Masallı seçkilərə hazırdır

Noyabrın 7-də ölkəmizdə keçiriləcək növbəti parlament seçkiləri dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Hər yerdə olduğu kimi, Masallı rayonunda da bununla əlaqədar xüsusi fəallıq hiss olunur.
Milli Məclisə növbəti seçkilərdə rayonun seçiciləri 5 dairə seçki komissiyasını əhatə edən 112 seçki məntəqəsində siyasi iradələrini ifadə edəcəklər. Onlar 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 72 saylı Yardımlı-Masallı və 75 saylı Lənkəran-Masallı dairələrinin məntəqələrində yaşayış yeri üzrə səs verəcəklər.
Masallıda aparılan abadlıq-quruculuq işləri, sosial sahənin, kənd təsərrüfatının inkişafı hər bir seçicinin nikbinliyini və ölkəmizin sabahına inamını daha da artırıb.
Seçkilərə hazırlığın vəziyyəti ilə daha yaxından tanış olmaq üçün 70 saylı Masallı şəhər seçki dairəsinə getdik. Bu bina 2007-ci ildə tikilib. Hər cür təminatı var. Dairə seçki komissiyasının sədri Seyfəddin Əliyev rayonda qabiliyyətli, prinsipial bir şəxs kimi tanınır. Bu vəzifədə təzə olsa da, işinin öhdəsindən bacarıqla gəlir. Bunu dairədə və məntəqələrdə yaranmış işgüzar ab-havadan, hər kəsin öz vəzifəsinə son dərəcə böyük məsuliyyətlə yanaşmasından da görmək olardı. Biz dairədə olarkən MSK-dan alınıb gətirilmiş seçki bülletenləri və protokollar daşınırdı.
- Bunları seçkilərə üç gün qalanadək məntəqələrə təhvil verəcəyik,- deyə Seyfəddin Əliyev bildirdi.- Dairəmiz 42 məntəqəni əhatə edir. Artıq bütün məntəqələrdə son seçici siyahıları asılıb. Texniki təşkilatı işlər uğurla başa çatıb, 8 məntəqədə VEB kamera quraşdırılıb. Maksimum sayda səsvermə kabinələri hazırlanıb. Daşınan və daşınmaz qutularla təminat yetərincədir. Yeri gəlmişkən, dairəmizin və məntəqələrimizin maddi-texniki bazası ilbəil genişlənir. Elə bu seçkilər ərəfəsində çoxlu inventar almışıq.
Rayon icra hakimiyyəti tərəfindən məntəqələrin hazırlığının yüksək səviyyədə həyata keçirildiyini xüsusi vurğulamaq istəyirəm. Bundan başqa, RİH başçısı Qəzənfər Ağayevin 11 oktyabr 2010-cu il tarixli sərəncamı ilə namizədlərin açıq və qapalı yerlərdə görüşlərinin keçirilməsi dəqiq müəyyənləşdirilib və artıq təşkil olunmuş görüşlər həmin yerlərdə normal şəraitdə keçir. Bütün namizədlərə təbliğat üçün bərabər şəraitin yaradıldığı da qeyd edilməlidir.
Dairədə deputatlığa 5 namizəd qeydə alınıb. Onlardan 1-i YAP-ı, 1-i AXCP-Müsavat blokunu təmsil edir, qalan 3 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 37157 seçicimiz onlardan ən layiqlisinə səs verəcək.
Seçicilərin 540 nəfəri ilk dəfə səs verəcək vətəndaşlardır. Bu yaxınlarda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Masallıda onlarla görüşlər keçirilib. Hüquq və vəzifələri aydınlaşdırılıb. Maarifləndirmə işi daimi olaraq davam etdirilir.
Dairənin 5 saylı seçki məntəqəsinə də baş çəkdik. Bu məntəqə 1 saylı orta məktəbdə yerləşir. Səliqə-sahmanı ilk baxışdan diqqət çəkir, hər şey yerli-yerindədir. Məntəqənin sədri Mirhəbib Hüseynovun bu sahədə böyük təcrübəsi var, 10 ildir ki, məntəqəyə rəhbərlik edir. O dedi ki, komissiyanın 6 üzvünün hər biri yüksək hazırlıqlıdır. Keçirilən kurs, seminar və treninqlər də səmərəsiz olmayıb. İnanırıq ki, noyabrın 7-də burada seçici fəallığı təmin ediləcək. Bundan ötrü hər cür şərait yaradılıb.
Masallı şəhər 4 saylı orta məktəbdəki 8 saylı seçki məntəqəsində də seçkilərə tam hazırlıq hiss edilir. Biz orada olarkən komissiya üzvlərinin ərazidə bildirişlərin ünvanları üzrə paylanması ilə məşğul olduqlarını öyrəndik. Məntəqə seçki komissiyasının sədri Aqil Əliyev dedi ki, 1256 seçicimiz var. Hazırlığı uğurla başa çatdırırıq. İnam var ki, burada da səsvermə yüksək səviyyədə keçəcək.
Milli Məclisə seçkilərlə əlaqədar vətəndaşların şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi işini yaxşılaşdırmaq üçün Masallı Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsi gərgin iş aparır. Bölmənin rəisi, polis mayoru Rasim Xəlilov dedi ki, 25, 35 və 50 yaşla əlaqədar şəxsiyyət vəsiqələrinin ucqar yaşayış məntəqələrində təzələnməsi məqsədilə səyyar qəbullar təşkil etmişik. Elə bu günlərdə Digah kəndində 600, Qızılavarda 300 sənəd hazırlamışıq. Hər gün rayon üzrə 200-220 vətəndaş vəsiqə alır.
Bəli, Masallıda seçkilərin yüksək səviyyədə keçməsindən ötrü mühüm tədbirlər görülməkdədir.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında