Doğma Azərbaycanımız, nağıllarda deyildiyi kimi, illə, ayla yox, günlə, saatla dəyişir, gözəlləşir, tanınmaz olur. Demək olar ki, dünyanın bütün dövlətləri qlobal böhranın məngənəsində çapaladığı bir vaxtda ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən müstəqil Azərbaycan Respubilkası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında əsl xarüqələr yaradır. Həm də bu inkişaf, tərəqqi təkcə iqtisadi, sosial sahələrdə deyil, həyatımızın bütün sferalarında özünü büruzə verir.
Lakin bəzən həyatda bu dinamikaya heç cür uyğun gəlməyən qəribəliklərlə rastlaşırsan. Ümumiyyətlə, cəmiyyətimizdə belə bir tendensiya yaranıb: əgər hansısa sahədə bir çatışmazlıq varsa, mütləq əvvəlcə ya tənqid edilməli ya da inzibati metodlar tətbiq olunmalıdır ki, onu aradan qaldırmaq mümkün olsun. Əslində, isə cəmiyyət üçün ümumi olan bir problem qaldırılırsa, onun həllində hamımız maraqlı olmalıyıq.
Bu mənada diqqəti reklamlara və reklam fəaliyyətinə yönəltmək istərdik. Gəlin baxaq, bu gün şəhərimizin küçələrini bəzəyən rəngarəng reklam lövhələri, nümayiş etdirilən çoxsaylı reklam çarxlarının səviyyəsi cəmiyyəti qane edirmi? Bu suala cavab tapmaq üçün elə şəhərimizin mərkəzi küçələrindən keçmək kifayətdir.
Reklam şitlərinin və reklam çarxlarının məzmunu ilə yüngülcə tanışlıq kifayətdir ki, deyəsən: ilk baxışda gözəl tərtibata və müasir dizayna malik olan və yeni informasiya texnologiyalarının köməyi ilə nümayiş etdirilən çoxsaylı reklamların məqsədi, məzmunu və nümayiş forması heç bir tənqidə sığışmır. Bunların çoxunda xaricdə istehsal olunmuş mallar, hətta heç kimə tanış olmayan firma və şirkətlər reklam olunur. Bu reklamlara baxanda adama elə gəlir ki, ümumiyyətlə, bizim reklam olunmalı bir istehsal sahəmiz, keyfiyyəti ilə öyünməli malımız yoxdur.
Biz xarici firma və şirkətlərin və onların istehsal etdikləri malların reklam edilməsinin əleyhinə deyilik. Amma insafla desək, nə qədər yüksək keyfiyyətli mallarımız, istehsal sahələrimiz, təbii nemətlərimiz, ən müasir tələblərə cavab verən istirahət güşələrimiz, kurort yerlərimiz, tarixi abidələrimiz, o cümlədən erməni işğalı altında olan füsunkar gözəlliklərə malik Qarabağ adlı diyarımız var. Bəs bunların reklamı ilə kim məşğul olmalıdır? Milli mətbəximizin, folklorumuzun, musiqi alətlərimizin, ən yüksək texnologiyaların köməyi ilə istehsal edilən dadlı, ləzzətli içkilərimizin, şərablarımızın reklama ehtiyacı yoxdur? Aydındır ki, reklamçılar ilk növbədə öz maliyyə maraqlarını düşünürlər. Lakin Vətənin maraqları hər şeydən üstün tutulmalıdır.
Daha bir ciddi iradımız odur ki, ölkənin səhər və rayonlarının küçələrində yerləşdirilən saysız-hesabsız reklam lövhələrinin xeyli hissəsi xarici dillərdədir.
Digər tərəfdən, bir çox reklamların məzmunu bir yana, onların nümayiş tərzi də etik və estetik baxımdan narazılıq doğurur. Məsələn, elə Bakının mərkəzi küçələrində qoyulmuş reklam şitlərində yarıçılpaq qızın ayaqqabıları, yaxud öpüşməyi reklam etməsi başadüşülən deyil. Övladları ilə həmin yolu keçən valideynlərin hansı hissləri keçirməsini, görəsən reklamçı niyə düşünmür?
Magistral yolların kənarlarında olan bəzi mağazalar da alıcı cəlb etməyin daha orijinal yolunu cansız manekenlərə alt paltarları geyindirmək və üzü küçəyə tərəf diqqəti cəlb edən pəncərələrə yerləşdirməkdə tapıblar. Bəzən həmin manekenlərin (cansız olanda nə olar?) əyninə geyindirməyə paltar da tapmır, lüt-üryan nümayiş etdirirlər. Belə şit reklamların nəyə xidmət etdiyi bizim üçün aydın deyil.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, eyni vəziyyət respublikanın telekanallarında da müşahidə olunur. Burada bildirmək lazımdır ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "İctimai və Humanitar elmlər: Zaman kontekstində baxış" və "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqalələrinin istər elmi ictimaiyyətin, istərsə də radio və televiziyaların fəaliyyət istiqamətlərinin yaxşılaşmasına göstərdiyi təsir hamının yaxşı yadındadır.
Xüsusən, televiziya kanallarında baş alıb gedən bir sıra bayağı şou-proqramların, milli mentalitetimizə yad məzmunlu verilişlərin efirlərdən yığışdırılması, əvəzində milli-mənəvi dəyərlərimizə, vətənpərvərlik duyğularının aşılanmasına, azərbaycançılıq məfkurəsinin möhkəmlənməsinə xidmət edən proqramlara geniş yer verilməsi açıq-aydın müşahidə olunmaqdadır.
Ölkəmiz keçid dövrünü artıq başa vurmuş və yeni tarixi mərhələyə daxil olmuşdur. Bu, bizim hər birimizin üzərinə yeni vəzifələr qoyur və fəaliyyətimizi, dəyərlərə münasibətimizi dəyişdirməyi tələb edir. Bundan hər kəs nəticə çıxarmalıdır.
{nl}
R. AĞABƏYOV, N. İSAYEV
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.