2010-cu ilin dövlət büdcəsi bizə imkan verəcək ki, gələn il üçün nəzərdə tutulmuş bütün layihələr icra olunsun

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı uğurla davam edir. Ölkədə gedən dinamik və davamlı inkişaf strategiyası iqtisadiyyatın şaxələndirilməsi, firavan həyatın təminatı üçün geniş imkanlar yaratmışdır. Azərbaycan iqtisadiyyatı üçün uğurlu inkişaf mərhələsi kimi xarakterizə olunan 2010-cu ilin ötən dövrü ərzində görülən işlər, həyata keçirilən investisiya və infrastruktur layihələri, heç şübhəsiz, ölkədə aparılan uğurlu büdcə siyasətinin məntiqi nəticəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında da bu barədə geniş söhbət açılmışdır. Qeyd olunmuşdur ki, cari ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 7 milyard 505 milyon manat yerinə yetirilmişdir ki, bu da 2009-cu ilin eyni dövrü ilə müqayisədə 270 milyon manat və ya 3,7 faiz çoxdur. Bununla yanaşı, hesabat dövründə dövlət büdcəsinin xərcləri 6 milyard 837 milyon manat təşkil edərək ötən ilin müvafiq dövrünün səviyyəsini 380 milyon manat və ya 5,9 faiz üstələmişdir. Onu da deyək ki, ötən doqquz ayda əvvəlki ilin eyni dövrü ilə müqayisədə müdafiə xərclərinə 20 faiz, kənd təsərrüfatı xərclərinə 14,2 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 13,3 faiz, mənzil-kommunal təsərrüfatı xərclərinə 9,4 faiz, mədəniyyət və səhiyyə xərclərinə müvafiq olaraq 8,3 faiz və 5,9 faiz çox vəsait yönəldilmişdir.
Son illər dövlət büdcəsinin hazırlanması zamanı əhalinin rifah halının yaxşılaşdırılması əsas götürülür. Elə 2010-cu ilin dövlət büdcəsindən ötən doqquz ayda sosialyönümlü tədbirlərin - təhsil, səhiyyə, sosial təminat və mədəniyyət sahələrinin maliyyə təminatına 2 milyard 65 milyon manat və ya büdcə xərclərinin 30,2 faizi qədər vəsait yönəldilməsi də bunu təsdiqləyir. Xatırladaq ki, bu, 2009-cu ilin doqquz ayı ilə müqayisədə 124 milyon manat və ya 6,4 faiz çoxdur. Qeyd edilməlidir ki, 2010-cu ildə ölkə əhalisinin rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi üçün dövlət başçısı İlham Əliyev tərəfindən mühüm sənədlər imzalanmış, 1,3 milyon nəfərdən artıq pensiyaçının baza pensiyalarının 13 faizlik artımı həyata keçirilmiş, dövlət büdcəsindən maliyyələşən 800 min nəfərə yaxın təhsil, elm, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, ətraf mühitin müdafiəsi müəssisələrində çalışanların, eləcə də hərbi qulluqçuların və xüsusi rütbəli əməkdaşların, dövlət qulluqçusu olmayan mülki şəxslərin aylıq vəzifə maaşları 10 faiz artırılmışdır. Bundan əlavə, son zamanlar ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün bir sıra zəruri addımlar da həyata keçirilmişdir.
2010-cu ilin yanvar-sentyabr ayları ərzində sosial-mədəni inzibati idarəetmə və məişət təyinatlı obyektlərin tikintisi və yenidən qurulması üzrə əsas investisiya layihələrinin və proqramların həyata keçirilməsinə 2 milyard 329 milyon manat vəsait yönəldilmişdir. Hesabat dövründə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 300,2 milyon manat sərf edilmiş, əsas kommunal və nəqliyyat infrastrukturunun tikintisi və yenidən qurulmasına 1 milyard 212 milyon manat vəsait xərclənmişdir. İlin sonunadək isə həyata keçirilməkdə olan layihələrin vaxtında və keyfiyyətlə tamamlanması istiqamətində lazımi işlər görülür.
Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev cari ilin doqquz ayı ərzində ölkədə həyata keçirilən işləri, əldə olunmuş uğurları yüksək qiymətləndirərək demişdir: "2010-cu ildə müsbət nəticələr göz qabağındadır. Bunun əlaməti gələn ilin dövlət büdcəsidir. Gələn ilin dövlət büdcəsi bu il və əvvəlki illərdə əldə edilmiş, qazanılmış uğurlar əsasında formalaşıb. Gələn il Azərbaycanda dövlət xərcləri 12 milyard 700 milyon manat təşkil edəcəkdir. Bu, 15 milyard dollar deməkdir. Bu, çox böyük rəqəmdir. Əgər biz bu büdcəni adambaşına hesablasaq görərik ki, Azərbaycan bu sahədə qabaqcıl ölkələrin sırasındadır. Büdcə kəsiri də lazımi səviyyədədir. Yəni, vaxtilə Avropa İttifaqı tərəfindən qəbul edilmiş meyarların altındadır. Bu da çox gözəl göstəricidir. Yəni, Azərbaycanda bu işlər Avropa standartlarına tam uyğun şəkildə aparılır. Büdcəmiz həm investisiya yönümlüdür, həm də sosial məsələlər orada həll olunacaqdır".
Məlum olduğu kimi, "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisdə uzun müzakirələrdən sonra oktyabrın 22-də səsə qoyularaq təsdiq edilmişdir. Xatırladaq ki, bir müddət hökumətin ölkə parlamentinə təqdim etdiyi büdcə layihəsinin müzakirəsi zamanı bir çox deputatlar tərəfindən əhalinin maddi rifah halının yaxşılaşdırılması, ölkənin müdafiə potensialının gücləndirilməsi, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, sənaye və aqrar sektorda dövlət dəstəyinin artırılması, qeyri-neft sektorunun və regionların inkişafı, eləcə də, qanunvericilik bazasının təkmilləşdirilməsi, vəsaitlərin istifadəsində dövlət və ictimai nəzarətin daha da artırılması kimi mühüm məsələlərə dair təklif və tövsiyələr irəli sürülmüşdür. Cümə günü Milli Məclisin növbəti plenar iclasında "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinə edilmiş dəyişikliklərlə bağlı məlumat verən maliyyə naziri Samir Şərifov bildirmişdir ki, müzakirələr zamanı deputatların irəli sürdüyü təklif və tövsiyələr təhlil edildikdən sonra onların həlli yolları, tətbiqi mexanizmi, maliyyə tutumu kimi məsələlər ilkin olaraq qiymətləndirilmiş, büdcə xərclərinin artırılması ilə bağlı səsləndirilən təkliflər nəzərdən keçirilmişdir.
Məlumat üçün bildiririk ki, oktyabr ayının 22-də təsdiq olunmuş 2011-ci ilin dövlət büdcəsi tərtib olunarkən dünya maliyyə bazarlarında vəziyyətin və neftin qiymətinin mütəmadi dəyişməsi nəzərə alınmış, gəlir və xərcləri növbəti üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası ilə uzlaşdırılmışdır. Gələn ilin dövlət büdcəsinin gəlirləri 12,1 milyard manat nəzərdə tutulmuşdur ki, bu da 2010-cu ilin ali dövlət maliyyə sənədindən 5 faiz yüksəkdir. Bundan əlavə, qeyri-neft sektoru üzrə gəlirlər cari ilin proqnozu ilə müqayisədə 8 faiz çox planlaşdırılmışdır. Büdcə gəlirlərinin formalaşdırılmasında xüsusi çəkiyə malik olan "qara qızıl"ın bir barrelinin qiyməti 80 ABŞ dolları məbləğində götürülmüşdür. Eyni zamanda, ölkənin neft gəlirlərinin artmasının pul tədavülünə və inflyasiya proseslərinə təzyiqləri nəzərə alınmış, monetar və fiskal siyasətlər əlaqələndirilmiş, büdcə xərclərindən istifadə zamanı şəffaflığın artırılması üzrə tədbirlər müəyyənləşdirilmişdir.
2011-ci ilin dövlət büdcəsinin xərcləri kəsirin maliyyələşmə mənbələri də nəzərə alınmaqla 12 milyard 748 milyon manat təşkil edir ki, bu da 2010-cu ilə nisbətən 473 milyon manat və ya 3,9 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin 55,3 faizi və ya 7 milyard 43 milyon manatı cari xərclərə, 43 faizi və ya 5 milyard 358 milyon manatı əsaslı xərclərə, 2,7 faizi və ya 347 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir. 2011-ci ilin dövlət büdcəsindən məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün xərclərin 42,3 faizi həcmində və yaxud 5 milyard 390 milyon manat vəsait nəzərdə tutulmuşdur. Sosial yönümlü xərclərin büdcədəki xüsusi çəkisi isə 33,3 faiz və yaxud 4 milyard 234 milyon manat təşkil edəcəkdir.
2011-ci ilin dövlət büdcəsində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə də xüsusi diqqət yetirilmişdir. Xatırladaq ki, gələn il ölkəmizin bütün hərbi xərcləri 2 milyard 500 milyon manat səviyyəsində olacaq ki, bu da işğalçı Ermənistanın bütöv dövlət büdcəsindən təqribən 20 faiz çoxdur.
Göründüyü kimi, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, ölkənin valyuta ehtiyatlarının getdikcə artması büdcə imkanlarının da ilbəil genişlənməsinə səbəb olur. Bu büdcənin artması isə öz növbəsində istənilən məsələni həll etməyə, nəzərdə tutulmuş investisiya və infrastruktur layihələrini vaxtında və keyfiyyətlə reallaşdırmağa, ən başlıcası əhalinin həyat səviyyəsini və maddi rifah halını yaxşılaşdırmağa imkan yaradır. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında qeyd etdiyi kimi, növbəti ilin dövlət büdcəsi bizə imkan verəcək ki, gələn il üçün nəzərdə tutduğumuz bütün layihələr icra olunsun. Bu layihələr isə çoxdur, həm tikinti sahəsində, həm də sosial məsələlərin həllində.{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında