"Biz səninlə fəxr edirik, komandir!"

İllər keçəcək, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun heyrətamiz qəhrəmanlığı və cəsarəti hələ neçə-neçə gənc nəslə Vətəni və torpağı sevmək, onu azğın işğalçılardan azad etmək nümunəsinə çevriləcəkdir.
Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin igid zabitimizin xatirəsinə həsr etdiyi "Biz səninlə fəxr edirik, komandir" devizi altında orta məktəblərin XI sinif şagirdləri və cəmiyyətin hərbi müdavimləri arasında keçirdiyi respublika turniri də bu məqsədlə keçirilmişdir. Bir aydan çox respublikamızın müxtəlif regionlarında müdafiə və hücum xarakterli təlim əl qumbaralarını hədəfə dəqiq atma üzrə start götürən yarışda minlərlə məktəbli və müdavim qüvvəsini sınamışdır.
Bu gün Azərbaycan Atıcılıq Federasiyasının Stend Atıcılığı Kompleksində bu maraqlı turnirin final mərhələsi başlamışdır. Açılışda çıxış edən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş bu yarışın məktəblilər arasında ilk dəfə keçirilməsinə baxmayaraq, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində mühüm addım olacağına əmin olduğunu bildirmişdir.
Milli Qəhrəmanın atası Ağakərim İbrahimov çıxışında oğlunun xatirəsinə bəslənilən bu qayğı və ehtirama görə möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirmiş, yarış iştirakçılarını sabahın əsgərlərini çətinliklərdən qorxmamağa, Vətənin müdafiəsinə həmişə hazır olmağa səsləmişdir.
Natiqlərdən gənclər və idman nazirliyinin bölmə müdiri Əli Məmmədov, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayev, şair Oqtay Zəngilanlı və başqaları bu möhtərəm turnirin yeniyetmələrin və gənclərin gələcək həyatında oynayacağı böyük rolu qeyd etmişlər.Respublika yarışı cəsur qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun rəmzi səngərdən atdığı təlim qumbarasının atışı ilə start götürmüşdür.
Sığınacaqdan 30-60 metr məsafədə düşmən hədəfinə F-1, RQD-42 və RQD-5 tipli müdafiə və hücum xarakterli təlim əl qumbaraları atmaq üzrə turnirdə respublikamızın ayrı-ayrı regionlarını təmsil edən on komanda və əlliyə yaxın idmançı iştirak etmişdir.
Qaliblərə mükafatlar, kuboklar və fəxri fərmanlar verilmişdir. Milli Qəhrəmanın atası Ağakərim İbrahimov isə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının "Hərbi vətənpərvərlik işlərində xidmətlərinə görə" medalı ilə təltif olunmuşdur.

{nl}

Elçin ABBASOV

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında