Əbədi yaşamaq haqqı qazanan memar Unutsaq unudularıq

Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirib bir neçə il Rusiyanın Novosibirsk vilayətində işlədikdən sonra 1975-ci ilin sonlarında Bakıya qayıtdım. Hələ məktəb illərində inşaat üzrə layihəçi olmaq arzusundaydım. Təyinat aldığım Sibirdə sərt iqlim, bəzən ekstremal şəraitdə aparılan tikintilərdə qazandığım təcrübənin sonralar bina və qurğuların layihələndirilməsində mənə çox köməyi oldu...

Bakıya qayıtdıqdan sonra tələbə dostlarım işə qəbul olunmaq üçün məni bir neçə layihə təşkilatı rəhbərinə təqdim etdilər. Onlarla görüşlərimin nəticəsi uğurlu olmadı. Bəzilərinin tələblərini mən təmin etmədim, digərlərinin isə şərtləri məni qane etmədi. Daxildən hansısa bir qüvvə məni “Azərdövlətlayihə”yə çəkirdi. Tərslikdən bu layihə təşkilatında heç bir dost-tanış yox idi ki, məni onun rəhbərinə təqdim etsin. Bir neçə gün götür-qoy etdikdən sonra qərara gəldim ki, özüm instituta gedim.

1976-cı il yanvarın əvvəlləri idi. İnstitutun giriş qapısını açıb sakitcə ikinci mərtəbəyə qalxdım. Səhər tezdən gəlmişdim deyə, qəbul otağında katibədən başqa kimsə yox idi. Salam verib dedim ki, bilmirəm məni kim qəbul edəcək, burada işləmək üçün gəlmişəm. “Onda siz direktorun qəbulunda olmalısınız, gözləyin məlumat verim,”- deyə katibə cavab verdi.

Direktor çox gözlətmədən məni qəbul etdi. Sadə bir kabineti var idi. Otaqdakı mebel köhnə və işlənmiş olsa da səliqəli idi. İlk baxışdan direktorun dünyagörmüş, müdrik insan olduğu aydın görünürdü. Qısa söhbətdən sonra məndə ona qarşı dərin inam yarandı. O zamanlar, demək olar ki, bütün müəssisə və təşkilatlarda iş, yazışma, sənədləşmə və hətta ünsiyyətlər belə, əsasən, rus dilində aparıldığından direktorun təmiz və səlis Azərbaycan dilində danışmağı məni daha da cəsarətləndirdi. Bir dəfə də olsun sözümü kəsmədən öz haqqımda verdiyim məlumatı diqqətlə dinlədi. Sözümü bitirmişdim ki, soruşdu: - Hansı şöbədə işləmək istəyirsən? Eşitdiyimə inana bilmirdim. Artıq burada işlə təmin olunacağamın sevincindən yerə-göyə sığmırdım.

Bu, həmin gündən sonra uzun illər birgə çalşdığım və şəxsiyyətinə böyük ehtiramla yanaşdığım “Azərdövlətlayihə” İnstitutunun direktoru Tahir Abdullayev idi.Beləcə, 1976-cı il yanvarın 16-dan etibarən “Azərdövlətlayihə”nin 1 nömrəli emalatxanasında mühəndis-konstruktor vəzifəsinə işə qəbul olunub fəaliyyətə başladım. Özümə də söz verdim ki, mən heç vaxt başqa dəvətləri qəbul edib  “Azərdövlətlayihə”ni tərk etməyəcəyəm.

Həqiqətən də bir müddətdən sonra məni bir neçə təşkilata, o cümlədən əvvəlki təşkilatlardan birinə, hətta Nazirlər Sovetinə işə dəvət etdilər. Hər dəfə dəvətə görə minnətdarlığımı bildirir və “Azərdövlətlayihə”də qalıb işləməyi üstün tuturdum. Sonralar həyat göstərdi ki, tale həqiqətən də məni çox böyük bir insanın himayəsinə göndərmişdir.

... Tahir Abdulla oğlu Abdullayev 1915-ci il avqustun 25-də Naxçıvan şəhərində anadan olmuşdur. Atası gənc yaşlarında vəfat etmiş, ailənin dörd övladı – iki qız və iki oğlan anaları Surə xanımın himayəsi ilə böyümüşlər.

T. Abdullayev 1933-cü ildə N. Nərimanov adına Sənaye Texnikumunu, 1939-cu ildə isə Azərbaycan Sənaye İnstitutunu bitirərək memarlıq ixtisasına yiyələnir. Təyinatla Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Memarlıq Planlaşdırma İdarəsinə göndərilir və 1941-ci ilə qədər burada çalışır.

1940-cı ildən SSRİ Memarlar İttifaqına üzv olan T. Abdullayev 1941-1944-cü illərdə müxtəlif tikinti idarələrində baş mühəndis vəzifəsində fəaliyyət göstərir. 1944-1951-ci illərdə Şəki şəhərinin Baş memarı vəzifəsinə təyinat alır. 1946-cı ildə Böyük Vətən müharibəsində arxa cəbhədə göstərdiyi fədakarlığa görə “Qafqazın müdafiəçisi” medalı ilə təltif olunur.

1951-ci ildə isə Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı ilə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna direktor təyin olunan T. Abdullayev 1992-ci ilə qədər - 41 il burada fəaliyyət göstərir.

Yüzlərlə yaşayış evi, ictimai bina və qurğuların layihə müəllifi olan Tahir müəllim, 1993-cü ildən ömrünün sonunadək “Bakıdövlətlayihə” institutinda əmək fəaliyyətini davam etdirmişdir...

...İnstitutumuzda digər millətlərin nümayəndələri də çalışırdılar: rus, yəhudi, ukraynalı, osetin və s.. Əməkdaşların sayı 700-800 arasında olardı. Hamının da direktorumuza böyük hörməti var idi. Onu qayğıkeş rəhbər, peşəkar layihəçi, memar, mühəndis və təcrübəli bir inzibatçı hesab edirdilər.

Hər hansı bir obyektin layihələndirməsinin bütün məsələləri T. Abdullayevin iştirakı ilə müzakirə olunurdu. Ona görə də hər bir mütəxəssis müzakirələrdəki çıxışına çox ciddi hazırlaşırdı. Müzakirələr çox açıq və səmimi keçərdi. Direktor heç kəsin sözünü kəsməz, hamını diqqətlə dinləyərdi. Bəzən onun fikrinin mövzudan kənarda olduğunu düşünürdün. Lakin məruzə və çıxışlar bitdikdən sonra, onun mövzuya aid verdiyi elə ilk sualdan məlumatı necə dinlədiyi və məsələnin mahiyyətini dərinliklərinə qədər necə bildiyi aydın olurdu.

T. Abdullayevin yaşının hansı dövrü olmasına baxmayaraq, işgüzarlığı yaxşı mənada qibtə doğururdu.  Dəqiqliyi sevən və tələbkar rəhbər idi. İlk növbədə, özünə qarşı tələbkar idi. Kabinetində çox oturmağı sevməzdi.  Tez-tez, heç kimə heç bir söz demədən şöbələri gəzərdi. Nizam-intizama riayət etməyi çox sevərdi. Əlbəttə, böyük bir kollektivi idarə etmək asan məsələ deyildi.

İnistitutumuzda da əksər sənədləşmələr rus dilində aparılırdı. Tahir müəllim rus dilini mükəmməl bildiyindən, imzalanmaq üçün ona təqdim olunan sənədlər diqqətlə hazırlanırdı. Amma yenə də

T. Abdullayev öz düzəlişlərini və əlavələrini edərdi. Bu düzəlişlərdən sonra onların daha dolğun və hüquqi cəhətdən daha əsaslandırılmış olduğunu hamı heyrətlə etiraf edərdi.

... “Azərbaycan” mehmanxanasının binası, Sumqayıt şəhərinin Baş planı və bir sıra diğər layihələri ilə milli memarlığımızın inkişafına verdiyi töhfələrə görə Tahir Abdullayev iki dəfə SSRİ Nazirlər Soveti tərəfindən Dövlət mükafatına  layiq görülmüş, “Qırmızı Əmək bayrağı”, “Şərəf nişanı” ordenləri ilə təltif olunmuşdur. 1964-cü ildə Azərbaycan Respublikasının Əməkdar mühəndisi, 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar memarı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü adlarına layiq görülmüşdür...

“Azərdövlətlayihə” çox səmimi və təvazökar insan olan Tahir Abdullayevin rəhbərliyi dövründə də çox böyük nüfuza malik idi. Paytaxt Bakıdan başqa, respublikamızın bütün şəhərlərinin baş planları, Bakı Dövlət Universiteti, Milli Elmlər Akademiyası, müxtəlif institutlar, poliklinika və xəstəxanalar, məktəb və uşaq bağçaları, yaşayış və s. binaların layihələri bu institutda yaradılırdı. Bu səbəbdən onun rəhbərliyi ilə müxtəlif rəsmi dairələrdə görüşlərimiz olurdu. Azərbaycan KP Mərkəzi Komitəsində, Dövlət Tikinti və Arxitektura Komitəsində, rayon partiya komitələrində, müxtəlif nazirliklərdə və dövlət qurumlarında iştirak etdiyimiz  görüşlərdə T.Abdullayevi xüsusi bir hörmətlə qarşılayırdılar. O, özünəməxsus nəzakətilə seçilir, söhbəti uzatmağı xoşlamır və dərhal mətləbə keçirdi. Layihələrin müzakirəsində son dərəcə diqqətli olurdu.

Birgə iştirak etdiyim belə məclislərdə çalışırdım ki, daim onunla üz-üzə oturum. O, söz alıb danışarkən mənə baxsaydı, deməli, mənim də müzakirəyə qoşulmağım lazım idi. Mən də ayağa qalxıb  hər hansı məsələ haqqında öz fikrimi deyirdim. Nadir hallarda belə olurdu. Çünki əksər hallarda, özü mükəmməl hazırlaşdığına görə, bizə çox vaxt ehtiyac qalmırdı.

...Tahir Abdullayev “Azərdövlətlayihə” İnstitutuna rəhbərlik etdiyi 41 illik əmək fəaliyyəti dövründə kadrların, xüsusilə, milli kadrların inkişafı, əsil mütəxəssis kimi yetişməsi üçün əlindən gələni əsirgəmir, onlara daim qayğı göstərirdi. Bu mühüm vəzifəni həyata keçirməkdən ötrü  öz ətrafına təcrübəli memar və mühəndisləri toplamışdı. Memarlardan Mikayıl Hüseynov, Rasim Əliyev, Tələt Xanlarov, Şəfiqə Zeynalova, Yusif Qədimov, Nəimə Axundova, mühəndislərdən Mədət Xələfov, Eldar Məmmədov, Xalid Nəcəfov, Azad Qocamanlı və başqaları ustad memarlar nəslinin ön sıralarında addımlayırdılar.

Tahir Abdullayev yüksək təşkilatçılıq bacarığına malik idi. Sifarişlərin operativ və vaxtında yerinə yetirilməsi üçün Sumqayıt, Naxçıvan və Gəncə şəhərlərində institutun filiallarını yaratmışdı. Bu da regionlardakı obyektlərin layihə-smeta sənədlərinin hazırlanmasının sürətinə və keyfiyyətinə öz müsbət təsirini göstərirdi. Amma onun təşkilatçılığı bununla bitmirdi. Bir misal deyim.

 Baykal-Amur dəmiryol magistralının (BAM) tikintisi gedirdi. “Ulkan” qəsəbəsi dəmiryol vağzalı ilə birlikdə respublikamız tərəfindən müvəffəqiyyətlə inşa edilmişdi. Sonra ikinci bir stansiyanın - “Anqoya”nın da tikintisi bizim respublikaya həvalə olundu. “Ulkan”ın layihəsi tam şəkildə bizim institutda işlənsə də, “Anqoya”nın layihəsi Rusiyanın Novosibirsk şəhərinin “Sibqiprotrans” layihə institutunda işlənmiş və sifarişçi tərəfindən təsdiq edilmişdi. Respublikamızın qarşısında isə bu layihə əsasında stansiyanın yalnız tikintisinin aparılması məsələsi qoyulmuşdu. Ulu öndər Heydər Əliyev bu illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışırdı və BAM-ın tikintisinə rəhbərlik birbaşa ona həvalə edilmişdi. Azərbaycan KP MK-nın göstərişi ilə “Anqoya” stansiyasının vağzalı və qəsəbənin ictimai-ticarət mərkəzi Azərbaycan klassik milli memarlığı üslubunda yenidən layihələndirilib inşa edilməli idi. Bizə aydın idi ki, bu birbaşa dahi Azərbaycan oğlu Heydər Əliyevin tapşırığıdır.

T.Abdullayev çox operativ şəkildə institutun tanınmış memarlarını toplayıb bu iki layihənin işlənilməsi üçün müsabiqə elan etdi. Nəticə çox uğurlu oldu: Arif Cabbarlı, Tağı Hacızadə və Uraynat Mahmudlu tərəfindən işlənilən layihələr qəbul olundu. Layihənin baş mühəndisi və baş konstruktoru da mən təyin olundum. Bir çox çətinliklərdən sonra bu layihələri təsdiq etdirə bildik. Çünki, yuxarıda qeyd etdiyim kimi, bu layihələr “Sibqiprotrans” tərəfindən  hazırlanmış və təsdiq olunmuşdu.

T.Abdullayevin tövsiyə və bilavasitə, rəhbərliyi ilə Bakı-Moskva- Novosibirsk- Ulan-Ude-Tında marşrutunda A. Cabbarlı ilə birlkdə bir neçə dəfə ezamiyyətlərdə keçirdiyimiz müzakirələrdən sonra,  axır ki, bu layihələrin təsdiq etdirilməsinə nail olduq. Tikinti də çox yüksək keyfiyyətlə həyata keçirildi. İllər keçdi və  2008-ci il iyulun 29-da “Anqoya” stansiyasına ulu öndər Heydər Əliyevin adı verildi. Bu tarixi ədalətin bərpası idi.

Ümummilli lider Heydər Əliyevin də T.Abdullayevə böyük hörməti var idi. Azərbaycan KP MK-nın, indiki Prezident Administrasiyasının inzibati binası layihələndirilən zaman ulu öndər Tahir müəllimlə  tez-tez görüşər, layihəni ətraflı, çox diqqətlə və yaradıcı şəraitdə müzakirə edərdi. Hər görüşdən sonra Tahir müəllim çox böyük ruh yüksəkliyi, yeni bir enerji ilə işi davam etdirirdi. Heydər Əliyev binanın yalnız ümumi görünüşünə deyil, memarlıq-planlaşdırma həllinə də çox ciddi yanaşar, öz tövsiyələrini verərdi. Onunla hər görüşdən sonra Tahir müəllim bu barədə həvəslə danışar və sonda deyərdi : “Vallah, bu kişi dahidir!”

Tahir müəllimin layihələri ilə paytaxtımızda və bölgələrimizdə tikilən sosial-mədəni obyektlər, inzibati binalar, məktəb və xəstəxana kompleksləri bu gün də xalqımıza xidmət edir. Heydər Əliyev adına İdman Sarayı, Milli Məclis, Milli Arxiv və Milli Dram Teatrının binaları, çoxsaylı yaşayış evləri Tahir Abdullayevin yadigarları kimi ona əbədi yaşamaq haqqı qazandırmışdır...

O, ömrünün sonuna qədər peşəsindən və həmkarlarından ayrılmadı. Əmək fəaliyyətini “Bakıdövlətlayihə” İnstitutunda məsləhətçi kimi başa vurdu.

Layihələndirmə - tikinti sahəsində ustad adı alan  əsil ziyalı, nəcib insan kimi qəlblərdə yaşayan Tahir Abdulla oğlu Abdullayev Azərbaycan memarlıq dünyasının əbədi parlayacaq ulduzdur. Bu ulduz hələ uzun illər gələcək nəsillərin yol bələdçisi olaraq qalacaq.

Təyyar Hüseynli,
Fövqəladə Hallar Nazirliyi
Tikintidə Təhlükəsizliyə Nəzarət
Dövlət Agentliyi rəisinin müavini,
respublikanın Əməkdar mühəndisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında