Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşması, mənəvi-ideoloji baxımdan tam yetkinləşməsi, faydalı məşğulluğunun təmin olunması daim diqqət mərkəzində saxlanılır. Respublika Prezidentinin 30 avqust 2005-ci il tarixli "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-209-cu illər)" ölkəmizin hər yerində uğurla həyata keçirilir. Qax Rayon İcra Hakimiyyəti başçısının rayon gənclərinin nümayəndələri ilə keçirdiyi görüşdə də məqsəd məhz müvafiq Proqramın tələbləri baxımından qarşıda duran vəzifələrlə bağlı idi.
Tədbiri giriş sözü ilə RİH başçısı Musa Şəkiliyev açaraq rayon rəhbərliyinin əhalinin müxtəlif təbəqələri ilə, o cümlədən gənclərlə keçirdiyi görüşlərin əhəmiyyətindən danışdı. Natiq respublikamızda ulu öndərimiz Heydər Əliyev tərəfindən başlanmış və hazırda Respublika Prezidenti İlham Əliyevin rəhbərliyilə uğurla həyata keçirilən siyasi kursun tərkib hissəsi olan Dövlət Gənclər siyasətinin mahiyyətindən, bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açdı. Qeyd etdi ki, qaxlı gənclər həmişə ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmiş, təhsildə, idmanda, hərbi xidmətdə xüsusilə fərqlənmişlər. Bugünkü görüşdə də məqsəd bu sahədə əldə olunmuş ənənələri uğurla davam etdirmək, gənclərin rayonun ictimai-siyasi həyatında fəallığının daha da yüksəldilməsi, onların problemlərinin həlli üçün qarşıda duran vəzifələri müəyyənləşdirməkdən ibarətdir.
"Gənclər gələcəyimizdir" mövzusunda çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov gənclərin rayonun tikinti-quruculuq işlərində iştirakı, məşğulluğu, təhsili, idmanın ayrı-ayrı növləri üzrə əldə etdikləri uğurlar barədə ətraflı məlumat verdi, həyata keçirilən mədəni-kütləvi, ictimai-siyasi tədbirlədən danışdı. Xüsusilə rayonda idmanın kütləviliyinin artırılması üçün görülən işlər, idmanın kadr potensialı, maddi-texniki bazasının möhkəmləndirilməsilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verdi. İdmanın və təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə RİH və bələdiyyə tərəfindən göstərilən diqqət və qayğıdan söz açdı. Qeyd etdi ki, 2010-cu ilin ötən dövründə keçirilən respublika və beynəlxalq yarışlarda rayonumuzun idmançıları uğurla çıxış etmişlər. Sevindirici haldır ki, 2010-cu ildə Ukraynanın Xarkov şəhərində çoxmübarizəli idman döyüşü üzrə keçirilən dünya çempionatında rayonumuzun idmançısı Ramin Məmmədov, Türkiyənin Kayseri şəhərində 9 yaşa qədər qızlar arasında şahmat üzrə dünya çempionatında isə Xanım Balacayeva bütün rəqiblərinə qalib gələrək dünya çempionu olmuşdur. Son günlər rayon ictimaiyyəti idmançılarımızdan daha iki sevindirici xəbər almışdır. Gürcüstanın Tiflis şəhərində keçirilən superfayt (sərbəst döyüş) idman növü üzrə dünya çempionatında idmançımız Ehtiram Dərişov dünya kubokunun qalibi olmuş, Almaniyanın Bavariya şəhərində keçirilən bütün döyüş növləri üzrə dünya çempionatında isə çempionatın kinq-boksinq növündə həmyerlimiz Zaur İsaqov 80 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək dünya çempionu adını qazanmışdır. Ə.Bayramov daha sonra rayonda gənclərlə işin daha da yaxşılaşdırılması üçün qarşıda duran vəzifələrdən danışmışdır.
Tədbirdə çıxış edən dünya çempionları Z.İsaqov, R.Məmmədov, E.Dərişov və başqaları ölkəmizdə, o cümlədən rayonda gənclərə göstərilən diqqət və qayğıya, idmanın inkişafı üçün yaradılan əlverişli şəraitə görə Respublika Prezidentinə, rayon rəhbərliyinə minnətdarlığını bildirmişlər.
Sonra RİH-in başçısı M.Şəkiliyev rayonda idmanın inkişafında xidmətlərinə və dünya çempionatlarında qazandıqları yüksək qələbəyə görə dünya çempionları E.Dərişova və Z.İsaqova RİH-in fəxri fərmanlarını və qiymətli hədiyyələrini təqdim etmişdir. M.Şəkiliyev gənclərə müraciət edərək demişdir ki, onları narahat edən məsələlər, problemlər barədə məlumat versinlər, arzu və təkliflərini söyləsinlər.
Çıxış edən bir qrup tədbir iştirakçısı rayonda gənclərlə işin daha da yüksəldilməsi, idmanın kütləviliyinin artırılması üçün arzu və təkliflərini söyləmişlər. Qeyd edilmişdir ki, rayonda gənclərlə işin daha da yaxşılaşdırılması üçün onları birləşdirən bir ictimai qurumun yaradılmasına ehtiyac var.
Tədbiri yekunlaşdıran RİH-in başçısı M.Şəkiliyev bildirmişdir ki, söylənilən arzu və təkliflər, qaldırılan problemlər diqqətlə araşdırılaraq onların həlli üçün müvafiq tədbirlər görüləcək, rayonun əlaqədar idarə, müəssisələrinin fəaliyyəti gənclərlə işin yaxşılaşdırılmasına, onların məşğulluğunun, ictimai-siyasi fəallığının, təhsilinin yüksəldilməsinə istiqamətləndiriləcəkdir.
Sonra gənclərə dəyərli tövsiyələrini çatdıran RİH-in başçısı əmin olduğunu bildirmişdir ki, Qaxın gəncləri bundan sonra da göstərilən diqqət və qayğıya cavab olaraq həmişə rayonun ictimai-siyasi həyatında öndə gedəcək, rayonun sosial-iqtisadi inkişafı, abadlığı üçün üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, təhsildə, idmanda əldə olunmuş ənənələri uğurla davam etdirəcəklər.
{nl}
İ.MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.