Prezidentlərin Həştərxan görüşü zamanı qəbul olunmuş humanitar xarakterli birgə bəyanat Dağlıq Qarabağ münaqişəsinin həllinə ümidləri artırır

İlham Əliyev: Rusiya və Azərbaycanın bölgədə sabitləşdirici rolu bundan sonra da regionun bütün ölkələri arasında anlaşmaya kömək edəcəkdir
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin oktyabrın 27-də Həştərxanda baş tutan görüşü bu dövlət başçılarının sayca yeddinci dəfə bir masa ətrafında əyləşməsi idi. Ancaq, ekspertlərin fikrincə, əvvəlki altı görüşün heç biri indiki qədər məhsuldar olmamışdır. Bu isə o deməkdir ki, tərəflər münaqişənin həll edilməsi üçün müəyyən razılaşmanın ərəfəsindədir. Hətta Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev azərbaycanlı və ermənistanlı həmkarları ilə üçtərəfli görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən çox mühüm bir ifadə işlətmişdir: "...ən vacib məsələ odur ki, bu, təkcə danışıqlar deyil, həm də irəliyə doğru atılan addımdır".
Prezident İlham Əliyevin həm Qafqaz bölgəsi üzrə, həm də Xəzəryanı ölkələr baxımından qonşumuz olan Rusiya Federasiyasına növbəti səfəri də təkcə siyasi-iqtisadi baxımdan deyil, həm də mənəvi-humanitar mənada böyük əhəmiyyət kəsb etdi. Belə ki, ötən il Ulyanovsk şəhərinə reallaşdırılan səfər kimi bu səfərdə də dövlətlərarası, xalqlararası və icmalararası münasibətlərə yeni töhfələr, stimul və təkan verildi. Prezidentlərin şəxsi dostluq münasibətləri və hər iki dövlət başçısının öz vəzifə borcundan əlavə bilavasitə mənsub olduğu xalqa xidmət etmək missiyasını yerinə yetirməsi bu tendensiyanı daha da sürətləndirir.
Ulyanovsk şəhərində olduğu kimi, Həştərxanda da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilir, əziz tutulur. Həştərxanda ulu öndərin əzəmətli abidəsinin ucaldılması bunu bir daha sübut etdi. Ancaq, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin abidənin açılışında söylədiyi fikirlər həmin məntiqi daha da əsaslandırırdı: "Təkcə Azərbaycan üçün deyil, bütün keçmiş Sovet İttifaqı, postsovet məkanı və bizim kiçik vilayət üçün də böyük siyasi xadim olan möhtərəm və hörmətli bir insanın abidəsi üçün məhz bu yerin - Həştərxan kimi ağ şəhərin seçilməsi təsadüfi deyildir. Ona görə ki, ölkədə istər o dövrdə, istərsə də postsovet dövründə baş verən ən müsbət proseslər bu insanın adı ilə bağlıdır. Heydər Əliyev islahatlardan sonrakı münasibətlərimizi möhkəmləndirən əsas sima idi... Bu abidə həm rusiyalıların, həm də azərbaycanlıların qardaşlığının, dostluğunun, onların ruhən və qəlbən birliyinin rəmzidir".
Qubernator azərbaycanlıların ümummilli liderinin Həştərxandakı abidəsini xalqlar arasındakı dostluğun və qardaşlığın rəmzi adlandırdı. Azərbaycan Prezidenti İlham Əliyev isə bu qəbildən olan addımların Rusiyada yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan ruslar üçün, eləcə də hər iki ölkənin çoxmillətli əhalisi üçün həqiqi bir örnək olduğunu dilə gətirdi: Bu cür münasibətə, Heydər Əliyevin abidəsi üçün şəhərin mərkəzində belə gözəl yerin ayrılmasına görə bütün Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu park Rusiya ilə Azərbaycan arasında dostluğun və qardaşlığın rəmzinə çevriləcəkdir. Bu park çoxmillətli Rusiyada, çoxmillətli Azərbaycanda yaşayan bütün xalqlar arasında dostluq mərkəzi olacaqdır. Bu gün qubernatorun Həştərxanda yaşayan azərbaycanlılar haqqında dediyi tərifli sözləri eşitmək mənim üçün çox xoş idi. Onlar Rusiyanın layiqli vətəndaşları, Həştərxanın layiqli sakinləridirlər və bizim ikitərəfli münasibətlərin inkişafında mühüm amildirlər".
Prezident İlham Əliyevin Həştərxan şəhərinin hava limanında qarşılanması, ümummilli lider Heydər Əliyevin abidəsinin açılışında iştirakı Həştərxan Kremli və şəhərin görməli yerləri ilə tanış olması və digər tədbirlər hər bir azərbaycanlı üçün maraqlı və diqqətçəkən idi. Ancaq, dövlət başçımızın Həştərxanda Rusiya və Ermənistan prezidentləri ilə görüşü ölkəmizin yeganə ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün atılan mühüm addımlardan biri kimi daha çox arzuedilən idi. Elə Prezident İlham Əliyevin Həştərxanda ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in hazırki sədrinin xüsusi nümayəndəsini qəbul etməsi də həmin mərama xidmət edirdi. Dövlət başçımız ATƏT rəsmiləri ilə görüşdə münaqişənin tezliklə və ədalətli şəkildə həll edilməsi üçün aparılan danışıqların hazırki vəziyyətini müzakirə etmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan və Ermənistan prezidentləri ilə üçtərəfli görüşdən sonra kütləvi informasiya vasitələrinin nümayəndələrinin suallarını cavablandırmışdır. Dmitri Medvedev KİV təmsilçilərinin böyük maraqla qarşıladığı məlumatları dilə gətirdi. Həmin məqamda hər üç ölkəni təmsil edən jurnalistlərin üzündə bu qəbildən olan məlumat üçün böyük ehtiyac olduğunu, fəqət 2010-cu il oktyabrın 27-də həmin ehtiyacın qismən ödənildiyini əks etdirən ifadələr görünürdü: "Bu görüşdə tərəflər humanitar xarakter daşıyan birgə bəyanat razılaşdırıblar. Bu, münaqişənin həllində fikir ayrılıqlarının olduğu bir vaxtda çox mühüm hadisədir. Xüsusi olaraq söhbət əsir hərbçilərin və həlak olanların cəsədlərinin qeyd-şərtsiz qaytarılması üçün etimad tədbirlərinin möhkəmləndirilməsinə yönələn xüsusi bəyannamədən gedir". Tarixən bütün münaqişələrin həllindən əvvəl bu qəbildən olan sənədlərin razılaşdırılması təcrübəsini yada salsaq, onda Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də həlli üçün müvafiq zəmininin yarandığı qənaətinə gələ bilərik. Ekspertlərin fikrincə, Həştərxan Bəyannaməsi Azərbaycan diplomatiyasının son illərdəki ən önəmli uğurlarından biridir.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında