Gədəbəy seçkilərə hazırdır

Son illər Gədəbəyin xeyli inkişaf etməsi, abadlaşdırılması, adamların sosial durumunun yaxşılaşdırılması intensiv xarakter daşıyır. Yeni yolların çəkilişi, körpülərin salınması, sənayenin canlandırılması, məktəb, səhiyyə ocaqlarının tikintisi və təmiri, eləcə də digər işlər ucqar dağ rayonunun simasını tamamilə dəyişdirmişdir.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın yerinə yetirilməsinin gedişi ilə yaxından tanış olarkən açıq-aydın görünür ki, tezliklə Gədəbəy regionun ən abad, hərtərəfli inkişaf etmiş, bütün sahələrdə irəliləyişlərə nail olmuş rayonlarından birinə çevriləcəkdir. Rayonda kiminlə söhbət edirsənsə bu inkişafı ölkə rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğı ilə əlaqələndirir. Son 4 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dəfə Gədəbəyə səfər etməsini hamı tarixi hadisə kimi qiymətləndirir.
Rayonda ikinci Dövlət Proqramı da uğurla həyata keçirilir. Elektrik şəbəkələrinin yenidən qurulması və hava elektrik xətlərinin izolyasiyalı naqillərlə əvəz olunması ilə bağlı proqrama daxil olmuş bəndin icrası diqqət mərkəzindədir. Qeyd edək ki, bu iş olduqca vacib məsələlərdən biridir. Doğrudur, bir vaxtlar elektrik enerjisi sarıdan korluq çəkən gədəbəylilər indi fasiləsiz olaraq enerji alırlar. Amma 50-60 il qabaq çəkilmiş xətlərin tez-tez sıradan çıxması bəzən fasilələrə səbəb olur ki, bu da müəyyən narahatlıqlar yaradır.
Başqa bir tədbir yerli əhəmiyyətli yollarda yerləşən körpülərin əsaslı təmiri və yenilərinin tikintisi ilə bağlıdır. Körpü Gədəbəyin həyatı üçün çox vacib amillərdən biridir. Ona görə də bu iş rayonun icra strukturlarının, digər əlaqədar təşkilatların daim diqqət mərkəzindədir.
Proqramda nəzərdə tutulan Gədəbəy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması, rayonda sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi, mərkəzi və kənd ATS-lərin yenidən qurulması, mədəniyyət obyektlərinin təmiri, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası işlərinə də başlanılmışdır.
Aqrar sahənin tezliklə sürətli inkişafı gözlənilir. Dövlət Proqramında kənd təsərrüfatı məhsulları istehsalçılarının müvafiq texnikaya olan tələbatının ödənilməsi nəzərdə tutulur. "Aqrolizinq" ASC-nin Gədəbəy filialı bu sahədə ardıcıl və məqsədyönlü iş aparır.
Tezliklə Gədəbəyin bütün kəndləri təbii qaz alacaq. Əslində, bu, çox çətin bir işdir. Çünki dağlar, meşələr, sıldırım qayalarla əhatə olunmuş yerlərə qaz çəkmək nəinki küllü miqdarda vəsait, həm də vaxt tələb edir. Amma bütün bunlara baxmayaraq, ölkə başçısının tapşırığı əsasında hər bir gədəbəylinin evində "mavi yanacağ"ın olacağı günə lap az qalır.
Məktəb, səhiyyə ocaqlarının bugünkü səviyyəsi hamını sevindirir. Doğrudur, hələ də təmirə, yeni binaya ehtiyacı olan kəndlər var. Amma bu işdə tədbirlər elə sürətlə həyata keçirilir ki, heç kim gileylənmir. Hamı bilir ki, tezliklə növbə onlara da çatacaq.
Rayonda görülən işlər çoxdur. İcra hakimiyyətinin başçısı, digər aparat işçiləri, ayrı-ayrı təşkilatların rəhbərləri daim yerlərdə olur, əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşür, onların rəy və təkliflərini öyrənir, konkret kömək göstərirlər. Bax, bütün bunlar indi Gədəbəydə sağlam və işgüzar mühitin formalaşmasına gətirib çıxarmışdır. Adamlarda ölkə rəhbərliyinə hədsiz inam, hörmət, ehtiram vardır. Təsadüfi deyil ki, ən mühüm siyasi kampaniyalarda gədəbəylilər nümunə göstərirlər.
Bu günlər, Milli Məclisə seçkilər günü ərəfəsində də bu fəallıq, əzmkarlıq açıq-aşkar hiss olunur. Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi şöbəsinin müdiri Ləzgi Zeynalovla müxtəlif seçki məntəqələrində olarkən, adamlarla söhbət edərkən bunun bir daha şahidi olduq.
Əvvəla, qeyd edək ki, rayon noyabrın 7-də keçiriləcək seçkilərə çox ciddi hazırlaşıb. Artıq bütün texniki-təşkilati tədbirlər həyata keçirilib. Məntəqələrin həm xarici görünüşü, həm də daxildə lazım olan işlərin görülməsi, məntəqə üzvlərinin təlimatlandırılması, seçicilərin bütün işlərə maraq göstərməsi Gədəbəydə vacib kampaniyaya çox ciddi yanaşılmasından xəbər verir.
103 saylı Gədəbəy dairə seçki komissiyasının sədri Xaliq Xudaverdiyevlə də seçki məntəqəsində görüşdük. Gənc olmasına baxmayaraq, işinə həddindən artıq məsuliyyətlə yanaşır. Bəzən bir məntəqəyə gün ərzində bir neçə dəfə baş çəkir. Məntəqələr isə çoxdur. Təkcə 103 saylı dairədə 40 məntəqə var. X.Xudaverdiyev deyir ki, hər məntəqə özü bir ideoloji mərkəzdir. Gərək elə edəsən ki, təlimata uyğun olmayan addım atmayasan. Heydər Əliyev Fondu tərəfindən Slavyanka kəndində inşa edilmiş məktəbdə yerləşən 14 saylı seçki məntəqəsində olduq. Səliqəli, işıqlı, yüksək zövqlə tərtib olunmuş məntəqədir. Səs vermək üçün hər cür şərait yaradılıb. Məntəqənin sədri ixtisasca həkimdir, təcrübəli adamdır. Qeyd etdi ki, 946 seçicimiz var. Məntəqə üzvləri ilə müntəzəm söhbətlər aparılır, onlar təlimatlandırılır, hər cür ədəbiyyatla, dövri mətbuatla təmin olunur, seçicilərin fəallığına inanır. Deyir ki, noyabrın 7-də gəlin, özünüz görəcəksiniz.
Maarif kəndindəki 13 saylı məntəqədə işlər yüksək səviyyədə təşkil edilib. Hiss olunur ki, hamı öz işinin məsuliyyətini dərindən dərk edir. Məntəqə sədri Nazim Cəfərov seyfi açıb göstərərək "baxın, lazım olan ən zəruri əşyalar buradadır"- dedi.
Dairənin 1, 2 və 5 saylı məntəqələrinə də baş çəkdik. İstər məntəqə seçki komissiyasının üzvləri ilə apardığımız söhbətlər, istərsə də burada yaradılmış şərait, əyani təşviqat vasitələri, tərtibat və sair bizdə xoş təəssürat yaratdı.
Xaliq Xudaverdiyev bizi seçki dairəsinin binasına dəvət etdi. Şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşən binada 11 otaq var. Hamısı da bir-birindən gözəl, yaraşıqlı və şəraiti olan otaqlardır. Dairə seçki komissiyasının 9 üzvünün hər biri işlə məşğul idi. Kimisi hansısa məntəqə sədri ilə telefonla danışır, nəyisə izah edir, kimisi imza vərəqəsi almaq istəyən bir başqası ilə söhbət edir, başqa birisi seçici siyahılarına nəzər salırdı. Qeyd edək ki, komissiyanın 9 üzvündən 3-ü YAP-ı təmsil edir, 3 nəfər bitərəf, 1 nəfər Ana Vətən, 1 nəfər BAXCP, 1 nəfər isə Ədalət Partiyasının təmsilçiləridir.
103 saylı Gədəbəy dairə seçki komissiyası üzrə 39 min 725 seçici qeydə alınmışdır. DSK 28 nümayəndəliyi və 20 bələdiyyəni əhatə edir. 104 saylı Gədəbəy-Tovuz dairə seçki komissiyası isə Novosaratovka kəndində yerləşir. Seçki Komissiyasının istifadəsində tam təmir olunmuş və hər cür texniki təchizata malik 8 otaq vardır. Dairə üzrə 58 məntəqə fəaliyyət göstərir. Burada 41 min nəfərdən çox seçici qeydə alınmışdır.
Bütövlükdə, hər iki dairədə Gədəbəy rayonu üzrə 61 məntəqə fəaliyyət göstərir. Bu dairələrdən 59 min nəfərdən çox seçici qeydə alınmışdır.
Gədəbəydə 7 noyabr Milli Məclisə seçkilər gününü hamı səbirsizliklə gözləyir. Yerlərdə seçicilər üçün yaradılmış şərait, adamların əhval-ruhiyyəsi, ab-hava onu göstərir ki, bu ucqar dağ rayonu yenə də öz fəallığı ilə seçiləcək, mühüm bir siyasi kampaniyanın uğurla həyata keçməsi üçün əlindən gələni edəcəkdir.

{nl}

{nl}

Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında