Şriftin ölçüsü:
29.10.2010 00:33 | Oxunma sayı: 475
Çoxdanın söhbətidir, biologiya təmayüllü internat məktəbinin direktoru işləyən dostumun yanına getmişdim. Rayonda işlədiyim üçün xeyli vaxt idi görüşmürdük. Söhbətimiz uzun çəkdi. Nahar fasiləsi yaxınlaşlanda dostumu restorana dəvət etdim.
- Nə restoran, nə yeməkxana, Amalya xanım inciyər, - deyə dostum dilləndi, - onun hazırladığı xörəklərin dadı damağında qalacaq. Əslən Şirvan mahalındandır. Oranın da mətbəxi Azərbaycanda ad çıxarıb. Məktəbimizin şagirdləri Amalya xanımın bişirdiyi xörəkləri yeyəndən sonra, necə deyərlər, barmaqlarını yalayırlar.
Dostumun tərifi əbəs deyildi. Həqiqətən də Amalya xanımın hazırladığı toyuq şorbasının, yarpaq dolmasının və dovğanın ləzzəti uzun müddət damağımda qaldı. Bir də ki, Amalya xanımın süfrə mədəniyyəti, səliqə-sahmanı unudulası deyildi. Təəssüf ki, dostum dünyasını tez dəyişdi. Onun yas mərasimindən sonra Amalya xanımla görüşmürdüm. O gün təsadüfən metroda rastlaşdıq. Hal-əhval tutdum. Dedi ki, yenə həmin məktəbdə aşpaz işləyir.
- Əvvəllər internat məktəbinin özünə tabe idik. Bütün təchizat məsələlərini özümüz həll etdiyimizə görə işimiz ağır olurdu, - deyə Amalya xanım dilləndi. - 1992-ci ildən Nərimanov rayonunda yerləşən "Məktəbli və Tələbə - İaşə" trestinin tabeliyinə verilmişik. İşimiz xeyli yüngülləşib. Oradan göndərilən keyfiyyətli ərzaq məhsullarından müxtəlif növ xörək hazırlamağa nə var ki...
Amalya Əhmədovanın sözləri məni "Məktəbli və Tələbə - İaşə" təşkilatının fəaliyyəti ilə daha ətraflı tanış olmağa sövq etdi. Sən demə bu təşkilat keçmiş sovet sistemindən qalan bir qurumdur və burada çalışanların əksəriyyəti köhnə işçilərdir. Elə təşkilatın rəhbəri Hacı İlham Hacıyev də 45 il iaşə sahəsində müxtəlif vəzifələrdə çalışıb. Xalq Təsərrüfatı İnstitutunun ərzaq mallarının əmtəəşünaslığı fakültəsinin məzunu olan İlham müəllim uzun illər ərzində əldə etdiyi zəngin təcrübədən 7 il universitet tələbələrinə dərs deyib. Son vaxtlar səhhətində yaranan problemlər müəllimlik fəaliyyətinə imkan vermir. Buna görə də elmi işi yarımçıq qalıb.
- İaşə xidməti olduqca mürəkkəb sahədir, - deyə İlham Hacıyev məlumat verir, - kənardan baxana bu iş asan gələ bilər. Ancaq bu belə deyil. Azərbaycanın gələcəyi sayılan uşaqlara, yeniyetmələrə xidmət etməyimiz bizim məsuliyyətimizi iki qat artırır. Çünki gənc nəslin sağlam və gümrah böyüməsi keyfiyyətli qidalanmadan çox asılıdır. Buna görə də işçilərimiz istifadə etdikləri ərzaq məhsullarının təzə olmasına ciddi fikir verirlər. İşə belə münasibət xoşa gəlməyən halların yaranamasını azaldır.
İlham Hacıyev deyir ki, 1971-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Ticarət Nazirliyinin tərkibində yaradılan bu təşkilat Bakı şəhərinin məktəblərinə və orta ali təhsil ocaqlarına xidmət göstərdi. Paytaxtın 7 mərkəzi rayonunda yerləşən təhsil müəssisələri o vaxt "Məktəbli və Tələbə - İaşə" adlanan trestin xidmətindən yararlanıblar. 1998-ci ildə trest ləğv olunub, özəl Səhmdar Cəmiyyətə çevrildi. Bundan sonra əhatə dairəmiz daha da genişlənmişdir.
Hazırda 500-ə yaxın işçisi olan Səhmdar Cəmiyyəti Bakı şəhərindəki 11 rayonun ümumtəhsil məktəblərinin, internat liseylərin, 7 kollecin və iki universitetin kollektivlərinə iaşə xidməti göstərir. Hər rayonda cəmiyyətin mətbəx bazası yaradılıb. Burada hazırlanan qənnadı məhsulları hər gün təzə-təzə maşınlar vasitəsilə obyektlərə çatdırılır. İnternatlarda yaşayan şagirdlərə gündə üç dəfə isti yemək də verilir.
Cəmiyyətin maddi-texniki bazası ildən-ilə təzələnir, müasir tələblərə uyğunlaşdırılır. YUNESKO və İSESKO-nun xoş- məramlı səfiri Mehriban xanım Əliyevanın prezidenti olduğu "Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən təhsil müəssisələrində yaradılan hərtərəfli şərait məktəblilərə göstərilən iaşə xidmətinin keyfiyyətinə və səmərəliliyinə müsbət təsir göstərir. Bunu xüsusi vurğulayan İlham müəllim dedi ki, təzə istifadəyə verilən məktəblərdəki avadanlıqların hamısı fond tərəfindən alınıb quraşdırılır. Buna görə də bufet və yeməkxanalarımız getdikcə müasirləşir, zövq oxşayan görkəm alır.
Özəl quruma çevrildikdən sonra səhmdar cəmiyyətin səsi-sorağı xarici ölkələrdən, beynəlxalq təşkilatlardan gəlir. Bu barədə söz açan İlham Hacıyev deyir:
- XXI əsr kollektivimiz üçün uğurla başlayıb. İspaniyanın paytaxtı Madrid şəhərində fəaliyyət göstərən İaşə və Ticarət üzrə Beynəlxalq Liderlər klubu əsrin əvvəlində bizim əməyimizi yüksək qiymətləndirib. Hər il klub turizm, mehmanxana və baqqaliyyə sahələrində çalışanların ümumdünya müsabiqəsini keçirir. 2001-ci ildə azad sahibkarlığı inkişaf etdirməklə, dünya standartları səviyyəsinə yüksəlməyə nail olduğumuz üçün Beynəlxalq Liderlər Klubunun xüsusi mükafatına layiq görüldük. Madridin ecazkar "Melia Kastilya" mehmanxanasında keçirilən təntənəli mərasimə dünyanın 80 ölkəsindən nümayəndə gəlmişdi. Azərbaycandan başqa MDB ölkələrindən Rusiya Federasiyasının və Özbəkistanın nümayəndələri də bu mükafata layiq görüldülər. Həmin ilin yekununda isə Fransanın Paris şəhərində daha bir beynəlxalq müsabiqənin qalibi olduq. Avropada 15-ci dəfə keçirilən mərasimdə "Yeni minilliyin qızıl mükafatı"nı alanda bir daha yəqin etdim ki, nümunəvi, keyfiyyətli xidmət işi heç vaxt nəzərdən qaçmır, layiq olduğu qiymətini alır.
{nl}
Telman ƏLİYEV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.