"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında sadalanan faktlar və statistik rəqəmlər bir daha göstərdi ki, ölkəmiz dinamik inkişaf və tərəqqi yolundadır". Bakı şəhərinin Xətai Rayon İcra Hakimiyyətində bu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun bu sözləri ilə başladı.
Çıxışına davam edən natiq bildirdi ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tərəqqi və inkişaf strategiyası Azərbaycanı qloballaşan dünyada bir çox ölkələr üçün ciddi problemlər yaradan maliyyə-iqtisadi böhrandan uğurla qorumuş və ölkə əhalisinin rifah halının durmadan yaxşılaşmasına əvəzsiz töhfələr vermişdir. Nazirlər Kabinetinin iclasında qeyd olunduğu kimi ötən ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə ümumi daxili məhsulun 4,1 faiz, bir işçiyə hesablanmış orta aylıq əmək haqqının 6,6 faiz, əhalinin adambaşına düşən gəlirlərinin 10 faiz, adambaşına düşən ümumi daxili məhsulun isə 2,8 faiz artması 2010-cu ilin ötən doqquz ayının ölkə iqtisadiyyatının növbəti uğurlu inkişaf mərhələsi hesab olunmalıdır.
Dünyanın üzləşdiyi qlobal maliyyə-iqtisadi böhranın yaratdığı tənəzzül başa çatsa da, onun ağır nəticələrini aradan qaldırmaq üçün bir sıra ölkələr, o cümlədən inkişaf etmiş dövlətlər büdcə xərclərinin, əmək haqqlarının, sosial müavinətlərin və digər ödənişlərin ixtisarını həyata keçirmək məcburiyyəti ilə üzləşir. Hətta kütləvi surətdə iş yerlərinin bağlanıldığı və əhalinin sosial müdafiəsinə ünvanlanmış mühüm layihələrin icrasının dayandırıldığı, pensiya yaşının kəskin surətdə artırılması kimi tədbirlər də müşahidə olunur. Məhz belə bir vaxtda respublikamızda yeni iş yerləri yaradılır, pensiya və müavinətlər, minimum əmək- haqqı artırılır, ölkə əhalisinin rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti əhəmiyyətli addımlar atılır.
Sonra Xətai rayonunun bu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları barədə rayon icra hakimiyyəti başçısının birinci müavini Zaməddin Əkbərovun hesabat məruzəsi dinlənildi. Natiq qeyd etdi ki, hesabat dövründə rayonumuzun da iqtisadi göstəriciləri xeyli yaxşılaşmış, görülən abadlıq və quruculuq işlərinin həcmi genişlənmiş, yeni uğurlu nəticələr əldə olunmuşdur.
Ötən 9 ayda əvvəlki ilin müvafiq dövrü ilə müqayiəsədə fiziki həcm indeksinə əsasən 36,2 faiz çox sənaye məhsulu istehsal edilmiş, istehlakçılara bütün sənaye istehsalının 100,1 faizi qədər sənaye məhsulu göndərilmiş, müəssisələrin anbarlarında 987,0 min manatlıq hazır məhsul qalmış, anbarlarda sənaye müəssisələri tərəfindən alınmış və satış üçün nəzərdə tutulmuş 178,4 min manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
İqtisadiyyatın başqa sahələrində olduğu kimi, istehlak bazarında da müsbət irəliləyişlər olmuş, istehlak bazarı dinamik inkişaf edərək rayon əhalisinə əvvəlki ilin eyni dövründəkindən 4,2 faiz çox geniş çeşidli istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. İlin əvvəlindən pərakəndə əmtəə dövriyyəsi 5,6 faiz, pullu xidmətlərin həcmi isə 6,3 faiz artmışdır.
Müəssisələrə, təşkilatlara və əhaliyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə çox rabitə xidməti göstərilmişdir. Rayonun tikinti kompleksində bütün maliyyə mənbələri hesabına 75 milyon 609 min manatlıq investisiyadan istifadə edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsaslı təmir 2 dəfə, cari təmir 7,5 dəfə, sair işlər isə 1,3 dəfə çox olmuşdur.
Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,3 faiz artaraq 440,6 manat, sənaye müəssisələrində çalışanların orta aylıq əmək haqqı isə 2,2 faiz artaraq 380,7 manat, tikinti kompleksində 481,5 manat olmuşdur.
2003-cü il oktyabrın 1-dən 2010-cu il oktyabrın 1-dək rayonda 18752, o cümlədən 18546 daimi iş yeri açılmışdır. Hesabat dövründə də işsizliyin aradan qaldırılması vəzifələrimizin əsasını təşkil etmişdir. Ötən 9 ayda 2694 yeni iş yeri yaradılmışdır ki, bunun 862-si yeni yaradılmış müəssisələrin hesabınadır.
Rayonumuzun küçə və prospektlərinin, park və meydanlarının yenidən tikilməsi,yeni parkların salınması, əhalinin sosial problemlərinin həlli, onların istirahətinin təşkili məqsədilə 2006-cı ilin IV rübündən başlayaraq rayonumuzda müxtəlif lahiyələr həyata keçirilməkdədir. Bu layihələr çərçivəsində rayonumuzun abadlaşdırılması ilə əlaqədar quruculuq işləri bu ilin üçüncü rübündə də davam etdirilmişdir. Yusif Səfərov küçəsindəki yaşayış binalarının fasadlarının üzlənməsi, eyvanlarına tökmə məhəccərlərin quraşdırılması, bu küçədəki bütün yaşayış binalarının dam örtüyündə yerləşən tüstü borularının üzlənməsi, M.Hadi, Zığ yolu küçələrində və Gəncə prospektində 9 mərtəbəli 12 yaşayış binasının 17 min kvadratmetrə yaxın fasadının əsaslı təmiri layihələri artıq başa çatdırılmış, Xocalı prospektindəki üzlük daşla üzlənən binada işlər yekunlaşmaq üzrədir. Magistral yolların kənarındakı bütün yaşayış və qeyri-yaşayış binalarının fasadlarının işıqlandırılması layihəsini də rayonda uğurla başa çatdırmışıq.
Son 4 ildə tikdiyimiz Xocalı park xiyabanı, Ukrayna dairəsi, Heydər Parkı, Zığ dairəsi yaxınlığındakı park və yaşıl örtüklü guşə, Zığ yolu 37-39 ünvanındakı nümunəvi həyət, Y.Səfərov küçəsindəki park və digər nümunəvi həyətlər rayon əhalisinin böyük razılığına səbəb olmuşdur.
İclasda həmçinin qeyd olundu ki, bu müddətdə dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə rayonda Dəniz yük limanının, Sərhəd Xidməti Akademiyasının, Yəhudi məktəbinin açılış mərasimləri olmuş, Belarus səfirliyinin təməlqoyma mərasimi keçirilmişdir.
Avqust ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zığ yolunda yeni tikilən parka gələrək görülən işlərlə tanış olması rayon sakinlərinin hədsiz sevincinə səbəb olmuşdur. Bizim üçün çox sevindirici haldır ki, cənab Prezident bu parkda olarkən rayonumuzda görülən çoxsaylı abadlıq və quruculuq işlərini yüksək qiymətləndirmişdir.
Natiq məruzəsini bu sözlərlə tamamladı:
- Ölkə rəhbərinin rayonda görülən işlərə verdiyi yüksək qiymət bizi daha məsuliyyətlə işləməyə,rayonun abadlaşdırılması istiqamətində əlavə layihələr həyata keçirməyə sövq edir.
Sonra məruzə ətrafında çıxışlar oldu. Rayon icra hakimiyyətinin bu ilin 9 aylıq fəaliyyəti qənaətbəxş qiymətləndirildi. İclas Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun yekun nitqi ilə başa çatdı. Natiq qeyd etdi ki, 2010-cu ili uğurla başa vurmaq üçün bütün imkanlar var. Sadəcə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, "Hər şey tez həll olunsun, vaxt itirməyək. Xüsusilə, əgər biz bilirik ki, bunu etməliyik." Bu sözlər hər birimizdən ciddi məsuliyyət və operativlik tələb edir.
{nl}
İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.