Bu il havalar gözlənildiyindən də isti keçir. Elə bil təbiət insanları sınağa çəkir. Bax, belə gərgin günlərdə meliorasiya və su təsərrüfatı işçilərinin qayğıları birə-beş artır. Ona görə ki, havaların həddən artıq isti keçməsi, ilk növbədə, suvarma suyuna olan tələbatı artırır. Daha dəqiq desək, kənd adamları, fermerlər və sahibkarlarla sıx əlaqə, onlara konkret kömək və qayğı, birgə səylər indi həmişəkindən daha çox vacibdir.
Bəs, yerlərdə bu istiqamətdə işin təşkili nə vəziyyətdədir? Meliorasiya və su təsərrüfatı kompleksi yaranmış çətinlik və problemləri aradan qaldıra bilirmi? Əldə edilmiş nəticələr, qarşıda duran konkret vəzifələr nədən ibarətdir?
Bərdə Rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Namiq Əhmədovla söhbətimiz də elə, bu barədədir. Əvvəlcə onu qeyd edək ki, müsahib olaraq N.Əhmədovu seçməyimiz heç də təsadüfi deyil. O, bütün ömrünü meliorasiya və su təsərrüfatına həsr edib. Sadə, işgüzar və nəcib insandır. Həmişə iş üstündə, adamlar arasındadır. Söhbətə də elə buradan - meliorasiya və su təsərrüfatı kompleksi ilə kənd adamlarının, fermerlərin qarşılıqlı əlaqələrindən, bu isti, bürkülü günlərdə işin təşkilindən, əldə edilmiş nəticələrdən başladıq.
- Mən istər-istəməz burada ötən əsrin 70-80-ci illərini xatırlayıram. Xalqımızın böyük oğlu, ulu öndər respublikaya rəhbərlik etdiyi həmin illərdə Bərdə ən qabaqcıl kənd təsərrüfatı rayonu idi. Təkcə belə bir faktı xatırlayaq ki, keçmiş İttifaq respublikaları üzrə ən böyük pambıqçılıq rayonu məhz Bərdə idi. Taxılçılıq, baramaçılıq, heyvandarlıq da onun kimi. Demək istəyirəm ki, bu böyük uğurlar heç də öz-özünə yaranmırdı. Burada həlledici amillərdən biri meliorasiya və su təsərrüfatı sistemində çalışanların fədakar əməyi idi. Ümumiyyətlə, yeri gəlmişkən, belə bir mütləq həqiqəti qeyd etməliyik ki, həyatımızın bütün sahələrində olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsində də əsaslı inkişaf və yüksəlişin bünövrəsi məhz həmin illərdə qoyulmuşdu. O illərdə torpaqların meliorasiya işlərinin ardıcıl surətdə davam etdirilməsinin, yeni kanalların çəkilməsinin, sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinin nəticəsində yüz min hektarlarla sahə əkin dövriyyəsinə daxil edilmişdir. Digər tərəfdən, torpaqların sağlamlaşdırılması məhsuldarlığın yüksəldilməsi, ümumi istehsalın artırılması ilə nəticələndi. Həmin illər respublikanın kənd təsərrüfatı məhsulları istehsalı sahəsində qazandığı böyük uğurlar, xüsusilə pambıqçılıqda, taxılçılıqda, üzümçülükdə əldə edilmiş yüksək göstəricilər dediklərimizi təsdiqləyir.
Böyük sevinc və fərəh hissi ilə qeyd etməliyik ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş həmin ənənələr bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyət və ardıcıllıqla davam etdirilir. Meliorasiya və su təsərrüfatı sahəsində aparılan məqsədyönlü islahatları, imzalanmış fərman və sərəncamları, bir sözlə, həyata keçirilən kompleks tədbirləri bir daha yada salmaq istəyirəm.
Bu gün Azərbaycan kəndi gözlərimizin qarşısında dəyişir, öz inkişafının kefiyyətcə yeni mərhələsinə qədəm qoyur. O da maraqlıdır ki, bu inkişaf və yüksəlişdə kənd adamının özü də dəyişir, daha işgüzar və təşəbbüskar olur. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu bolluğu və bərəkəti, xoşbəxt və firavan həyatı yaradanlar arasında biz meliorasiya və su təsərrüfatı sistemində çalışanların da öz layiqli payı var.
Bərdə Rayon Subartezian Quyularının İstismarı İdarəsi müstəqil bir qurum kimi ötən əsrin əvvəllərində yaradılıb. Hazırda idarənin balansında 846 artezian quyusu var. Onlardan 720-si əkin sahələrinin suvarılmasında, qalanları isə içməli su kimi istifadə olunur. Həmin quyuların gücü ilə Bərdə rayonu ərazisində 18375 hektar sahənin suvarılmasını təşkil edirik. Məlumdur ki, işin nümunəvi təşkili təmir-bərpa tədbirlərinin vaxtında və keyfiyyətlə aparılmasından çox asılıdır. Təsadüfi deyildir ki, ilin əvvəlindən 200 quyunun təmiri uğurla başa çatdırılmışdır. Nasos, elektrik mühərriklərinin və transformatorların təmiri də daim diqqət mərkəzində saxlanılır. Nəzərə almaq lazımdır ki, hər hansı bir nasazlıq və ya fasilə yaranarsa, o zaman işin ümumi ahəngi pozulur, kimsə hardasa narazı qalır, minbir zəhmətlə yetişdirilən məhsul zay olub gedir. Buna isə qətiyyən yol vermək olmaz.
Əlbəttə, subartezian quyuları vasitəsilə aparılan suvarmanın özünəməxsus cəhətləri, daha dəqiq desək müəyyən çətinlikləri var. Məsələlə burasındadır ki, burada işin təşkili yüz faiz davamlı elektrik enerjisindən asılıdır. Təəssüflər olsun ki, əvvəllər bu sahədə ciddi çətinliklər mövcud olmuşdur. Belə ki, elektrik enerjisinin tez-tez kəsilməsi, üstəlik cərəyanın zəif oluması nasosların yanıb sıradan çıxması ilə nəticələnirdi. Sözsüz ki, belə vəziyyətdə ardıcıl və sistemli iş qurmaqdan danışmağa belə dəyməzdi. Elə ona görə də kənd sakinləri, fermer və sahibkarlarla tez-tez haqlı narazılıqlar olurdu.
İndi isə vəziyyət tamamilə başqadır. Daha doğrusu, elektrik enerjisinin verilməsində əvvəllər müşahidə olunan fasilələr aradan qaldırılmışdır. Bu isə subartezian quyularının fasiləsiz işləməsini təmin edir, qurğu və avadanlıqların tez-tez yanıb sıradan çıxmasının qarşısını alır. Ona görə də suvarma suyunun verilməsində heç bir çətinlik yoxdur. İlin əvvəlindən kənd sakinləri, fermer və sahibkarlarla bağlanmış müqaviləyə əsasən, onların əkin-biçinləri üçün tələb olunan suvarma suyu vaxtında verilir.
Hər gün hamı kimi biz meliorasiya və su təsərrüfatı sahəsində çalışanlar da hava bürosunun məlumatlarını diqqələ izləyirik. Verilən məlumatlar isə həqiqətən, ciddi narahatlıq yaradır. Belə ki, yaxın günlərdə havaların daha da isti olacağı bildirilir. Belə vəziyyət isə sözsüz ki, bizim qayğılarımızı birə-beş artırır. Başqa sözlə desək, əvvələr bir dəfə, yaxud iki dəfə suvarılması nəzərdə tutulan sahələri indi az qala hər gün suvarmaq lazım gəlir. Bunun üçün kollektivimizin hər bir üzvündən yüksək intizam və məsuliyyət tələb olunduğu kimi, həm də öhdəmizdə olan maşın-mexanizmlərin, qurğu və avadanlıqların daim saz vəziyyətdə olması vacibdir.
Meliorasiya və su təsərrüfatı kompleksi daim hərəkətdə və fəaliyyətdədir. Burada ikinci dərəcəli vəzifə yoxdur. Bu cəhətdən mövcud artezian quyularının daim saz vəziyyətdə olmasını təmin etməklə yanaşı, yeni quyuların da qazılıb istifadəyə verilməsi olduqca vacibdir. Elə bu ehtiyacı nəzərə alaraq cari ildə bizim rayonun ərazisində 20 yeni quyunun qazılması nəzərdə tutulmuşdur. Artıq onlardan 14-ü hazırdır. Qalanları isə yaxın aylarda istifadəyə veriləcək.
Mən fürsətdən istifadə edərək kənd adamlarının, fermer və sahibkarların ürək sözlərini və minnətdarlıqlarını Respublika Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəyə və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə çatdırmaq istəyirəm. Statistik rəqəmlərdən də aydın olur ki, son illər Bərdə rayonunda həyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı məhsulları istehsalı sahəsində də dinamik inkişaf təmin olunmuşdur. Bəzi xarakterik rəqəmlərə diqqət yetirək:
Mirzalıbəyli kəndi ərazisində 500 başlıq cins heyvandarlıq kompleksinin tikintisinin birinci mərhələsi başa çatdırılmış və kompleksə güzəştli şərtlərlə 327 baş cins heyvan alınıb gətirilmişdir. Bunlarla yanaşı, Mehdili kəndində yem istehsalı müəssisəsinin tikintisi tamamlanmış, Bərdə Ərazi Kənd Təsərrüfatı İdarəsinin, Dövlət Toxum Müfəttişliyinin və Aqrokimya laboratoriyasının inzibati binalarının tikintisi davam etdirilmişdir.
19156 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 46026 hektar əkinə görə istifadə etdikləri yanacaq və motor yağları üçün veriləcək 2,3 milyon manat subsidiya sənədləri hazırlanmış və Respublika Komissiyasına təqdim edilməsi təmin edilmişdir.
Əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün suvarma kanalları 589 min kubmetr, açıq dren kanalları 249,86 min kubmetr lildən təmizlənmiş, 96 min kubmetr torpaq işi görülmüş, 4 ədəd nasos stansiyası, 6 ədəd elektrik mühərriki əsaslı, 95 ədəd hidrotexniki qurğu, 6 kilometr beton kanallar, 4 nasos yarımstansiyası, Tərtər çayının məcrasında 39 min kubmetr tənzimləmə işləri və s. aparılmışdır.
Cari ildə əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə Cəyirli, Əmirli, Xanərəb, Şirvanlı, Soğanverdilər, Qazıqurdalı, Hüseynbəyli, Əliyanlı, Bala Qacaq, Mehdixanlı, Kətəlparaq, Mirzəcəfərli kəndlərində artezian quyuları qazılmışdır.
Bunlarla yanaşı, 50 ədəd subartezian quyusu əsaslı təmir edilmiş, 46 quyunun kommunikasiya xətləri çəkilmiş və sayğac quraşdırılmış, 42 subartezian quyusunda sazlama işləri aparılmışdır.
Ümumiyyətlə, cari ildə 11908 hektar sahədə yazlıq bitkilər, o cümlədən 4856 hektarda yonca, 228 hektarda kartof, 3509 hektarda tərəvəz, 333 hektarda şəkər çuğunduru, 1162 hektarda pambıq və s. əkilmişdir.
Keçən ilə nisbətən əkin sahələri 634 hektar artırılmışdır. Taxıl biçini optimal müddətdə başa çatdırılmış, 47,9 min ton taxıl istehsal edilmiş, hər hektardan 41,5 sentner buğda və 35,1 sentner arpa götürülmüşdür. 2014-cü ilə nisbətən buğdanın məhsuldarlığı 4,8 sentner, arpanın məhsuldarlığı 3,7 sentner artmışdır. 2014-cü ilin birinci yarısına nisbətən 506 ton çox kartof, 4984 ton çox tərəvəz, 45 ton çox meyvə istehsal edilmişdir.
Heyvandarlığın inkişaf etdirilməsi, müasir texnologiyalara əsaslanan iri heyvandarlıq kompleksinin yaradılması məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Cari ilin ötən ayları ərzində diri çəkidə 7960 ton ət, 28150 ton süd, 13,8 milyon ədəd yumurta, 389 ton yun istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən xeyli çoxdur.
Çörəyini, bərəkətini, dolanışıq və ruzisini torpaqdan çıxaran kənd adamı üçün ilboyu gərgin zəhmətlə, alın təri ilə yetişdirdiyi bol məhsuldan qiymətli, əziz nə ola bilər? Kəndi, əkin-biçin sahələrini isə aydın məsələdir ki, susuz təsəvvür etmək mümkün deyil. Deməli, nəticə etibarilə bol məhsul səmərəli şəkildə təşkil edilən suvarma tədbirlərindən çox asılıdır. Başqa sözlə desək, əgər bu gün Bərdə rayonu kənd təsərrüfatı məhsulları istehsalı sahəsində öz əvvəlki şöhrətini özünə qaytarırsa, kəndlər simasını dəyişirsə, bütün sahələrdə dinamik inkişaf təmin edilirsə, bolluq, bərəkət yaradılırsa, burada heç şübhəsiz, meliorasiya və su təsərrüfatı işçilərinin də öz layiqli payı var...
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.