Zəngilanın işğalından 17 il keçir

Doğma yurda qovuşacağımız gün uzaqda deyil
Zəngilanın Ermənistan tərəfindən işğal olunmasından 17 il keçir. Didərginlik taleyi yaşadığımız bu illər ərzində bir an da olsa, doğma yurda qayıtmaq, geri dönmək ümidi, inamı bizi tərk etməyib... Daim Zəngilanın ağrı-acılarını içimizdə yaşadırıq. Rayonun işğal olunması gözümüz önündən getmir. AXC-Müsavat iqtidarının bacarıqsızlığı Zəngilanın itirilməsilə nəticələndi. Məhz o vaxt hakimiyyət hərisləri strateji yüksəklikləri düşmənə verməsəydilər Zəngilanın igid oğulları torpaqlarını qoruyacaqdı.
Təsəvvür edin ki, yaşlı adamlar da silaha sarılmışdılar. Ancaq şəxsi mənafeyi torpaqdan üstün tutanlar xalqı bu günə saldılar. Bu təxribatların nəticəsində ermənilər 1992-ci ilin dekabrında əsas strateji məntəqələrimizi ələ keçirdilər. Sonra isə Sığırt və Bartaz yüksəkliyini tutmaqla (1993-cü il oktyabrın 25-i və 26-da) Zəngilanın tam mühasirəsini başa çatdırdılar. Müsibətli günlər idi. Ətraf ərazilərimiz işğal olunmuşdu. Çıxış yolu yox idi. Mühasirə halqası isə saatbasaat daralırdı. Erməni hərbi birləşmələri üç istiqamətdən hücuma keçdilər. Birincisi, mühüm strateji yüksəklikləri ələ keçirib, Vejnəli və Ağbənd kəndlərini işğal etdilər. İkincisi, Qafan istiqamətindən hərəkət edən erməni silahlı birləşmələri rayon mərkəzinə gedən yola çıxdılar. Nəhayət, üçüncüsü, Qubadlının və Cəbrayılın işğal edilmiş ərazilərindən irəliləyən düşmən qüvvələri hücuma keçirdilər. Bununla da 35 minə yaxın əhali tam mühasirədə qaldı. Təsvir edilməsi mümkün olmayan müsibətli bir vəziyyət idi. Üç tərəfimiz qanımıza susayan qarı düşmən, qarşıda isə qan-qan deyən Araz.
Xilas olmaq üçün heç bir çıxış yolu yox idisə də, ümid ölməmişdi. Bu şəraitdə qız-gəlinə, uşaqlara ümid verən yaşlılar deyirdilər: "Qorxmayın, Allah kərimdir, Heydər Əliyev heç vaxt xalqını darda qoymaz. Nəsə bir çıxış yolu tapacaq". Doğrudan da, hər şey gözlənilməz oldu, möcüzə baş verdi. Arazın suyu birdən-birə azaldı. İnsanlar İran ərazisinə keçdilər. Məlum oldu ki, ümummilli liderimiz Heydər Əliyev Araz üzərində qurulmuş bənddə suyu bağlatdırıb ki, camaat çayı keçib, xilas olsun. İran İslam Respublikasının rəhbərliyindən isə əhalinin onların ərazisindən keçməsinə icazə alıb.
Mən həmişə demişəm, bu gün də belə bir qəti fikirdəyəm ki, ulu öndərimiz Heydər Əliyev heç olmasa 1992-ci ildə hakimiyyətə qayıtsaydı, bir qarış torpaq da itirməzdik. Çox təəssüf ki, hakimiyyət hərisləri ümummilli liderimizin respublikanın ən ağır günlərində qayıdışını müxtəlif yollarla, iyrənc üsullarla əngəllədilər və dediyim kimi, bu, torpaqlarımızın yağı tapdağı altına düşməsilə nəticələndi...
İndi məni belə bir sual düşündürür: Nəyə görə biz uşaqlıq, gənclik çağlarımızın beşiyi, cənnət məkanı olan Zəngilandan məcburən uzaq düşüb, onun ağrı-niskilini ürəyimizdə daşımalıyıq? Axı ərazisindən 4 çay keçən, şəfalı dağları, meşələri, sərin bulaqları, saf havası, saya-qədərə gəlməyən başqa gözəllikləri və sərvətləri ilə bizi qoynuna alan doğma rayonumuz həyatımızın mənası, bütün arzu və məqsədlərimizin yuvası, dayaq nöqtəsi idi. Bu səbəbdəndir ki, boya-başa çatdığımız həyətlər, gəzdiyimiz bağlar, çəmənlər, bizi məktəblərə, sonra daha böyük məqsədlərə aparan yollar, küçələr nəinki yadımızdan, heç yuxularımızdan da çıxmır. Xüsusən də rayonun işğalı ildönümü günlərində.
Əlbəttə, torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğalı davamlı olaraq uzana bilməz. Bütün ikibaşlı siyasətə, vaxt uzatmalara baxmayaraq, onun da sonu var. Bu məsələnin ədalətli həlli mütləq gerçəkləşəcəkdir. Bunun üçün lazımi təməllər qurulmuş, əməli işlər görülmüş və görülməkdədir. Ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmlənməsi, Milli Ordumuzun qüdrətinin artırılması sahəsində başladığı qətiyyətli tədbirlər və quruculuq işləri bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında daha uğurla davam etdirilir. müstəqil Azərbaycanımız dünya dövlətləri sırasında öz sanbalını durmadan artıraraq ön cərgələrə çıxır.
Bu il oktyabrın 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında möhtərəm dövlət başçımız nəzərdə tutulmuş bütün proqramların uğurla icra edilməsini, ölkəmizin qüdrətinin ildən-ilə artmasını fakt və göstəricilərlə diqqətə çatdırdı. Cənab Prezident bildirdi ki, Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir, iqtisadiyyat müxtəlif yollarla inkişaf edir. Biz iqtisadiyyatımızın şaxələndirilməsinə nail ola bilmişik və qeyri-neft sektorunun inkişafı bunun gözəl göstəricisidir. Eyni zamanda, Azərbaycanda güclü sosial siyasət aparılır. Bu da həmişə olduğu kimi, siyasətimizin əsas istiqamətlərindən biridir. Bu il əhalinin pul gəlirləri 11 faiz artmışdır. Əgər bu rəqəmi inflyasiya ilə müqayisə etsək, görərik ki, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Bu il və xüsusilə keçən rübdə minimum əməkhaqqı və minimum pensiyanın səviyyəsi 75 manatdan 85 manata çatdırılmışdır. Bu meyillər Azərbaycanda keçən illərdə də müşahidə olunurdu, gələcək illərdə də əhalinin pul gəlirlərinin artırılması üçün dövlət tərəfindən bütün addımlar atılacaqdır... Ünvanlı sosial yardım proqramı uğurla icra edilir. Bu proqram təxminən 600 min insanı əhatə edir. 128 min ailə hər ay dövlətdən orta hesabla 108 manat yardım alır. Bu, bir daha onu göstərir ki, Azərbaycanda sosial siyasət, sözün əsl mənasında, prioritet məsələdir.
Möhtərəm dövlət başçımız regionların inkişafına daim diqqət göstərir, tez-tez rayonlara gedir, görülən işlərlə yerindəcə tanış olur, insanların qayğıları, problemləri ilə maraqlanır, çətinliklərin qısa müddətdə aradan qaldırılması üçün tapşırıqlarını, tövsiyələrini verir. Cənab İlham Əliyev bununla bağlı yuxarıda sözügedən iclasda demişdir: Regionlarda gedən işlər bizi qane edir. Mən regionlara tez-tez gedirəm, vəziyyətlə tanış oluram və görürəm ki, həm abadlıq-quruculuq sahəsində, həm də sənayeləşmə, kənd təsərrüfatının, emal sənayesinin inkişafı istiqamətində ildən-ilə çox mühüm addımlar atılır. Təsadüfi deyil ki, bu il də Azərbaycanda yeni iş yerlərinin yaradılması prosesi uğurla davam edibdir. İlin əvvəlindən bəri Azərbaycanda 56 min yeni iş yeri açılmışdır. 2003-cü ildən sonra Azərbaycanda 900 minə yaxın iş yeri açılmışdır. Bu da özlüyündə onu göstərir ki, işsizlik kimi çox çətin və ağır problem Azərbaycanda tədricən öz həllini tapır...
Möhtərəm Prezidentimiz bildirmişdir ki, xalqımızın milli maraqlarını təmin etmək üçün biz bundan sonra da səylərimizi əsirgəməyəcəyik. Şübhəsiz ki, bu maraqların önündə duran Qarabağ məsələsi, düşmən işğalında olan yurd yerlərinin azad edilməsidir.
Zəngilanlılar doğma yurda tezliklə qayıdacaqlarına inanırlar. Bu ümidin, inamın əsasında möhtərəm Prezidentimizin torpaqlarımızın işğalçılardan azad olunmasına yönələn səyi, beynəlxalq səviyyədə apardığı danışıqlar, ölkəmizin hərbi qüdrətinin artırılması istiqamətində həyata keçirdiyi səmərəli tədbirlər dayanır. Bu fikrin təsdiqi kimi diqqəti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında etdiyi nitqdən bir məqama yönəltmək istərdim. Azərbaycan Prezidenti həmin iclasda demişdir: "Bu ilin dövlət büdcəsində hərbi xərclər xüsusi yer tutur. Bu, birinci il deyil ki, Azərbaycanın hərbi xərcləri xərclər arasında birinci yerdədir. Bu, təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq və ordu quruculuğu prosesinin sürətləndirilməsi, gücləndirilməsi üçün Azərbaycan dövləti əlindən gələni edir.
Ermənistandan fərqli olaraq, iqtisadiyyatımızı, ordumuzu Azərbaycan xalqının iradəsi və zəhməti hesabına qururuq. Xalqımızın zəhməti hesabına qazanılmış gəlirlər Azərbaycan üçün ən vacib olan ordu quruculuğu sahəsinə yönəldilir. Biz gələcəkdə də bu işləri davam etdirəcəyik. Torpaqlarımız işğal altındadır. Biz çalışırıq və çalışacağıq ki, tezliklə bu işğala son qoyaq".
Cənab İlham Əliyev dəfələrlə bəyan etdiyi kimi, sözügedən iclasda da bildirmişdir ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və bu məsələ həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Bu prinsipdən kənarda heç bir məsələ həll oluna bilməz. Biz imkan verə bilmərik ki, Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaradılsın. Birinci, erməni dövləti 1918-ci ildə Azərbaycan torpaqlarında - İrəvan xanlığı, Zəngəzur mahalı ərazilərində yaradılmışdır.
İkinci, erməni dövləti Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda yaradıla bilməz. Biz bu prinsipial mövqeyi bütün beynəlxalq təşkilatlarda müdafiə edəcəyik. Biz praktiki işlərimizlə, atılan addımlarla, ölkəmizi gücləndirməklə bu günü yaxınlaşdırırıq ki, torpaqlarımız işğalçılardan azad olunsun.
Ümummilli lider Heydər Əliyev ideyalarına, dövlətçiliyə sadiq olan zəngilanlılar bu gün bütün varlıqları ilə möhtərəm Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı qətiyyətli mübarizəni dəstəkləyir və əmindirlər ki, bu müdrik siyasət nəticəsində tezliklə doğma yurd yerlərinə qayıdacaqlar. Qeyd edim ki, ölkədə həyata keçirilən uğurlu sosial siyasət nəticəsində son illər çadır şəhərcikləri ləğv edilmiş, məcburi köçkünlərimiz üçün 161 və 31 yerlik yeni qəsəbələr tikilmiş, yataqxanalar və köçkünlərimizin məskunlaşdıqları əksər yaşayış sahələri təmir edilmişdir. Köçkünlərin güzəranı nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır. Bununla belə, rayon rəhbərliyi ölkə başçısının tövsiyələrini və iş prinsiplərini əsas götürərək əhalinin qayğılarını daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə Zəngilan Rayon İcra Hakimiyyəti canlı ünsiyyət və məsələlərin operativ həll vasitəsi olan səyyar qəbulların keçirilməsinə önəm verir. Təkcə ötən 9 ayda rayon icra hakimiyyətinin başçısı kimi respublikanın ən müxtəlif regionlarına səfər edərək 37 səyyar qəbul keçirmiş, 1505 nəfər məcburi köçkünü qəbul etmişəm. Bu qəbullar zamanı əhalinin qaldırdığı 102 məsələnin 59,8 faizi müsbət həll edilmişdir. Əhalinin problemlərinin öyrənilməsi nəticəsində 184 ailə ünvanlı sosial yardıma cəlb edilmiş və ehtiyacı olan əhali təbəqəsinə rayon icra hakimiyyətinin Xeyriyyə Fondundan 22 min 150 manat yardım göstərilmişdir.
Rayon icra hakimiyyəti müvafiq idarə-müəssisələr və təşkilatlar vasitəsilə əhaliyə göstərilən xidmətlərin səviyyəsinin durmadan yüksəldilməsinə mümkün olan qayğı və diqqəti göstərir. Müavinət və pensiyalar bir qayda olaraq vaxtlı-vaxtında ödənilir. Yaranan problemlər təxirəsalınmadan aradan qaldırılır.
Məcburi köçkünlük həyatı yaşayan uşaq və yeniyetmələrin təhsilə cəlb edilmələri, qayğılarının həlli də daim gündəmdə olan məsələdir. Təkcə son 6 ildə rayon üzrə 8 məktəb və 15 sinif otağı inşa edilmişdir.
Əlbəttə, əhalimizin güzəranının yaxşılaşdırılması üçün görülmüş və görüləsi nəzərdə tutulan iş və tədbirlərimiz çoxdur. Ancaq bunlar yurd nisgilini ürəkdən çıxarmaq gücündə deyil.
Doğrudan da Zəngilan coğrafi mövqeyinə, torpağına, iqliminə görə füsünkar bir məkandır. Avropada birinci, dünyada ikinci olan Çinar meşəsinə qədəm qoyan geri qayıtmaq istəmirdi. 2270 metr hündürlükdə Şükrətaz dağı, çiyin-çiyinə dayanaraq Əsgülüm, Susənin zirvələrinə qədər uzanıb gedən dağ silsilələri, meşələr, ormanlar qızmar yay günlərində istirahət guşələrimiz idi. Dağ ətəklərinin can dərmanı olan zoğalı, əzgili, qaragiləsi, böyürtkəni, turş narı, alçası, armudu, fındığı, cevizi əvəzsiz sərvətimiz idi.
Doğulub boya-başa çatdığımız rayonda zəngin yeraltı sərvətlər - qızıl, qara mərmər yataqları, təbaşir çöküntüləri, əhəng xammalı və tikinti daşı və s. də var.
Son illər rayonumuzun iqtisadiyyatı xeyli inkişaf etmişdi. Xalqımızın böyük oğlu Heydər Əliyevin səyi ilə "Ağ Oyuq" hidrokompleksinin istifadəyə verilməsi rayonumuzun kənd təsərrüfatına yeni nəfəs gətirmişdi. Bu səbəbdən suvarılan əkin sahələri genişlənmiş, məhsuldarlıq ikiqat-üçqat artmışdı. Yeni təsərrüfat sahəsi olan üzümçülük böyük gəlir verməyə başlamışdı. Arıçılıq, balıqçılıq təsərrüfatı yaradılmışdı. Tütünçülük, heyvandarlıq, taxılçılıq yeni təməllər üzərində intensiv qaydada inkişaf etdirilirdi.
Bütün bunlar istehsal gücü 30 min tona çatan 2 şərab zavodunun, 1 milyon şərti banka istehsal edən konserv zavodunun, sutkalıq 13 ton gücü olan çörək zavodunun inşasına səbəb oldu. Rayonda Sənaye Nazirliyinin 2 toxuculuq kombinatı fəaliyyətə başlamışdı. 1 çınqıl, 1 asfalt zavodu, tikişçilik, mərmər, əhəng sexləri yaradılmışdı.
Əhalinin gün-güzəranı xeyli yaxşılaşmışdı. Xüsusən, sadə zəhmət adamları həyat, məişət şəraitini müasirləşdirir, yeni evlər, mülklər tikirdilər. Zəngilanda xidmət müəssisələrinin sayı artmış və onların siması dəyişmişdi. Rayonun əhalisinə 200 çarpayılıq xəstəxana və şəhər poliklinikası xidmət göstərirdi. Eləcə də iki 50 və iki 25 çarpayılıq kənd xəstəxanaları, 46 feldşer-mama məntəqəsi, 5 kənd ambulatoriyası, 125 çarpayılıq Mincivan dəmiryol xəstəxanası əhalinin xidmətində idi.
Rayonda 6 min şagirdi əhatə edən 66 məktəb, 300 nəfər kontingenti olan texniki peşə məktəbi, eləcə də qiyabi orta məktəb, 19 uşaq bağçası və körpələr evi, 28 ailə uşaq bağçası fəaliyyət göstərirdi.
Geniş mədəniyyət müəssisələri şəbəkəsi var idi: 50 kitabxana, 9 mədəniyyət evi, 39 klub, 7 səyyar avtoklub, 21 kinoqurğu, 3 tarix-diyarşünaslıq muzeyi, 4 musiqi məktəbi və s.
10 min nəfər tamaşaçı tutumuna malik olan Zəngilan şəhər stadionu ilboyu futbol, voleybol və digər idman növləri ilə məşğul olmağa imkan verirdi.
Bu sadaladıqlarım rayonumuzun mövcud özəlliklərinin yalnız müəyyən bir hissəsi idi...
Qarabağ savaşında zəngilanlılar 235 şəhid və itkin vermiş, 127 nəfər sağlamlığını itirərək Qarabağ müharibəsi əlili olmuşdur. Bunlar cismani itkilərdir. Mənəvi itkilər isə bundan az deyil. Yurd itkisinin doğurduğu məhrumiyyətlərdən, göynərtilərdən indiyədək yüzlərlə soydaşımız dünyasını dəyişmişdir. Onların "Barı Zəngilanı görüb öləydim!", - arzuları ürəklərində qalıb...
Zəngilanlılar heç vaxt ümidsiz olmayıblar. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətə güvənərək bu gün özlərini daha inamlı hiss edirlər.
Dövlət başçısı isə həmişə dəyişməz mövqedə olmuş və qətiyyətlə bildirmişdir ki, Azərbaycan öz torpaqlarının bir qarışını belə güzəştə getməyəcək, bütün vasitələrlə ərazi bütövlüyünü təmin edəcəkdir.
Doğma yurda qayıdışın gerçəkləşəcəyinə zəngilanlılar qəlbən inanırlar!

{nl}

Vəli QULİYEV, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında