Seçkilərdən-seçkilərə

Zərdabın bərəkətli payızı
Axşamdan xeyli keçməsinə baxmayaraq, Zərdab Rayon İcra Hakimiyyətinin iş otaqlarında işıqlar hələ də yanırdı. Arasmsız payız yağışlarının başlanması, Böyük Qafqaz səmtdən gələn çayların suyunun yenidən qalxması təbiətin lal dilini anlamaqda son illər, necə deyərlər, əməlli-başlı dərs almış zərdablıları ciddi qayğılandırmışdı. Rayona növbəti səfərimiz belə bir narahat vaxta düşmüşdü.
Təbiətlə üz-üzə
Bu ilin yazla yayı arasında Kür çayında suyun görünməmiş həddə qalxmasının törədəcəyi fəlakəti hamıdan əvvəl duyub-qiymətləndirmiş Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi, əslində, əlaqədar respublika qurumlarını, çayboyu rayonların əhalisini də vaxtında ayağa qaldırmışdı. Zərdablılar isə 80 kilometrlik ərazidə hər an məcrasını aşmaqda olan dəli Kürü elliklə mübarizəyə qalxmaqla cilovlaya bilmişdilər. Zərdab göstərilən köməkdən bacarıqla istifadə etməkdə, təhlükəni ötüşdürməkdə başqa rayonlara da nümunə olmuşdu. Sonrakı aylarda da bəndvurma - sahilbərkitmə işləri davam etdirilmişdir.
Son günlər yağan yağışlar çaylarda suyun səviyyəsini qaldırdığına görə Zərdab Rayon Fövqəqalə Hallar Komissiyası sahil zonasını nəzarətə götürmüş, əlavə tədbirlər nəzərdə tutulmuşdur. Bu axşam da Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev aparat işçilərinə son tapşırıqlarını verəndən sonra birinci muavini, komissiyanın sədri Allahverdi Səfərova demişdi ki, əgər gecə sahil zolağından təhlükəli bir xəbər olsa, mütləq onu məlumatlandırsın.
Başçının yanından qayıdan Allahverdi Səfərov rayonun son 5 illik sosial-iqtisadi durumu barədə hazırlayacağımız yazı ilə bağlı lazımi materialları toplayıb qaydaya saldığı anlarda telefon zəng çaldı. Söhbətdən anladıq ki, bəndin birində güclü sızma yaranmışdır. Müavin dərhal başçıya zəng vurub məlumat verdi ki, dağlarda yağan güclü yağış Türyançay və Göyçay çaylarının Kürə töküldüyü yerdə suyun səviyyəsini 2 metrə qədər qaldırmış, Xanməmmədli kəndi ərazisində bəndin uçması təhlükəsi yaranmışdır. Sonra o, suvarma sistemləri və Kür-Araz çaylarında bəndlərin istismarı idarələrinin rəhbərlərinə zəng vurub müvafiq texnika və işçi qüvvəsi ilə dərhal təhlükəli əraziyə gəlmələrini tapşırdı.
Axşam saat 9-un yarısı olmasına və yağış yağmasına baxmayaraq, biz də jurnalist marağı ilə A.Səfərovun maşınında hadisə yerinə yollandıq. Biz ora çatanda rayonun rəhbəri Lütvəli Babayev əlində fanar, ayağında uzunboğaz çəkmə artıq bəndin üstündə idi. Çox keçmədi ki, 2 buldozer, 3 ekskovator, 2 KAMaz yük maşını və 100-dək adam təhlükənin başı üstünü aldı. Həyəcan siqnalı əbəs deyilmiş. Çayların saniyədə gətirdiyi 60-80 kubmetr su çox keçmədi ki, bəndin üstündən aşıb onu yardı. Belə vəziyyətlərdə çevik tədbirlər görməkdə artıq xeyli təcrübəsi olan fövqəladə hallar komissiyası operativ əməliyyat qrupu ilə işə başladı.
Bir qədər keçmiş "KAMaz"ların boşaltdığı yüklər su axınının qarşısını kəsdi. Buldozerlər bəndin üstünə çıxıb onu möhkəmləndirəndən sonra sızmanın da qarşısı kəsildi. Gecə saat 12-nin yarısında işlər başa çatdı. Bundan sonra rahatlıq tapan başçıya yaxınlaşdıq, hadisəyə münasibətini soruşduq. Müsahibimiz bildirdi ki, Kür sahilində doğulub-böyüdüyünə görə Böyük Qafqazın başı üstündəki buludlara baxanda Kürün 2-3 saat sonra hansı səviyyəyə qalxacağını təxmini də olsa bilir. Bu axşam da çayqovuşanda hadisə ola biləcəyini duyub-dərk etdiyindən hamıya ayıq-sayıq olmağı tapşırmış. Başçı bildirdi ki, kənar adam üçün ekstremal görünən belə hallara onlar artıq alışıblar. Həyata keçirilən zəruri, operativ işlər nəticəsində bu vaxtadək zərdablılar məcrasına sığmayan çaylara təslim olmayıblar.
Parlament seçkiləri öncəsi Kürqırağı bölgədən hazırlayacağımız icmal yazıya belə reportajvari girişlə başlamağımız səbəbsiz deyil. Əvvəla, təsadüf etdiyimiz təhəlükəli hadisəni oxuculara çatdırdıq. İkincisi, istədik ki, kənar bölgələrdə yaşayanlar zərdablıların üzləşdikləri əlavə çətinliklərə baxmayaraq, uğurları ildən-ildə artırmaq üçün necə fədakarlıqla çalışdıqlarından bir daha xəbərdar olsunlar.
Yeniləşmə yollarında
İndi isə keçirik əsas mətləbə. Doğrudan da, son 5 il Zərdabda həyatın bütün sahələrində sürətli irəliləyiş, yeniləşmə, problemlərin aradan qaldırılması, güzəranın yüksəlməsi ilə əlamətdar olmuşdur. Xüsusən son 3 ildə Zərdab şəhərinin siması tanınmaz dərəcədə dəyişmiş, tikinti-quruculuq, abadlıq işləri bütün yaşayış məntəqələrini əhatə etmişdir. Yollar, elektrik və qaz xətləri, digər kommunikasiyalar sürətlə təzələnir, işlək vəziyyətə gətirilir. Sosial-mədəni obyektlərin sırasına yeniləri əlavə olunur, hər yerdə yüksək zövqün, müasir dizaynın, rahatlığın nişanələri durmadan artır. Yeni iş yerləri yaradılır, istehsal və xidmət sahələrinin göstəriciləri ildən-ilə yüksəlir. Rayon icra hakimiyyətində hazırlanmış 2003-2009-cu illərdə Zərdabın əsas sosial-iqtisadi göstəriciləri arayışda öz əksini tapmış fakt və rəqəmlər bunu bir daha təsdiqləyir.
Ölkəmizdə yeniləşmə və yüksəliş dövrünün başlandığı 2003-cü ildən bəri Zərdabda ümumi məhsul buraxılışının həcmi 2 dəfədən də çox artaraq keçən il 51,4 milyon manata çatmışdır. Adambaşına ümumi məhsul buraxılışı son 7 ildə 471 manatdan 963 manata qalxmışdır. 2003-cü ildə rayonda 17,5 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdusa, keçən il bu rəqəm 33,2 milyon manatlıq olmuşdur. 7 il əvvəl tikintinin həcmi 220 min manatlıq olmuşdusa, 2006-cı ildə həmin rəqəm 1,3 milyon, 2007-ci ildə 1 milyon, 2008-ci ildə 8 milyon, keçən il isə 5,6 milyon manatlıq hədlərə çatmışdır. İllik tikinti həcminin ayrı-ayrı illərdə 20-30 dəfə artdığı göz qabağındadır. Bütün bunlar əslində, Zərdabın yenidən tikilməsi, yaxud əsaslı surətdə təzələnməsi deməkdir.
Əhalinin illik gəlirləri 2005-ci ildən bəri 32,5 milyon manatdan 46,9 milyon manata yüksəlmişdir. Orta aylıq əmək haqqı 2003-cü ildə 29,6 manat, 2005-ci ildə 64 manat, keçən il isə 157,5 manat olmuşdur. Son 5 ildə əmtəə dövriyyəsi 2 dəfədən çox yüksələrək 34,5 milyon manatlığa qalxmışdır. Pullu xidmətlərin həcmi də təxminən bu qədər qalxaraq 9 milyon manata çatmışdır. Bütün bunlar onu göstərir ki, zərdablılar yaxşı işlədikləri kimi yaxşı da yaşayırlar. Necə deyərlər, iqtisadiyyat gücləndikdə qazanc da, güzəran da güclənir.
Son 3 ildə Zərdab rayonunun sosial-iqtisadi inkişafı miqyası və dinamikliyi ilə xüsusi seçilir.
2008-ci il
2008-ci ildə rayonda 14780 hektar sahədən 40127 ton məhsul əldə edilmişdir. Məhsuldarlıq 27,1 sentner, adambaşına düşən taxılın miqdarı 556 kiloqram olmuşdur. Taxıl istehsalı 2007-ci ilə nisbətən 1417 ton artmışdır.
2006-cı ildə rayonda cəmi 2 toxumçuluq təsərrüfatı 16 hektar sahədə toxumluq buğda əkmişdirsə, 2008-ci ildə 6 toxumçuluq təsərrüfatı 183,5 hektar sahədən 805 ton toxumluq buğda istehsal etmişlər. 2007-ci ilə nisbətən 2008-ci ildə məhsuldarlıq kartof istehsalında 0,7 sentner, tərəvəz istehsalında 6,7 sentner, bostan istehsalında 4,5 sentner, yem bitkiləri istehsalı 362 ton çoxalmışdır. Aqrar sahənin inkişafı üçün suvarma işlərinə diqqət artırılmış, 33,5 min hektar sahə 72 nasos stansiyası və 166 aqreqatın gücündən istifadə edilməklə suvarılmış, 342 kilometr kanal lildən təmizlənmişdir.
2008-ci ildə makroiqtisadi göstəricilər rayonun həm iqtisadi və həm də sosial sahəsinin daha dinamik və sürətli inkişaf etdirilməsini göstərir. İqtisadiyyatın əsas sahələrində 54,8 milyon manatlıq məhsul və xidmətlər istehsal olunmuş, əvvəlki ilə nisbətən artım 20,4 faiz olmuşdur. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi göstəricisi 85 faiz olmuşdur. İstehsal olunan məhsul və xidmətlərin 57,5 faizi kənd təsərrüfatının, 23 faizi ticarət və xidmət sahəsinin, 14,8 faizi tikintinin, 3,1 faizi sənayenin, 1,2 faizi nəqliyyatın, 0,5 faizi poçt və rabitə xidmətlərinin payına düşmüşdür.
Həmin il 1 milyon manatlıq dəyərində 67 kilometrlik Göyçay - Ucar - Zərdab magistral kabel xəttinin çəkilişi başa çatmışdır. Gödəkqobu kəndində 256 nömrəlik EATS tikilmiş, 65 yeni telefon xətti çəkilmişdir. Qaravəlli, Pərvanlı kəndlərinin hər birində 256 nömrəlik EATS-in quraşdırılmasına başlanılmışdır. Əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində rayonda xeyli iş görülmüşdür. İqtisadiyyat və əhali 24 saat elektrik enerjisi ilə təmin olunmuşdur.
Smeta dəyəri 550 min manat olan rayon Prokurorluğu üçün bina tikilib istifadəyə verilmişdir. Şəhid ailələri və Qarabağ əlilləri üçün 16 mənzilli yaşayış binasının tikintisi yekunlaşmışdır. 2008-ci ildə daxili imkanlar hesabına rayonda 450 min manatlıq tikinti-abadlıq işləri görülmüşdür.
2009-cu il
2009-cu il ildə rayonda rekord miqdarda taxıl istehsal olunmuş, 19163 hektar taxıl sahəsindən 52382 ton məhsul əldə edilmişdir. Taxıl istehsalı 2008-ci ilə nisbətən 12255 ton, məhsuldarlıq 0,2 sentner çox olmuşdur. 3228 ton kartof, 3399 ton tərəvəz istehsal olunmuşdur ki, bu göstəricilər 2008-ci ilə nisbətən uyğun olaraq 524 ton və 71 ton çoxdur.
İri malın sayı 2008-ci ilə nisbətən 592 baş artaraq 52527-yə, qoyun-keçinin sayı 1545 baş artaraq 106111-ə çatmışdır. Ət istehsalı əvvəlki ilə nisbətən 39,4 ton artaraq 2931 tona, süd istehsalı 58,1 ton artaraq 21663 tona, yumurta istehsalı 28 min ədəd artaraq 7734 min ədədə çatmışdır. Heyvandarlığın yem bazasının möhkəmləndirilməsi üçün 2491 hektar sahədə təzə yonca əkilmişdir. 2009-cu ildə 103596 ton yem tədarük edilmişdir ki, bu da 2008-ci ildəkindən 1292 ton çoxdur. İl ərzində 13 kənddə 180 arı ailəsi yaradılmasına nail olunmuşdur.
Dövlət Proqramında Zərdab rayonunda suvarma-drenaj şəbəkələrinin bərpası ilə bağlı nəzərdə tutulmuş işlərə başlanılmışdır. Gəlmə və Kəndəbil kəndləri ərazisində 963 min manatlıq iş görülmüşdür. İl ərzində Şahhüseynli, Dəkkəoba və Körpükənd ərazi vahidliklərində sudan istifadəedənlər birlikləri yaradılmışdır. Suvarma Sistemləri İdarəsi tərəfindən 753 min manatlıq maşın, mexanizm və avadanlıqlar, o cümlədən 2 "Hundə", 1 ekskovator və 1 UAZ markalı avtomaşın alınmışdır.
İqtisadiyyatın əsas sahələrində 51,4 milyon manatlıq məhsul və xidmətlər istehsal olunmuş, əvvəlki ilə nisbətən artım 6,3 faiz olmuşdur. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi göstəricisi 87,2 faiz olmuşdur. İstehsal olunan məhsul və xidmətlərin 64,8 faizi kənd təsərrüfatı, 20,2 faizi ticarət və xidmət, 11 faizi tikinti, 2,1 faizi sənaye, 1,4 faizi nəqliyyat, 0,5 faizi poçt və rabitə sahələrinin payına düşmüşdür. 2009-cu ildə 246, son 6 ildə isə 5528 yeni iş yeri yaradılmışdır.
Kənd əhalisinin içməli suya olan tələbatını ödəmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2009-cu ildə Yuxarı Seyidlər, Məlikli, Gödəkqobu, Məmmədqasımlı, Yarməmmədbağı kəndlərində modul tipli sutəmizləyici qurğular qurulmuşdur. Hazırda rayonun 12 kəndində əhali ekoloji cəhətdən təmiz sudan istifadə edir.
"Azərbaycan Respublikası regionlarının 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində və daxili imkanlar hesabına ötən il rayon ərazisində quruculuq və abadlıq işləri daha da genişlənmişdir. Şəhərdə smeta dəyəri 750 min manat olan 200 şagird yerlik Uşaq İncəsənət Məktəbi və smeta dəyəri 280 min manat olan Əhalinin Sosial Müdafiəsi Mərkəzi üçün binalar tikilmişdir. Rayon icra hakimiyyəti üçün yeni bina, daxili imkanlar hesabına Heydər Əliyev parkında 180 min manatlıq Heydər Əliyev İdeoloji Mərkəzi istifadəyə verilmişdir. Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun büstü qoyulmuşdur.
2009-cu ildə şəhərin tikinti-abadlıq işlərinə 263,7 min manat, mənzillərin təmirinə 33,5 min manat, şəhər daxili yolların təmirinə 459,2 min manat vəsait xərclənmişdir. Ümumiyyətlə, 2009-cu ildə rayon ərazisində 5,2 milyon manatlıq tikinti-quruculuq işləri aparılmış, daxili imkanlar hesabına 307 min manatlıq iş görülmüşdür. İl ərzində küçə və parklarda, magistral yolların kənarlarında 30 mindən çox ağac əkilmişdir.
2009-cu ildə 360 şagird yerlik Alıcanlı kənd orta və 80 yerlik Xanməmmədli kənd ibtidai məktəbləri üçün yeni binalar tikilib istifadəyə verilmişdir. 2 saylı şəhər uşaq bağçasında əsaslı, Çallı və Əlibəyli kənd orta məktəblərində cari təmir işləri aparılmışdır. Şıxbağı kəndində 180 yerlik yeni məktəb binasının tikintisinə başlanılmışdır. Mərkəzi rayon xəstəxanasının terapiya, doğum və uşaq şöbələrində və poliklinikanın bir hissəsində 50,6 min manatlıq cari təmir işləri görülmüşdür.
2010-cu il
Rayonda sürətli və irimiqyaslı quruculuq işləri, istehsalın genişləndirilməsi bu il də davam etdirilmişdir. 2010-cu ilin məhsulu üçün 17134 hektar sahədə taxıl əkilmişdir. Bu nəzərdə tutulduğundan 2214 hektar çoxdur. Əkilmiş taxıl sahəsinin 12821 hektarını buğda, 4314 hektarını arpa təşkil edir. 1 iyul 2010-cu il tarixə rayonda 52766 baş iri mal, 106720 baş qoyun-keçi, 177400 baş quş olmuşdur.
2010-cu ilin birinci yarısında rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı istiqamətində müəyyən işlər görülmüşdür. Dövlət Proqramına uyğun olaraq rayonun Şıxbağı kəndində Təhsil Nazirliyi tərəfindən 180 yerlik orta məktəb binası tikilmişdir. Şəhər 2 saylı uşaq bağçasında təmir işləri başa çatdırılmış, 1 saylı uşaq bağçası əsaslı təmir edilmişdir.
Rayon Telekommunikasiya Qovşağının mərkəzi avtomat telefon stansiyası fiber-optik kabelə qoşulmuşdur. İsaqbağı və Böyük Dəkkə kəndlərinin hər birində xətt şəbəkəsi rekonstruksiya olunmuşdur. Mövcud Avtomat telefon stansiyalarının elektron avtomat telefon stansiyaları ilə əvəz olunması istiqamətində tədbirlər davam etdirilir. 2010-cu ilin birinci yarımilində elektron avtomat telefon stansiyasının istifadə tutumu 2323 nömrəyə çatdırılmışdır.
2010-cu ilin 6 ayı ərzində MTN-nin rayon şöbəsinin inzibati binasında 102,5 min manatlıq iş yerinə yetirilmişdir. Rayonda 14 nəfər Qarabağ döyüşçüsü və əlillər üçün fərdi mənzillərin tikintisinə başlanılmışdır.
2009-2010-cu illər üzrə Dövlət Proqramında növbəti 5 ildə Zərdab rayonunda analoqu olmayan işlərin görülməsi planlaşdırılmışdır. Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, yol təsərrüfatı və nəqliyyat, elektrik enerjisi, istilik və qaz təchizatı, rabitə xidmətlərinin yaxşılaşdırılması, su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, meliorasiya və irriqasiya, səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inkişafı və yenidən qurulması ilə bağlı tədbirlər nəzərdə tutulmuşdur. Artıq rayon üzrə Dövlət Proqramında 7 əsas bənddə nəzərdə tutulmuş 13 mühüm tədbirdən 8-nin icrasına başlanılmışdır.
Bu il tikilən və istifadəyə verilən obyektlərin, görülən işlərin siyahısı uzundur. 180 yerlik Şıxbağı kənd orta məktəbi və Çilovxanlı kəndində ibtidai məktəb istifadəyə verilmişdir. Ağabağı kənd ibtidai məktəbinin isə tikintisinə başlanılmışdır. Heydər Əliyev mərkəzi üçün 3 mərtəbəli bina tikilir.
Təbii fəlakət nəticəsində evləri uçmuş ailələrə "32 hektar" adlanan ərazidə 100-dən çox ev tikilir. Təhlükəli vəziyyətdə olan 85 evdə bərpa-gücləndirmə işləri aparılır. 1400-dən çox ailəyə kompensasiya verilmişdir. Qoruqbağı kəndində uşaq bağçası, Şəftəhal kəndində tibb məntəqəsi, Çallı kəndində doğum evi tikilir. Seysmik stansiyanın tikintisinə başlanılmışdır.
Heydər Əliyev parkı və prospekti, şəhidlərin xatirə parkı yenidən qurulur. Şəhərin içməli su xəttinin yenidən qurulması, yeni kanalizasiya xəttinin çəkilişi üçün hazırlıq görülür. Zərdab - Mollakənd yolunun Zərdab rayonu ərazisindən keçən hissəsi asfaltlanıb. Zərdab - Ağcabədi, Zərdab - Ucar yolunda təmir işlərinə başlanılmışdır.
Zərdab - Əlvənd istiqamətində kəndlərə qaz xəttinin çəkilişinə başlanılıb, Zərdab - Bıçaqçı istiqamətində qaz xəttinin çəkilməsinə hazırlıq görülür. Şəhərdə kommunal evlərin dam örtüyü təzələnir, küçələr asfaltlanır, işıq sistemi yenidən qurulur. Süd emalı zavodunun tikintisi başa çatmaq üzrədir. 21 saylı Fəhlə qəsəbəsində nümunəvi məhəllədə işlər davam etdirilir.
Son 5 ildə Zərdabda 7 məktəb binası tikilib istifadəyə verilmiş, 1 orta məktəb, 2 uşaq bağçası əsaslı təmir olunmuşdur. 4 məktəbdə yeni istilik sistemləri qurulmuşdur. Bu müddətdə ali məktəblərə 280 nəfər, 2010-cu ildə isə 90 məzun qəbul olunmuşdur. Son 3 ildə 7 məzun 600-dən çox bal toplamışdır. Bu il 685 bal toplamış bir nəfər məzun Prezident təqaüdünə layiq görülmüşdür.
Zərdabdan görülmüş böyük işlərin yaratdığı xoş əhvalla, daha böyük uğurlara inam hissi ilə ayrıldıq. Kürqırağı bölgə öz tarixinin ən yüksək inkişaf, hərtərəfli tərəqqi günlərini yaşayır. Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə hazırlanıb həyata keçirilən dövlət proqramlarını zərdablılar əzmlə, təşəbbüskarlıqla, ardıcıl yerinə yetirirlər. Bütün bunların nəticəsi olaraq rayon ictimaiyyəti növbəti parlament seçkilərinə son beş ilin sanballı uğurlarından doğan üzağlığı, öyünc və sabaha bəslənən böyük ümidlərlə gedirlər.{nl}

Tahir AYDINOĞLU, Ziyəddin SULTANOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında