Oktyabrın 22-də üçüncü çağırış Milli Məclisin son iclası keçirilmişdir.
Milli Məclisin sədri Oqtay Əsədov iclası açıq elan etdikdən sonra deputatlar gündəlikdəki qanun layihələrinə münasibət bildirmişlər.
O.Əsədov demişdir ki, Milli Məclisin əvvəlki iclaslarında aparılan müzakirələrdən sonra hökumət "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini və büdcə zərfinə daxil olan digər qanunları bir daha nəzərdən keçirmişdir.
Maliyyə naziri Samir Şərifov gələn ilin əsas maliyyə sənədi barədə məlumat verərək demişdir ki, gələn il üçün nəzərdə tutulan dövlət büdcəsi layihəsi və icmal büdcənin əsas göstəriciləri Milli Məclisin komitələrində və ümumi iclaslarında bir neçə gün ətraflı müzakirə edilmişdir. İclaslarda çıxış etmiş deputatlar əhalinin maddi rifah halının daha da yaxşılaşdırılması, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, sənaye, aqrar və digər sahələrə dövlət dəstəyinin artırılması, qeyri-neft sektorunun, regionların inkişafı, qanunvericilik bazasının təkmilləşdirilməsi, vəsaitlərin istifadəsində dövlət və ictimai nəzarətin daha da artırılması və bu kimi digər mühüm məsələlərə dair bir sıra sual, təkliflər səsləndirmiş, tövsiyələr irəli sürmüşlər. Eyni zamanda, müzakirələrin gedişində bilavasitə büdcə prosesinə aid olmayan bir sıra məsələlər və onlar üzrə təkliflər söylənilmişdir.
Bütövlükdə qaldırılan məsələ və suallara Maliyyə Nazirliyi ilə yanaşı, digər müvafiq strukturlar tərəfindən ətraflı cavab verilmişdir. Müzakirələr zamanı deputatların irəli sürdükləri təklif və tövsiyələr təhlil edilmiş, onların həlli yolları, tətbiqi mexanizmi, maliyyə tutumu kimi məsələlər ilkin olaraq qiymətləndirilmişdir. Bəzi deputatların bir sıra xərclərin artırılması ilə bağlı təkliflərdən irəli gələn işlərin fiziki həcmi, xüsusiyyətləri, eləcə də maliyyə tutumu və təminatının mənbələri nəzərdən keçirilmişdir. Digər tərəfdən, təkliflərdə qaldırılan məsələlərin həlli üçün maliyyə təminatının yaradılması vəzifəsinə 2011-ci ildə makroiqtisadi sabitliyin qorunub saxlanması və büdcə dayanıqlılığının təyin edilməsi prizmasından baxılmışdır.
Gündəliyin növbəti məsələsi "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" qanun layihəsi haqqında olmuşdur.
Layihə ilə bağlı məlumat verən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov demişdir ki, büdcə layihəsinin müzakirəsi zamanı deputatlar tərəfindən qaldırılan məsələlər nəzərə alınaraq təhlil olunmuş, sənədə müəyyən dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunmuşdur.
Qanun layihəsində sığorta olunanların sağlamlaşdırma və sanatoriya-kurort müalicəsi üçün nəzərdə tutulan məbləğ 700 min manat artırılmışdır.
Sonra hər iki qanun səsə qoyularaq 104 səs çoxluğu ilə qəbul olunmuşdur.
Bundan sonra "Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri təsdiqlənmişdir. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında", "Sosial sığorta haqqında", "Məşğulluq haqqında" qanunlara, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilmişdir.
Bunun ardınca Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının 2011-ci il üçün xərclər smetası təsdiq olunmuşdur.
İclasda "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa da dəyişiklik edilmişdir. Bu dəyişikliyə əsasən İnsan hüquqları üzrə müvəkkilin aylıq vəzifə maaşı 1320 manatdan 1800 manata qədər artırılmışdır.
"İnvestisiya fondları haqqında" qanun layihəsi də üçüncü oxunuşda qəbul olunmuşdur.
Milli Məclis Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında, Braziliyada, İraqda və Vyetnamda səfirliklərinin açılmasına da razılıq vermişdir.
Müzakirələr zamanı bildirilmişdir ki, Azərbaycanın xarici ölkələrdə səfirliklərinin açılması çox əhəmiyyətli bir hadisədir. Azərbaycanın xarici əlaqələri bütün istiqamətlərdə inkişaf etməkdədir və bu addım Azərbaycan diplomatiyası üçün yeni üfüqlər açır.
İclasda "Azərbaycan Respublikası Prezidentinin və Mavritaniya İslam Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında" qanun layihəsinə də münasibət bildirilmişdir. Qeyd olunmuşdur ki, bəyannamə cari il iyunun 15-də Bakıda imzalanmışdır.
Bu, çox vacib və əhəmiyyətli bir siyasi sənəddir. Azərbaycan dünya ölkələri ilə münasibətlərinin inkişafına xüsusi önəm verir. Prezidentlər tərəfindən imzalanmış Birgə Bəyannamədə Azərbaycanın maraqları öz əksini tapmışdır.
Layihə səsə qoyularaq qəbul olundu.
Daha sonra "Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında energetika, ticarət və iqtisadi, baytarlıq, bitki karantini və mühafizəsi sahələrində əməkdaşlığa dair sənədlər təsdiqlənmişdir. Bildirilmişdir ki, bu sənədlər ölkələrimiz arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə xidmət edəcəkdir. İslam Konfransı Təşkilatına üzv olan ölkələrimizin qarşılıqlı münasibətlərinin genişlənməsinə töhfə verəcəkdir.
İclasda, həmçinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi"nə, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"nə və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"nə dəyişikliklər edilmişdir.
İş gününün sonunda "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)" yubiley medalının, "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə", "Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" medallarının təsis edilməsi ilə bağlı qanunlar qəbul olunmuşdur.
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda, "Əhalinin sağlamlığının qorunması haqqında" və "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında" qanunlara dəyişikliklər və əlavələr edilmişdir.
Sonuncu layihə ilə əlaqədar olaraq bildirilmişdir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə pensiyaların baza hissəsi artırılmışdır. Bu da bütövlükdə Dövlət Sosial Müdafiə Fonduna əlavə 52 milyon manat vəsaitin xərclənməsinə ehtiyac yaratmışdır. Layihəyə edilən dəyişiklik və əlavələr bununla bağlı məsələlərin bir hissəsini həll edəcəkdir.
Bununla da, Azərbaycan Respublikası üçüncü çağırış Milli Məclisinin iclası başa çatmışdır.
AzərTAc{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.