Seçkidən seçkiyə

Ağcabədi: yeniləşmə və tərəqqi davamlıdır
Builki payız Ağcabədiyə mövsümün təbii qayğıları ilə yanaşı, yaxınlaşan parlament seçkilərinin yaratdığı yüksək siyasi əhval-ruhiyyə də gətirmişdir. Kənd adamları bu günlərdə yetişdirdikləri bol məhsulu itkisiz toplamaq üçün ikiqat səylə çalışırlar. Seçkiyə hazırlıq prosesi də qanunda nəzərdə tutulmuş qaydalarda davam edir. 82 və 83 saylı Dairə seçki komissiyaları, onlara daxil olan 69 seçki məntəqələri seçkinin mühüm mərhələsi olan deputatlığa namizədlərin təşviqat kompaniyasının, onların seçicilərlə görüşlərinin normal şəraitdə keçməsi üçün zəruri tədbirləri vaxtında həyata keçirir.
Ağcabədi rayonundan Milli Məclis üzvlüyünə iddialı olan namizədlər qarşıdakı 5 ildə dairə əhalisinin istək və arzuları, bölgədə həllivacib məsələlərin geniş dairəsi ilə bağlı proqramlarını açıqlayır, müxtəlif vədlər verirlər. Adamlar isə hər şeyə son illərin gerçəkliyi olan ayıq-sayıqlıqla baxır, sözdən çox əmələ, proqramların, çağırışların reallığına diqqət yetirirlər. İstər-istəməz 5 il əvvəlki nitqlər, vədlər yada düşür. Görəsən, o vaxt əhalinin etimadını qazanaraq millət vəkili olmuş şəxslər rayonun inkişafında, problemlərin həllində hansı rol oynayıb, nə işlər görüblər? Ümumiyyətlə, qanunvericilik orqanının təmsilçilərinin yerli icra orqanları ilə əlbir fəaliyyəti son 5 ildə hansı dəyişikliklərə gətirib çıxarıb?
Rayonda əhalinin müxtəlif zümrələri ilə görüşüb söhbətləşdik. Rayon mərkəzində və ətraf yaşayış məntəqələrində həyata keçirilmiş geniş, əsaslı quruculuq işləri ilə tanış olduq. İcra qurumlarının hesabatlarını nəzərdən keçirdik.
Bəri başdan deyək ki, Ağcabədi rayonunun 5 ildəki, xüsusən son 3 ildəki sürətli inkişafının saysız-hesabsız nişanələrinə hər yerdə rast gəldik, heyranlıqla baxdıq. İnsafən deyək ki, əvvəlki dövrlərdə də bölgədə inkişaf-quruculuq işləri gedirdi. Lakin etiraf edək ki, bu tədbirlər Ağcabədi şəhərinin, yaşayış məntəqələrinin, kommunikasiya və iri obyektlərin ümumi mənzərəsində ciddi bir yeniləşmə yarada bilməmişdi. 2007-ci ildən bəri həyata keçirilən sistemli və kompleks tədbirlər isə rayon mərkəzinin, eləcə də kəndlərin simasını tamamilə dəyişmişdir.
Müasir üslübda tikilən binalar, yenidən qurulan, abadlaşdırılan obyektlər, yollar və səkilər, hasarlar, fasadlar və damlar, park və xiyabanlar indi Ağcabədi şəhərinə özgə bir görkəm gətirmişdir. Hazırlanmış xüsusi plan əsasında həyata keçirilən bu tədbirlər bu gün də davam etdirilir. Şəhərin ümumi mənzərəsində yad görünən nə varsa aradan götürülür, tamamlayıcı tikililərlə, tərtibatlarla əvəz olunur. Mərkəzi meydan və Heydər Əliyev prospekti, sanki, zərgər dəqiqliyi ilə yenidən qurulmuş, gözəlləşdirilmişdir. Dekorativ yaşıllıqlar bu mənzərələri daha baxımlı, cazibədar etmişdir.
Rayon mərkəzinin giriş qapıları da zövqlə işlənmiş, ətraf əraziyə uyğunlaşdırılmışdır. Abadlıq, təmizlik, yüksək dizayn yollar boyu uzanaraq yaxınlıqdakı məntəqələrə qovuşur. Əhali, ayrı-ayrı kollektivlər şəhərin yeni simasının yaradılmasında fəal iştirak etmişlər.
Bu irimiqyaslı işlər regional inkişaf proqramının yaratdığı əlverişli imkanlarla yanaşı, həm də daxili imkanların işə salınması, təşəbbüskarlığın və canıyananlığın artması hesabına mümkün olmuşdur. İqtisadi uğurların ildən-ilə çoxalması, sahibkarlığın inkişafı sosial-mədəni sahədə yeniləşməni getdikcə daha çox himayə edir. Xidmət sahələri də sürətlə təzələnir, genişlənir, adamların çağdaş tələbatına uyğunlaşdırılır.
Bütün bunları öz gözlərimizlə gördükdən sonra Ağcabədi Rayon İcra Hakimiyyətində olduq. Ayrı-ayrı sahələr üzrə son 5 ilin başlıca sosial-iqtisadi göstəriciləri, uğurların qaynaqları ilə maraqlandıq. Topladığımız sənədlər, faktlar son 3 ildə rayonda həyata keçirilmiş məqsədyönlü, ardıcıl işlər barədə məlumatımızı artırdı, təsəvvürlərimizi tamamladı. Əvvəlcə builki uğurları nəzərdən keçirdik.
İlin əvvəlindən rayonda aparılan tikinti-abadlıq, quruculuq işləri artan sürətlə davam etdirilmişdir. Yollara asfalt çəkilişi, səki və meydanlara tava daşlar döşənməsi, yolkənarı hasarların, fasadların suvanıb-rənglənməsi, dam örtüklərinin dekorativ təbəqələrlə əvəzlənməsi işləri bir az da sürətlənmişdir. Kommunikasiya xətləri təmir olunur, şəhərin memarlıq görkəminə uyğunlaşdırılır. Yaşıllaşdırma və təmizlik-abadlıq işlərinə də diqqət artırılmışdır.
Rayonun sənaye, emal və xidmət müəssisələrinin istehsal göstəriciləri də bu il xeyli yüksəlmişdir. Bu il rayonun 10 süd emalı sexinə sutkada 10 və 120 ton məhsul buraxan daha 2 müəssisə əlavə olunmuşdur. Kənd təsərrüfatı bitkilərinin və heyvandarlıq məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricilərini üstələməkdədir. Xidmət sahələri ahəngdar işləyir. Əhaliyə fasiləsiz qaz, elektrik enerjisi verilir. Su təminatını yaxşılaşdırmaq üçün tədbirlər davam etdirilir.
İnkişafın əsas göstəricisi olan ümumi məhsul buraxılışı son 5 ildə 2 dəfə artmışdır. Bu müddətdə sənaye məhsulu buraxılışı 8 dəfə, sənayedə özəl bölmənin göstəriciləri 18 dəfə çoxalmışdır. Həmin dövrdə kənd təsərrüfatı istehsalı 1,6 dəfə, tikinti işləri 2,9 dəfə, rabitə xidmətləri 2,4 dəfə yüksəlmişdir. 2005-ci ildə 474 yeni iş yeri yaradılmışdısa, ötən il bu rəqəm 2038 olmuşdur.
Əkin sahələri son 5 ildə 14 min hektar genişlənmişdir. Mal-qaranın baş sayı da artmışdır. İndi rayonda 40 mindən çox iri mal, 323 mindən çox davar saxlanılır.
Təhsil, səhiyyə, mədəniyyət obyektlərində də yeniləşmə tədbirləri ardıcıl həyata keçirilir. Binalar təmir olunur, yeni avadanlıqlar alınır. Təhsil ocaqlarında tədris və tərbiyənin, səhiyyə və mədəniyyət obyektlərində isə göstərilən xidmətlərin səviyyəsini yüksəltmək üçün təsirli tədbirlər görülür. Bu sahələrin uğurlu göstəriciləri də inkişaf və irəliləyişdən xəbər verir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bütün bunlar barədə fərəhlə söz açdı:
- Ağcabədi rayonunun ərazisi 1756 kvadrat kilometrdir. Əhalisi 123,1 min nəfərdir və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 min nəfər və ya 1 faiz artmışdır. 50,6 faiz kişilər, 49,4 faizini isə qadınlar təşkil edir. Rayon əhalisinin 31,8 faizi şəhər yerlərində, 68,2 faizi isə qəsəbə və kənd yerlərində yaşayır. Bununla yanaşı, Ağcabədi rayonunda 15543 nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır.
2010-cu ilin 9 ayında Ağcabədi rayonunda iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 2938,2 min manat və ya 2,9 faiz artaraq 102673 min manat təşkil etmişdir. Məhsul və xidmətlərin 55,5 faizi kənd təsərrüfatının payına düşmüşdür. Həmin dövrdə tikintidə 8210,4 min manatlıq və ya ümumi məhsulun 8 faizi, ticarət və xidmətlər sahəsindən 2666,5 min manatlıq və ya ümumi məhsulun 26 faizi, sənayedə 7468,8 min manatlıq və ya ümumi məhsulun 7,3 faizi, nəqliyyat və rabitədə 3302,1 min manatlıq və ya ümumi məhsulun 3,2 faizi qədər məhsul və xidmətlər istehsal olunmuşdur.
2009-cu ilin müvafiq dövrü ilə müqayisədə tikinti-quraşdırma işlərinin həcmində 1,3 faiz, kənd təsərrüfatında 1,6 faiz, ticarət və xidmətlər sahəsində 4,8 faiz, rabitədə 1,2 faiz, nəqliyyatda isə 1,1 faiz artım müşahidə edilmişdir. 2010-cu iln məhsulu üçün 22270 hektarda buğda, 2574 hektarda arpa, 233 hektarda kartof, 650 hektarda tərəvəz, 604 hektarda bostan, 1122 hektarda şəkər çuğunduru, 27838 hektarda yonca, 363 hektarda günəbaxan əkilmişdir.
2010-cu ilin 9 ayında diri çəkidə 6994 ton ət, (2009-cu ilin müvafiq dövrünə nisbətən 203 ton və ya 2,9 faiz çox), 37581 ton süd (723 ton və ya 1,9 faiz çox), 9362 min ədəd yumurta (264 min ədəd və ya 2,9 faiz çox) istehsal olunmuşdur.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Ağcabədi rayonunda 2010-cu ilin 9 ayında 2017 yeni iş yeri açılmışdır ki, onun 840-ı daimidir. 2010-cu ilin 9 ayında açılmış iş yerlərinin 142-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 698-i fiziki şəxslərdə, 1177-i isə digər tədbirlər üzrə (müxtəlif beynəlxalq və yerli layihələr, abadlıq işləri və s.) olmuşdur. Bu iş yerləri keçən ilin müvafiq dövrünə nisbətən 133 nəfər, o cümlədən daimi iş yerlərinin sayı isə 189 nəfər artmışdır. Əhalinin həyat səviyyəsini səciyyələndirən orta aylıq nominal əmək haqqı 2010-cu ilin 1 oktyabr vəziyyətinə 190,2 manat təşkil etmiş və 2010-cu ilin müvafiq dövrünə nisbətən 11,4 manat və ya 6,3 faiz artmışdır.
Rayonda gedən sosial-iqtisadi inkişafın bariz nümunəsi olaraq son beş ildə 13119 yeni iş yeri açılmışdır ki, bunun 6057-i daimidir. Son 5 ildə bağlanmış nikahların sayı 7307, təbii artım 9721 nəfər, doğulanların sayı 13791 nəfər, ölənlərin sayı 4070 nəfər olmuşdur. İqtisadiyyatın əsas göstəricisi ümumi məhsul buraxılışı 2005-ci ildə 51641,1 manat olduğu halda 5 ildə 7910,2 min manat və ya 2,5 dəfə artmışdır. Əsas kapitala yönəldilən investisiyaların həcmi isə 2005-ci ildə 2724,1 min manat olmuş, 2009-cu ildə isə 22684,8 min manat olmaqla 19960,7 min manat və ya 8,3 dəfə artmışdır.
Bütün bu nailiyyətlər İlham Əliyev tərəfindən verilmiş sosial-iqtisadi sahələr üzrə müvafiq fərman və sərəncamların uğurla icra edilməsinin nəticəsidir. Sosial-iqtisadi sahələr üzrə verilmiş müvafiq fərman və sərəncamlar rayonumuzda da diqqətlə və uğurla icra edilir.
Başçının dediklərinə onu da əlavə edək ki, ağcabədililər son illərdə qazanılmış belə yüksək nailiyyətləri Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi diqqət-qayğı ilə əlaqələndirirlər. Son dövrdə dövlət başçısı Ağcabədidə aparılan genişmiqyaslı quruculuq işlərini də nəzarətdə saxlayır, lazımi köməklik göstərir. Bu günlərdə ölkə rəhbərinin ayrıca sərəncamla yol tikintisinə əlavə vəsait ayırdığı 4 rayonun sırasında Ağcabədinin də adının olması bu diqqət və himayədarlığı bir daha təsdiqlədi. Həmin sərəncamla 14 min əhalinin yaşadığı 5 məntəqəni rayon mərkəzi ilə birləşdirən Ağcabədi - Qaradolaq - Kəbirli yolunun çəkilişinə 1,5 milyon manat vəsait ayrılmışdır.
Ağcabədililər belə yüksək qayğıya ölkəmizdəki sabitlik və tərəqqi xəttinə töhfələrini artırmaqla cavab vermək əzmindədirlər. Respublikamızın iri aqrar bölgələrindən olan Ağcabədi indi Qarabağda həm də mədəniyyət mərkəzlərindən birinə çevrilir. Rayonun belə yüksəlişi, Ağcabədi şəhərinin böyüməsi və gözəlləşməsi adamların quruculuq həvəsini qat-qat artırır. Güzəranın yaxşılaşması isə sabaha bəslənən ümidləri daha da artırır. Ağcabədinin ötən parlament seçkilərindən sonra əldə etdiyi nailiyyətlərin məntiqi yekunu belədir.{nl}

Tahir AYDINOĞLU, Ziyəddin SULTANOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında