Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın geniş iclası keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında ölkəmizdə sosial-iqtisadi sahələrdə əldə edilən uğurlara toxunmuş, bildirmişdir ki, regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına və digər mühüm sənədlərə əsasən Suraxanı rayonunda da bu ilin 9 ayı ərzində geniş abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
Bülbülə gölünün səviyyəsinin aşağı salınması üçün 4,2 min metr uzunluğunda kanalizasiya şəbəkəsi qurulmuş, "Dədə Qorqud" adlandırılan yeni yaşayış sahəsinin yanında "Hövsan", Yeni Günəşli "V" yaşayış sahəsinin yaxınlığında "Günəşli" su anbarı kompleksinin tikintisi və anbara su xətlərinin çəkilməsi işləri davam etdirilmiş, Hövsan qəsəbəsinin su təchizatı qismən yaxşılaşdırılmışdır. Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsində 850 metr uzunluğunda yeni kanalizasiya xətti çəkilmiş, həmin küçədə yerləşən fekal nasosxana ləğv edilmiş, ətraf ərazidə yerləşən yaşayış evləri və sənaye müəssisələri üçün dayanıqlı kanalizasiya şəbəkəsi yaradılmış, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində 500 metr, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsində 500 metr, Qasım bəy Zakir küçəsində 200 metr, Atamoğlan Rzayev küçəsində isə 80 metr uzunluğunda kanalızasiya xətti çəkilmişdir.
Natiq həmçinin vurğulamışdır ki, Əmircan qəsəbəsi,114 saylı məktəbin həyətində yeni modul tipli istilik qazanxanası tikilmiş, məktəbin daxili istilik sistemi yenidən qurulmuş, Hövsan qəsəbəsi, 126 saylı və Yeni Günəşli "Q" yaşayış sahəsində yerləşən 280 saylı uşaq bağçalarının daxili istilik sistemləri əsaslı təmir olunmuşdur. Heydər Əliyev Fondu tərəfindən Yeni Günəşli "D" yaşayış sahəsində "Oriqami" Uşaq Yaradıcılıq Birliyi üçün əlil uşaqların reabilitasiya mərkəzinin tikintisi başa çatdırılmışdır. Bundan başqa, Heydər Əliyev prospektinin və Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun Suraxanı rayonunun ərazisindən keçən hissələrinin kənarlarının abadlaşdırılması, yolun iki tərəfində dekorativ səsqoruyucu divarlarının tikilməsi, yaşıllıq guşələrinin və parkların salınması işləri davam etdirilmişdir.
Qaraçuxur qəsəbəsində "Vətən şəhidləri unudulmur" xatirə kompleksinin yerləşdiyi və Əmircan qəsəbə nümayəndəliyinin qarşısındakı parklar yenidən qurulmuş, Əmircan qəsəbəsində "Veteranlar guşəsi" tikilmiş, Hövsan qəsəbəsi Hafiz Quliyev küçəsi 23 saylı binanın qarşısında əkiz qardaşlar Samir və Seymur Nuriyevlərin "Şəhid xatirə bulağı" abadlaşdırılmışdır.
Natiq məruzəsində digər tikinti-quruculuq işlərindən də bəhs etmişdir. Göstərmişdir ki, rayon ərazisində 10 məhəllədaxili həyət abadlaşdırılmış, 1 idman meydançası, 1 yeni park salınmışdır. ARDNŞ-in balansında olan, Qaraçuxur qəsəbəsi Mədən küçəsi 16 ünvanda yerləşən binanın dam örtüyü dəyişdirilmiş, fasadı təmir olunaraq rənglənmiş, Yeni Suraxanı qəsəbəsi, Həsənbəy Zərdabi küçəsi 7, Kalinin küçəsi 2, 4, 6, 8, 10, 12 və 14 iyul küçəsi 3, 7, 13 saylı evlərin dam örtüyü, eyvanları, girişləri təmir olunmuşdur. Bu işlər Əmircan, Bülbülə qəsəbələrində də həyata keçirilmişdir.
İlin ötən aylarında "Atəşgah məbədi" tarix-memarlıq qoruğunun yenidənqurulması, Heydər Əliyev prospektini "Atəşgah" məbədi ilə birləşdirən S.Bəhlulzadə küçəsində yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin dam örtüklərinin dəyişdirilməsi, fasadlarının təmir olunaraq rənglənməsi işləri davam etdirilmişdir. Bundan başqa, Zığ qəsəbəsi, "Bahar bağları" yaşayış sahəsində ATS binası tikilmiş, Süd emalı zavodunun inşası isə başa çatmaq üzrədir. Rayonun küçə və yollarında da cari təmir işləri görülmüş, yollara və məhəllədaxili ərazilərə 145 min kvadratmetr asfalt salınmışdır.
Qəsəbələrdə qəza vəziyyətində olan qaz, elektrik və su xətlərinin dəyişdirilməsi və yeni xətlərin çəkilməsi davam etdirilmiş, 165 min metr qaz xətti çəkilmiş, 720 ədəd qaz sayğacı həyətdən kənara çıxarılmış, "Bakıelektrikşəbəkə" ASC-nin investisiya proqramına uyğun 0,4 kilovoltluq şəbəkənin yenidən qurulması işləri davam etdirilmiş, 18 Kompleks Transformator Məntəqəsi quraşdırılmış, 28329 metr elektrik kabeli çəkilmiş, 1528 ədəd SİP elektrik dirəyi basdırılmışdır.
Natiq bildirmişdir ki, rayonun sənaye müəssisələri 2010-cu ilin 9 ayı ərzində 103,3 milyon manatlıq iş yerinə yetirmiş və xidmət göstərmiş, bir işçinin orta aylıq əmək haqqı 402 manata çatmış, müəssisələrdə və firmalarda 852 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur.
Bu dövr ərzində müxtəlif idarə və müəssisələrin iştirakı ilə rayonun bütün qəsəbələrində 31,4 min, "Binə" ticarət mərkəzinin yerində 18 min müxtəlif növ ağac əkilmişdir.
Rayon icra hakimiyyətinin başçısı demişdir ki, rayon Məşğulluq Mərkəzinə ötən dövr ərzində 1082 nəfər müraciət etmiş, onlardan 737 nəfəri işaxtaran kimi qeydiyyata götürülmüş, 231 vətəndaş işlə təmin olunmuş, 37 nəfərə işsizlik müavinəti təyin edilmişdir. Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 9 ay ərzində 352 yeni sosial müavinət və 1124 yeni doğulmuş uşağa birdəfəlik müavinət təyin edilmiş, 2,57 milyon manat məbləğində sosial müavinət ödənilmiş, 3048 aztəminatlı ailəyə 4,24 milyon manat məbləğində sosial yardım ödənilmiş, sosial-məişət xidməti sektorunda 297 nəfər tənha ahıl və əlil vətəndaşlara evlərində sosial-məişət xidməti göstərilmişdir.
Natiq Şura üzvlərinin diqqətinə çatdırmışdır ki, ötən dövr ərzində RİH başçısı tərəfindən 551 nəfər vətəndaş qəbul edilmişdir.RİH-in iş planına əsasən 9 ay ərzində 1485 nəfər sakinin iştirak etdiyi 23 səyyar görüş keçirilmiş, qaldırılan məsələlərin həlli yolları birgə müzakirə edilərək aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Məruzə ətrafında çıxış edənlər bir daha tədbir iştirakçılarının diqqətinə çatdırmışlar ki, Heydər Əliyev siyasi kursunu yeni, müasir dünyanın tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyevin Azərbaycanı tərəqqiyə aparan yolda tapşırıq və tövsiyələri vaxtında və yüksək keyfiyyətlə icra olunacaqdır.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.