativ iqtisadiyyata çevrilməsində əqli mülkiyyətin rolu inqilabi xarakter daşımışdır. Hazırda əqli mülkiyyət innovasiyalara, yeniliklərə və yaradıcılığa, innovasiyalı və yaradıcılıq məhsul və xidmətlərin geniş yayılmasına əlverişli mühit formalaşdıran əsas vasitədir.
Belə ki, dünyada tədqiqat və inkişaf məqsədlərinə hər il böyük məbləğdə vəsait yönəldilir, dünya miqyasında əqli mülkiyyətə əsaslanan sənayenin (kreativ iqtisadiyyat) həcmi isə 4 trilyon dollara çatmışdır. Planetin ümumi iqtisadiyyatında əqli mülkiyyətə əsaslanan iqtisadiyyatın payı isə 45 faizdən çoxdur. Nəticə etibarilə ən inkişaf etmiş ölkələrdə elmi tutarlı istehsal sahələrinin ümumi daxili məhsuldakı (ÜDM) payı 30-40 faiz arasındadır. Beynəlxalq Əqli Mülkiyyət Alyansının məlumatına görə, yalnız müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan sənayenin (kreativ industriya) inkişaf etmiş ölkələrdə ÜDM-dəki hissəsi 8 faiz təşkil edir. Mikroiqtisadi səviyyədəki dəyişikliklər də diqqəti cəlb edir. Belə ki, aparıcı şirkətlərin əqli mülkiyyətə əsaslanan qeyri-maddi aktivləri 80 faizdən artıqdır. Əgər informasiya texnologiyalarının və elektron ticarətin əqli mülkiyyətə qoşulmasından irəli gələn problemləri də nəzərdən keçirsək, yaranmış mənzərə tamamlanır. Çünki 10 milyard dollara yaxınlaşan elektron bazarın dünya ticarətində payı ildən-ilə artır və bu virtual bazarda hər satılan beş məhsuldan dördü əqli mülkiyyət obyektidir. O da bir həqiqətdir ki, dünyada 1,6 milyard insan internet şəbəkəsinin xidmətlərindən istifadə edir və Yer kürəsi əhalisinin 61 faizi mobil telefon sahibidir.
Kamran İmanov DƏMT-nin üzv dövlətlərdə əqli mülkiyyətin milli strategiyalarının formalaşmasına böyük əhəmiyyət verdiyini və bu istiqamətdə aparılan işləri dəstəklədiyini diqqətə çatdırmışdır. Milli strategiyanın hazırlanması kompleks amillərdən asılı olan sistemli işdir. İlk növbədə, milli maraqlara əsaslanaraq və beynəlxalq təcrübəni nəzərə alaraq Azərbaycanın əqli mülkiyyət proqnoz sistemi qurulmalıdır. Bu proqnoz bir tərəfdən, axtarış proqnoza əsaslanmalıdır, digər tərəfdən isə, normativ (məqsədli) proqnoz istifadə olunmalıdır. Hər iki proqnoz vəhdət təşkil etməlidir.
Sonra MHA-nın sədri Azərbaycanda əqli mülkiyyətin qorunması sahəsində görülən tədbirlərdən danışmışdır. Bildirilmişdir ki, Azərbaycan hökuməti əqli mülkiyyət sahəsini və əqli mülkiyyət hüquqlarının təminatını prioritet sahə kimi qəbul edərək, dünyadakı rəqəmli dəyişiklikləri diqqətlə izləyir və bir sıra kompleks tədbirlər həyata keçirir. Azərbaycan Prezidentinin göstəriş və tapşırıqlarına əsasən MHA-da aparılmış islahatlar nəticəsində qurumun MDB məkanında lider mövqeyi bərpa edilmiş, kadrların peşəkarlığı artırılmış və əqli mülkiyyət dünyasının dəyişmiş iqliminin müasir tələblərə uyğun qaydada idarəçiliyi təşkil edilmişdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanın Əqli Mülkiyyət Proqramının layihəsi Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən hazırlanmışdır. Dövlətimizin başçısının qayğısı və dəstəyi nəticəsində müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları sahəsi prioritet istiqamətlərdən birinə çevrilmiş və hazırda MHA-da islahatlar davam etdirilir. Sevindirici haldır ki, bu gün "Azərbaycan Respublikasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları sahəsinin inkişafının Milli Strategiyası və əqli mülkiyyət Dövlət Proqramı"nın layihəsi ilə DƏMT-nin nümayəndələri də tanış olacaqlar.
Tədbirdə DƏMT-nin və Böyük Britaniyanın əqli mülkiyyət məsələləri üzrə eksperti Ron Marçant və DƏMT Avropa və Asiyanın müəyyən ölkələri üzrə departamentinin böyük hüquq müşaviri Sergey Zotin çıxış etmişlər. DƏMT və MHA arasında səmərəli əməkdaşlıq diqqətə çatdırılmış, əqli mülkiyyətin qorunması sahəsində müvafiq dövlət strukturlarının əlaqəli fəaliyyətinin vacibliyi vurğulanmışdır. Qonaqlar Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsində görüşlər keçirdiklərini bildirmiş, əqli mülkiyyətin qorunması istiqamətində Azərbaycanda həyata keçirilmiş proqramlardan xəbərdar olduqlarını söyləmişlər.
Ron Marçant, həmçinin mövzu ilə bağlı Böyük Britaniya təcrübəsindən danışmışdır.
Sonra MHA-nın sədri Kamran İmanovun "Azərbaycan Respublikasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları sahəsinin inkişafı üzrə Milli Strategiya" və 2010-2013-cü illər üçün nəzərdə tutulmuş əqli mülkiyyət Dövlət Proqramının layihəsi ilə bağlı təqdimatı olmuşdur. Bildirilmişdir ki, Dövlət Proqramının başlıca məqsədi Azərbaycanda əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin etmək üçün əqli mülkiyyət sistemindən istifadə ilə ölkənin tərəqqisinə xidmət etməkdir. Eyni zamanda, əqli mülkiyyət hüquqları sahəsinin Uzunmüddətli İnkişaf Strategiyasının həyata keçirilməsini təmin etməklə, müəyyən edilmiş hədəf, məqsəd və fəaliyyət istiqamətlərinə uyğun layihə və tədbirlər kompleksini planlaşdırmaq və həyata keçirməkdir.
Dövlət proqramı müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə, inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətinin həyata keçirilməsində, xüsusilə əqli mülkiyyət sisteminin qarşıdakı illərdə daha sürətli inkişafı ilə bağlı əsas vəzifələrin və strateji məqsədlərin yerinə yetirilməsində mühüm rol oynayacaqdır.
MHA-nın sədri Kamran İmanov bildirmişdir ki, Dövlət Proqramının həyata keçirilməsi nəticəsində əqli mülkiyyət hüquqları sahəsində hüquqların qorunması, həyata keçirilməsi və müdafiəsinin təminatı inkişaf etmiş ölkələr səviyyəsinə uyğunlaşacaq, Azərbaycan Cənubi Qafqaz regionunda lider mövqeyini daha da möhkəmləndirəcək və regional mərkəzə çevriləcəkdir. Həmçinin ölkənin əqli mülkiyyət hüquqları sahəsində qanunvericilik və normativ hüquqi bazası daha da zənginləşəcək, əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatına aid yeni mexanizmlər yaradılacaq və bunlar hüquqpozmalara qarşı mübarizədə piratçılığın səviyyəsinin azaldılmasına şərait yaradacaqdır.
Tədbirdə iştirak edən Nazirlər Kabineti, Mədəniyyət və Turizm, Ədliyyə, İqtisadi İnkişaf, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Dövlət Gömrük Komitəsi və digər əlaqədar dövlət qurumlarının, eləcə də DƏMT-nin nümayəndələri "Azərbaycan Respublikasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları sahəsinin inkişafı üzrə milli strategiya" və əqli mülkiyyət Dövlət Proqramının layihəsi ilə bağlı fikir və rəylərini bildirmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında