Şriftin ölçüsü:
27.10.2010 06:48 | Oxunma sayı: 470
ABŞ-ın nüfuzlu "The Hill" qəzetinin 25 oktyabr tarixli nömrəsində "Caspian Energy Consulting" şirkətinin prezidenti Rob Sobhaninin "Azərbaycan: narahat regionda etibarlı tərəfdaş" sərlövhəli məqaləsi dərc edilmişdir. AzərTAc həmin məqaləni qısa ixtisarla təqdim edir.
Məqaləni sualla başlayan müəllif yazır ki, niyə Prezident Barak Obama, dövlət katibi Hillari Klinton və müdafiə naziri Robert Qeyts son dörd ay ərzində hər biri ayrı-ayrılıqda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşmüşdür?
R. Sobhani qeyd edir ki, Pakistan hakimiyyətinin Əfqanıstana əsas hərbi təchizat yolunu bağlaması haqqında səsləndirdiyi bəyanat ərazisi Cənubi Karolina ştatı qədər olan bu dünyəvi müsəlman ölkəsinin əhəmiyyətini tam şəkildə üzə çıxarır. Prezident Obamanın bir neçə həftə bundan əvvəl Nyu-Yorkda Prezident İlham Əliyev ilə görüşməsi ABŞ-ın Əfqanıstandakı səylərinə Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlıq ifadəsi idi. ABŞ müdafiə naziri Robert Qeyts bu ilin iyununda Bakıya səfəri zamanı demişdir ki, Azərbaycan Əfqanıstana əsgəri qüvvə göndərməklə yanaşı, özünün quru və hava məkanından ABŞ təyyarələrinin istifadəsinə razılıq verməsi ilə bu ölkədəki əməliyyatlarda mühüm rol oynayır. R. Qeytsin səfərindən az sonra dövlət katibi H. Klinton Bakıya səfər etmiş, Prezident Obamanın Azərbaycan Prezidentinə mesajını bir daha çatdırmışdır: "Azərbaycanın Əfqanıstandakı əməliyyatlara töhfəsi sizin ölkənizin sadiq təhlükəsizlik tərəfdaşı kimi əhəmiyyətini daha da gücləndirmişdir".
Müəllif yazır: "Təsəvvür etmək çətindir ki, 20 il əvvəl Azərbaycan Sovet İttifaqı daxilində çox az tanınan bir kommunist respublikası idi. Doqquz milyon əhalisi olan bu dövlətin keçdiyi yol heyrətamizdir. 20 il əvvəl Sovet qoşunları kommunizmi qorumaq adı altında bu ölkədə yeni yaranmaqda olan azadlıq və istiqlaliyyət hərəkatını boğmaq məqsədilə Bakıya hücum etmişdir. 1990-cı ilin qanlı 20 Yanvarında bu ölkə ilə bağlı ümidlər ölmüş kimi görünürdü. Bu gün Azərbaycan totalitar sovet sisteminin qalıqlarından xilas olaraq Prezident Obamanın dediyi kimi, gənc dövlət demokratiya yolu ilə irəliləyir. Azərbaycan ABŞ üçün strateji əhəmiyyətə malik bir regionda bu ölkənin dostu və güclü müttəfiqidir.
Müəllif qeyd edir ki, 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra mərhum Prezident Heydər Əliyev ABŞ-a öz ölkəsinin köməyini təklif etmək məqsədilə Birləşmiş Ştatların səfirinin də iştirak etdiyi iclas keçirmişdi. Bu iclasda Azərbaycan müxtəlif formalarda ABŞ-a öz köməyini təklif etdi: Amerika təyyarələri üçün uçuş icazəsi, nüvə materiallarının qeyri-qanuni ticarətinin qarşısının alınmasında yardım, ABŞ-ın əməliyyatlar apardığı ərazilərdə Azərbaycan əsgərlərinin dislokasiyası (qeyd edək ki, həmin vaxt Azərbaycan artıq ABŞ-ın sabiq Prezidenti Bill Klintonun xahişi ilə öz əsgərlərini Kosovoya göndərmişdi) və s.
Enerji əməkdaşlığı ilə bağlı R. Sobhani yazır ki, Xəzər neftinin və qazının istehsalı və dünya bazarlarına nəql edilməsi həm Bakının, həm də Vaşinqtonun ortaq marağıdır. Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Azərbaycan çox vacib rol oynayır. Bundan başqa, Türkiyə vasitəsilə Avropaya qaz nəql edəcəyi nəzərdə tutulan Nabukko layihəsinin reallaşmasında Azərbaycanın iştirakının vacibliyi burada hökm sürən iqtisadi-siyasi sabitlik, eləcə də bu ölkənin məsuliyyətli rəhbərliyinin olması ilə bağlıdır. Təkcə enerji resurslarının beynəlxalq bazarlara nəqlində dəhliz olduğuna görə deyil, həm də Avropa ilə Asiyanın kəsişməsində yerləşdiyi üçün malik olduğu strateji mövqeyi Azərbaycanı ABŞ üçün çox vacib tərəfdaşa çevirmişdir. Vaşinqton hazırda koalisiya qüvvələrinin yüklərinin 25 faizinin Əfqanıstana daşınmasında Azərbaycanın Şərq-Qərb dəhlizinə - Böyük İpək Yoluna bel bağlayır.
Müəllif yazır ki, Azərbaycan ilə ABŞ-ı yaxınlaşdıran daha bir amil də dini dözümlülükdür. Azərbaycan özünün müsəlman irsi və dünyəviliyi arasında heç bir ziddiyyət görmür. Mərhum Prezident Heydər Əliyev deyirdi ki, "İslam bizim inancımızdır, küçələrdə və siyasətimizdə deyil, ruhumuzda və əməllərimizdə dərin kök salmışdır". Azərbaycan dünyəviliyə qəti sadiq ölkədir. Vaşinqton Yaxın Şərqin müsəlman ölkələrində din və dövlət quruculuğunun balanslaşdırılması ilə bağlı yollar axtardığı bir vaxtda, Azərbaycanın timsalında islam və dünyəviliyin dinc şəraitdə necə mövcud olması açıq-aydın görünür.
Müəllif vurğulayır ki, ABŞ-ın Azərbaycana dəstək nümayiş etdirməsi üçün bir yol vardır. Belə ki, Vaşinqton Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün rəsmi Yerevanı danışıqlar masası arxasına gətirməkdə özünün xoş məramından istifadə etməlidir. Dağlıq-Qarabağ münaqişəsinin həlli Ermənistanın Türkiyə ilə əlaqələrinin normallaşmasına, beləliklə də daha böyük regional sülhün əldə olunmasına gətirib çıxaracaqdır.
Sonda R. Sobhani qeyd edir ki, ABŞ üzləşdiyi bir çox qlobal çətinliklərin öhdəsindən təkbaşına gələ bilməz. Bu ölkənin Azərbaycan ilə əlaqələri etibarlı dostlar ilə strateji tərəfdaşlıqların necə müsbət geosiyasi nəticələr verə biləcəyinin göstəricisidir. Bu isə ABŞ-ın milli təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.