18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.
Azərbaycanın müstəqillik yolunda atdığı ilk addım 1991-ci il avqustun 30-da Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannaməni qəbul etməsi olmuşdur. Bunun ardınca Azərbaycan Respublikası Ali Sovetinin həmin il oktyabrın 18-də keçirilmiş sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edilmişdir. Bununla da Azərbaycan Respublikası 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilmişdir.
Lakin, 70 ildən artıq bir dövrdə öz azadlığına qovuşmaq həsrəti ilə yaşayan Azərbaycan xalqının müstəqillik sevinci ciddi təhlükə ilə üz-üzə qalmışdı. Bədnam ermənilərin 1988-ci ildən başlayaraq Azərbaycana qarşı həyata keçirdikləri qəsbkar əməlləri, eləcə də o zamankı iqtidarın bacarıqsız siyasəti dövləti parçalanmaq təhlükəsi qarşısında qoymuşdu. AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə ölkədə xaos, anarxiya hökm sürür, ekstremist meyillər getdikcə güclənirdi. İdarəetmədəki kobud nöqsanlar, cəbhədəki uğursuzluqlar, ordudakı hərc- mərclik nəticəsində 1993-cü ilin yayında ölkə vətəndaş müharibəsi, dünyanın siyasi xəritəsindən silinmək kimi real təhlükə ilə qarşılaşmışdı.
Zəngin siyasi təcrübəyə və böyük dövlətçilik qabiliyyətinə malik Heydər Əliyevin belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu.
Ulu öndərin hakimiyyətə qayıdışından sonra ağır vəziyyətdə olan ölkənin problemlərinin həlli istiqamətində konkret addımlar atılmağa başlandı. 1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsi dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addım oldu. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas oldu. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr zərərsizləşdirildi, cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Ölkədə əmin-amanlıq, sabitlik yarandı, azad bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş meydan verildi, aqrar sahədə islahatlara başlandı.
Xarici siyasətdə mühüm nailiyyətlər əldə olundu. Beynəlxalq maliyyə mərkəzləri, dünyanın iri şirkətləri Azərbaycana böyük miqdarda kreditlər verməyə, investisiya qoymağa başladılar. 1994-cü ilin sentyabrın 20-də Azərbaycanda yaranan sabitliyin və beynəlxalq aləmdə ölkəmizə artan inam və marağın məntiqi nəticəsi kimi dünyanın aparıcı şirkətləri ilə "Əsrin müqaviləsi" adlandırılan neft sazişi imzalandı.
Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşdirmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı.
Ümummilli liderimizin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə etmişdir. Hazırda dövlətimiz dünya birliyində özünə layiqli yer tutmuş, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək beynəlxalq nüfuz qazanmışdır.
Hazırda Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilmişdir. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Ölkəmiz xarici əlaqələrinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmiş, beynəlxalq aləmdə daha çox nəzərəçarpan və hörmət edilən ölkəyə çevrilmiş və xarici siyasət xəttini daha da təkmilləşdirmişdir.
Azərbaycan diplomatiyası fəaliyyətini gücləndirərək BMT, ATƏT, Avropa Şurası, NATO, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın təcavüzkar siyasətini pisləyən bir çox qətnamələr və qərarların qəbul edilməsinə nail olmuşdur.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur. Təsadüfi deyil ki, dünyada maliyyə böhranın tüğyan etdiyi bir vaxtda Azərbaycanda iqtisadi artımın səviyyəsi 9,3 faiz olmuşdur. Əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən proqramların icrası, eləcə də Azərbaycan Prezidentinin sosial təminatların, əmək haqları və müavinətlərin artırılması ilə bağlı imzaladığı sərəncamlar məhz bu iqtisadi inkişafın təzahürüdür.
Müstəqilliyimizin 19-cu ildönümünü qeyd edərkən qürur və iftixar hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Bütün bunlar müstəqil Azərbaycanın tarixi nailiyyətləridir. Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.{nl}

Elvin MÖVSÜMOV, AzərTAc-ın müxbiri

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında