...Maşında tək olduğumdan yola "nərdivan" qoymaq üçün radionu işə saldım. Əməkdar incəsənət xadimi Oqtay Kazıminin mahnıları səslənirdi. Həvəslə qulaq asdım. Bir neçə ay öncə dünyasını dəyişmiş unudulmaz bəstəkar Azərbaycanımızın dilbər guşələrinin birində, indi mənim üz tutub getdiyim Astarada anadan olub. Həzin ovqat yaradan musiqiləri dinləyə-dinləyə düşündüm ki, belə gözəl yerdə doğulanlar ya Oqtay Kazımi kimi istedadlı bəstəkar olar, ya şair, ya da rəssam. Nə yaxşı ki, onun taleyinə bu cənnətməkan diyarın ulu gözəlliklərini musiqinin sehirli dili ilə tərənnüm eləmək düşübmüş. Yoxsa, könül sevindirən "Vətən gözəl", "Sevgi bayatıları", "Mənim duyğularım", "Ayrılıq olmasaydı", "Həyat, sən nə qəribəsən" kimi mahnıları, "Nəğməli Azərbaycan" kimi kantatanı bu tərzdə kim düzüb-qoşardı?
Bildiyimə görə, xalq artisti Oqtay Kazıminin əksər mahnılarının sözlərini elə onun yurdu kimi gözəllik ünvanı olan bir yerdən - Xızıdan pərvazlanmış unudulmaz xalq şairimiz Cabir Novruz yazıb, ilk və daimi ifaçısı isə əsrarəngiz təbiətə malik Lənkəranda dünyaya gələndən gözəllikləri əbədilik gözünə-könlünə köçürmüş xalq artisti Yalçın Rzazadədir. Dəqiq yadımdadır: 1974-cü ildə Sumqayıt tibb məktəbində hər üç sənətkarla tələbələrin görüşü keçirilirdi. Gələcək şəfqət bacıları ünlü "trio"nun çıxışlarına heyran-heyran qulaq asırdılar. Orada da bu fikir xüsusi vurğulanmışdı ki, insanın doğulduğu mühit onun gələcək həyat yolunun müəyyənləşməsində həlledici rol oynayır. Bundan təxminən iyirmi il sonra isə Astara Rayon Mədəniyyət evində ayrılmaz dostların öz pərəstişkarları ilə unudulmaz görüşündə həmin mühüm amil bir daha diqqətə çatdırılmış və alqışlarla qarşılanmışdı...
Bu uzun "lirik ricət"dən sonra Astaranın ölkəmizin ən gözəl guşələrindən biri olduğunu təkrar etməkdən çəkinmirəm. Son illərdə yaradan-quran insanların əllərinin cilası ilə rayonun gözəllik "tablo"ları daha da çoxalıb.
Astaranın yolları ikinci həyatını yaşayır,-desəm, yanılmaram. Dövlət Proqramına əsasən rayonda altı avtomobil yolunun tikintisi, 61 kilometr kəndarası və 28 kilometr şəhərdaxili yolların asfaltlaşdırılması nəzərdə tutulub. Məlum olduğu kimi, bu il aprelin 21-də Prezident İlham Əliyevin imzaladığı ayrıca sərəncamla rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 3,5 milyon manat məbləğində dövlət vəsaiti ayrılıb. Həmin vəsaitlə 19 kilometrlik Astara - Bala Şahağacı avtomiobil yolu yenidən qurulub. Orada 50 nəfər işçi çalışıb. Yolun müəyyən qismi Xəzər dənizinin lap yaxınlığından keçdiyi üçün ləpələrin döyəcləyib yuya biləcəyi sahələrdə sahilbərkitmə işləri görülüb. Bundan əlavə, yol boyunca üç körpü, altı suötürücü əsaslı təmir edilib, beş dayanacaq tikilib. Yeni yol bir tərəfdən səliqə ilə hasarlanıb, digər tərəfində isə sıra ilə həmişəyaşıl ağaclar əkilib. Ayrı-ayrı hissələrinin abadlaşdırılması idarə və təşkilatların kollektivlərinə həvalə edilib. Yol artıq təbiətin sərt sınağından da çıxmağa, necə deyərlər, macal tapıb. Yüksək keyfiyyətlə çəkildiyinə görə, sentyabr ayında yağmış güclü yağışlar- leysan suları ona heç bir təsir edə bilməyib.
Astara-Bala Şahağacı yolu tikilməkdə olan Olimpiya İdman Kompleksi, dəmiryol stansiyası, soyuducu anbar və digər mühüm obyektlər, Şahağacı, Kakalos, Şiyəkəran, Qamışlı, Bala Şahağıcı kimi yaşayış məntəqələri üçün müstəsna önəmə malikdir. Bu yol avtomobillərin Lənkərana hərəkətini də asanlaşdırır. Eyni zamanda, Xəzərin sahili boyunca yeni turizm obyektlərinin yaradılmasına səbəb olacaq.
Ölkə əhəmiyyətli Ələt-Astara avtomobil yolunun rayon ərazisində asfalt-beton qarışığı ilə təmir işləri görülüb. Kijəbə-Burzubənd yolunda, ayrı-ayrı kəndlərarası yollarda da hamarlama aparılıb. Astara çayı üzərində sel sularından mühafizə məqsədilə 4 kilometr uzunluğunda sahilbərkitmə işləri görülüb. Şəhərin Kaverin küçəsi tamamilə asfaltlaşdırılıb. Heydər Əliyev prospekti, "Azərbaycan", S.Vurğun, R.Axundov və digər küçələr başdan-başa abadlaşdırılıb. Hazırda şəhərin Heydər Əliyev prospektində 65 metr hündürlüyündə qülləsi olan Dövlət bayrağı meydanı yaradılır. Çox gözəl layihə əsasında tikilən meydanda istirahət guşələri də olacaq, müasir işıqlandırma sistemi qurulacaq. Burada tikilməkdə olan ikimərtəbəli obyektdə muzey və kafenin açılması nəzərdə tutulur. Rayon mərkəzində şəhid ailələri və əlillər üçün 16 mənzilli yaşayış binasının inşasına başlanıb. Astara Gömrük keçid məntəqəsinin, Magistral Qaz Kəmərləri İdarəsi və Qaz İstismar Sahəsi üçün inzibati idarə binaları təmir edilib. Yeni qaz kompressor stansiyasının inşası başa çatıb. Təkcə 3-cü rübdə 252 evə qaz xətti çəkilib və bir o qədər məişət qaz sayğacı quraşdırılıb. Rayon üzrə sayğaclaşdırma 9342-yə çatıb. Pensər, Kakalos, Ojəkəran, Təzəkənd, Qəçimardə kəndlərinin qaz təchizatı bərpa edilib. Hazırda bu iş Şüvi, Sərək, Şahağacı, Şovaş, Siyatük və digər kəndlərdə davamını tapır. Əsas aparıcı xətlər üzərində təmir-bərpa işlərinə başlanıb. Şəhər 5 saylı, Kakalos kənd 1 saylı və Suparibağ orta məktəbləri əsaslı təmir olunub.
Rayonun digər yaşayış məntəqələrində də tikinti-quruculuq və abadlıq işləri vüsət alıb. Ərçivan kəndində yol boyunca səkilər yenidən qurulub, mədəniyyət və istirahət parkı abadlaşdırılıb, hasarlar səliqəyə salınıb. Rayon Baytarlıq İdarəsinin tabeliyində olan Ərçivan sahə baytar məntəqəsi üçün inzibati bina inşa edilib. Səncərədi kəndindəki köhnə ATS elektron ATS-lə əvəz edilib. Pensər və Siyakü kənd ATS-ləri arasında müasir birləşdirici xətt çəkilib.
Elektrik şəbəkələrinin yenidən qurulması üzrə tədbirlər ardıcıl həyata keçirilir. Qışa hazırlıq məqsədilə xeyli dirək və naqil dəyişdirilib, 12 transformator əsaslı, 112-si isə cari təmir edilib.
Astarada kənd təsərrüfatının inkişafı da diqqətdə saxlanır. Çayçılığı genişləndirmək məqsədilə bu ilin 3-cü rübündə plantasiyalarda suvarma-aqrotexniki işlər görülüb, çay kolları alaqdan təmizlənib. Bu il hələlik 268 tonadək yaşıl çay yarpağı yığılıb. Sitrus və meyvə bağlarında profilaktik tədbirlər həyata keçirilib, aqrotexniki qulluq işləri davam etdirilir. Rüb ərzində 11800 ton meyvə istehsal edilib. Faraş tərəvəzi artırmaqdan ötrü suaparıcı kanallar təmizlənib. Bu il 3 min hektaradək sahədə tərəvəz, 800 hektarda kartof əkilib. Əkin sahələrindən 42 min tona qədər tərəvəz, 11 min tondan artıq kartof tədarük olunub. Hazırda məhsul yığımı davam edir. Çəltikçilik də genişləndirilir. Cari ildə 215 hektarda çəltik əkilib və 1400 ton məhsul götürülüb. Hektarın məhsuldarlığı 65 sentnerdir. Kənd təsərrüfatının digər sahələrində də göstəricilər yaxşıdır.
Yeni iş yerlərinin yaradılması məqsədilə ardıcıl tədbirlərin həyata keçirilməsi Astarada məşğulluğu təmin edən əsas amildir. Dövlət Proqramına uyğun olaraq 2004-cü ildən indiyə kimi rayonda 4500-ə qədər iş yeri açılıb ki, bunun da 4122-si daimi xarakterlidir. Əlavə olaraq bu ilin 3-cü rübündə 118 yeni iş yeri yaradılıb.
Dövlət qayğısından ruhlanan və inamı artan astaralılar vətənin rifahı, doğma yurdun çiçəklənməsi naminə hər cür fədakarlığa hazır olduqlarını əməldə dəfələrlə sübuta yetiriblər. Onlar yenə də həmişəki nikbin ovqatdadırlar. Nikbinlik olan yerdə isə uğur özünü çox gözlətmir.
...Bura qədər yazılanlarla Astara təəssüratlarını bitirmək olardı. Amma yazının əvvəlində bu gözəl diyarın yetirməsi olmuş unudulmaz bəstəkarımız Oqtay Kazımidən söhbət açdığım kimi, sonluğa da doğma rayona şöhrət gətirən insanlar haqqında fərəhli məlumatları əlavə etmək istədim. Onlardan biri, fəlsəfə doktoru, Astara Pedaqoji Kollecinin direktoru, Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü, əməkdar müəllim Əlihəsən Həmzəyev bu yaxınlarda Afinada iştirak etdiyi "Ən yaxşı fəlsəfi ideyalar bəşəriyyətin firavanlığı naminə" adlı Dialektik simpoziumdan gözəl nəticə ilə qayıdıb. O, dünyanın 20 ölkəsindən dəvət edilmiş məruzəçilər sırasında qloballaşma mövzusunda çıxışına görə mötəbər forumun xüsusi medalına layiq görülüb.
Astara Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi, YUNESKO-nun Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin üzvü Əfqan Səfiyev dünya mədəni irsinin problemlərinə dair beynəlxalq Moskva konqresində ölkəmizi layiqincə təmsil edərək mədəni irsin qorunması barədə çıxış edib. İndi isə həmyerlimiz noyabrda Çinin Şanxay şəhərində təşkil olunacaq İKOM-un 22-ci Baş Konfransına və 25-ci Baş Assambleyasına dəvət edilib.
Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvü, Avropa çempionu, astaralı Cəbrayıl Həsənov ötən ay Moskvada keçirilən Dünya çempionatında 3-cü yeri tutaraq bürünc medal qazanıb.
Bu il 685 balla Bakı Dövlət Universitetinin "Dünya iqtisadiyyatı" fakültəsinə daxil olmuş Astara şəhər 5 saylı orta məktəbin məzunu Fərid Məmmədəliyev isə dövlət başçısının sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.
Gördüyünüz kimi, astaralıların öz eloğluları ilə qürur duymağa yetərincə əsasları var.{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.