Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafı məsələləri müzakirə olunmuşdur

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanda olmuşdur.
Nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin Tbilisidəki abidəsi və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklillər qoymuşdur.
Oktyabrın 15-də qonaqlar Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə görüşmüşlər.
Təkbətək və geniş tərkibdə görüşdən sonra Elmar Məmmədyarov və Qriqol Vaşadze mətbuat konfransı keçirmişlər.
Q.Vaşadze son illər intensiv hal almış belə səfərlərin strateji tərəfdaş olan ölkələrimizin münasibətlərinin daha da yaxşılaşdırılmasına xidmət etdiyini vurğulamış, görüşdə ikitərəfli münasibətlərin müzakirə edildiyini demişdir.
Elmar Məmmədyarov əlavə etmişdir ki, hər iki dövlətin ərazisində mövcud olan münaqişələr barədə fikir mübadiləsi aparılmış, bu münaqişələrin regionun təhlükəsizliyinə mənfi təsir göstərdiyi xüsusi vurğulanmışdır. Q.Vaşadze Gürcüstanın işğal olunmuş ərazilərində mövcud vəziyyətdən danışdı, biz də öz növbəmizdə Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verdik. Həmçinin ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi, qlobal layihələrin həyata keçirilməsi, infrastruktur layihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair fikir mübadiləsi apardıq. Bu layihələrin uğurla həyata keçirildiyi də vurğulandı. Mədəniyyət, humanitar sahədə əməkdaşlıq məsələsinə də diqqət yetirildi.
Sonra nazirlər jurnalistlərin suallarını cavablandırdılar.
* * *
Oktyabrın 15-də E.Məmmədyarov Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində azərbaycanlıların nümayəndələri ilə görüşmüşdür.
Bölgənin qubernatoru David Kirkitadzenin iştirak etrdiyi görüşdə E.Məmmədyarov Azərbaycan Respublikası rəhbərliyinin belə görüşlərə xüsusi əhəmiyyət verdiyini, Prezident İlham Əliyevin gürcüstanlı soydaşlarımızın vəziyyətinə böyük diqqət yetirdiyini demişdir.
Görüşün iştirakçıları qayğı və diqqətə görə Azərbaycan Prezidentinə Gürcüstandakı azərbaycandilli məktəblərin binalarının təmiri, dərs ləvazimatı və s. ilə tam təminata görə Heydər Əliyev Fonduna, onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür etmişlər. Vurğulanmışdır ki, bəzi problemlərin qalmasına baxmayaraq, vəziyyət getdikcə yaxşılaşır.
Nümayəndə heyəti Marneuli şəhərində görkəmli dövlət xadimi Eyvaz Həsənovun adına küçənin və onun yaşadığı evin divarına vurulmuş barelyefin açılış mərasimində iştirak etmişdir.
Tədbiri qubernator David Kirkitadze açmış, E.Həsənovun xidmətlərindən danışmışdır.
E.Həsənovun oğlu, Azərbaycan nümayəndə heyətinin üzvü, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov atasının xidmətlərinə verilən yüksək qiymətə görə təşəkkür etmişdir.
Sonra nazir Elmar Məmmədyarov jurnalistlərə səfərin məqsədini açıqlayaraq demişdir ki, gürcüstanlı həmkarımla, demək olar, bütün məsələlər barədə fikir mübadiləsi apardıq. Mən Q.Vaşadzeni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar vəziyyət barədə məlumatlandırdım, Gürcüstandakı münaqişələrlə bağlı hərtərəfli məlumat aldım. Görüşümüzdə bu münaqişələrin bölgə üçün təhlükə törətdiyi, onların tezliklə həll olunmasının bölgənin böyük imkanlarının açılmasına şərait yaradacağı və s. məsələlər vurğulandı. Neft, qaz kəmərləri uğurla işləyir, Bakı-Tbilisi-Qars dəmir yolu çəkilir, Kulevi terminalı fəaliyyət göstərir, Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq inkişaf edir, 97 saziş və digər sənədlər imzalanmışdır. Humanitar və mədəni sahələrdə də əməkdaşlığımız getdikcə genişlənir, qarşılıqlı mədəniyyət günləri keçirilir. Səfərimizin sonunda Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Baş nazir Nikoloz Gilauri ilə də görüşüb əməkdaşlığımızın perspektivi barədə söhbət edəcəyik.
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sualı cavablandıran E.Məmmədyarov bildirmişdir ki, bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrləri işğal altındakı ərazilərdə olublar. Bu səfər qiymətləndirici xarakter daşıyırdı. Bizdə olan məlumata görə, onlar yekun hesabat hazırlayacaqlar. Son beş ildə ilk dəfədir ki, belə geniş tərkibdə missiya işğal altında olan ərazilərə səfər edir. Bu, növbəti addım atmaq, böyük sülh sazişi üzərində işə başlamaq ehtimalı yaradır. Buna görə də Ermənistan tərəfi işğal olunmuş torpaqlardan qoşunlarını çıxarmalıdır. Bu yalnız bizim tələbimiz deyildir. Bu, Rusiya, ABŞ və Fransa prezidentləri səviyyəsində Kanadada qəbul olunmuş bəyanatda da qeyd olunmuşdur. Həmin sənəddə qeyd edilmişdir ki, Ermənistan qoşunları işğal olunmuş torpaqlardan çıxarılmalı, məcburi köçkünlər doğma yurdlarına qayıtmalıdırlar.
Gürcüstanla sərhədlərin delimitasiyası məsələsi ilə əlaqədar E.Məmmədyarov demişdir: "Bu istiqamətdə müvafiq komissiya işi davam etdirir. Komissiya sentyabrda növbəti görüşünü keçirmişdir. Görüşün nəticəsi belə bir təəssürat yaradır ki, biz Gürcüstanla bu məsələdə irəliləyişə nail ola bilərik. Əlbəttə, müzakirələri davam etdirmək lazımdır və işçi qrupu bu istiqamətdə fəaliyyət göstərəcəkdir".
Həmin gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Baş nazir Nikoloz Gilauri ilə görüşmüşdür.
Görüşlərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, ölkəmizin Gürcüstandakı səfiri Namiq Əliyev, digər rəsmi şəxslər iştirak etmişlər.
Nümayəndə heyəti oktyabrın 15-də Bakıya qayıtmışdır.{nl}

İslam ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Tbilisi

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında