Şriftin ölçüsü:
31.10.2010 03:56 | Oxunma sayı: 399
Buxarestdə "Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu" mövzusunda keçirilmiş konfrans Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin və Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
Tədbirdə "Avropanın enerji təhlükəsizliyinin və təchizatının təmin olunması: Çağırışlar, siyasətlər və gələcək öhdəliklər", "Avropa bazarlarına enerji resurslarının daşınmasında əsas iştirakçı və vasitəçilərin rolunun yenidən araşdırılması", "Avropanın enerji təhlükəsizliyinin və təchizatının təmin olunmasında Azərbaycan etimadlı və strateji tərəfdaş kimi", "Qloballaşma dövründə Qara Dəniz və Xəzər Dənizi regionlarında əməkdaşlıq. Milli perspektivlər" mövzularında panellər keçirilib, müzakirələr aparılıb.
Konfransda Rumıniya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, Rumıniya İqtisadiyyat, Ticarət və Biznes Mühiti Nazirliyinin dövlət katibi, Rumıniyanın digər yüksək səviyyəli rəsmiləri, 32 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri və təmsilçiləri, Qara Dəniz-Xəzər Dənizi Əməkdaşlığı və Tərəfdaşlığı üzrə Beynəlxalq Fondun rəhbərliyi, ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin direktor müavini, "Nabukko Beynəlxalq Qaz Boru xətti Konsorsiumu"nun ictimai işlər departamentinin direktoru, Risk, təhlükəsizlik və kommunikasiyanın idarə olunması üzrə Avropa İnstitutunun icraçı direktoru çıxış ediblər.
Tədbirdə həmçinin Azərbaycan Respublikasının Rumıniyadakı səfiri E.Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri S.Hümbətov, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının prezidenti İ.Hacıyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının geostrateji araşdırmalar mərkəzinin direktor müavini E.Nəsirov və mərkəzin tədqiqatçısı A.Əsgərzadə çıxış ediblər. Çıxışlarda Şimal-Cənub, Şərq-Qərb nəqliyyat və enerji dəhlizləri boyunca əsas ticarət marşrutlarının kəsişməsində yerləşən Azərbaycanın geostrateji mövqeyi, ölkənin enerji və infrastruktur şəbəkəsinə çevrilməsi, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu enerji siyasətini, neft strategiyasını bu gün Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirməsi, Azərbaycanda son texnologiyaya əsaslanan müasir infrastrukturun yaradılması, Azərbaycanın təsdiq olunmuş və potensial enerji ehtiyatları barədə ətraflı məlumat verilib.
Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, NABUCCO, İTGİ, AGRİ layihələrinin əhəmiyyəti və onların gerçəkləşdirilməsində Azərbaycanın rolu ətrafında geniş fikir mübadiləsi aparılıb. Rumıniya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Y.Fota Qara dəniz və Xəzər dənizi regionlarının inteqrasiyası üçün böyük potensialın olduğunu, bu potensialın reallaşdırılması üçün birgə maraqlara xidmət edən layihələrin gerçəkləşdirilməsinin zəruriliyini diqqətə çatdırıb.
"Nabukko" beynəlxalq qaz kəməri layihəsi GmBH-nin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri D.Abaciyev deyib ki, Nabukko layihəsi Avropa İttifaqında Cənub dəhlizi boyunca yeganə səmərəli layihə hesab olunmasa da, indiki şəraitdə Avropa İttifaqı üçün ən prioritet layihədir. 2011-ci ildə layihənin gerçəkləşməsi istiqamətində Nabukko ölkələrinin dövlət başçılarının görüşləri keçiriləcək. O əlavə edib ki, Avropa İttifaqı fondlarından layihə üçün 200 milyon avronun ayrılması irəliyə atılmış ilk addımlardan biridir. Macarıstanın Rumıniyadakı səfiri Oskar Lazslo Füzes isə deyib: "Macarıstan Azərbaycanı əlverişli tərəfdaş hesab edir. Bu, Azərbaycanın tutduğu geostrateji mövqeyi və ya zəngin enerji resurslarına malik olması ilə əlaqələndirilməməlidir. Azərbaycan dialoqa və əməkdaşlığa açıq ölkədir, bu isə öz növbəsində Avropa İttifaqının Azərbaycana olan etimadını artırır".
Qeyd edək ki, Rumıniya Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fotanın Azərbaycan təmsilçiləri ilə görüşü olub. Görüşdə iki strateji tərəfdaş ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin hazırkı inkişaf səviyyəsi və perspektivləri barədə fikir mübadiləsi aparılıb, keçirilmiş beynəlxalq konfransın əhəmiyyəti qeyd olunub.
{nl}
Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.