Şriftin ölçüsü:
31.10.2010 00:02 | Oxunma sayı: 671
Bunu parlament seçkilərinə hazırlıq işlərinin yüksək səviyyədə aparılması da təsdiqləyir
Parlament seçkilərinə az vaxt qalıb. Builki seçkilərin də demokratik, şəffaf və ədalətli keçirilməsi üçün ölkəmizdə hər cür şərait yaradılıb. Ötən seçkilərdə olduğu kimi, builki seçkilərdə də şəffaflığın tam təmin olunması üçün barmaqların gözlə görünməyən mürəkkəblə rənglənməsindən, səsvermə kabinələrinə veb kameraların quraşdırılmasından, exit-pollardan istifadə olunacaq.
Seçki demokratiyanın əsas atributlarından biridir. Məhz bu baxımdan ölkəmizdə azad, ədalətli və demokratik seçki keçirilməsi üçün bütün imkanlardan istifadə olunur. Prezident İlham Əliyevin bu istiqamətdə atdığı qətiyyətli addımlar, böyük siyasi iradə nümayiş etdirməsi və seçkilərdə şəffaflığın təmin olunması üçün imzaladığı sərəncamlar beynəlxalq aləmdə yüksək qiymətləndirilmişdir.
Artıq Azərbaycan demokratik və obyektiv seçki keçirməyə qadir olan ölkə kimi tanınır. Bunu beynəlxalq müşahidəçilərin ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərindən sonra verdikləri rəylər də təsdiqləyir. Bir çox məntəqə seçki komissiyalarında səsvermə kabinələrinə veb kameraların quraşdırılması beynəlxalq təşkilatların nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Onların rəylərində bildirilir ki, bu üsuldan istifadə olunması Azərbaycanda azad və şəffaf seçki kesirilməsinin dövlətin diqqət mərkəzində saxlanıldığından xəbər verir.
Artıq bütün seçki məntəqələri seçkilərin keçirilməsinə tam hazırdır. Seçici siyahıları müvafiq yerlərdən asılmış, əhalinin maarifləndirilməsi ilə əlaqədar görülən işlər uğurla başa çatmış, deputatlığa namizədlər üçün bərabər şərait yaradılmışdır. Namizədliyini irəli sürülməsi və qeydiyyata alınması mərhələsi uğurla başa çatmışdır. Seçkilərdə iştirak etmək istəyən siyasi partiyalara, siyasi partiyaların bloklarına, bu istəkdə olan bütün Azərbaycan vətəndaşlarına bərabər şərait yaradılmış, hər hansı qanun pozuntusu qeydə alınmamışdır. Parlament seçkilərində iştirak etmək istəyənlərin müraciətlərinə vaxtında obyektiv şəkildə baxılmışdır. 10 siyasi partiya və 5 siyasi partiyalar blokunun, ümumilikdə 22 siyasi partiyanın üzvlərinin və ayrı-ayrı vətəndaşların namizədliyi irəli sürülmüşdür.
Namizədliyi qeydə alınanların hər biri üçün efirdə və mətbuatda pulsuz təbliğat aparmaq üçün bərabər şərait yaradılmışdır. Deputatlığa namizədlər onlar üçün ayrılmış pulsuz efir vaxtında öz platformalırını elan etmək üçün hər hansı bir maneə ilə qarşılaşmamışlar. Onu da qeyd edək ki, dünyanın əksər ölkələrində deputatlığa namizədlərə pulsuz efir vaxtı ayrılmır. Hər gün İctimai Televiziyada deputatlığa namizədlərə ümumilikdə 2 saat vaxt ayrılması ölkəmizdə demokratik və şəffaf seçki keçirilməsinə əlverişli şərait yaradılması deməkdir. Seçkilərə hazırlıq işlərinin və qeydə alınmış namizədlərin təbliğat kampaniyasının monitorinqini aparan beynəlxalq təşkilatlar hələlik bu sahədə ciddi qanun pozuntuları ilə rastlaşmadıqlarını bildiriblər. Monitorinqin nəticələrində seçki kampaniyasına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığı qeyd olunur.
Hazırda seçki kampaniyasının ən qızğın dövrüdür. Namizədliyi qeydə alınanlara seçicilərlə görüşüb öz platformalarını elan etmək, ümumiyyətlə, təbliğat kampaniyası aparmaq üçün əlverişli şərait yaradılıb. Bu məqsədlə qabaqcadan müəyyənləşdirilmiş qapalı və açıq yerlərdə hər bir namizəd hər hansı bir maneə ilə rastlaşmadan bərabər şəkildə öz təbliğat kampaniyalarını davam etdirir, seçiciləri ilə görüşürlər. Onların təşviqat materiallarının yerləşdirilməsi üçün xüsusi dəmir lövhələr hazırlanaraq əhalinin gur olan yerlərində quraşdırılıb. Onu da qeyd edək ki, builki parlament seçkilərində 734 nəfərin namizədliyi qeydə alınıb. Lakin oğlardan 42-si öz namizədliyini geri götürüb.
Seçkilərdə şəffaılığın təmin olunması üçün müşahidəçilərin iştirakına əlverişli şəraitin yaradılması da diqqətçəkən amillərdən biridir. Ölkə üzrə seçkiləri müşahidə etmək üçün hələlik 1705 nəfər Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Dairələr üzrə isə qeydə alınmış müşahidəçilərin sayı 25 minə yaxınlaşıb. Müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan seçkiləri müşahidə etmək istəyən nümayəndələr üçün də, necə deyərlər, qapılar açıqdır. Bu vaxta qədər 581 beynəlxalq müşahidəçi qeydə alınıb. MSK sədri Məzahir Pənahovun bildirdiyinə görə, parlament seçkilərini 42 ölkənin müşahidəçisi izləyəcək. Yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələri seçkinin gedişini sərbəst izləyə biləcəklər. Məntəqə seçki komissiyalarının hər birində siyasi partiyaların, habelə bitərəflərin nümayəndələri üçün seçkilərin gedişini müşahidə etmək məqsədi ilə xüsusi yerlər ayrılıb.
MSK tərəfindən hazırlanmış yaddaş kitabçaları və digər əyani vəsaitlər həm seçicilərin, həm də seçki komissiyası üzvlərinin qarşılaşdıqları problemlərin, yaranmış anlaşılmazlıqların aradan qaldırılmasında böyük köməklik göstərəcək.
Bir həftə sonra, noyabrın 7-də Milli Məclisə seçkilərin demokratik, obyektiv və şəffaf keçiriləcəyinə heç bir şübhə yoxdur. Bunu yüksək səviyyədə aparılan hazırlıq işləri də təsdiqləyir.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.