Çin Xalq Respublikası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Oktyabrın 25-29-da Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikasında səfərdə olmuşdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Səfər Əbiyev səfərin ilk günü Çin Xalq Azadlıq Ordusunun baş qərargah rəisi, general-polkovnik Çen Binde ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasındakı hərbi-siyasi münasibətlər, regiondakı vəziyyət müzakirə edilmişdir. Hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi aparılmışdır.
Səfər Əbiyev bildirmişdir ki, Çin Xalq Respublikası Azərbaycana dost ölkədir və Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Səfər Əbiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəblərindən və mövcud durumundan danışmışdır. Azərbaycanın ərazi bütövlüyünü tanıdığına və dəstəyə görə təşəkkürünü bildirən S.Əbiyev Azərbaycanın da Tayvan problemi ilə bağlı Çinə dəstək olduğunu vurğulamışdır.
Çin Azadlıq Ordusunun baş qərargah rəisi Çen Binde qeyd etmişdir ki, Azərbaycan Asiya ilə Avropa arasında körpü rolunu oynayır və onun ölkəsi Azərbaycan dövlətinin və Prezidentinin həyata keçirdiyi islahatları təqdir edir.
Səfərin ikinci günü Azərbaycanın müdafiə naziri Çin Xalq Respublikasının "NORİNCO" və "POLİ" şirkətlərinin rəhbərliyi ilə görüşmüşdür. Nazir S.Əbiyevə şirkətlərin fəaliyyəti, istehsal etdiyi avadanlıq barədə ətraflı məlumat verilmişdir.
Azərbaycanın müdafiə nazirini ölkəsinə dəvət etmiş Çin Xalq Respublikası Dövlət Şurasının üzvü-müdafiə naziri, general-polkovnik Lyan Quanle ilə görüş xüsusilə əhəmiyyətli olmuşdur. Lyan Quanle bildirmişdir ki, bu səfər iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın genişlənməsinə xüsusi töhfələr verəcəkdir.
Nazir Səfər Əbiyev Azərbaycanın Çin Xalq Respublikası ilə geniş hərbi əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir. O demişdir: "Azərbaycan Respublikası terror, separatçı və ekstremist fəaliyyətlərlə hər zaman mübarizə aparır və bu sahədə bütün dövlətlərlə sıx əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdardır". S.Əbiyev bildirmişdir ki, Azərbaycan işğala məruz qalsa da, torpaqlar mütləq azad ediləcəkdir. Sülh danışıqları nəticə verməzsə, Azərbaycan öz ərazi bütövlüyünün bərpa edilməsi üçün bütün imkanlardan, o cümlədən ordunun gücündən istifadə edəcəkdir.
Daha sonra müdafiə naziri Səfər Əbiyev Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin 24-cü diviziyasına baş çəkmiş və ona diviziyanın tarixi, imkanları və strukturu haqqında məlumat verilmişdir.
Səfərin sonuncu günü Azərbaycanın müdafiə naziri Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şürasının sədr müavini, general polkovnik Siyuy Tsayxou ilə görüşmüşdür. Görüşdə Çin ilə Azərbaycanın hərbi sahədə əməkdaşlığının perspektivləri müzakirə edilmişdir.
Nazir Səfər Əbiyev çinli həmkarına hərbi təhsil sahəsində Azərbaycana göstərdikləri dəstəyə görə minnətdarlığını bildirmişdir. Görüşdə Cənubi Qafqazda və Şərqi Asiyada regional təhlükəsizlik məsələləri, ölkələrimiz arasında hərbi və hərbi texniki əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri müzakirə edilmişdir.
Bütün görüşlərdə Çin Xalq Respublikasının rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirmişlər.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında