Şriftin ölçüsü:
26.10.2010 04:38 | Oxunma sayı: 371
Dünya Türk Forumunun hər il keçirilməsi qərara alınmışdır
Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı, Türkiyə Hökumətinin və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə "Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq" mövzusunda İstanbulda keçirilmiş Dünya Türk Forumu başa çatmışdır.
Tədbirdə DİDK-in sədri Nazim İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.
DİDK-in mətbuat xidmətindən bildirmişlər ki, Forumun ikinci günündə "Təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq və türk QHT-lərinin rolu", "Ksenofobiya, sosial ayrımçılıq və türk diasporu", "Türk dünyası mədəniyyəti məkanı: Mədəni fərqlilikdən mədəniyyətlərarası dialoqa", "Sosial-iqtisadi əməkdaşlıq sahəsində mövcud durum, yeni işbirliyi imkanları və təşkilatlanma" və s. mövzularda seminarlar təşkil olunmuşdur.
Müzakirələrdə Azərbaycan alimləri, Milli Məclisin deputatları, QHT nümayəndələri, müxtəlif ölkələrdəki türk diasporunun fəalları, Avropa ölkələri parlamentlərindəki türk əsilli millət vəkilləri və başqaları çıxış etmişlər.
Çıxışlarda Avropa və Amerikada mövcud olan sosial bərabərsizliklə mübarizədə, türk mədəni irsinin təbliğində, sivilizasiyalararası dialoqun təşkilində Azərbaycan və türk diasporunun rolundan geniş bəhs olunmuşdur.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərində qəbul olunmuş qərarların hər bir türkün, müxtəlif ölkələrdəki türk icmalarının üzərinə böyük məsuliyyət qoyduğunu bildirmiş, reallaşdırılması nəzərdə tutulan layihələrdən danışmış, gələn ilin martında BMT-də Novruz bayramının yüksək səviyyədə qeyd olunmasına hazırlıq barədə məlumat vermişdir.
Forumda "Soyqırımı iddiaları: Türk dünyası diasporu və əməkdaşlıq" mövzusu ətrafında da geniş çıxışlar olmuş, Azərbaycan və Anadolu torpaqlarında erməni quldurlarının törətdikləri qətliamlardan, Xocalı soyqırımından, qondarma "erməni soyqırımı" təbliğatına qarşı diaspor təşkilatlarının birgə fəaliyyətindən danışılmışdır. Bildirilmişdir ki, erməni diasporu qondarma "soyqırımı" məsələsində davamlı şəkildə dünya ictimaiyyətini aldatmaqla yanaşı, müxtəlif ölkələrin parlamentlərinin müzakirəsinə çıxarmağa, məsələni beynəlxalq aləmdə yüksək səviyyədə diqqətdə saxlamağa çalışır. Onlar Azərbaycan torpaqlarının 20 faizinin hələ də işğal altında saxlanmasını, ev-eşiyindən didərgin düşmüş 1 milyondan çox insanın problemlərini unutdurmaq, Ermənistan dövlətinin işğalçılıq siyasətindən diqqəti yayındırmaq məqsədilə 95 il əvvələ qayıdaraq qondarma "erməni soyqırımı"nı gündəmdən düşməyə qoymurlar. Bir fikir xüsusi vurğulanmışdır ki, Azərbaycan torpaqları işğaldan azad edilməyincə Qafqazda sülhün bərqərar olması mümkün deyildir.
Qeyd edilmişdir ki, Xocalı soyqırımı haqqında danışarkən "faciə" deyil, məhz "qətliam" ifadəsi işlədilməli və dünyada tanınmalıdır. Bu soyqırımın məhz Ermənistan dövlətinin törətdiyi vurğulanmalıdır.
Bunun üçün isə xarici ölkələrdəki türk xalqlarının diasporlarının əlaqələndirilmiş fəaliyyəti zəruridir.
Forum yekun qətnamənin qəbulu ilə başa çatmışdır.
Qətnamədə Dünya Türk Forumu iştirakçıları arasında səmərəli ünsiyyəti təmin etmək məqsədilə Azərbaycan, türk, ingilis, özbək, qırğız, türkmən dil və ləhcələrində ortaq internet portalı yaradılması nəzərdə tutulmuşdur.
Sənədə əsasən "Ağsaqqallar qrupu" və "Ağ Təmas Qrupu" adlı işçi qrupları yaradılacaqdır. Bu qruplar ildə azı bir dəfə toplanaraq zəruri məsələləri müzakirə edəcək, ildə bir dəfə keçiriləcək Dünya Türk Forumunun əlaqələndirilməsi və gündəliyinin hazırlanması sahəsində qarşıda duran vəzifələri müzakirə edəcəklər.
Dünya Türk Forumunun baş katibliyi İstanbulda yerləşəcəkdir.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.