Lerikdə seçkilərə ciddi hazırlıq gedir

Ölkəmizin hər yerində olduğu kimi, Lerik rayonunda da növbəti parlament seçkiləri ilə əlaqədar ictimai-siyasi fəallıq xeyli yüksəlmişdir. Əhali arasında bu seçkilərin ədalətli, demokratik və şəffaf keçəcəyi ilə bağlı inam güclüdür. Rayonda aparılan geniş abadlıq-quruculuq işləri, adamların güzəranının yüksəlməsi, sosial sahənin, kənd təsərrüfatının inkişafı hər bir seçicidə nikbinlik yaratmış, ölkəmizin daha işıqlı sabahına inamını artırmışdır.
Seçkilərə hazırlığın vəziyyəti ilə daha yaxından tanış olmaqdan ötrü 78 saylı Lerik seçki dairəsinə getdik. Dairə seçki komissiyasının sədri İdris Şıxəliyevlə tanış olduq. İdris müəllimin bu sahədə böyük təcrübəsi var. Artıq on ilə yaxındır ki, dairə seçki komissiyasına başçılıq edir. Rayonda prinsipial bir adam kimi nüfuz qazanıb. İşində məsuliyyətli və son dərəcə qanunpərəstdir. Təbii ki, bu arada o, çox məşğul və qayğılı görünür. Tez-tez Mərkəzi Seçki Komissiyası ilə telefon və internet əlaqəsi saxlayır, ya da gah bu, gah da digər seçki məntəqəsinə baş çəkir. Sədr bütün təşkilati-texniki işləri nəzarətdə saxlayır. Tədbirlərin qanuna tam uyğun şəkildə təşkilindən, ən xırda narazılığın belə olmamasından ötrü əlindən gələni edir. Söhbət zamanı o bildirdi ki, komissiya öz işini Azərbaycan Respublikasının Seçki Məcəlləsi və MSK-nın müvafiq qərarı əsasında qurur. Burada komissiyanın iclasları bir qayda olaraq konkret və işgüzar şəraitdə keçir, müzakirə olunan məsələlər barəsində müvafiq qərarlar qəbul edilir.
Dairə seçki komissiyasında və məntəqələrdə namizədlər haqqında hər cür məlumat almaq mümkündür. Onlar dörd nəfərdir. Biri Yeni Azərbaycan Partiyasını təmsil edir. Qalan üç namizəd fərdi qaydada seçkilərə qatılmışdır. Onlardan biri Sosial Rifah Partiyasının üzvü, ikisi isə bitərəfdir.
Dairənin əhatə etdiyi 108 məntəqədə 29 min 744 nəfər seçici var. Seçki siyahılarının dəqiqləşdirilməsi gündəlik davam etdirilir. Parlament seçkilərində ilk dəfə səs verəcək və 18 yaşına çatmış vətəndaşların sayı Lerikdə 537 nəfərdir. Komissiya üzvləri onlarla da məqsədyönlü iş aparır, hüquq və vəzifələrini izah edirlər.
Dairə seçki komissiyası Lerik şəhərinin mərkəzində, ikimərtəbəli yaraşıqlı binada yerləşir. İstər dairə, istərsə də məntəqələrin hamısı texniki və təşkilati cəhətdən seçkilərə tam hazırdır. Bütün məntəqələr zəruri ədəbiyyatla, dövri mətbu nəşrlərlə təmin edilir. Seçki komissiyalarının üzvləri üçün kuslar, seminarlar, treninqlər təşkil olunub. Namizədlərin seçicilərlə görüşlərinin keçirilməsi üçün qapalı və açıq yerlər ayrılıb və lazımi səviyyədə istifadə edilir. Görüş təşkilatçılarının yaradılan şəraitdən heç bir narazılığı olmamışdır. Şəxsiyyət vəsiqələrinin dəyişdirilməsindən ötrü ucqar kəndlərin əksəriyyətində səyyar qəbullar təşkil olunmuşdur. Məntəqələrin həm zahiri görünüşü, həm də daxildə lazımi işlərin görülməsi, seçicilərin bu vacib kampaniyaya ciddi maraq göstərməsi onların seçkilərə mühüm önəm verməsini şərtləndirir. Komissiyaların üzvləri ümid edirlər ki, məntəqələrdə seçici fəallığı yüksək olacaq. Çünki bu istiqamətdə lazımi təbliğati və maarifləndirici iş görülüb.
Bəli, Lerikdə 7 noyabr-Milli Məclisə seçkilərə tam hazırdır və bu günü hər kəs səbirsizliklə gözləyir. Lerikli seçicilər ən layiqli namizədə səs verməkdə qətiyyətlidirlər. Ucqar dağ rayonunda mühüm siyasi kampaniyanın bu dəfə də yüksək səviyyədə və uğurla həyata keçəcəyinə inam böyükdür.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında