Artıq dünyanın bütün politoloq və ekspertləri rəsmi Bakının münaqişəni hərb yolu ilə həll etməsini Azərbaycanın hüququ kimi qiymətləndirirlər. Hətta, bu ilin əvvəlindən bəri münaqişə barədə söz düşərkən fikir mübadiləsi edən ekspertlər bir-birinə sual verirlər: "Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv olarkən ərazisi nə qədər idi?" Hərçənd, həmin sualın özü də bir o qədər uğurlu deyil. Çünki bizim ərazimiz yenə də məhz BMT-yə üzv olduğumuz dövrdəki qədərdir, sadəcə, torpaqlarımızın 20 faizi düşmən işğalı altındadır və az qala 20 ildir ki, həmin ərazinin işğaldan azad olunması üçün mübarizə aparırıq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional və hətta, qlobal problemə çevrilməsi Ermənistanı çox narahat edir. İndi bu məsələ dünyanın əməkdaşlıq siyasətində bir əngəl kimi yada salınır, regional iqtisadi inkişafa mane olan amil kimi lənətlənir, sivilizasiyalararası dialoqun genişləndirilməsini ləngidən fakt kimi qınanır. Bütün bunlar faktdır və Ermənistan hələ də həyasızcasına beynəlxalq aləmin üzünə baxır. Baxır və beynəlxalq ictimaiyyətdən çoxsaylı təzyiqlər və təhdidlər görür.
Bu gün münaqişə ilə bağlı daha çox aktuallıq kəsb edən bir neçə məsələ vardır. Birinci: Erməni politoloq Aleksandr Kananyan narahatlıqla qeyd edir ki, İrəvan münaqişənin həllini nə qədər uzatsa, Ermənistanın ziyanınadır. Çünki hələ 2005-ci ildə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov söyləmişdi ki, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarını boşaltmaq məcburiyyətində qalacaq. Bu, o zaman idi ki, Azərbaycanın tələbi ilə məhz həmin torpaqlarda ATƏT-in faktaraşdırıcı missiyası işləyirdi. Budur, yenə də həmin torpaqlarda, yenə də Azərbaycanın tələbi və yenə də ATƏT-in faktaraşdırıcı missiyası işləyir".
Aleksandr Kananyan beş il əvvəl Ermənistanın ünvanına səsləndirilən fikirləri nə üçün indi yada salır? Sən demə, məhz həmin Aleksandr 2005-ci ildə Merzlyakovdan eşitdiyi fikirdən daha dəhşətlisini bu dəfəki faktlaşdırıcı missiyanın ukraynalı üzvündən şəxsən eşidibmiş. Ukraynalı missiya üzvü viranəyə çevrilmiş Kəlbəcəri görəndən sonra öz fikrini yekun hesabat hazırlanmasına saxlamayaraq, dərhal söyləyib: "Azərbaycanlıları bu şəkildə, genişmiqyaslı deportasiyaya məruz qoyan ermənilərin erməni soyqırımı barədə danışmağa qətiyyən haqqı yoxdur". Bu iki faktı ortaya qoyan Kananyanın rəsmi İrəvanı işğalçılıqda qınayacağını gözləyənlər yanılırlar. Kananyan İrəvanı tamamilə başqa məsələyə görə qınayıb: "Ermənistan ATƏT-in faktaraşdırıcı missiyasını həmin torpaqlara buraxmamalı idi". Bu da erməni ziyalısının mövqeyi.
İkinci: Bu gün Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin istənilən yolla həllinə hazır olan rəsmi Bakının bəyanatları müxtəlif ekspertlər tərəfindən müxtəlif şəkildə qarşılanır. Ermənilərin hamısı bir məsələdə yekdildirlər ki, Azərbaycan mütləq münaqişənin hərbi yolla həllini seçəcək. Həm beynəlxalq aləmin dəstəyini, həm də ölkəmizin hərbi potensialının durmadan artmasını əsas götürən ermənilər sadəcə müharibənin nə zaman başlanacağını bilmirlər. Ermənilərin iti sürətlə ölkəni tərk etməsi də məhz həmin narahatçılıqdan qaynaqlanır. Bu məsələdə bütün ermənilər eyni mövqedən çıxış edirlər. Ancaq Azərbaycanın hərb yolunu seçməsindən sonra Rusiyanın nümayiş etdirəcəyi reaksiya barədə fikirlər haçalanır. Bəzi ermənilər belə güman edirlər ki, Gümrüdəki Rusiya hərbi bazasının təhlükəsizliyi baxımından Azərbaycan hərbi əməliyyata başlayan kimi önündə Rusiyanı görəcək. "Rusiya beynəlxalq ictimaiyyətin mövqeyinə qarşı çıxmayacaq" - deyən erməni ekspertlər həmin azlığı o qədər də arxayın olmamağa çağırırlar. Başqa bir azlıq isə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvü olduğuna arxayındır. Məsələyə bir qədər ayıq münasibət bildirən ermənilər isə bu azlığı başa salmaq üçün başqa arqumentdən istifadə edirlər: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan və Rusiyadan ibarət deyil. Orada Azərbaycanla sıx dostluq və əməkdaşlıq münasibətləri olan ölkələr var və Rusiyanın özü də bizim müttəfiqimiz olduğu kimi Azərbaycanın da müttəfiqidir. Ona görə də Rusiyanın həmin məsələdə birtərəfli mövqe tutması inandırıcı deyil". Başqa bir qrup erməni eksperti - onlar daha çoxdur - belə düşünür ki, Azərbaycan Dağlıq Qarabağı və ətraf yeddi rayonu əhatə edən hərbi müdaxiləni bilavasitə Ermənistan ərazisinə keçirərsə, onda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mövcudluğunu təsdiq edən protokolun 5-ci maddəsinə uyğun olaraq Rusiya Ermənistanı müdafiə edəcək.
Yeri gəlmişkən, çoxluq təşkil edən həmin ermənilərin arqumenti Rusiya Elmlər Akademiyasının eksperti Zurab Kanançev tərəfindən hələ Azərbaycanın hərb yolunu seçəcəyi barədə ilk bəyanat səslənəndə söylənilmişdi. Özü də bir qədər başqa şəkildə: "Azərbaycan hərbi əməliyyatları Dağlıq Qarabağın və ətraf yeddi rayonun ərazisindən kənarda da davam etdirərsə, Rusiyanın müdaxiləsi ilə üzləşə bilər". Yəni həmin ekspert də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququnu tanıyır və hərb yolunu mümkün sayır.
Üçüncü: Dünyanın müxtəlif guşələrindən belə bir xəbər gəlir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları 2011-ci ildə azad oluna bilər. Nə üçün məhz gələn il? Moskva Dövlət Universitetinin əməkdaşı, "Qafqaz Xəbərləri" Analitik İnformasiya Agentliyinin baş redaktoru Aleksey Vlasov mətbuat nümayəndələri ilə görüşdə deyib ki, beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər bu şəkildə davam edərsə, 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət irəliləyiş olacaq. "Beynəlxalq aləmdəki ictimai-siyasi proseslərin" nədən ibarət olduğunu açıqlayan ekspert söyləyib ki, ABŞ-İran münasibətlərində ortaq məxrəcə doğru meyl sezilir. Bu problem danışıqlar yolu ilə həll edilərsə, Dağlıq Qarabağ münaqişəsinin həlli həm tezləşə bilər, həm də problem asanlıqla həll olunar.
Ekspertlərin fikrincə, münaqişənin gələn il həll ediləcəyinə inananlar ona görə çoxalırlar ki, Azərbaycanın tutduğu mövqe bunu söyləməyə əsas verir. Belə ki, 2011-ci ildə Azərbaycanın dövlət büdcəsindən ölkənin müdafiəsinə 1 milyard 325 milyon manat vəsait ayrılıb. Bundan əlavə isə ölkənin hərbi potensialının gücləndirilməsinə yönələn xüsusi layihələrin maliyyələşdirilməsi üçün 1 milyard 87 milyon manat vəsait ayrılması planlaşdırılır. Yəni gələn il bizim ümumi hərbi xərclərimiz 2 milyard 412 milyon manat olacaq. Odur ki, ekspertlər gələn il Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyini nikbinliklə söyləyirlər.
Burada başqa bir məsələ də var. "Armenian-Report.com" internet saytı yazır ki, "bir qrup fırıldaqçı erməni göz qırpımında oliqarxa çevrildiyi halda Dağlıq Qarabağın əhalisi Azərbaycanın tərkibində olduğundan dəfələrlə pis yaşayır. Belə çıxır ki, Qarabağ bizə çox baha başa gəlib".
Bəli, Dağlıq Qarabağ münaqişəsi həmin bölgədə yaşayan ermənilərə də, bütövlükdə Ermənistana da çox baha başa gəlib. Münaqişə tezliklə həll edilməsə, həmin "bahalıq" daha da artacaq.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.