Samux sürətli inkişaf yolundadır
Daha beş il gəlib keçdi. İndi növbəti parlament seçkilərinə cəmi bir neçə gün qalır. Təbii ki, keçilən yola hamımız nəzər salırıq. Bu beş ildə qazandıqlarımız nə olub? Nələri həll edə bilməmişik? Azərbaycanın qərb bölgəsində o qədər də böyük olmayan Samux rayonunun timsalında bu sualların cavabını tapmaq çətin deyil. Çünki zərbi-məsəldə deyildiyi kimi: "Görünən dağa nə bələdçi?". Samux hamının gözü qabağında tanınmaz dərəcədə dəyişib, inkişaf edib, müasirləşib, yenilənib.
Yeni müasir binalar, abad yollar, park və xiyabanlar, təzə müəssisələr, digər sosial obyektlər... Budur, Samuxun indiki görkəmi! Rayon mərkəzi şəhər statusu aldıqdan sonra burada o qədər işlər görülüb ki, sadalamaqla qurtaran deyil. Qaz, elektrik enerjisi problemləri həll olunub. Bir neçə gün qabaq rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevlə telefon əlaqəsi saxladıq. Fərəhlə bildirdi ki, rayonun Füzuli kəndinə bu gün qaz veriləcək və beləliklə, Kürün sağ sahilində bir dənə də olsun qazlaşdırılmayan kənd qalmır. Qeyd edək ki, Samuxun kənd və qəsəbələrinin əksəriyyəti Kürün sağ sahilində yerləşir. Sol sahilində cəmi 5-6 kənd qalır ki, onlar da Kürü keçməklə bağlı texniki problem həll edildikdən sonra tezliklə təbii qaz ala biləcəklər.
Samuxda son beş ildə həyata keçirilən işlərin hamısı haqqında hesabat dərc etmək niyyətində deylik. Qəzetimizin səhifələrində vaxtaşırı olaraq bu barədə yazılar vermişik. Rayonun dünəni, bu günü haqqında oxucularda tam təsəvvür yaranıb. Amma 90-cı illərin ortalarına kimi belə olmayıb. Samux necə deyərlər, təlatümlü, çətin günlərini yaşayıb. Elə o illərdə qəzetimizdə dərc olunan "Samux: narahat rayon", "Samux qan çanağıdır" və sair bu kimi yazıların da sərlövhələrindən görünür ki, rayon hansı vəziyyətdə olub.
Samuxda Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərə hazırlığın necə yüksək səviyyədə təşkil olunmasını görmək üçün rayonun seçki məntəqələrinə baş çəkmək, məntəqə seçki komissiyaları üzvləri ilə söhbət etmək, seçicilərin fikirlərini öyrənmək kifayətdir. Rayon seçkilərə tam hazırdır. 102 saylı Samux-Şəmkir seçki dairəsinin sədri Rahil Həsənovun "istənilən seçki məntəqəsinə baş çəkə bilərsiniz" deməsi də onu göstərdi ki, yerlərdə heç bir problem yoxdur.
Şəhərdəki 1 saylı seçki məntəqəsi ilə tanış olduq. Səliqə-sahman, zövqlə tərtib olunmuş əyani vasitələr, komissiya üzvlərinin hazırlıqlı olması ilk andan diqqətimizi cəlb etdi. Məntəqənin sədri Vüsal Məmmədov bildirdi ki, burada 1147 seçici qeydə alınıb. Seçicilərin noyabrın 7-si gününü səbirsizliklə gözləməsini hiss edirik. Çünki elə gün yoxdur ki, 20-30 nəfər seçici məntəqəyə gəlib öz adının seçici siyahısında olub-olmaması ilə maraqlanmasın. Hətta ən yaşlı adamlar belə məntəqəyə gəlir, onları maraqlandıran sualların cavablarını alır, deputatlığa namizədlər haqqında məlumat əldə edirlər. Yeri gəlmişkən qeyd edək ki, Samux rayonu üzrə yaşı 100-dən keçmiş 14 seçici var. Sitarə Avazova, Xeyransa Hüseynova, Leyla Talıbova, Bayram Hüseynov və başqaları indidən bildiriblər ki, səyyar qutulara ehtiyacları yoxdur, özləri gəlib birbaşa seçki məntəqəsində səs verəcəklər.
Lək kəndindəki 22 saylı seçki məntəqəsi də xoş təəssürat yaratdı. Məntəqənin sədri Eynulla Xəlilov söhbət zamanı dedi ki, məntəqənin lazım olan bütün vasitələrlə təmin edilməsi, yüksək səviyyədə təmir olunması və sair işlər rayon icra hakimiyyətinin, mərkəzi seçki komissiyasının, digər strukturların yaxından köməyi nəticəsində həyata keçirilmişdir. Burada 868 nəfər seçici var. Bir nəfər də olsun seçkilərdən kənarda qalan seçici yoxdur. Məntəqə seçki komissiyasının üzvləri əllərindən gələni edirlər ki, seçki günü heç bir nöqsana yol verilməsin.
Şəhərdəki şahmat məktəbində yerləşən 2 saylı, mədəniyyət evindəki 3 saylı və baş çəkdiyimiz digər məntəqələr də yüksək səviyyədə təşkil olunub. Bizə yerlərdə texniki-təşkilati tədbirlərin ən xırdalıqları barədə həvəslə məlumat verirdilər.
Rayon üzrə məntəqələrin sayı 49-dur. Onların 42-si Samuxda, 7-si isə qonşu Şəmkir rayonunda yerləşir. Dairə üzrə seçicilərin sayı 40 min 813 nəfərdir. Onlardan 21 min 86 nəfəri qadın, 19 min 727 nəfəri kişidir. İlk dəfə səs verənlərin sayı isə 752 nəfərdir.
Samuxda deputat mandatı üzrə 5 nəfər mübarizəyə qoşulub. Məlum səbəblərdən onların adlarını çəkmirik. Amma indidən mübarizənin gərgin keçəcəyi hiss olunur. Müxtəlif partiya və blokları təmsil edənlər də, müstəqil şəkildə namizədliyini irəli sürənlər də bü günədək heç bir ciddi nöqsanla qarşılaşmadıqlarını bildirirlər.
...Samuxda seçkilərin ədalətli və şəffaf keçəcəyinə hamı əmindir. Buna həm seçicilər, həm namizədlər, həm də indiyədək qeydiyyatdan keçən 126 yerli müşahidəçi əmindir.{nl}
Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.