Biləsuvarlı gənclərin uğurları sevindiricidir

Məlum olduğu kimi, Beynəlxalq Millətlər Təşkilatı bu il avqustun 12-də keçirilən Beynəlxalq Gənclər Günündə gələn il avqustun 12-ə kimi olan dövrü "Beynəlxalq Gənclər ili" elan edib. Bununla əlaqədar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Nəsillərarası dialoq və qarşılıqlı anlaşma" şüarı altında ilk maraqlı tədbir keçirilib. Qeyd olunub ki, ilin əsas qayəsi gənclərin cəmiyyətdə xüsusi rolunu artırmaq və minilliyin inkişaf məqsədlərində onlara daha çox yer verməkdir. Nazirlik Beynəlxalq Gənclər ili üçün xüsusi tədbirlər planı hazırlayıb.
Biləsuvar rayonunun gəncləri də ictimai-siyasi həyatda fəallıqları ilə fərqlənirlər. Rayon gənclər və idman idarəsinin rəisi Xalid Rüstəmovun bu barədə dedikləri:
- Ulu öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan gənclərinin 4-cü forumunda dediyi sözlər həyat devizimizdir: "Mən belə hesab edirəm ki, gənclər irəliyə daha inamla getməlidirlər, onlara inam olmalıdır. Çünki bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir". İftixar hissi ilə xatırladım ki, dövlət başçımızın 2005-ci il avqustun 30-da imzaladığı sərəncamla "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi, onların məşğulluğunun təmin edilməsi, yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması kimi məsələləri əhatə edib və uğurla həyata keçirilib.
2007-ci ilin Azərbaycanda Gənclər ili elan olunması və həmin il bir sıra maraqlı tədbirlərin keçirilməsi Prezidentimizin bizə olan inamının daha bir sübutu idi. İndi isə beynəlxalq səviyyədə Gənclər ilinin elan edilməsi gənclərin dünyada həqiqətən də aparıcı qüvvəyə çevrilməsini təsdiq edir.
Bizim idarə cari ildə "Gənclər siyasəti haqqında", eləcə də "Bədən tərbiyəsi və idman haqqında" qanunların icrası üçün bir sıra işlər görüb, müxtəlif tədbirlər həyata keçirib. Gənclərlə iş və idman sahələrində uğurlarımız az deyil.
Uşaq, yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsinin təbliği fəaliyyətimizin başlıca istiqamətlərindəndir. Bu məqsədlə "Cəsurlar" hərbi-idman və turizm oyunu üzrə birinciliklərin keçirilməsi ənənə halını alıb. Bu il rayon turunun qalib komandası Astarada keçirilən zona yarışlarında 4-cü yeri tutub. "Şahin" hərbi-vətənpərvərlik oyununun qalib komandası da zona turnirinin 4-cüsü olub.
Artıq Biləsuvarda hərbi-vətənpərvərlik tərbiyəsi deyəndə ilk növbədə gözlər önündə Əliabad kənd orta məktəbinin məzunu, Milli Ordunun hərbi qulluqçusu Mübariz İbrahimovun işıqlı obrazı canlanır. Bu il iyun ayının 19-da düşmən həmləsini dəf edərkən Mübarizin göstərdiyi misilsiz igidlik Vətənə məhəbbət hissinin, torpaq uğrunda ölümə belə getmək rəşadətinin nümunəsidir.
Prezident, Ali Baş Komandan İlham Əliyev Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verib. İndi Mübarizin adı ölkəmizin hər bir guşəsində qəhrəmanlıq, cəsarət və vətənpərvərlik simvoluna çevrilib. Onun haqqında film çəkilib, kitab yazılıb. Doğulub böyüdüyü Əliabad kəndinə gələnlərin ardı-arası kəsilmir. Hər kəs onun adı ilə ürəkdən fəxr edir, ölməz ruhu qarşısında ehtiramla baş əyir, valideynlərinin əlini öpür və Mübarizin qəhrəmanlığını gənclərə nümunə göstərir. Biləsuvarda Mübariz İbrahimovun adına küçə və məktəb var. Ürəklərdə qurduğu abidənin meydanların birində əzəmətlə ucalacağına və ziyarətgaha çevriləcəyinə də inam böyükdür.
Bu il Biləsuvar gənclərindən 147 nəfəri ali məktəblərə daxil olub. 29-u 500 baldan, 5-i isə 600 baldan yuxarı nəticə göstərib. Onlarla ənənəvi görüş keçirmək nəzərdə tutulub.
Gənclər arasında hüquq pozuntuları, narkomaniya və digər zərərli vərdişlərin qarşısının alınması, istedad və qabiliyyətlərin üzə çıxarılması sahəsində Biləsuvarda aparılan işlər təqdirəlayiqdir. "Xəmsə" milli-intellektual oyununun zona yarışında rayon komandasının 2-ci yeri tutması, "Dünyaya pəncərə" ictimai birliyinin, "Gənc vətənpərvərlər" klubunun və "Gənclər fondu"nun nümayəndələri ilə birgə çeşidli tədbirlərin təşkil olunması xüsusi qeyd edilməlidir. Ümumilikdə bu kimi tədbirlərə on bir minədək gənc cəlb olunub.
İlin əvvəlindən basketbol, voleybol, futbol, sərbəst güləş, yüngül atletika, tir atıcılığı, boks, əlbəyaxa döyüş növləri, şahmat və sair növlər üzrə rayon birincilikləri keçirilib. Ümumilikdə, bu yarışlarda 2488 yeniyetmə və gənc qüvvəsini sınayıb.
Bu il Ukraynanın Odessa şəhərində karate üzrə keçirilən Avropa birinciliyində 11 idmançıdan 5-i qızıl, 6-sı isə gümüş medal qazanıb. "Təhsil" İdman Mərkəzinin keçirdiyi açıq birincilikdə 1 boksçu 1-ci, 3 nəfər 2-ci, 3 nəfərsə 3-cü yerə layiq görülüb. Bu növdə Azərbaycan birinciliyində isə 2 idmançı bürünc mükafat qazanıb. Bir nəfər sərbəst güləşçi respublika spartakiadasında 3-cü olub. Ölkə şahmat olimpiadasında Biləsuvar təmsilçisi öz qrupunda qalib gəlib. Mini-futbol komandası Kürdəmirdə keçirilən zona yarışlarında ən güclü hesab edilib. Yay aylarında Bakı, Zaqatala və Şamaxıda təşkil olunan mötəbər çempionat, olimpiada və milli xalq oyunlarında da Biləsuvar təmsilçiləri uğurla çıxış ediblər.
Hazırda rayonda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş futbol çempionatı keçirilir. İnanırıq ki, yeni təsis olunan bu yarış da ənənəvi xarakter alacaq, ətrafına çoxlu idmançı toplayacaq.
Nəhayət onu da qeyd etmək lazımdır ki, Biləsuvar rayonunun rəhbərliyi gənclərlə işi və idmanın inkişafını daim diqqətdə saxlayır. İcra hakimiyyətinin başçısı Adil Məmmədov idmançılara qayğı ilə yanaşır, onların yarışlara yola salınmasında, qələbə ilə qayıtdıqdan sonra isə qəbul edilib mükafatlandırılmasında maddi və mənəvi dəstək göstərir. Gənclərin hər bir təşəbbüsü rayonda lazımınca müdafiə olunur, onlara hər cür köməklik edilir.
Xalid Rüstəmov onu da bildirdi ki, Beynəlxalq Gənclər ili çərçivəsində geniş tədbirlər keçiriləcək və rayonun ictimai-siyasi həyatında gənclərin rolu daha da gücləndiriləcək. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Biləsuvarda da bu fəallıq daim hiss edilir.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında