"Heydər Əliyev və rabitəmizin intibahı"

Ümummilli lider Heydər Əliyevin Azərbaycana tarixi xidmətlərinin daha bir yönünə işıq salan "Heydər Əliyev və rabitəmizin intibahı" kitabı oxuculara təqdim olunmuşdur. Ulu öndərin müstəqil Azərbaycan dövlətini məhv olmaqdan xilas edərək indiki tərəqqi yoluna çıxardığı ilk 5 ildə onun komandasında rabitə naziri olmuş Siruz Abasbəylinin müəllifliyi ilə nəşr olunmuş bu kitabda milli rabitəmizin tarixində ən məsul bir dövr olan modernləşmə, dünya sisteminə qoşulma prosesinin geniş mənzərəsi əksini tapmışdır.
Bu vaxtadək Azərbaycan rabitəsi barədə 2 kitab ərsəyə gətirmiş texnika doktoru, professor Siruz Abasbəyli milli rabitəmizin indiki tərəqqisini təmin etmiş tarixi illərin və günlərin canlı xronikasını dövriyyəyə gətirməklə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb həyata keçirilən strateji tədbirlərin əhatəli salnaməsini yaratmışdır. Milli rabitəmizin fəal, təşəbbüskar qurucusu kimi həmin dövrdə dövlət başçısının rəğbətini qazanmış sabiq nazirin oxuculara təqdim etdiyi materiallar - geniş şərh, tarixi sənəd və faktlar, mətbuat yazıları dövlət müstəqilliyimizin ilk illərində ölkəmizin rabitə siyasətinin geniş mənzərəsini əks etdirir.
Siruz Abasbəyli milli dövlətin müstəqil rabitə sisteminin yaradıldığı həmin tarixi günləri xatırlayaraq yazır: "Dünya miqyasında tanınmış bir siyasətçinin, müdrik dövlət başçısının, xalqın güvəndiyi, inandığı liderin rəhbərliyi altında işləmək həm böyük şərəf, həm də böyük məsuliyyət idi. Biz rabitəçilər ulu öndərimizin böyük qayğısını, dəstəyini daim görür, hiss edirdik. Onun rabitəmizə xüsusi diqqət yetirməsi bizi rabitə tariximizdə yeni səhifələr açmağa, sahənin inkişafı istiqamətində yeniliklər etməyə ruhlandırırdı. Artıq cəmiyyətimiz də bu yeniliklərə alışmışdı. Yeni bir stansiya, yeni bir qurğu istifadəyə veriləndən sonra hamı inanır və gözləyirdi ki, tezliklə daha bir yeni obyekt, yeni ATS, yeni rabitə müəssisəsi işə düşəcək. Belə də olurdu. O dövr yeniliklərlə səciyyələnirdi.
Görünür, bu da taleyin bir qismətiymiş ki, öz müstəqilliyini yenidən bərpa etmiş dövlətimizin, millətimizin tarixində ən önəmli, ən şərəfli bir səhifəsini təşkil edən ötən əsrin 90-cı illərində ümummilli liderimiz, Prezident Heydər Əliyevin rəhbərliyi altında Rabitə Nazirliyinin işini yönəltmək mənə nəsib oldu".
Kitabın "Sabaha ünvanlanmış söz" adlı giriş yazısında nəşrin redaktoru Əfqan Məmmədov isə topluda əksini taman aparıcı tarixi prosesi belə səciyyələndirir: "Bu dönəmin məqsədi, məramı "müstəqil dövlətin rabitə sistemi olmalıdır" - ideyası idi və yeni inkişaf strateqiyasının gerçəkləşdirilməsi ilə şərtləndirdi. Bu strategiyanın müəllifi və baş memarı ulu öndər Heydər Əliyev idi. Həmin dövrdə rabitəmizin inkişaf istiqaməti, görülən işlər kitabda tam aydınlığı ilə, müfəssəl şəkildə oxuculara çatdırılır və bu tarixi mərhələ haqqında zəngin bilgilər verilir".
Əlavə edək ki, kitabın əvvəlində Azərbaycan rabitəsinin tarixinə qısa nəzər salınır. Sonra müəllif ulu öndərin rəhbərliyi ilə həmin illərdə həyata keçirilmiş irimiqyaslı tədbirlərdən söz açır. Mətbuat yazıları və tanınmış rabitəçilərin ürək sözləri sahənin intibah yolu barədə söylənənləri tamamlayır.
Azərbaycanda Atatürk Mərkəzində "Heydər Əliyev və rabitəmizin intibahı" kitabının ölkə ictimaiyyətinin tanınmış nümayəndələrinin, rabitəçi və jurnalistlərin iştirakı ilə oxuculara təqdim olunması mərasimi ümummilli lider Heydər Əliyevin ölməz xatirəsinə dərin ehtiram və əməllərinə sədaqət duyğuları ilə əlamətdar oldu. Tədbirdə ulu öndərin milli rabitəmizin inkişafındakı tarixi xidmətləri qədirbilənliklə xatırlandı, müəllifin bu barədə dəyərli bir nəşr hasilə gətirdiyi vurğulandı.
Professor Qəzənfər Paşayev məclisi giriş sözü ilə açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə milli rabitəmizin qabaqcıl texnologiyalar əsasında beynəlxalq səviyyəyə qaldırılması yolunda möhkəm təməl olmuş ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi zəruri, təxirəsalınmaz işlərin tarixi əhəmiyyətini vurğuladı. O, milli rabitə quruculuğunun baş icraçısı kimi, ulu öndərin müvafiq proqramının həyata keçməsinə uğur qazandırmış sabiq rabitə naziri Siruz Abasbəylinin peşəkarlıq, rəhbər və insani keyfiyyətlərindən də söz açdı.
Akademik Teymur Bünyadov, şair Ramiq Muxtar, aktyor Ramiz Əzizbəyli, professor Fəqan Əliyev, rabitəçilər Qəmbər Bəybalayev, Xankişi Kişiyev, mühəndis Ədalət Əzizov, jurnalist İlqar Musaoğlu və digər natiqlər də "Heydər Əliyev və rabitəmizin intibahı" kitabından rabitə tariximiz barədə samballı nəşr, ulu öndərin quruculuq bioqrafiyasını zənginləşdirən dəyərli mənbə kimi danışdılar.
Sonda müəllif kitab barədə deyilən xoş sözlərə görə təşəkkürünü bildirdi və çıxışını bu sözlərlə tamamladı: "Mən xoşbəxtəm ki, ömrümün ən yetkin çağlarını sevdiyim sahəyə həsr etmişəm, beş ilə qədər Heydər Əliyev cənablarının rəhbərliyi altında respublikamızın rabitə naziri kimi məsul bir vəzifədə çalışmışam. Qlobal işlərin həyata keçirildiyi bu illər mənim üçün böyük bir məktəb oldu. Bu kitabda həmin məktəbin dərslərini vermək istəmişəm".

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında