Bir zamanlar neft tullantıları ilə ciddi problemlər içərisində boğulan Bakının ətraf qəsəbələri bu gün tanınmaz dərəcədə dəyişmişdir. Bu qəsəbələrdə indi həyat tamamilə başqa axarda inkişaf etməkdədir. Respublikamızın hər yerində olduğu kimi Bakı qəsəbələri də öz simasını günbəgün dəyişir, sosial obyektlər inşa olunur, yollar çəkilir, yeni iş yerləri yaradılır, bir sözlə, hər qəsəbə ayrıca şəhəri xatırladır. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının, gündəlik nəzarətinin nəticəsidir.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramlarının icrası nəticəsində Bakının qəsəbə və kəndlərində uğurlu infrastruktur layihələri həyata keçirilmiş, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət almış, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə Bakı qəsəbələrinin əhalisi ilə görüşlər keçirmiş, onların qarşılaşdıqları problemlərlə yaxından tanış olmuşdur.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində Bakının bütün rayonlarında, qəsəbə və kəndlərində infrastruktur təminatı, o cümlədən yol-nəqliyyat infrastrukturu daha da təkmilləşdirilmiş, əhalinin su və kanalizasiya, qaz, elektrik enerjisi, istilik təchizatı daha da yaxşılaşdırılmışdır. Eyni zamanda, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafı təmin edilmiş, yeni sosial obyektlər tikilmiş, mövcud binalar əsaslı təmir edilmiş, sahibkarlığın inkişafı, sənaye, kənd təsərrüfatı, turizm, ekologiya, əhalinin sosial müdafiəsi və təhlükəsizliyi sahəsində mühüm işlər görülmüşdür. Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasına 3 milyard manat vəsait xərclənmişdir.
Həmin proqramın icrası nəticəsində paytaxt və qəsəbələrdə, eləcə də, Abşeron rayonunun qəsəbə və kəndlərində 3500 kilometr qaz kəməri çəkilmiş, əlavə 132 min abonent qazla təmin olunmuşdur. 39 elektrik yarımstansiyası və 264 transformator qoyulmuş və ya təmir edilmiş, 4400 kilometr elektrik kabel xətti çəkilmiş, nəticədə əhalinin və iqtisadiyyatın etibarlı enerji təchizatı təmin olunmuşdur. Dövlət proqramına uyğun olaraq, su təminatı zəif olan ərazilər əsas götürülməklə, Bakı şəhərində və ətraf qəsəbələrdə 820 kilometr uzunluğunda supaylayıcı şəbəkə, ümumi tutumu 100 min kubmetr olan 7 su anbarı tikilmiş, 53 min mənzildən ibarət 900 çoxmənzilli yaşayış binasının daxili supaylayıcı sistemləri yenilənmiş, 120 min ədəd smart-kart tipli sayğac quraşdırılmış, uzunluğu 61 kilometr olan Ceyranbatan-Balaxanı-Ramana-Qala magistral su kəməri istifadəyə verilmişdir. Proqramın icra edildiyi müddətdə 220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilmiş və fasiləsiz su alan əhalinin sayı 900 min nəfərdən 1 milyon 760 min nəfərə çatdırılmışdır. Eyni zamanda, əhaliyə verilən suyun keyfiyyətinə nəzarət etmək üçün müasir standartlara cavab verən mərkəzi laboratoriya tikilib istifadəyə verilmişdir.
Yol infrastrukturunun təkmilləşdirilməsi də Dövlət Proqramında diqqət mərkəzində olmuşdur. Belə ki, Zabrat-Maştağa-Buzovna, Zığ dairəsi-Aeroport magistralından Qala stansiyasınadək gedən yolda və Zabrat-Kürdəxanı-Pirşağı yolunda yenidənqurma işləri başa çatdırılmış, Bilgəh-Novxanı-Sumqayıt, Zığ-Hövsan yollarında və Binə qəsəbəsinin baş yolunda isə işlər davam etdirilir. Ümumilikdə 22 qəsəbənin 420 mindən çox sakininin istifadə etdiyi 62 kilometr qəsəbələrarası yol təmir olunmuş, rayon və qəsəbədaxili yollara 3 milyon kvadratmetrdən çox asfalt örtüyü salınmış, 41 körpü, tunel və piyada keçidi istifadəyə verilmişdir.
Bakı şəhəri və ətraf qəsəbələrin sosial inkişafı da diqqət mərkəzində olmuşdur. Təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman və digər sosialyönümlü sahələrdə əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Proqram çərçivəsində 174 məktəbdə və 121 uşaq bağçasında, 4 peşə məktəbində və 3 yaradıcılıq məktəbində təmir-tikinti işləri başa çatdırılmışdır. Yeni və müasir tibb müəssisələrinin açılması, mövcud müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayon və qəsəbələrdə 41 xəstəxana, poliklinika, sanatoriya və digər tibb müəssisələri tikilmiş və ya təmir edilərək müasir avadanlıqla təchiz edilmişdir.
Heydər Əliyev Fondunun qayğısı nəticəsində respublikamızın digər bölgələrində olduğu kimi, Bakıda, şəhərətrafı qəsəbə və kəndlərdə də milli və mədəni irsimizin qorunması, mədəniyyətin, təhsilin, səhiyyənin, idmanın və digər sahələrin inkişafı ilə bağlı mühüm işlər görülmüşdür.
Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər ölkəmizdə ekoloji problemlərin həllini prioritet istiqamətlərdən birinə çevirmişdir. Belə ki, proqramda 3 bənd üzrə əsas, 6 bənd üzrə isə ikinci dərəcəli icraçı orqan kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi təyin olunmuşdur. Bu tədbirlər Abşeron yarımadasının həllivacib olan əsas ekoloji problemlərinin aradan qaldırılmasına yönəlmişdir. Nazirlik ilk növbədə yaşıllaşma işlərinin aparılmasına diqqəti artırmış, yeni yollar kənarında böyük yaşıllıq zolaqlarının salınmasına başlanılmışdır.
Bakı şəhəri və onun ətraf qəsəbələrinin həll olunmamış ekoloji problemləri hələ də qalmaqdadır. Xüsusilə, uzun illər neft tullantıları ilə çirklənmiş ərazilərin hələ də tam təmizlənməməsi vacib problem kimi qarşıda durur. Yaxın gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsi olduqca əhəmiyyətlidir.
“2014-2016-cı illərdə Bakı şəhəri və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramı”nın da icrası davam etməkdədir. Yeni dövlət proqramında həyata keçiriləcək tədbirlər sırasına Bakının qazla təmin edilməyən qəsəbələrinin qaz təchizatının başa çatdırılması, elektrik enerjisi ilə təchizatın daha da yaxşılaşdırılması, mövcud istilik məntəqələrinin bərpası, modernləşdirilməsi və yenilərinin yaradılması, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və yaradılması sahəsində müvafiq layihələrin, yol təsərrüfatı və nəqliyyat infrastrukturunun inkişafının,informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində işlərin davam etdirilməsi, səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi, müasir avadanlıqla təminatının daha da yaxşılaşdırılması məsələləri daxildir. Eyni zamanda, ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən məişət tullantılarının toplanması və daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində işlərin davam etdirilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi, abadlıq və yaşıllaşdırma işlərinin genişləndirilməsi məsələləri də qarşıda duran vəzifələrdəndir.
Dövlət proqramı çərçivəsində təkcə Sabunçu rayonu ərazisində 16 sahəni əhatə edən 74 bənddən ibarət mühüm sosial və iqtisadi əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Hazırda təhsil sahəsi üzrə 5 obyektdə tikinti və təmir işləri davam etdirilir. Böyükşor gölünün problemi, demək olar ki, həll olunmuşdur. Burada Avropa Oyunları üçün çox möhtəşəm Bakı Olimpiya Stadionu ucaldılmış, onun ətrafında park salınması işləri davam etməkdədir.
Xəzər rayonu qəsəbələrində də abadlıq işləri sürətlə davam edir. Heydər Əliyev Fondu və Dövlət Proqramı çərçivəsində təhsil sahəsi üzrə Şüvəlan qəsəbəsində 2 və 4 saylı internat məktəblərinin, Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsində və Mərdəkan qəsəbəsində uşaq bağçalarının, Zirə qəsəbəsində Dalğa uşaq düşərgəsinin tikintisi davam etdirilir. Qala hərbi şəhərciyində 216 saylı məktəbin cari təmiri və Buzovna qəsəbəsində Respublika Uşaq Sanatoriyasının yenidən qurulması başa çatdırılmışdır. Şağan qəsəbəsindəki 124 saylı məktəb üçün yeni binanın tikintisi, Türkan qəsəbəsində 6 saylı internat məktəbinin yenidən qurulması, Binə qəsəbəsində 121 saylı orta məktəbin əsaslı təmiri başa çatdırılaraq istifadəyə verilmişdir. Açılış mərasimlərində Prezident İlham Əliyev və xanımı, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iştirak etmişlər.
Mədəniyyət, gənclər və idman sahələri üzrə Mərdəkan qəsəbəsində Heydər Əliyev adına park, Buzovna və Türkan qəsəbəsində 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə inşa edilmiş abidə-park kompleksi, Buzovna qəsəbəsində Mədəniyyət evi və Şüvəlan qəsəbəsində Gənclər evi yenidən tikilərək istifadəyə verilmişdir. Türkan, Mərdəkan və Buzovna qəsəbələrində idman mərkəzlərinin və Şağan qəsəbəsində Mədəniyyət evinin tikintisi hazırda davam etdirilir.
Bakının digər rayonlarının, o cümlədən, Qaradağ və Səbail rayonlarının qəsəbələrində də bu istiqamətdə işlər davam etməkdədir.
Dövlət proqramının həyata keçirilməsi Bakının ətraf qəsəbələrinin inkişafında yeni mərhələ olmaqla yanaşı, bir sıra investisiyayönümlü layihələrin reallaşmasına imkan yaradacaqdır.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.