İstənilən dövlətdə demokratik mühitin yüksək olmasını təsdiqləyən ən mühüm amillərdən biri seçkilərin ədalətli və şəffaf keçirilməsidir. Azərbaycanda seçkilərin demokratik şəkildə keçirilməsinin bünövrəsi 17 il bundan əvvəl qoyulub. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın iradəsi və israrlı tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda demokratik şəkildə prezident seçkiləri keçirildi. Ölkədə demokratik seçki mühitinin formalaşdırılması, seçki sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparıldı, təkmil seçki qanunvericiliyi işlənilib hazırlandı.
1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkədə demokratik şəraitdə, azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirdi. Əsas Qanunda hər bir Azərbaycan vətəndaşının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ təsbit olundu.
Son 17 ildə Azərbaycanda 4 prezident, 3 parlament, 3 bələdiyyə seçkiləri, habelə 4 referendum keçirilmişdir. Şübhəsiz, cəmiyyətin inkişafı, demokratikləşmə sahəsində irəliləyişlər, eləcə də sivil dünyaya inteqrasiya, dövlətin inamla apardığı modernləşmə xətti qanunvericiliyin dövrün tələblərinə uyğun daha da təkmilləşməsi zərurətini irəli sürür. Elə bu səbəbdəndir ki, 2003-cü ildən bəri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə 13 dəfə əlavə və dəyişikliklər edilmişdir. Bütün bunlar seçki təcrübəsinin təkmilləşməsinə xidmət edir. Bu gün tam inamla demək olar ki, seçkilərin şəffaf, ədalətli, demokratik şəkildə keçirilməsi sahəsində ölkəmizin kifayət qədər təcrübəsi və zəngin ənənəsi vardır. Bu mənada qarşıdakı parlament seçkilərinin də yüksək səviyyədə keçiriləcəyi heç kəsdə şübhə doğurmur...
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda "Azərbaycanın modernləşmə kursu və 2010-cu ilin parlament seçkiləri" mövzusunda keçirilən elmi-praktiki konfransda bu barədə ətraflı söhbət getdi. Tədbiri giriş sözü ilə institutun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə açdı.
İlham Məmmədzadə, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor:
- Bu gün institutumuzda alimlərin, Mərkəzi Seçki Komissiyası, Ombudsman Aparatı, dövlət orqanları, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə "Azərbaycanın modernləşmə kursu və 2010-cu ilin parlament seçkiləri" mövzusunda elmi-praktik konfrans keçirilir. Konfrans işinə başlayarkən bir daha bildirmək istəyirəm ki, hazırda ölkəmiz 2010-cu ilin parlament seçkiləri ərəfəsindədir.
İctimai-siyasi həyatın durmadan inkişafı, iqtisadi və mədəni yüksəliş, insan amilinin cəmiyyətin başlıca faktoruna çevrilməsi modern cəmiyyətin bugünkü reallıqlarındandır. Eyni zamanda insan və vətəndaş hüquq və azadlıqlarına geniş yer verilməsi, onun təmin edilməsi və pozulmuş hüquqların bərpası da azad, demokratik, sivil cəmiyyətin başlıca prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqları onların təminatçısı kimi dövlət hakimiyyəti tərəfindən qorunur və daim inkişaf etdirilir. O cümlədən vətəndaşların seçki hüququ da bu qəbildəndir.
Azərbaycan Respublikasının Konstitusiyasının 56-cı maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək hüququ vardır. Bu hüququn səmərəli həyata keçirilməsi dövlət hakimiyyəti orqanları ilə yanaşı, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının seçki qanunvericiliyi ilə onun üzərinə qoyulmuş əsas vəzifələrdəndir.
Demokratik, azad, ədalətli seçkinin keçirilməsi üçün möhkəm hüquqi bazaya malik olan ölkəmiz müstəqillik yolunda irəlilədikcə seçki praktikasını da inkişaf etdirmiş, bu sahədə dünya təcrübəsinə daha da yaxınlaşmışdır. Son illər keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərinin yekunları barədə beynəlxalq müşahidəçilərin, həmçinin mötəbər qurumların nümayəndələrinin rəylərinə diqqət yetirsək, bir daha şahidi olarıq ki, Azərbaycanın seçki sistemi demokratikliyinə görə yüksək qiymətləndirilir.
Məhz bu mərhələdə biz bir daha əldə etdiyimiz uğurlar və qarşıda duran vəzifələr haqqında dərindən düşünməliyik. Bilməliyik ki, müstəqillik illərində dördüncü çağırış Milli Məclisə keçirilən hazırkı seçkilər öz mahiyyətinə görə Azərbaycanın gələcək inkişafı üçün nə dərəcədə əhəmiyyət kəsb edir. Qanuni və ədalətli seçkilərin keçirilməsi, ən layiqli namizədlərin təmsil olunduğu parlamentin formalaşdırılması ölkəmizin intensiv iqtisadi inkişafının, siyasi sabitliyinin, tərəqqisinin və modernləşmə kursunun uğurla həyata keçirilməsini təmin etməlidir. Seçkilərin qanuni və ədalətli keçirilməsi demokratiyanın təntənəsi olmaqla, cəmiyyətdə siyasi həmrəyliyin, vətəndaş cəmiyyətinin formalaşmasının, güclü hüquqi dövlət yaradılmasının vacib amillərindən biridir. Seçki hüququndan aktiv və passiv formada istifadə etmək ölkə vətəndaşlarının Konstitusiyada təsbit olunan hüququdur. Bununla belə, hər bir vətəndaş öz ölkəsinin gələcək inkişafının, vətəndaş həmrəyliyinin bərqərar olmasının vacib amili kimi seçkilərin nəticələri ilə maraqlıdır. Buna görə də akademik institut olaraq, biz seçki hüququnun nəzəri və təcrübi problemlərinə həsr edilmiş belə bir konfransın keçirilməsini olduqca vacib hesab etdik. Konfransın işində alimlərlə yanaşı, müxtəlif qurumların, qeyri-hökümət təşkılatlarının nümayəndələri iştirak edirlər. Mən bir daha qeyd etmək istərdim ki, ölkə Prezidenti cənab İlham Əliyevin modernləşmə kursu və akademik Ramiz Mehdiyevin irəli sürdüyü sabitlikdən modernləşməyə doğru nəzəri müddəaları baxımından 2010-cu ildə Milli Məclisə seçkilərə ölkədə siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, yüksək iqtisadi inkişafın və güclü hüquqi dövlətin yaradılmasının vacib amili kimi baxılmalıdır. İnanırıq ki, siyasi sabitlik və modernləşmə kursu baxımından 2010-cu ilin parlament seçkiləri ölkənin və xalqın həyatında yaddaqalan hadisələrdən birinə çevriləcəkdir. Bunun üçün hər birimiz bu sahədə böyük fəallıq göstərməliyik.
Beləliklə, mən "Azərbaycanın modernləşmə kursu və 2010-cu ilin parlament seçkiləri" mövzusuna həsr edilmiş bugünkü konfransı açıq elan edirəm və tədbir iştirakçılarına bu istiqamətdə böyük uğurlar arzulayıram.
Şaitdin Əliyev, Mərkəzi Seçki Komissiyası sədrinin müavini:
- Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 sentyabr 2010-cu il tarixli sərəncamı ilə dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərə start verilmişdir. Mərkəzi Seçki Komissiyası seçkilərin qanunun tələblərinə uyğun, azad, şəffaf və ədalətli şəkildə hazırlanıb keçirilməsindən ötrü üzərinə düşən vəzifələri yüksək səviyyədə icra edir. Ölkəmizdə seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün hər cür şərait vardır.
İlk növbədə demokratik seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi sabitliyin təmin olunması amili xüsusilə qeyd olunmalıdır. Hələ keçən əsrin doxsanıncı illərinin ortalarından etibarən ulu öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan Respublikasında seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün son dərəcə zəruri olan ictimai-siyasi sabitlik təmin edilib, cəmiyyətdə vətəndaş qarşıdurmasına son qoyulub. Bu kurs indi də uğurla davam etdirilir. Son illərdə cəmiyyətimizdə demokratik ənənələr daha da möhkəmləndirilib, seçkilərin azad və şəffaf keçirilməsi üçün mühüm işlər görülüb, seçki qanunvericiliyi daha da təkmilləşdirilib. Siyasi partiyaların sərbəst fəaliyyəti, azad mətbuatın mövcudluğu və bu kimi məqamlar qeyd edilənlərin bariz nümunəsidir.
Mükəmməl qanunvericilik bazasının yaradılması da respublikamızda beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsini şərtləndirən amillərdəndir. Belə ki, 2003-cü ildə ölkəmizdə keçirilən bütün seçki və referendumları tənzimləyən Seçki Məcəlləsinin qəbul olunması, hər bir seçki və referendumla bağlı onlarca normativ aktların və digər seçki materiallarının hazırlanması bilavasitə həmin məqsədə xidmət edir.
Təbii ki, demokratikləşmə sahəsində irəliləyişlər qanunvericiliyin daha da təkmilləşdirilməsi tələbindən irəli gəlir. 2003-cü ildən ötən dövr ərzində Seçki Məcəlləsinə 13 dəfə əlavə və dəyişikliklər edilmişdir ki, bu da seçki təcrübəsinin təkmilləşməsinə xidmət edir. Son dəfə - 2010-cu il iyunun 18-də Seçki Məcəlləsinə edilən bir sıra mütərəqqi xarakterli dəyişikliklərdən dərhal sonra MSK parlament seçkiləri ilə bağlı normativ-hüquqi bazanın işlənib hazırlanması prosesinə başlamış və bu istiqamətdə məqsədyönlü iş aparmışdır. Öncə Seçki Məcəlləsinin əlavə və dəyişiklikləri əks etdirən yeni variantı hazırlanaraq böyük tirajla çap olundu. Sonra seçki qanunvericiliyi müddəalarının peşəkarcasına icrasını və seçki hüququ üzrə biliklərin artırılmasını təmin etməkdən ötrü bir sıra aktlar - təlimat, izah və qaydalar qəbul edilmiş, aşağı seçki komissiyalarının üzvləri, müşahidəçilər, namizədlər, habelə seçki prosesinin digər iştirakçıları üçün yaddaş kitabçaları və bu kimi digər metodiki vəsaitlər hazırlanaraq MSK-da təsdiq edilmişdir. Bundan başqa, MSK əvvəllər qəbul etdiyi normativ aktları seçki qanunvericiliyinə edilmiş son əlavə və dəyişikliklər nəzərə alınmaqla yenidən işləyib hazırlamışdır. Həmin normativ aktlardan ibarət 15-dən çox müxtəlif məzmunlu kitabça nəşr olunaraq Seçki Məcəlləsi ilə birlikdə seçki komissiyalarının 30 mindən artıq üzvünə çatdırılmışdır. Mərkəzi Seçki Komissiyası daimi seçici siyahılarının yenidən tərtib olunması və ictimailəşdirilməsi barədə 2010 -cu il may ayının 27-də qərar qəbul etmişdir. Komissiya qərara almışdır ki, cari ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab olunsun və siyahılar məntəqə seçki komissiyaları tərəfindən təsdiq edilmək üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin.
Seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı MSK həmçinin adların seçici siyahılarında yoxlanması, internetdə seçicilərin axtarış sistemi ilə bağlı plakatlar hazırlamış və ölkə ərazisində yayılmasını təmin etmişdir. Bundan əlavə, həmin mövzularla bağlı iki videoçarx hazırlanmış və nüfuzlu telekanalların efirlərində yayımlanır.
Seçici siyahılarının dəqiqləşdirilməsi prosesinin ilkin mərhələsindən sonra artıq hər bir seçici vahid seçicilər siyahısında öz soyadının olub-olmamasını yoxlaya və lazım gəldikdə soyadının siyahıya daxil edilməsi və ya müvafiq düzəlişlər olunması tələbi ilə seçki komissiyasına müraciət edə bilər. Artıq bir neçə ildir ki, MSK seçicilərin öz soyadlarının vahid seçicilər siyahısında yoxlaya bilmələri üçün üç vasitə müəyyənləşdirib. Bunlardan ikisi ("115" saylı telefon xətti və MSK-nın internet səhifəsindəki elektron "qaynar xətt") MSK-nın seçici siyahıları ilə bağlı daim fəaliyyət göstərən qaynar xətləridir. Digər vasitə isə seçicilərin məntəqə və dairə seçki komissiyalarına müraciət etmələridir. Həmişə olduğu kimi, indiki seçki dövründə də MSK-nın "qaynar xətt"inə müraciət edənlər olur. MSK-nın nəzdində fəaliyyət göstərən "Seçkilər" İnformasiya Mərkəzi və aşağı seçki komissiyaları həmin müraciətləri vaxtında araşdırır və müvafiq tədbirlər görürlər.
Seçicilərin və digər seçki subyektlərinin maarifləndirilməsi işi də başlıca qayğılarımızdandır. Mərkəzi Seçki Komissiyası maarifləndirmə işlərinə seçkilərə start verilməmişdən öncə başlayıb. Hələ iyul ayının 7-də Mərkəzi Seçki Komissiyası Avropa Şurasının Venesiya Komissiyası ilə birgə şikayət və müraciətlərə baxılması ilə əlaqədar ikigünlük seminar-treninqlər keçirmişdi. Seminar-treninq dairə seçki komissiyalarının şikayət və müraciətlərə baxan ekspert qruplarının üzvləri üçün təşkil olunmuşdu.
Avqustun 23-də isə MSK Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirdi. Kursların keçirilməsində məqsəd sözügedən sərəncama uyğun olaraq Mərkəzi Seçki Komissiyasına edilmiş tövsiyələrin həyata keçirilməsi ilə bağlı seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyaları sədrlərinin peşə hazırlığı səviyyəsinin artırılması idi. Kurslarda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel və digər rəsmi şəxslər iştirak etdilər. Avqustun 23-dən 29-dək keçirilən kurslarda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, daxili işlər nazirinin müavini Oruc Zalov, baş prokurorunun birinci müavini Rüstəm Usubov, Ədliyyə Nazirliyi və Apelyasiya Məhkəməsinin məsul şəxsləri, MSK-nın üzvləri və şöbə müdirləri mühazirələr oxudular. Layihənin növbəti mərhələsi olaraq sentyabrın 1-dən 3-dək respublikanın bütün rayonlarında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirildi. Kurslarda dairə seçki komissiyalarının üzvləri, rayon icra hakimiyyətlərinin, məhkəmə, polis və prokurorluq orqanlarının rəhbərləri mühazirələr oxumuşlar.
MSK nəzdində "Seçkilər" İnformasiya Mərkəzi də sentyabr ayı ərzində dairə seçki komissiyalarının aparıcı məsləhətçiləri üçün treninqlər keçirmişdir.
Maarifləndirmə tədbirlərinin davamı olaraq sentyabrın ikinci yarısından sonra trenerlərin treninqi keçirilmişdir. Treninqlərdə hər dairə seçki komissiyasından iki nəfər trener iştirak etmişdir. Məntəqə seçki komissiyalarının üzvləri üçün təşkil olunacaq treninqlər isə oktyabr ayında keçiriləcək.
Qeyd edim ki, maarifləndirmə proqramını əvvəllər olduğu kimi, bu dəfə də beynəlxalq qurumların iştirakı ilə həyata keçiririk və belə layihələrin gələcəkdə də davam etdirilməsini nəzərdə tutmuşuq.
Bundan başqa, parlament seçkilərilə bağlı seçicilərin maarifləndirilməsi məqsədilə avqust ayından etibarən Mərkəzi Seçki Komissiyasının üzvləri və əməkdaşları AzTV və İTV telekanallarında həftədə iki dəfə seçki kampaniyasının müxtəlif mərhələlərinə həsr olunmuş mövzularla çıxış edirlər. Komissiya üzvlərinin mətbuat səhifələrindəki məqalələri və müsahibələri də vətəndaşlarımızın seçki fəallığına stimul verən tədbirlərdəndir. Bundan başqa, MSK tərəfindən təşviqat xarakterli videoçarxlar, seçkiyə çağırış plakatları, bukletlər, yaddaş kitabçaları hazırlanmış və ictimailəşdirilmiş, seçki rəsmilərinin və seçicilərin hüquqi maarifləndirilməsi üçün müxtəlif tədbirlər görülmüşdür. Bu tədbirlər səsvermə gününə qədər davam etdiriləcəkdir.
Bir məsələni də xüsusilə vurğulamaq istərdim. Aşağı seçki komissiyalarının maddi-texniki təchizat məsələləri yüksək səviyyədə həll edilmişdir. İcra strukturları da onların normal fəaliyyət göstərmələri üçün qanunla üzərlərinə düşən vəzifələrin öhdəsindən gəliblər. Yüzdən artıq dairə seçki komissiyası üçün yüksək standartlara cavab verən yeni inzibati binalar tikilib istifadəyə verilmiş, təmirə ehtiyacı olan DSK-ların binaları isə əsaslı təmir edilmişdir. Məntəqə seçki komissiyaları normal şəraiti olan, təmirli binalarda yerləşdirilmişdir. MSK üçün də müasir standartlara cavab verən yeni inzibati bina tikilib istifadəyə verilmişdir. Bütün bunlara görə, ölkə Prezidentinə və onun administrasiyasına, rayon icra hakimiyyəti başçılarına dərin təşəkkürümüzü bildiririk.
Azərbaycanda seçkilərin şəffaflığının təmin olunması üçün, əvvəllər olduğu kimi, bu dəfə də bütün lazımi tədbirlər görülmüşdür. Səsvermənin gedişindəki aşkarlıq və şəffaflığın tam təmini üçün ölkəmizin seçki tarixində artıq dördüncü dəfə 500 seçki məntəqəsinin səsvermə otaqlarında müşahidə üçün veb-kameralar quraşdırılıb. Bu yenilik ictimaiyyət tərəfindən səsvermə günü seçkinin gedişinin müşahidəsi və bununla da aşkarlığın daha geniş surətdə təmin edilməsi üçün vacibdir. Əvvəlki seçkilərdə olduğu kimi veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı və bu barədə məlumat KİV vasitəsilə ictimaiyyətə çatdırılacaq, habelə komissiyanın internet səhifəsində yerləşdiriləcək.
Beləliklə, arzu edən hər bir şəxs, səsvermə kabinəsində bülletenlərin doldurulması prosesi istisna olmaqla, səsvermə günü MSK-nın internet saytı vasitəsilə veb-kameralar quraşdırılmış seçki məntəqələrində səsvermənin gedişini əvvəldən axıradək fasiləsiz izləyə biləcək.
Azərbaycan Respublikasında keçirilən seçkilər daim beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Bu da Azərbaycanın regionda mühüm əhəmiyyət kəsb edən ölkə olmasından irəli gəlir. Azərbaycan dövləti demokratikləşmənin mühüm tərkib hissəsi olan seçki prosesində şəffaflığın həmişə təmin olunması məqsədilə yerli və beynəlxalq (xarici) təşkilatların müşahidəçilik missiyasının həyata keçirilməsinə tam şərait yaratmışdır. Bu seçkilərlə bağlı Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq müvafiq qurumlar tərəfindən beynəlxalq təşkilatlara dəvətlər ünvanlanıb və müvafiq sahədə təcrübəsi olan bir sıra qurumlar seçkiləri müşahidə edəcəklərini bildiriblər. Bu təşkilatlar sırasına Avropa Şurası (AŞ), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Müstəqil Dövlətlər Birliyi (MDB) daxildir. Eyni zamanda, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi parlamentlərinin assambleyaları sözügedən qurumları təmsil edən parlamentarilərdən ibarət beynəlxalq müşahidəçiləri ölkəmizə göndərmək niyyətindədir.
Mirağa Cəfərquliyev, institutun baş elmi işçisi, hüquq elmləri doktoru:
- Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən, ölkəmizdə dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:
- Qanunvericilik hakimiyyətinin Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir; icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur; məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
Konstitusiyanın tələbinə görə, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
Göründüyü kimi, dövlət hakimiyyətinin birinci qolunu "qanunvericilik hakimiyyəti" təşkil edir. Burada, şübhəsiz ki, bir qanunauyğunluq diqqəti cəlb edir. Belə ki, dövlət hakimiyyətinin digər iki qolunun (icra və məhkəmə hakimiyyəti) təşkili və inkişafı bilavasitə qanunvericilikdən asılıdır. Bunun üçün də hər bir hüquqi və dünyəvi dövlət çalışmalıdır ki, ilk növbədə, demokratik əsaslar üzrə öz mili qanunvericilik orqanını yaratsın. Bu da yaxşı qurulmuş seçki siyasəti müqabilində həyata keçirilə bilər.
Seçki siyasətinin nə qədər vacib olması dövlətin Konstitusiyasından məlum olur. Baxaq, görək Azərbaycan Respublikasının Konstitusiyası seçkilərin mahiyyətini və təşkilini necə şərh edir.
Konstitusiyada ilk növbədə "Seçki hüququ"nun şərhi verilir. Bununla əlaqədar 56-cı maddədə qeyd edilir ki, Azərbaycan Respublikasının vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Bu hüquqdan, fəaliyyət qabilyyətsizliyi məhkəmənin qərarı ilə təsdiq olunmuş şəxslər məhrumdurlar.
Konstitusiyada bir qrup şəxslərin seçkilərdə iştirak etmək hüquqları müəyyən müddətə məhdudlaşdırıla bilər. Onlara hərbi qulluqçular, hakimlər, dövlət məmurları, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslər, Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslər aiddir.
Konstitusiyanın üçüncü bölməsi dövlət hakimiyyətinin təşkili məsələlərinə aydınlıq gətirir. Bu bölmənin V fəsli Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətinin Milli Məclisi tərəfindən həyata keçirilməsini bəyan edir.Həmin fəsildə (82-ci maddə) Milli Məclisin 125 deputatdan ibarət olması barədə məlumat verilir. Eyni zamanda, 83-cü maddədə Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin əsasları öz təsbitini tapmışdır. Burada qeyd olunur ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.
Konstitusiyada (85-ci maddə) Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd olan şəxslərə dair bir sıra konkret tələblər irəli sürülür:
1.Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.
2. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedoqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər,din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilə bilməzlər.
Dövlət hakimiyyətinin birinci qolu olan qanunvericilik hakimiyyətinin yalnız qanunlar əsasında və düzgün təşkil olunmuş və keçirilimiş seçkilər vasitəsilə formalaşa bilər. Konstitusiyanın 89-cu maddəsində birbaşa göstərilmişdir ki, "seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda" Azərbaycan Respublikası Milli Məclisinin deputatı mandatından məhrum edilir. Bu xəbərdarlıq müvafiq seçki komisiyalarının üzərinə böyük məsuliyyət qoyur. Məhz seçkinin təşkili və keçirilməsi prosesində seçki ilə bağlı müvafiq qanunvericilik aktlarının tələblərinə ciddi riayət olunmalıdır. Bu qanunverici aktlara Konstitusiya və Seçki Məcəlləsi aiddir.
Seçki qanunvericiliyinin tələbləri pozulduqda, onları pozan şəxslər Azərbaycan Respublikasının müvafiq qanunları əsasında inzibati və cinayət məsuliyyətinə cəlb olunurlar.
İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsindən başlayaraq 48-ci maddəyə qədər seçki ilə bağlı törədilən müxtəlif inzibati xətalara görə inzibati cəza nəzərdə tutulmuşdur. Eyni ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də seçki prosesi ilə bağlı törədilən cinayətlərə görə 159, 159-1, 160 və 161-ci maddələrdə seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolma; seçkilərdə (referendumda) iştirak qaydalarını pozma; seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma və digər əməllərə görə də cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
Milli Məclisə keçirilən seçkilər ümumxalq işi olmaqla, böyük siyasi əhəmiyyət kəsb edir. Xalqını sevən, Vətəninə sadiq olan hər bir vətəndaş bu seçkilərin təşkilində və keçirilməsində fəal iştirak etməlidir.
Rauf Qarayev, institutun aparıcı elmi işçisi, hüquq elmləri namizədi:
- Müasir beynəlxalq əlaqələr sistemi bütün dünyada qloballaşma, demokratik proseslərin inkişafı ilə xarakterizə edilir. Son onillklərdə bütün dünyada demokratiyanın qlobal genişlənməsi və inkişafı baş verir. Bu isə, öz növbəsində vaxtaşırı keçirilən seçki institutunun əhəmiyyətinin daha da artması ilə müşahidə olunur.
Ədalətli keçirilən seçkilər müxtəlif dövlətlərin hökumətlərinin həm vətəndaşları, həm də dünya ictimai birliyi qarşısında öz leqitimliyinin təmin edilməsi üçün vacib bir vasitədir. Öz növbəsində, ədalətli seçkilər və onun nəticəsində yaranmış legitim hakimiyyət stabilliyin saxlanılması və möhkəmləndirilməsi perspektivlərinə və dövlətin effektiv idarə edilməsinə müsbət təsir edir.
Beynəlxalq bəyannamələr, beynəlxalq müqavilələr və sazişlər birmənalı olaraq legitim hakimiyyətin əsasına demokratik seçkilərin keçirilməsini qoyurlar. Məsələn, BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi nəzərdə tutur ki, "...hökumətin hakimiyyətinin əsasını xalqın iradəsi təşkil etməlidir" və bu iradə "vaxtaşarı və ədalətli keçirilən seçkilərdə ifadə olunmalıdır". Bu müddəa BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş digər bir sənəddə - Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda da öz əksini tapmışdır. Həmin sənəddə bildirilir ki,"hər bir vətəndaş həqiqi vaxtaşarı keçirilən seçkilərdə seçmək hüququ və seçilmək imkanına malik olmalıdır." Digər beynəlxalq bəyannamələr və sazişlər, o cümlədən Avropa Şurası, Avropa İttifaqı, İKT, Afrika Birliyi, Amerika Dövlətləri Liqası (ADL) və s. kimi regional təşkilatların bəyannamələri daxil olmaqla, vətəndaşların seçki nümayəndəlikləri vasitəsilə bütün hakimiyyət orqanlarına seçilmək hüququnu tanıyır.
Təbii ki, əsl demokratiya üçün demokratik seçkilərin keçirilməsi əsas şərtlərdən yalnız biridir. Əsl demokratiya həm də cəmiyyətdə demokratik seçkilər keçirməklə yanaşı, demokratik mədəniyyət və qanunun aliliyinin formallaşdırılmasını tələb edir.
Bugünkü konfransda ölkəmizdə parlament seçkilərinin keçirilməsi ilə bağlı müxtəlif aspektlərə aydınlıq gətirilir. Nəzərə alsaq ki, mən daha çox beynəlxalq hüquq problemləri ilə məşğulam və istərdim ki, sizin diqqətinizi bu məsələ ilə bağlı Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması faktına yönəldim.
Zəmnimcə, erməni tərəfinin uydurduğu əsas uydurulmuş bəhanələrin biri odur ki, Ermənistanda və onun tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında qondarma "Dağlıq Qarabağ Respublikasında" guya demokratiyanın səviyyəsi Azərbaycandakından yüksəkdir. Həqiqətənmi bu belədir? Faktlara diqqət yetirək.
Ermənistanda, siyasi qətillərlə müşayiət olunan (rəsmi məlumatlara görə 8 insan həlak olmuş, yüzlərlə insan yaralanmış, siyasi rəqiblər həbs olunmuşlar) son prezident seçkiləri keçirildikdən sonra bu ölkədə demokratiyadan və demokratik seçkilərdən ümumiyyətlə danışmağa dəyməz. Məlum olduğu kimi, bu hadisələrlə bağlı Avropa Şurasının Parlament Assambleyası Ermənistan hakimiyyətinin fəaliyyətini pisləyən qətnamə qəbul etmişdir. Qətnamədə həm də bu hadisələrlə əlaqədar bütün həbs edilmiş siyasi dustaqların azadliğa buraxılması tələb olunur. Onu da qeyd etmək lazımdır ki, bu qətnamənin bütün müddəaları indiyə qədər yerinə yetirilməyib. Düşünurəm ki, Ermənistanda demokratiyadan nəinki söhbət gedə bilməz, ümumiyyətlə, erməni xalqı öz dövlətlərinin həqiqi müstəqilliyini əldə etmək üçün hələ çox çalışmalıdır. Mən isə qondarma "Dağlıq Qarabağ Respublikasında seçkilər" mövzusu üzərində dayanmaq istərdim. Ümumiyyətlə, belə seçkilərin keçirilməsi absurddur.
Birincisi, işğal olunmuş ərazilərdə seçkilərin keçirilməsinin qanuniliyi haqqında heç danışmağa dəyməz, o ki qaldı belə seçkilərin legitimliyini tanıtmaq iddiasında olasan. Dünya praktikasında isğal olunmuş ərazilərdə keçirilmiş seçkilərin qanuni sayılması və qəbul edilməsi halına rast gəlinməyib. Məsələn, belə qondarma qurumların biri "Dağlıq Qarabağ Respublikası" nə BMT tərəfindən, nə də BMT-yə üzv olan heç bir dövlət tərəfindən tanınmayıb. Bununla əlaqədar həm BMT-nin, həm də təşkilata üzv olan dövlətlərin rəsmi sənədlərində "Dağlıq Qarabağ Respublikası" kimi qondarma qurumlara aid müstəqil dövlətlərə mənsub olan prezident, baş nazir, seçkilər, hökumət, parlament, bayraq, gerb, paytaxt kimi siyasi kateqoriyalardan istifadə olunmur. Məsələn, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in və BMT-nin sənədlərində "Dağlıq Qarabağ rəhbərliyi" ("Leadership of Nagorny Karabakh") adlandırılır. Bu isə regionun hər-hansı bir diplomatik və ya siyasi statusunun formal tanınması kimi qiymətləndirilmir.
İkincisi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan əhali əsasən iki böyük icmadan ibarət idi: Azərbaycan və erməni icmalarından. Ayrıca Dağlıq Qarabağ xalqı mövcüd deyil. Bu ərazidə yaşayan bütün azərbaycanlılar qovulmuş, öldürülmüş, yaralanmış və əsir götürülmüşdür. Beynəlxalq hüquq nöqteyi-nəzərindən belə etnik təmizləmənin aparılması ən ağır beynəlxalq cinayət hesab edilir. Bu isə təcavüzkar ölkənin məsuliyyətə cəlb olunması problemini gündəmə gətirir.
Bu arada, bir məqama da diqqəti cəlb etmək çox maraqlıdır. Avropa Şurasının Parlament Assambleyası 2008-ci ildə də özünün yay sessiyasında Azərbaycanın ərazi bütövlüyünə dəstək verdi. AŞPA-nın bu sessiyasında xüsusi məruzəçilər Andreas Herkel və Yevqeniya Civkova tərəfindən 6 iyun 2008-ci ildə edilmiş eyniadlı məruzə əsasında 24 iyul 2008-ci ildə 1614 nömrəli "Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında" adlı qətnamə qəbul edilmişdir. AŞPA-nın 1614 nömrəli qətnaməsinin 25.1 bəndində deyilir; "Assambleya hesab edir ki, ölkənin ərazi bütövlüyü bərpa olana qədər Azərbaycanda sabit, demokratik inkişaf çox çətin olacaqdır".
AŞPA elə həmin sessiyada qəbul etdiyi özünün digər qətnaməsində də üç postsovet ölkəsinin - Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütovlüyünə öz dəstəyini göstərdi. 9 iyun 2008-ci ildə məruzəçi S. Qolovatı tərəfindən "Avropada demokratiyanın vəziyyəti. Avropada demokratik institutların fəaliyyəti və Assambleya tərəfindən monitorinq prosedurunun aparılması" mövzusunda məruzə təqdim olundu. AŞPA bunun əsasında 1619 nömrəli qətnamə qəbul etdi. Bu qətnamənin 10.1 bəndində qeyd olunur ki, Azərbaycanda, Gürcüstanda və Moldovada, bu dövlətlərin ərazi bütövlüyü bərpa olunmayana qədər, demokratik dəyişiklikləri möhkəmləndirmək mümkün olmayacaq. Bu baxımdan, bizim fikrimizcə, Azərbaycanda əsl demokratik dövlətin qurulması və demokratik institutların möhkəmləndirilməsi, şübhəsiz ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli nizamlanmasında əhəmiyyətli mənaya malik olan vacib faktorlardan biridir.
{nl}
Bəhram Zahidov, institutun elmi işlər üzrə direktor müavini, hüquq elmləri doktoru, professor:
- Siyasi sabitlik, iqtisadi inkişaf, sosial rifahın gündən-günə yaxşılaşması, milli maraqların və xalqın iradəsinə cavab verə bilən daxili və xarici siyasətin aparılması ölkəmizdə builki seçkilərin kifayət qədər demokratik və ədalətli keçiriləcəyinə ümid yaradır. Aktiv və passiv seçki hüquqlarından istifadə mövcud qanunvericilikdə nəzərdə tutulan başqa təminatlar seçkilərin tam qanuni və demokratik keçirilməsi sahəsində ölkə vətəndaşları üzərinə böyük məsuliyyət qoyur. Passiv seçki hüququ vətəndaşların nümayəndəli orqanlara seçkilərdə və ya seçkili vəzifələrə namizəd sifəti ilə qanunla müəyyən edilmiş qaydada iştirak etməyə əsas verən subyektiv hüquq hesab olunur. Bu seçilmək hüququdur. Passiv seçki hüququ Azərbaycan Respublikası vətəndaşlarının prezidentlıyə, deputatlığa, bələdiyyə üzvlüyünə seçilmək hüququnda ifadə olunur. Qanunvericilik, Azərbaycan Respublikasının Seçki Məcəlləsi passiv seçki hüququ olmayan şəxslərin dairəsini dəqiq müəyyən etmişdir.
Azərbaycan Respublikası vətəndaşlarının passiv seçki hüququnun həyata keçırilməsi üçün müvafiq yaş senzi nəzərdə tutulmuşdur. Bələdiyyə üzvü seçilmək üçün 21 yaş, Milli Məclisə deputat seçilmək üçün 25 yaş, prezident seçilmək üçün isə 35 yaş müəyyən edilmişdir. Ölkəmizdə bu il keçirilən parlament seçkiləri üçün zəruri olan bütün normativ-hüquqi baza və təşkilati-hüquqi tədbirlər həyata keçirilmişdir. Belə bir dövrün hüquqi vəzifələri ciddi şəkildə tələb edir ki, istər aktiv istərsə də passiv seçki hüququnun subyektləri seçkinin demokratik, qanuni və ədalətli keçirilməsini təmin etsinlər. Bununla əlaqədar olaraq ölkədə seçki qanunvericiliyinin və konstitusion vəzifə kimi seçki hüququnun həyata keçirilməsi üçün zəruri şərait yaradılmışdır. Əhalinin fəallığı güclüdür. Xalq bu seçkilərə böyük ümid bəsləyir. Gələcək 5 il üçün formalaşdırılan və hazırda keçirilməsinə hazırlaşdığımız seçkilərin taleyimizi həll edəcəyi yaddan çıxmamalıdır. Bu mənada institutumuzun alimləri hüquq təbliğatını seçki hüququnun elmi-nəzəri müddəalarının təbliğinə böyük yer verir. Bugünkü konfrans bu fəallığın nəticəsidir. Əminəm ki, Azərbaycanda bu il keçirilən seçkilər parlamentin ən layiqli şəxslərlə formalaşdırılmasına imkan verəcəkdir.
Bununla belə, bəzi məsələlərə də öz münasibətimi bildirmək istərdim. Məlumdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin 2-ci bəndinin tələbinə əsasən icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər Milli Məclisə deputat seçilə bilməzlər. Elə buna görə də deputatlığa namizədliyini irəli sürən bir sıra şəxslər namizədliklərini qeydə aldırmaq üçün tutduqları vəzifələrdən çıxdıqları barədə sənədi dairə seçki komissiyalarına təqdim edirlər. Lakin dairə və Mərkəzi Seçki Komissiyasının zəif nəzarəti üzündən bu şəxslər, əslində bütün ictimaiyyəti aldadaraq, sonradan həm tutduqları vəzifəni saxlayır, həm də parlamentdə deputatlıq fəaliyyəti göstərirlər. Bu isə hakimiyyət bölgüsü prinsipinin kobud şəkildə pozulmasına, demokratik dəyərlərə və hüquqi dövlət prinsiplərinə əməl edilməməsinə, son olaraq ölkənin beynəlxalq imicinə mənfi təsir göstərir. Bütün ölkə bilir ki, bu şəxs kommersantdır, rektordur, şirkət prezidentidir, sahibkardır, həm də deputatdır. Mövcud fakta müxtəlif şəxslər müxtəlif cür izahlar verməyə təşəbbüs göstərsələr də, bu, qeyri-qanunidir. Hər şeydən əvvəl, Konstitusiyanın tələblərinə birmənalı şəkildə ziddir. Belə şəxslər aydındır ki, deputat mandatından tutduqları vəzifənin hüdudlarını daha da genişləndirmək üçün istifadə edirlər. Təəssüflə qeyd edilməlidir ki, Milli Məclis, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndinin tələbinə əsasən həmin şəxslərin dövlət orqanlarında vəzifə tutduqlarını, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqlarını bildikləri halda, bu deputatların səlahiyyətlərini itirməsi məsələsini həll etmir, biganəlik göstərir, hətta bəzən Konstitusiyaya zidd müddəalarla mövcud vəziyyətə haqq qazandırmağa çalışırlar. Bu isə hüquqi dövlətdə yolverilməzdir. Məgər böyük kadr potensialı olan ölkədə layiqli deputat tapmaq çətindirmi ki, biz Konstitusiyanın normalarını pozaraq eyni şəxsin həm qanunverici həm də icraedici orqanda işləməsinə göz yumur və imkan veririk? Atalar demişkən, bir əldə neçə qarpız tutmaq olar?
Milli Məclis deputatlarının toxunulmazlığı məsələsinə də aydınlıq gətirmək yerinə düşərdi. Mətbuat səhifələrindən göründüyü kimi, bəzi şəxslər öz hərəkətlərini sığortalamaq üçün deputat mandatından istifadə etməyə çalışırlar. Hüquqi dövlət quruculuğu mərhələsində bu kimi halların qarşısını almaq üçün hesab edirəm ki, şəxs yalnız deputat fəaliyyətini həyata keçirərkən toxunulmaz olmalı, qalan vaxtlar isə qanun qarşısında bütün ölkə vətəndaşları kimi bərabər məsuliyyət daşımalıdır. Bundan başqa, deputatın öz seçicilərinə ildə ən azı iki dəfə hesabat verməsi və etimad doğrultmayan deputatların seçicilərin səs çoxluğu ilə mandatdan məhrum edilməsi norması qanunda təsbit edilməlidir. Deputatı seçən şəxslər onu mandatdan məhrum etməkdə də tam səlahiyyətli olmalıdırlar. Belə yanaşma deputatların məsuliyyətini artırmış olardı.
Vəsilə Mövsümova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sektor müdiri:
- XX əsrdə qadınların rolunun və fəaliyyətinin artması ilə bağlı ümummilli liderimiz Heydər Əliyev 7 mart 1998-ci ildə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə demişdir: "XX əsrdə Azərbaycan Respublikasının həyatında böyük hadisələr olubdur və bu hadisələrdə qadınların rolu böyükdür. Bu da ondan ibarətdir ki, 1918-ci ildə Xalq Cümhuriyyəti yaranandan sonra Azərbaycan qadınları ilk dəfə seçmək və seçilmək hüququ almışlar. Qadınlara verilmiş bu hüquq sonrakı illərdə reallaşdırılmışdır və qadınlar Azərbaycanda həyatın bütün sahələrində özlərinə məxsus yer tutmuşlar, bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın bütün imkanlarından istifadə etmişlər".
Qadın problemlərinə dövlət səviyyəsində diqqət və qayğını həmişə hiss edirik. Yeni qanunvericilik aktları, Prezidentinf fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, gender siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və qeyri-hökumət təşkilatlarının fəaliyyəti bu sahədə böyük işlərin görüldüyünü əyani surətdə nümayiş etdirir.
Qadınların siyasi və ictimai sahələrdə daha aktiv iştirakı üçün Azərbaycanda 2006 ildə Gender haqqında Qanun qəbul edildi. Bu qanunun həyata keçirilməsi son illər ərzində ölkəmizdə bütün sahələrdə bir çox mühüm dəyişikliklərə səbəb olmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin 14 yanvar 1998-ci il tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Bu, qadınların idarəetmədə təmsil olunması və hüquqlarının dövlət səviyyəsində qorunması istiqamətində mühüm nailiyyət idi. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev bu sahədə olan problemlərin kompleks həlli məqsədilə növbəti mərhələni həyata keçirdi. Prezidentin 6 fevral 2006-cı il tarixli fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Fəaliyyət göstərdiyi qısa müddət ərzində komitə ailə, qadın və uşaq prolblemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq qadınların sosial statuslarının yüksəlməsində, qərar qəbuletmə sahəsində rollarının artmasında, bələdiyyələrdə qadınların təmsil olunmasında praktiki işlər görmüşdür. Azərbaycan Respublikası BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların üzvüdür. Buna uyğun olaraq, komitə BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının və Avropa Şurasının Qadınlar və Kişilər arasında Bərabərlik üzrə Rəhbər Komitəsinin işində ekspert səviyyəsində iştirak edir. Artıq bu gün ölkəmizdə gedən islahatlarda qadınlarımızın təmsilçiliyi və fəal iştirakı artmışdir. Onlar məhkəmə sistemində, prezident və ombudsman aparatlarında, rəhbər icra orqanlarında, Milli Məclisdə və bələdiyyələrdə təmsil olunurlar.
Hazırda Azərbaycanda əhalinin 52 faizini qadınlar təşkil edir, onların böyük hissəsi ali təhsillidir. Bu isə vətəndaş cəmiyyətinin, demokratik prinsiplərin formalaşmasında kulturoloji, sosial və siyasi cəhətdən məlumatlı olan qadınlarımızın aktiv rolu ilə müşahidə olunmaqdadır.
Diqqətinizə ötən seçkilərlə bağlı bir neçə məqamı çatdırmaq istəyirəm: 2009-cu ildə respublikamızda keçirilən bələdiyyə seçkilərinin nəticələrinə görə 15591 bələdiyyə üzvündən 4137 nəfəri qadınlardır.
Xatırladım ki, 2004-cü ildə bələdiyyə üzvlərinin cəmi 4 faizi qadınlar olduğu halda, 2009-cu ildə bu rəqəm 26,5 faizə qalxıb.
Hazırda qarşıdan parlament seçkləri gəlir və bu seçkilərdə də qadınlarımız fəallıq göstərirlər. Son iki günün məlumatına əsasən millət vəkilliyinə namizəd olmaq üçün imza vərəqi alan 1351 nəfərin 164-ü qadınlardır. Bu rəqəmlər bir daha onu göstərir ki, bu gün Azərbaycan qadınları dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Onlar bələdiyyə və parlament seçkilərində iştirak etməklə, sərbəst təhsil almaqla, peşə səviyyələrini artırmaqla bərabər cəmiyyətin qurucusu kimi ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Respublikada qadınların qərar qəbuletmədə və hakimiyyət orqanlarında iştirakı da getdikcə artmaqdadır. Buna baxmayaraq qadınların hakimiyyətdə və idarəetmədə iştirak səviyyəsinin daha da yüksəldilməsi istiqamətində ardıcıl addımlar atılır.
Aydın Səfixanlı, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının rəhbəri, hüquq elmləri üzrə fəlsəfə doktoru:
- Bəri başdan aktual mövzuya həsr olunmuş belə bir tədbiri təşkil etdiyinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun rəhbərliyinə və kollektivinə öz minnətdarlığımı bildirmək istərdim.
Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilmiş, üçüncü fəsil bütövlükdə insan və vətəndaş hüquqlarına və azadlıqlarına, bu hüquq və azadliqların konstitusion təminatlarına həsr edilmişdir. Bu hüquqların da bir hissəsini Azərbaycan vətəndaşlarının malik olduğu siyasi hüquqlar və azadlıqlar təşkil edir.
Azərbaycan Respublikası vətəndaşlarının malik olduğu siyasi hüquqlar sırasında ən mühümü və aktuallığı ilə diqqəti cəlb edəni seçki hüququdur. Seçki hüququ ölkə vətəndaşlarının dövlət və yerli özünüidarə orqanlarına nümayəndələrini seçmək və seçilmək imkanıdır. Bu imkanın təmin edilməsi demokratik hüquqi dövlət quruculuğu yolunu tutmuş hər bir ölkənin prioritet vəzifələri sırasına daxildir.
Qeyd etmək istərdim ki, vətəndaşların əsas hüquqlarından biri kimi seçki hüququnun müdafiəsi İnsan Hüquqları üzrə Müvəkkilin daim diqqət mərkəzində olan məsələlərdəndir.
Məlum olduğu kimi, qarşıdan parlament seçkiləri gəlir. Bu seçkilərə də hazırlıq mərhələsində Ombudsman ötən seçki təcrübələrində olduğu kimi, Mərkəzi Seçki Komissiyası ilə birlikdə müvafiq tədbirlər planı hazırlamış və həyata keçirmişdir. Belə ki, müvəkkil və aparatın əməkdaşları respublikanın ayrı-ayrı rayonlarında, qaçqınların və məcburi köçkünlərin məskunlaşdığı yerlərdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçicilərin hüquqi mədəniyyətinin yüksəldilməsi ilə bərabər demokratik, azad və şəffaf seçkilərin keçirilməsinə xidmət edəcək maarifləndirmə tədbirləri həyata keçirmişlər.
Bununla yanaşı, müvəkkil Daxili İşlər Nazirliyi ilə birgə ölkənin regionlarında "Seçki prosesində polisin vəzifələri" mövzusunda zona müşavirələri keçirmişdir. Həmin zona müşavirələrində qanunvericiliklə polisin üzərinə düşən vəzifələr, insan hüquqlarının müdafiəsində polisin rolu və digər məsələlər işıqlandırılmışdır.
Qeyd etmək istərdim ki, bu ilin iyul-sentyabr aylarında Ombudsman Milli Məclisə qarşıdakı seçkilərin əhəmiyyətini nəzərə alaraq, seçki hüququ ilə bağlı əhalinin maarifləndirməsi məqsədilə ölkəmizin 58 rayonunda rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli QHT-lərin, KİV-lərin və icmaların nümayəndələrinin iştirakı ilə silsilə ictimai dinləmələr keçirmişdir.
Bu tədbirlər çərçivəsində ölkənin hər bir rayon və şəhərində seçki hüququ ilə bağlı əhali arasında geniş təbliğat aparılmış, dairə və məntəqə seçki komissiyalarına baxışlar keçirilmiş, bu sahədə işin təkmilləşdirilməsi ilə bağlı tapşırıq və tövsiyələr verilmiş, yekunda həmin tövsiyələr ümumiləşdirilərək MSK-ya göndərilmişdir.
Nəzərinizə çatdırmaq istərdim ki, Ombudsman və aparatın əməkdaşları parlament seçkilərində müstəqil müşahidəçilər kimi qeydiyatdan keçmiş və bu seçkilərin müşahidəsini həyata keçirəcəkdir.
İlqar Cəfərov, institutun elmi işçisi:
- Bu gün müzakirə etdiyimiz mövzu məhz cəmiyyətimizin bütün təbəqələrindən olan insanları, vətəndaşlarımızı düşündürən vacib məsələlərə daxildir. Belə ki, Azərbaycan Milli Məclisə seçkilər ərəfəsindədir, vətəndaşlarımız seçki hüququndan istifadə edərək bu və ya digər formada seçki prosesinin fəal subyektləri olurlar.
Azərbaycan Respublikası Konstitusiyasının qüvvəyə minməsindən sonra seçki qanunericiliyi tam yeniləşmiş və seçki hüququ qanunvericiliyin vacib sahələrindən birinə çevrilmişdir. İlk dəfə Azərbaycanda 9 iyun 1998-ci ildə "Azərbaycan Respublikasının Prezidentinin seçkiləri haqqında" Qanun qəbul olunmuşdur. Həmin qanun indiki seçki qanunvericiliyinin əsasını təşkil etmişdir.
1999-cu il 27 iyun tarixdə "Bələdiyyələrə seçkilər haqqında", 2000-ci il 5 iyul tarixdə "Milli Məclisə seçkilər haqqında", 30 dekabr 1997-ci ildə "Referendum haqqında" qanunlar qəbul olunmuşdur. Vətəndaşların seçmək hüququ yetkinlik yaşına çatması ilə 18 yaşın tamamında həyata keçirilməyə başlayır. Vətəndaşlar tam həcmdə hüquq və vəzifələrə malik olduqdan sonra hüquqlarını sərbəst həyata keçirirlər.
Vətəndaşlar dövlət hakimiyyət orqanlarına və yerli özünüidarəetmə orqanlarına müvafiq olaraq 25 və 21 yaş tamam olduqda Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin I hissəsinin tələblərinə uyğun olaraq üzv seçilmək hüququna malikdirlər. Azərbaycan Respublikası ərazisində 10 ildən az yaşamayan və 35 yaşı tamam olan vətəndaşlar isə Azərbaycan Respublikasının Prezidenti seçilmək hüququna malikdirlər. Referendumda iştirak üçün digər məhdudiyyətlər qoyulmur, yalnız referendum keçirilən vaxta qədər və həmin gün 18 yaşlı bütün vətəndaşlar iştirak etmək hüququna malikdirlər.
Ölkəmizin seçki sisteminin əsas xüsusiyyətlərindən biri odur ki, seçki qanunvericiliyində Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və yaxud konsul idarələrinin yerləşdiyi dövlətlərin ərazisində həmin ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarına səsvermədə iştirak etmək üçün zəruri şərait yaradılır. Azərbaycan Respublikasında mülki hüquq qabiliyyətli sayılmaq üçün müəyyən edilən 18 yaş digər ölkələrə münasibətdə daha gənc yaş hesab olunur. Belə ki, Yaponiyada bu yaş 20, Almaniya və İtaliyada 21 yaş götürülür.
Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 85) Milli Məclisin deputatlığına namizədlərə aid tələblərdə müəyyən edilir ki, yaşı 25-dən aşağı olmayan hər bir vətəndaş qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilə bilər.
İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər isə Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər. Hesab edirik ki, bu gün Azərbaycan Respublikasında Azərbaycan vətəndaşlarının iradəsini dövlətin və cəmiyyətin siyasi sisteminin təşkilində ifadə etməyə imkan verən, demokratik seçkilər keçirilməsinə əsas yaradan seçki qanunvericiliyi mövcuddur.
Mövcud Seçki Məcəlləsinə görə, namizədlərin irəli sürülməsi bir neçə formada həyata keçirilə bilər: namizədin özü tərəfindən, təşəbbüs qrupu tərəfindən, siyasi partiyalar bloku tərəfindən. Xüsusilə, 2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 18 iyun 2010-cu il tarixdə qüvvəyə minmiş qanunla 33 maddə üzrə dəyişikliklər və əlavələr edilmişdir. Həmin Məcəllədən 69.9. maddəsi çıxarılmışdır ki, məhz həmin maddənin çıxarılması hesabına qeydə alınmış namizədlərin və referendum üzrə təşviqat qruplarının seçki fondlarına dövlət tərəfindən ayrılmış vəsaitin MSK tərəfindən bölüşdürülməsi ilə bağlı maddə ləğv olunmuşdur. Digər maddələrdə isə müddətlərlə bağlı dəyişikliklər aparılmışdır. Həmin maddələr Seçki Məcəlləsinin 8.1, 29.6, 30.1 və digər maddələridir.
Fikrimizin yekunu olaraq bildiririk ki, Azərbaycanda seçki sistemi və seçki hüququnun əsaslarını təşkil edən qanunvericilik aktları sistemi vətəndaşların aktiv və passiv seçki hüququnun həyata keçirilməsinə tam təminat verir.
Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının hüquqşünası:
- Təcrübə göstərir ki, ictimai nəzarət seçkilərin açıq və şəffaf keçirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. İctimaiyyətin seçkiyə marağının artması və seçki fəallığının artırılması yollarından biri də QHT-lərin seçki proseslərinə qoşulmasıdır.
QHT-lər seçki qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində də müxtəlif dövrlərdə xeyli təşəbbüslərlə çıxış etmişdir. Yeni Seçki Məcəlləsi qəbul edildikdən sonrakı mərhələdə də QHT-lərin seçki təşəbbüsləri davamlı xarakter daşıyıb. Bu istiqamətdə irəli sürülən təkliflər daha çox seçki komissiyalarının tərkibinin yeni prinsiplər əsasında təşkil edilməsi, müşahidəçilərin hüquqlarının genişləndirilməsi, seçki məntəqələrinin təşkili prinsiplərinin dəyişdirilməsi, seçki şikayətlərinin verilməsi və baxılması mexanizmlərinin təkmilləşdirilməsi və s. kimi məsələlərlə bağlı olub.
Seçkilərin hüquqi bazasının təkmilləşdirilməsi üzrə növbəti QHT təşəbbüsləri 2005-ci ilin ortalarında olub. Həmin dövrdə hökumətin AŞ Venesiya Komissiyası ilə apardığı müzakirələrin nəticəsi kimi Seçki Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər irəli sürülürdü. 2005-ci il iyunun 28-də "Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər haqqında" Qanun qəbul olundu. Qeyri-hökumət təşkilatları bu dövrdə həm qanuna dəyişikliklər üzrə münasibətlərini ifadə etməklə yanaşı, həm də təkliflərini irəli sürmüşlər. Qeyd edək ki, QHT-lərin əksəriyyətinin təklifləri Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin qiymətləndirilməsinə dair AŞ Venesiya Komissiyasının və ATƏT-in DTİHB-nun rəyi ilə bütünlüklə üst-üstə düşürdü.
QHT-lərin müəyyən təklifləri qanunvericiliyin təkmilləşdirilməsinin sonrakı mərhələsində bu və ya digər dərəcədə nəzərə alınıb.
Son parlament seçkilərinin əvvəlki seçkilərə nisbətən daha da təkmilləşdirilməsində Azərbaycan Respublikası Prezidentinin 11 may və 25 oktyabr 2005-ci il tarixli sərəncamları müsbət təsir göstərib. Səsverənlərin barmağına mürəkkəb vurulması praktikasından istifadə olunması, ilk dəfə tətbiq olunan seçici vəsiqələrinin istifadəsi, seçici siyahılarının dərc edilməsi, müstəqil "exit-poll"arın keçirilməsi, xaricdən maliyyələşən yerli QHT-lər üzərindən seçkilərin müşahidəsi ilə bağlı məhdudiyyətlərin aradan götürülməsi və s. yeniliklər son parlament seçkilərini əvvəlkilərdən köklü surətdə fərqləndiyini göstərir.
Ötən 10 ildə QHT-lərin seçkilərdə iştirakı daha çox seçki maarifçiliyi və seçkilərin monitorinqi ilə bağlı olub. Bu gün də QHT-lər bu işdə fəal çalışır və seçicilərin seçki prosesində fəal iştirakına kömək edir.
Artıq 3 ilə yaxındır ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yüzlərlə QHT-nin müxtəlif ideya və təkliflərinə dəstək verir. Onlar içərisində seçki maarifçiliyi və seçki monitorinqlərinin aparılması işinə töhfə verən layihələr xüsusi yer tutur.
Mövcud məcəllədə seçki kampaniyasının mərhələləri (və ya başqa cür deyilsə, seçki tədbirləri - seçkinin elan edilməsi, namizədlərin irəli sürülməsi və qeydiyyatı, namizədlərin seçkiqabağı kampaniyası, seçki dairələri və məntəqələrinin formalaşdırılması, bütün səviyyələrdə seçki komissiyalarının formalaşdırılması, səsvermə və seçki nəticələrinin elanı) çoxsaylı hüquqi prosedurlardan ibarətdir. Bu isə öz növbəsində onlara riayət olunması və müvafiq yoxlamanın aparılmasını tələb edir. QHT-nin əsas nailiyyəti bütün respublika ərazisində seçkilərin hərtərəfli, qərəzsiz və kompleks monitorinqini apara bilməsidir. Bu, seçki nəticələrinin dürüstlüyünün yoxlanılmasının, seçkinin şəffaflığının səmərəli vasitəsidir.
Ümid edirəm ki, bundan sonra da vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan QHT-lərimiz seçki proseslərində fəal iştirak edəcək, öz səylərini artıracaq və faydalı təşəbbüslərlə çıxış edəcəklər.
Mehman Kərimov, institutun kiçik elmi işçisi:
- Azad, ədalətli seçki hər bir cəmiyyətin sağlam milli gücünün formalaşmasına, xalq və hakimiyyət arasında davamlı,əsaslı inamın yaradılmasına, cəmiyyətdə dərin özünə inam hissinin formalaşmasına kömək edən ictimai-siyasi proses və hadisədir.
Seçkiləri çox əhəmiyyətli edən amillərdən biri də cəmiyyətdəki ayrı-ayrı təbəqələrin sosial müdafiəsi ilə bağlıdır. Seçkilər təhsil, sağlamlıq, ailə ilə bağlı sosial müdafiə siyasətinə qiymət verilməsi və bu istiqamətdə yeni proqramların həyata keçirilməsi baxımından səmərəlidir. Bu baxımdan seçkilərin sosial qruplar arasında münasibətlərin tənzimləməsində əvəzsiz rolu var. Ən önəmlisi, seçkilərin ölkənin gələcəyinə münasibətdə tarixi-milli identifikasiya yaratmasıdır. Seçkilər bəşəri dəyərlər, yurdsevərlik və vətəndaş məsuliyyətinin hiss olunması baxımından müstəsna əhəmiyyət daşıyır. Müasir dövrdə seçkilər təcrübə mübadiləsi, Vətənin müqəddəratı, vətəndaşlıq institunun formalaşması baxımından son dərəcə əhəmiyyətlidir.Seçkilər fərqli maraqlar güdən insanlar, sosial zümrələr və siyasi təşkilatlar arasında konsensus yaradan əvəzsiz mexanizmdir.Akademik R.Mehdiyev yazır: "Seçkilər cəmiyyətin həyatında mühüm əhəmiyyət kəsb edən ,demokratiyanın başlıca göstəricisi və meyarı hesab olunan, həmçinin siyasi partiyaların hesabatı xarakterini daşıyan genişmiqyaslı prossesdir."
Müasir standartlara uyğun olaraq, Azərbaycan Respublikası qanunları seçkilərin( referendumların) dörd tələbə cavab verməsinə imkanlar yaradır: 1.Ümumi, bərabər, birbaşa seçki hüququ. 2.Gizli səsvermə. 3.Alternativ seçkilər. 4.Seçkilərin gedişinə nəzarət.
Seçki Məcəlləsinin 2.1 maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə və referendumlarda ümumi, bərabər,birbaşa seçki hüququ əsasında, gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər. Seçki Məcəlləsinin 2.2-ci maddəsi vətəndaşların seçkilərdə iştirakının azad və könüllü olmasını müəyyən edir. Seçki Məcəlləsinin 3-cü maddəsində vətəndaşların ümumi seçki hüququndan bəhs olunur. Həmin maddəyə görə, irqindən, milliyyətindən, dilindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına, başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq, Azərbaycan Respublikasının vətəndaşlarının seçmək və seçilmək, referendumda iştirak etmək hüququ vardır. Seçki Məcəlləsində vətəndaşların bərabər seçki hüququna malik olması vurğulanır.Məcəllənin 4-cü maddəsində hər bir vətəndaşın seçkilərdə və referendumlarda bərabər əsaslarla iştirak etməsi, bir səsə malik olması və hər səsin eyni hüquqi qüvvədə tanınması nəzərdə tutulur. Seçki Məcəlləsinə görə, Azərbaycan vətəndaşları birbaşa seçki hüququna malikdirlər. Onlar namizədlərin və ya çıxarılan məsələlərin lehinə, yaxud əleyhinə şəxsən səs verirlər. Başqa şəxslərin yerinə səs vermək qadağan olunur. Azərbaycan Respublikasında səsvermənin gizliliyi barədə müddəa Seçki Məcəlləsinin 6-cı maddəsində təsbit olunub. Bu bəndə görə,seçkilər və referendum zamanı səsvermə gizli olmalı, seçicilərin iradəsinin ifadəsi üzərində hər cür nəzarət istisna edilməlidir.
Göründüyü kimi, Azərbaycana Respublikasında qüvvədə olan seçki qanunları müasir demokratik tələblərə tamamilə uyğundur.
Xamis Seyranov, institutun aspirantı:
- Azərbaycan Respublikası Seçki Məcəlləsinin " Vətəndaşların seçki hüquqlarının pozulmasından şikayət və vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət" adlanan 16-cı fəslində seçki hüquq pozuntuları və eyni zamanda seçki ilə bağlı mübahisələrin həll edilməsində məhkəmələrin fəaliyyəti təsbit olunmuşdur. Seçki hüquqlarının pozulması ifadəsi geniş məna kəsb etməklə seçki hüququna malik şəxslərin seçki hüququnu pozan səlahiyyətli orqanların qərarlarını, hərəkət və ya hərəkətsizliyini də ehtiva edir. Qanunvericilikdə təsbit olunmuşdur ki, hər bir vətəndaş onun seçki hüququnu məhdudlaşdıran hər hansı bir qərardan, səlahiyyətli orqanın hərəkət və hərəkətsizliyindən müvafiq orqanlara şikayət ərizəsi ilə müraciət edə bilər. Qeyd edilən müvafiq orqanlar anlayışına isə seçki komissiyaları ilə yanaşı, məhkəmə orqanları da aid edilir. Bu mənada, məhkəmə instansiyalarının seçki hüquq pozuntularının aradan qaldırılmasında böyük rolu vardır. Məsələn, öz adını seçici siyahısında tapa bilməyən hər bir seçki hüququ olan vətəndaş onun adının seçici siyahısına salınması üçün birinci instansiya məhkəməsinə müraciət edə bilər. Bu zaman əgər müraciət etmiş vətəndaşın adının seçici siyasına daxil edilməməsi üçün hər hansı bir əsas, yaxud maneə yoxdursa, məhkəmə dərhal daxil olmuş şikayətə baxır və müvafiq qərar qəbul etməklə vətəndaşın pozulmuş hüququnu bərpa edir.
Seçki Məcəlləsinin 112-ci maddəsində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən, yaxud hərəkətsizliklərdən və qərarlardan şikayət edilməsi prosedurları təsbit edilmişdir. Belə ki, həmin maddəyə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində müvafiq seçki komisiyasına şikayət edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası t
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.