Milli Məclisdə Nazirlər Kabinetinin hesabatı dinlənilmişdir

Milli Məclisin martın 16-da keçirilmiş iclasında  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu ildə fəaliyyəti haqqında hesabatı dinlənilmişdir. Hökumətin hesabatı kitab halında çap olunaraq deputatlara paylanmışdır.

{nl}

Milli Məclisin sədri Oqtay ƏSƏDOV iclası açaraq əvvəlcə deputatları, hökumətin üzvlərini və Azərbaycan xalqını İlaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik etdi və dedi:

{nl}

– Hörmətli cənab Baş nazir və hökumət üzvləri!

{nl}

Hörmətli deputatlar!

{nl}

Xanımlar və cənablar!

{nl}

Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulduğu kimi, Milli Məclis hər il yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin əvvəlki ildəki fəaliyyəti barədə hesabatını dinləyir. Bugünkü iclasımız da bütünlüklə bu məsələyə həsr olunacaqdır.

{nl}

Dünya iqtisadiyyatında davam edən qlobal maliyyə böhranına baxmayaraq, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı kifayət qədər yüksək - 9,3 faiz artım sürətinə nail olmuş, nəzərdə tutulan layihələrin icrası təmin edilmişdir. Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətinə görə dünyada 51-ci yerə layiq görmüşdür. Bu, MDB ölkələri arasında ən yüksək göstəricidir. Dünyanın əksər ölkələrində müşahidə olunan iqtisadi tənəzzül fonunda ölkəmizdə iqtisadi inkişaf davam etmiş, yoxsulluq səviyyəsi azalmış, əhalinin rifahı yaxşılaşmışdır. Önəmli haldır ki, hesabat ilində ümumi daxili məhsulun həcminin 64 faizi iqtisadiyyatın istehsal sahəsinin, 28 faizi isə xidmət sahələrinin payına düşmüşdür.

{nl}

Əvvəlki illərdə olduğu kimi, yenə də qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılmışdır. 2008-ci illə müqayisədə ötən il bu sahədə real artım 3,2 faiz olmuşdur. ÜDM-in 45,4 faizi qeyri-neft sektorunun payına düşmüşdür. Ümumiyyətlə, son beş ildə ölkənin qeyri-neft sektorunda ardıcıl iqtisadi artım müşahidə olunur. Ölkədə həyata keçirilən islahatlar xalqın etimadını qazanmışdır. Bunun əsas göstəricilərindən biri də iqtisadiyyatımıza sərmayə qoyuluşudur. Ötən il əsas kapitala yönəldilmiş investisiyaların 80 faizini daxili, 20 faizini isə xarici vəsaitlər təşkil etmişdir. Burada önəmli cəhət xarici investisiyaların 87 faizinin Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, İsveçrə, Çexiya və Türkiyə kimi inkişaf etmiş ölkələrin payına düşməsidir. Bu, ölkəmizə böyük inamın əlamətidir.

{nl}

İqtisadiyyatda baş verən köklü dəyişikliklər əhalinin maddi rifahına da müsbət təsir göstərmişdir. Ötən il ölkə üzrə işçilərin orta aylıq əmək haqqı 2008-ci ilə nisbətən 8,6 faiz artaraq 298 manata çatmış, inflyasiya səviyyəsini 7 faiz üstələmişdir.

{nl}

Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin əsas icraçısı Nazirlər Kabinetidir. Son illərdə Nazirlər Kabinetinin parlamentə təqdim etdiyi hesabatlar ətraflı və yaradıcı tərzdə müzakirə olunur, deputatların  təklifləri hökumətin növbəti illər üçün fəaliyyət dairəsinə daxil edilir. Ötən ilki hesabatın müzakirəsi zamanı deputatların  irəli sürdükləri təklif və tövsiyələrin ümumiləşdirilməsi və icra vəziyyəti barədə geniş məlumatın bizə təqdim olunmuş cari hesabatda verilməsi bunu bir daha təsdiqləyir. 

{nl}

Hörmətli iclas iştirakçıları!

{nl}

Həm hökumətin, həm də Milli Məclisin əsas məqsədi Azərbaycanın hərtərəfli tərəqqisinə, xalqın rifahının yüksəlməsinə nail olmaqdır. Nazirlər Kabinetinin hesabatının hər il parlamentdə konstruktiv şəraitdə dinlənilməsi nəticə etibarı ilə qanunvericilik və icra hakimiyyəti orqanlarının Konstitusiya ilə nəzərdə tutulmuş qarşılıqlı əlaqələrinin güclənməsinə  xidmət edir.

{nl}

O.Əsədov deputatları hesabatın müzakirəsində fəal və obyektiv  olmağa çağırmış və onlara uğurlar arzulamışdır.

{nl}

İndi isə Nazirlər Kabinetinin 2009-cu ildə fəaliyyəti haqqında hesabata dair çıxış üçün söz Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadəyə verilir.

{nl}

 

{nl}

Baş nazir Artur Rasizadənin çıxışı

{nl}

– Hörmətli sədr!

{nl}

Hörmətli deputatlar!

{nl}

Ölkənin sosial-iqtisadi inkişafının möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin geniş iclaslarında dərindən təhlil edilməsi və ilin yekunları ilə bağlı Milli Məclisdə ətraflı dinləmələrin keçirilməsi ictimaiyyət tərəfindən iqtidarın xalq qarşısında hesabatı kimi təqdir edilir.

{nl}

Dövlətimizin başçısının yüksək idarəçilik məharəti, mütərəqqi iş üslubu, problemlərin həllinə müasir yanaşma tərzi cəmiyyətin bütün təbəqələrinin maraq və mənafelərinin təmin edilməsini ön plana çəkərək, ali məqsəd kimi qarşıya qoymuşdur.

{nl}

2008-ci ildə növbəti müddətə Prezident seçilən İlham Əliyevin bu dövrdəki fəaliyyəti,  özünəməxsus praqmatizm və ardıcıllıqla həyata keçirdiyi tarazlaşdırılmış sosial-iqtisadi siyasət həmişə olduğu kimi, yenə də Azərbaycanın dinamik inkişafına və tərəqqisinə xidmət etmişdir.

{nl}

Dünyanı bürüyən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, 2009-cu ildə də ölkəmizdə makroiqtisadi sabitliyə və real artıma nail olunmuş, xalqın maddi rifah halının yaxşılaşması təmin edilmişdir.

{nl}

Artıq bir neçə ildir ki, iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun artımına görə respublikamız dünya ölkələri arasında ən yüksək yerlərdən birini tutur. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu islahatlar, bazar institutlarının fəaliyyəti nəticəsində əldə olunan müsbət kəmiyyət və keyfiyyət dəyişiklikləri iqtisadiyyatda keçid dövrünün tamamlandığını şərtləndirən əsas göstəricilərdir.

{nl}

Nazirlər Kabinetinin hesabat dövründəki fəaliyyəti ölkə rəhbərinin ötən ilin yanvarında verdiyi tapşırıqlara uyğun olaraq böhrana qarşı qabaqlayıcı tədbirlərin hazırlanıb həyata keçirilməsinə yönəldilmişdir.

{nl}

Bununla bağlı, hökumət makroiqtisadi sabitliyin qorunması, istehsalın səviyyəsinin saxlanılması, pul-kredit siyasətinin gücləndirilməsi, sosial problemlərin həlli, əhalinin aztəminatlı təbəqəsinin müdafiəsi, sahibkarların işgüzar fəallığının stimullaşdırılması istiqamətlərində  zəruri işlər görmüşdür. Həyata keçirilən qətiyyətli və səmərəli tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını nümayiş etdirmiş, qeyri-neft sektorunda şaxələndirmə əsasında iqtisadi artım əldə edilmişdir.

{nl}

Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf  Bankı kimi aparıcı maliyyə institutları ölkəmizdə həyata keçirilən antiböhran tədbirlərini yüksək qiymətləndirmişdir. Dünya Bankının növbəti “Doinq-Business” hesabatında Azərbaycan öz yüksək mövqeyini saxlamışdır.

{nl}

Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı dünyada 51-ci yerə layiq görmüşdür ki, bu da Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ən yüksək göstəricidir. “Standard&Poors” beynəlxalq reytinq agentliyi respublikamızın reytinq proqnozunun “sabit” səviyyəsindən “müsbət” səviyyəyə yüksəldiyini bəyan etmişdir.

{nl}

Hesabat ilində ÜDM-in həcmi 34,6 milyard manat olmuş, əvvəlki ilə nisbətən real artım 9,3 faiz, qeyri-neft sektorunda isə 3,2 faiz təşkil etmişdir. İnflyasiyanın səviyyəsi 1,5 faizə endirilmişdir.

{nl}

Həmişə olduğu kimi, sosial məsələlərin həlli hökumətin fəaliyyətində prioritet yer tutmuşdur. Orta aylıq əməkhaqqı 8,6 faiz artaraq 298 manata, əmək pensiyalarının orta aylıq məbləği isə 100,4 manata  çatdırılmışdır. Minimum aylıq əmək haqqı və əmək pensiyalarının baza hissəsi 75 manat olmuşdur.

{nl}

Keçən il artırılan ehtiyac meyarı əsasında 654 min insanın ünvanlı sosial yardım almasına dövlət büdcəsindən 180 milyon manat vəsait xərclənmişdir. Sosial-iqtisadi inkişafın əsas göstəricilərindən olan yoxsulluğun səviyyəsi 2,2 faiz azaldılaraq 11 faizə endirilmişdir. İl ərzində 74 minə yaxın yeni iş yeri açılmışdır.

{nl}

Təbii ki, yoxsulluğun səviyyəsinin aşağı salınmasında Azərbaycan Prezidentinin təsdiq etdiyi yoxsulluğun azaldılması və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının xüsusi əhəmiyyəti olmuşdur.

{nl}

2009-cu ildə dövlət büdcəsinin investisiya proqramı çərçivəsində regionların inkişafına 1,5 milyard manat vəsait ayrılmışdır. Bölgələrdə aparılan sosial quruculuq və infrastruktur təminatının yaxşılaşdırılması işlərini davam etdirməklə qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq əsas məqsəd kimi qarşıya qoyulmuşdur.

{nl}

 “2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq pensiya sistemində islahatların yeni mərhələsi başlanmışdır. Sosial sığorta haqları və sığorta ödənişləri arasında birbaşa əlaqə təmin olunmuş, sığorta stajının vahid prinsiplər əsasında pensiya kapitalına çevrilməsi problemi həllini tapmışdır.

{nl}

Pensiya təyinatında insan amilinin rolunun minimuma endirilməsi üçün hüquqi baza yaradılmış, şəffaf və avtomatlaşdırılmış vahid pensiya sisteminin formalaşdırılması son mərhələyə keçmişdir.

{nl}

Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 707 mənzil tikilmişdir ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur. Əlillər üçün 2 yeni reabilitasiya mərkəzi açılmış, 500 minik avtomobili ayrılmışdır.

{nl}

Məcburi köçkünlərin sosial problemlərinin həlli hökumətin fəaliyyətində yenə də vacib istiqamət olmuşdur. Ümumilikdə 1416 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılmış, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 307,8 milyon manat vəsait sərf edilmişdir. Bakı şəhərində yaşayış kompleksi, Goranboy və Abşeron rayonlarında yeni qəsəbələr, Göygöl rayonunda 26 fərdi ev tikilərək istifadəyə verilmişdir.

{nl}

Hörmətli deputatlar!

{nl}

2009-cu ildə dövlət büdcəsinin gəlirləri 10,3 milyard manat, xərcləri isə 10,6 milyard manat olmuşdur.

{nl}

Dünya bazarlarında karbohidrogenlərin qiymətinin kəskin aşağı düşməsinə, ölkələr arasında ticarət dövriyyəsinin azalmasına baxmayaraq ümumilikdə aparılan düzgün maliyyə siyasəti imkan vermişdir ki, sosial və təhlükəsizliklə bağlı xərclər tam həcmdə icra olunsun. Sosialyönümlü xərclərə 2,8 milyard manat vəsait sərf edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 19,5 faiz çoxdur.

{nl}

İqtisadi mühitin daha da yaxşılaşdırılması, sahibkarlığın stimullaşdırılması məqsədi ilə Vergi Məcəlləsinə əhəmiyyətli dəyişikliklər edilmişdir. Belə ki, fərdi sahibkarların gəlirinin vergiyə cəlb edilmə dərəcəsi 35 faizdən 20 faizə, mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi isə 35 faizdən 30 faizə endirilmişdir. Sadələşdirilmiş vergi ödəyicisi üçün əməliyyatların illik həcmi 90 min manatdan 150 min manatadək artırılmışdır.

{nl}

2009-cu ildə hökumət Mərkəzi Bankla  daha sıx əlaqədə işləmiş, aidiyyəti üzrə görülmüş təxirəsalınmaz və adekvat tədbirlər  nəticəsində makroiqtisadi sabitliyin qorunmasına nail olunmuşdur. Böhranın ölkə iqtisadiyyatına təsirinin yumşaldılması istiqamətində qanunvericilikdə edilən mühüm dəyişikliklər tənzimləmə imkanlarını daha da artırmışdır.

{nl}

Bununla  real sektora hökumət zəmanəti ilə məqsədli kreditlərin verilməsi, kommersiya banklarına isə subordinasiyalı kreditlərin ayrılması mexanizmi yaradılmışdır.

{nl}

Bank sisteminə ictimai inamı daha da möhkəmləndirmək məqsədi ilə illik dərəcəsi 15 faizədək olan əmanətlər sığorta sisteminə daxil edilmiş, onların maksimal məbləği beş  dəfə   qaldırılmışdır. Nəticədə banklarda yerləşdirilmiş əmanətlər ötən ilin ikinci rübündən artmağa başlamışdır.

{nl}

Aparılan məzənnə siyasəti nəticəsində valyuta bazarında sabitlik təmin edilmiş, inflyasiyanın kəskin artmasının qarşısı alınmış və bank sistemində maliyyə dayanıqlığı qorunmuşdur.

{nl}

Ölkənin strateji valyuta ehtiyatları ötən ilin sonuna 1,8 milyard ABŞ dollarından çox artaraq, Dövlət Neft Fondunun vəsaitləri də nəzərə alınmaqla 20 milyard dolları ötmüşdür. İl ərzində onların idarə olunmasından 430 milyon dollara yaxın gəlir əldə olunmuşdur.

{nl}

Dövlət büdcəsindən 287,7 milyon dollar məbləğində xarici borc ödənilməklə, kreditorlar qarşısında öhdəliklər tam həcmdə yerinə yetirilmişdir.

{nl}

Hər il sahibkarlığın dəstəklənməsi məqsədi ilə böyük məbləğdə güzəştli kreditlərin verilməsi, aqrar sektora subsidiyaların ayrılması qeyri-neft sektorunun inkişafında çox mühüm rol oynayır.

{nl}

Hesabat ilində Sahibkarlığa Kömək Milli Fondundan  2100 sahibkarlıq subyektinə 130 milyon manat güzəştli kredit verilmişdir. Fondun qaydalarına edilən dəyişiklik nəticəsində güzəştli kreditlərin maksimum həddi 3 milyondan  5 milyon  manata  qaldırılmış,  faiz dərəcəsi  isə  7-dən 6-ya endirilmişdir. 

{nl}

2008-ci illə müqayisədə maliyyələşdirilmiş layihələrin sayının 2,6 dəfə, güzəştli kreditlərin məbləğinin isə 1,5 dəfə artması dövlət tərəfindən sahibkarlığa göstərilən qayğının real təzahürüdür.

{nl}

Hörmətli deputatlar!

{nl}

Yuxarıda qeyd etdiyimiz çətinliklərə baxmayaraq, keçən il sənaye məhsulları istehsalında 8,6 faiz artıma nail olunmuşdur. İqtisadiyyatın aparıcı sahəsi olan  neftqazçıxarma sənayesinin cari fəaliyyəti və perspektiv inkişafı yenə də hökumətin diqqət mərkəzində olmuşdur.          

{nl}

Belə ki,  ölkə tarixində ilk dəfə 2009-cu ildə neftin hasilatı 50 milyon tonu keçmiş və  əvvəlki illə müqayisədə təxminən 14 faiz artmışdır. Qaz hasilatı isə 23,6 milyard kubmetrə çatdırılmışdır ki, bu da 2008-ci ildəkindən 300 milyon kubmetr çoxdur.

{nl}

Neft emalı zavodlarının fəaliyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması əsas neft məhsullarına ildən-ilə artan daxili tələbatı ödəməyə imkan vermişdir. Ötən il neftin emal dərinliyi ilk dəfə olaraq 90 faizi ötmüş, əmtəəlik mazutun illik istehsalı isə üç il bundan əvvəlki 2 milyon tondan 308 min tona düşmüşdür. Nəticədə açıq rəngli neft məhsullarının çıxım həcmi  71 faizə çatdırılmışdır. 

{nl}

Ölkəmizin qaz ixracı istiqamətlərinin şaxələndirilməsi davam etdirilərək cari ilin əvvəlindən ilk dəfə olaraq təbii qazın Rusiya Federasiyasına ixracına başlanmışdır. Gürcüstana verilən qazın həcmi artırılmış, İran İslam Respublikasına təbii qazın ixracı ilə bağlı hazırlıq işləri isə tamamlanmışdır. Ötən payız-qış mövsümü üçün qaz anbarlarında rekord həcmdə – 1,9 milyard kubmetrdən artıq təbii qaz ehtiyatı yaradılmışdır.

{nl}

Prezident İlham Əliyevin fərmanı ilə əhalinin təbii qazdan istifadəyə görə yaranmış 327 milyon manat məbləğində borclarının silinməsi xalqın sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli tədbirlərdən biri olmuşdur.

{nl}

Respublikamızın enerji təhlükəsizliyinin təmin edilməsində çox mühüm yer tutan energetika kompleksinin potensialının artırılması istiqamətində aparılan intensiv işlər davam etdirilmişdir.

{nl}

İl ərzində 525 meqavatlıq “Sumqayıt” və 104 meqavatlıq “Şahdağ” elektrik stansiyaları istismara verilmiş, enerji sisteminin gücü 9,8  faiz artaraq  6370  meqavata çatdırılmışdır.

{nl}

Şirvan şəhərində  780  meqavatlıq elektrik stansiyasının tikintisi davam etdirilmiş, Naxçıvan Muxtar Respublikasında 36,5 meqavatlıq “Ordubad” və Füzuli rayonunda 25 meqavatlıq su elektrik stansiyalarının inşasına başlanmışdır.

{nl}

“Azərbaycan Respublikasında alternativ enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”na uyğun olaraq müvafiq Dövlət Agentliyi yaradılmışdır. Bu istiqamətdə mövcud imkanların öyrənilməsinə Prezidentin Ehtiyat Fondundan 1 milyon  manat ayrılmışdır. Cari ilin İnvestisiya Proqramında isə alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi üçün 40 milyon manat vəsait nəzərdə tutulmuşdur.        

{nl}

Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində həlledici əhəmiyyəti olan aqrar-sənaye kompleksinə xüsusi diqqət yetirilmişdir. Fermerlərə və sahibkarlara dövlətin günbəgün artan maliyyə və texniki dəstəyi, ildən-ilə yaxşılaşan infrastruktur təminatı öz bəhrəsini vermişdir.  Əvvəlki ilə nisbətən bitkiçilik məhsulları istehsalında 4 faiz, heyvandarlıqda 2,8 faiz, ümumən, kənd təsərrüfatı məhsulları istehsalında 3,5 faiz real artım əldə edilmişdir. Ölkə tarixində ilk dəfə olaraq ən yüksək miqdarda dənli bitki məhsulu toplanmışdır.

{nl}

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqram”ında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 22,7 milyon manat ayrılmışdır.

{nl}

Kənd təsərrüfatı sahəsi üçün mühüm əhəmiyyəti olan meliorasiya tədbirləri davam etdirilmiş, suvarma və kollektor-drenaj şəbəkələri tikilmiş, yeni mühafizə bəndləri qurulmuşdur.

{nl}

Taxtakörpü və Şəmkirçay su anbarlarında, Taxtakörpü-Ceyranbatan kanalında və digər mühüm obyektlərdə tikinti və yenidənqurma işləri aparılmışdır. Ümumilikdə əsaslı tikinti və yenidənqurma işlərinə 242,1 milyon manat vəsait yönəldilmişdir.

{nl}

Hesabat ilində bütün növ nəqliyyat vasitələri ilə əvvəlki illə müqayisədə 3,7 faiz çox yük daşınmış, sərnişin daşınması isə 6,9 faiz artmışdır.

{nl}

İctimai nəqliyyatda xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 930  yeni avtobus, 15 metro vaqonu alınaraq istismara buraxılmışdır. Metropolitenin yeni “Azadlıq Prospekti”stansiyası və “28 May” stansiyasının ikinci çıxışı istifadəyə verilmişdir.

{nl}

Respublikanın 700 kilometrdən artıq avtomobil yollarında tikinti və təmir işləri aparılmışdır. Dörd yol ötürücüsü, 5 yol qovşağı, 7 körpü tikilmişdir. Ucar-Yevlax və Bakı-Şamaxı avtomobil yollarının  yenidən qurulması başa çatmışdır.

{nl}

Rabitə və telekommunikasiya sahəsində il ərzində göstərilmiş xidmətlərin ümumi həcmi 13,1 faiz artmış, bu sektora investisiya qoyuluşu 142,2  milyon manat təşkil etmişdir.

{nl}

Kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması barədə qəbul olunmuş qərara  uyğun olaraq keçən il sahənin inkişafı üzrə müvafiq Dövlət Proqramı təsdiq edilmişdir. İlk peykin orbitə çıxarılması ilə bağlı hazırlıq işləri aparılır.

{nl}

Ölkəmizdə ekoloji vəziyyətin sağlamlaşdırılması sahəsində görülən praktiki işlər daha geniş miqyas almışdır.

{nl}

Azərbaycan Prezidenti tərəfindən cari ilin “Ekologiya ili” elan edilməsi ilə əlaqədar hazırlanmış proqramın icrasına başlanmışdır.

{nl}

Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi və abadlaşdırılması,  Bakının kanalizasiya sisteminin genişləndirilməsi işləri davam etdirilmişdir. Hövsanda aerasiya stansiyası tikilmiş, Sumqayıtda müvafiq qurğunun inşası və civə tərkibli tullantıların zərərsizləşdirilməsi prosesi başa çatdırılmışdır.     

{nl}

Dünya Bankının xətti ilə bərk tullantıların vahid idarəetmə sisteminin yaradılmasına başlanmış, müasir standartlara cavab verən məişət tullantıları zavodunun tikintisinə start verilmişdir. 

{nl}

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Bakı və onun ətrafında üç milyon ağacın əkilməsi ilə bağlı əhəmiyyətli işlər görülmüşdür.

{nl}

Xüsusi mühafizə olunan ərazilərin artırılması məqsədi ilə Lerik rayonu ərazisində Dövlət Təbiət Yasaqlığı yaradılmış, Zəngəzur Milli Parkının ərazisi genişləndirilmişdir.

{nl}

Respublikamızın şəhər və rayonlarının su və kanalizasiya sistemlərinin tikintisi, bərpası və yenidən qurulması hökumətin qarşısında duran çox vacib və təxirəsalınmaz məsələdir.

{nl}

Ötən il Kür və Araz çaylarının  ətrafında yaşayan əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə 122 kəndi əhatə edən,  60 modul tipli sutəmizləyici qurğu istifadəyə verilmişdir.      

{nl}

Müxtəlif beynəlxalq maliyyə-kredit təşkilatları ilə 61 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı işlərin radikal şəkildə həll edilməsi məqsədi ilə 1 milyard ABŞ dolları məbləğində müqavilələr imzalanmışdır. Layihələrin reallaşmasına dövlət büdcəsindən də təqribən 290 milyon manat ayrılacaqdır. Naxçıvan şəhərində, Göyçay və Ağdaş rayonlarında artıq bu işlərə başlanmışdır.

{nl}

Məqsədimiz nəzərdə tutulan işləri qısa müddətdə başa çatdırmaq, əhalini standartlara uyğun içməli su ilə təmin etməkdir.

{nl}

Hörmətli deputatlar!

{nl}

Təhsil sahəsinə ilbəil artan diqqət dövlətimizin başçısının “maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” fikri ilə bilavasitə bağlıdır. Bunu rəhbər tutaraq inkişaf yönümlü 16 proqramın icrası, beynəlxalq təhsil standartlarının tətbiqini təmin edəcək Bolonya prosesinə keçid ilə bağlı işlər davam etdirilmişdir.

{nl}

Təhsil sisteminin maddi-texniki bazası möhkəmləndirilmişdir. İl ərzində 68 yeni məktəb binası tikilmiş, 28 məktəb əsaslı təmir olunmuş, 320 məktəb müasir avadanlıq və tədris laboratoriyaları ilə təchiz edilmiş, 87 məktəbin istilik sistemində təmir-bərpa işləri tamamlanmışdır. Ali məktəblərin müasir tədris avadanlıqları ilə təchiz olunmasına 29,0 milyon manat vəsait yönəldilmişdir.

{nl}

Müvafiq Dövlət Proqramına uyğun olaraq 303 gənc dünyanın aparıcı ali məktəblərinə təhsil almağa göndərilmişdir.

{nl}

Sosial-iqtisadi həyatımızın bütün istiqamətlərində əldə olunan nailiyyətlər mədəniyyət sahəsində də öz əksini tapmışdır.

{nl}

Milli mədəniyyətin inkişafı, zənginləşdirilməsi, təbliği və qorunub saxlanması istiqamətində aparılan səmərəli işlərin məntiqi nəticəsi olaraq Bakı şəhəri İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdir.

{nl}

Mədəniyyət sahəsinə məxsus 500-dən artıq bina və tarixi abidədə təmir-bərpa işləri aparılmışdır. Dövlət investisiya xərcləri hesabına mühüm mədəniyyət və turizm obyektlərində  davam etdirilən tikinti işlərinə 100 milyon manatdan artıq vəsait xərclənmişdir.

{nl}

Səhiyyə sistemində aparılan ardıcıl islahatlar əhaliyə göstərilən tibbi xidməti keyfiyyətcə daha yüksək səviyyəyə qaldırmağa imkan vermişdir. Hesabat ilində səhiyyəyə 500 milyon manatdan çox büdcə vəsaiti ayrılmışdır. Müasir tibbi avadanlıqlarla və qabaqcıl texnologiyalarla təchiz olunmuş Respublika Talassemiya Mərkəzi, Milli Oftalmologiya Mərkəzi, Respublika Perinatal Mərkəzi, Naxçıvanda Doğum Mərkəzi, Yevlaxda uşaq xəstəxanası, Hacıqabulda Tibb Mərkəzi, Göygöldə mərkəzi xəstəxana, 4 dializ mərkəzi  və sair olmaqla, ümumilikdə 60-dan artıq tibb müəssisəsi tikilib istifadəyə verilmiş və əsaslı təmir olunmuşdur.

{nl}

Dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyinə dövlət nəzarətinin təmin edilməsi istiqamətindəki işlər əhəmiyyətli dərəcədə sərtləşdirilmişdir. Ümumilikdə 654 aptekdə aparılmış yoxlamalar nəticəsində 52 aptekin fəaliyyəti qeyri-qanuni olduğu üçün dayandırılmışdır.

{nl}

Ölkənin ucqar rayonlarında tibbi kadrlara olan tələbatın ödənilməsi və mütəxəssis çatışmazlığının aradan qaldırılması məqsədi ilə Nazirlər Kabinetinin müvafiq qərarından sonra ali təhsilli məzunların bu bölgələrə təyinatı 30 faizə qədər artmışdır.

{nl}

Yeri gəlmişkən qeyd etmək istərdim ki, əhalinin keyfiyyətli qida məhsulları ilə təminatı sahəsində də nəzərəçarpacaq işlər görülmüş, istifadəyə yararsız istehlak mallarının satışının qarşısının alınması məqsədi ilə aidiyyəti təşkilatlar tərəfindən nəzarət tədbirləri gücləndirilmişdir.

{nl}

Gənc nəslin hərtərəfli inkişafı, intellektual potensialının gücləndirilməsi və idmanın dəstəklənməsi istiqamətində aparılan məqsədyönlü siyasət ötən ildə də davam etdirilmişdir.

{nl}

Dövlətimizin başçısının müvafiq sərəncamına uyğun olaraq Bakı şəhərində Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası keçirilmişdir.

{nl}

İdmançılarımız Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər beynəlxalq turnirlərdə iştirak edərək 619 medal qazanmışlar. Komandalar arasında keçirilmiş şahmat üzrə qitə birinciliyində kişilərdən ibarət yığmamız ilk dəfə olaraq Avropa çempionu adına layiq görülmüşdür.

{nl}

Respublika Olimpiya İdman Liseyi əsaslı təmir olunmuş, Şəmkirdə, Şərurda, İsmayıllıda, Bakı şəhərinin Hövsan və Şağan qəsəbələrində olimpiya idman kompleksləri tikilərək istifadəyə verilmişdir.

{nl}

Humanitar sahələrdə əldə edilən nailiyyətlər haqqında söylədiklərimi yekunlaşdıraraq təhsil və səhiyyə sisteminin, milli mədəniyyətin, idmanın inkişafında, qaçqın və məcburi köçkünlərin, uşaqların xeyirxahlıq və qayğı ilə əhatə olunmasında, Azərbaycan həqiqətlərinin xaricdə uğurla təbliğ edilməsində Heydər Əliyev Fondunun və onun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gördüyü əhəmiyyətli işləri xüsusilə qeyd etmək istərdim.

{nl}

Hörmətli deputatlar!

{nl}

Məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi davam edir və sülh danışıqları hələ ki,  nəticə vermir. İşğal altında olan torpaqlarımızın azad edilməsini və ərazi bütövlüyümüzün bərpa olunmasını şəxsi nəzarətində saxlayan Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, nə 5 ildən sonra, nə 15 ildən sonra, nə də 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır.

{nl}

Prezident İlham Əliyev sülh danışıqları nəticə verməzsə torpaqlarımızın hərb yolu ilə azad olunacağının da istisna edilmədiyini birmənalı bəyan etmişdir. Dövlətimizin başçısının bununla bağlı tapşırıqlarına uyğun olaraq ordu quruculuğu, ölkəmizin müdafiə qabiliyyətinin artırılması, hərbi qüvvələrimizin hazırlıq səviyyəsinin yüksəldilməsi, sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsi hökumətin  fəaliyyətində ən prioritet istiqamətlər olmuşdur.

{nl}

Silahlı Qüvvələrin müasir döyüş texnikası, silah-sursat, ərzaq, geyim, tibbi və digər maddi-texniki vasitələrlə təmin edilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi sahəsində əhəmiyyətli işlər görülmüşdür.

{nl}

Nazirlər Kabinetinin ilin əvvəlində keçirilən iclasında dövlətimizin rəhbərinin qeyd etdiyi kimi, Müdafiə Sənayesinin yaradılması haqqında qəbul edilmiş qərar çox düzgün və vaxtında atılmış bir addım idi.

{nl}

Bu qərarın icrası istiqamətində Azərbaycan Prezidentinin bilavasitə rəhbərliyi ilə son üç ildə görülmüş kifayət qədər ciddi işlər nəticəsində iqtisadiyyatın yeni sahəsi olan hərbi-sənaye kompleksinin əsasları yaradılmışdır. Sahənin inkişafına 500 milyon dollardan artıq vəsait qoyulmuşdur.

{nl}

Yüksək tələblərə cavab verən yeni istehsalat sahələrinin təşkili, müasir texnologiyaların tətbiqi silah-sursat və texnika istehsalına başlamağa imkan vermişdir. Hazırda 350 çeşiddə müdafiə təyinatlı məhsul istehsal edilir. 

{nl}

Xarici ölkələrlə hərbi sahədə əməkdaşlıq əlaqələri də uğurla inkişaf etdirilmiş, 27 dövlətlə hərbi, hərbi-texniki, hərbi təhsil, təmənnasız hərbi yardım və digər sahələri əhatə edən sənədlər imzalanmışdır.

{nl}

Hamıya məlumdur ki, ölkəmizdə Silahlı Qüvvələrin yaradılmasının əsasını ümummilli liderimiz Heydər Əliyev qoymuşdur. Məhz onun titanik zəhməti, böyük uzaqgörənliklə apardığı ardıcıl və qətiyyətli hərbi siyasət nəticəsində nizami ordu yaradılmışdır.

{nl}

Son illər ərzində möhtərəm Prezidentimiz İlham Əliyevin ordu ilə bağlı qəbul etdiyi məqsədyönlü və konkret qərarlar sayəsində Silahlı Qüvvələrimiz daha da möhkəmlənmiş, onların döyüş texnikası ilə təminatı keyfiyyətcə yeni səviyyəyə qaldırılmışdır. Dövlətimizin başçısı tərəfindən əsgərlərimizə, Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə göstərilən gündəlik diqqət və qayğı orduda mübariz əhval-ruhiyyə yaratmışdır.

{nl}

Lakin münaqişənin həll olunmaması, yaşadığımız müharibə şəraiti hərbçilərə, həm də sərhədyanı rayonlarda düşmənlə üz-üzə dayanan əhaliyə ümumxalq dəstəyinin daha güclü və davamlı olmasını tələb edir.

{nl}

Hesab edirəm ki, taleyüklü bu məsələdə cəmiyyətimizin bütün təbəqələri və kütləvi-informasiya vasitələri bir nöqtəyə vurmalı, əsl vətənpərvərlik mövqeyi nümayiş etdirməlidirlər.

{nl}

Hörmətli deputatlar !

{nl}

Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi  inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqində Prezident İlham Əliyev ölkəmizin qlobal böhrandan minimum itkilərlə çıxdığını xüsusi vurğulamışdır.

{nl}

Dövlətimizin başçısı bir daha qeyd etmişdir ki, Azərbaycanın nail olduğu uğurların əsası ötən illərdə qoyulmuş fundamental iqtisadi bazisə, aparılan düşünülmüş və düzgün siyasətə söykənir.

{nl}

Görülən işləri və əldə olunan nəticələri yüksək qiymətləndirən dövlətimizin rəhbəri onu da nəzərə çatdırmışdır ki, iqtisadiyyatımız artıq keçid dövrünü başa vurmuş, liberal, müstəqil, dayanıqlı, öz resurslarına güvənən, dünya iqtisadi sisteminə sürətlə inteqrasiya edən iqtisadiyyatdır.

{nl}

Dövlətimizin başçısı qazanılan uğurların daha da möhkəmləndirilməsi üçün 2010-cu ildə hökumətin qarşısında duran vəzifələrlə bağlı öz tövsiyə və tapşırıqlarını vermişdir.

{nl}

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf strategiyasını müasir çağırışlara uyğun davam etdirən Prezident İlham Əliyevin çoxşaxəli və yorulmaz fəaliyyəti əminliklə deməyə əsas verir ki,  dövlətimizin başçısının rəhbərliyi ilə hökumət bundan sonra da xalqın rifahı naminə var qüvvəsi ilə çalışacaqdır.

{nl}

Ümidvaram ki, hörmətli deputatlar hər il olduğu kimi hesabatın müzakirəsində iştirak edərək, dəyərli təklifləri ilə ümumi işimizin xeyrinə  töhfələrini verəcəklər.

{nl}

Hörmətli deputatlar!

{nl}

İcazə verin imkandan istifadə edib bu il parlament seçkilərinin keçiriləcəyini nəzərə alaraq, sizə beş il ərzində hökumətlə birgə səmərəli fəaliyyət göstərdiyinizə görə təşəkkürümü bildirim, hər birinizə möhkəm cansağlığı və uğurlar arzulayım.

{nl}

Qarşıdan gələn, gözəl Novruz bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edirəm.

{nl}

Diqqətinizə görə sağ olun.

{nl}

 

{nl}

Sonra hökumətin hesabatı ilə əlaqədar müzakirələr başlanmışdır. Çıxış edən deputatlar ötən il Azərbaycanın sosial-iqtisadi inkişafında əhəmiyyətli nəticələr əldə olunduğunu, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirildiyini, əhalinin yaşayış səviyyəsinin getdikcə yüksəldiyini, sosial-iqtisadi sahələrin inkişafı ilə bağlı cəmiyyətdə nikbin əhval-ruhiyyə və fikir formalaşdığını vurğulamışlar. Bildirilmişdir ki, Azərbaycan iqtisadiyyatının inkişafından əldə olunan gəlirlər ölkənin təhsil, mədəniyyət, səhiyyə, nəqliyyat infrastrukturunun möhkəmlənməsinə yönəldilir. Yeni müəssisələrin və iş yerlərinin əksəriyyətinin regionlarda açılması faktı diqqətəlayiq addımdır.

{nl}

Çıxışlarda vurğulanmışdır ki, hökumətin hesabatında ölkə həyatının bütün sahələri əhatə edilmiş, əsas göstəricilər öz əksini tapmışdır. Ötənilki  müzakirələr zamanı deputatların səsləndirdikləri irad və təkliflərin nəzərə alınması müsbət hal kimi qiymətləndirilmişdir.  Bir fikir xüsusi vurğulanmışdır ki, hesabat Milli Məclisə, deputatlara hörmət ruhunda hazırlanmışdır. Hökumətin qaçqınlar və məcburi köçkünlərlə bağlı gördüyü işlər də yüksək dəyərləndirilmişdir.

{nl}

Eyni zamanda, istifadə olunmamış imkanlardan, ehtiyat mənbələrindən də danışılmış, Ermənistanla həmsərhəd yaşayış məntəqələrinin abadlaşdırılması, əhalinin sovet dövründən qalma əmanətlərinin qaytarılmasının tezləşdirilməsi, informasiya müharibəsinə, elmi biliklərin inkişafına, ərzaq təhlükəsizliyi məsələlərinə, antiinflyasiya tədbirlərinin gücləndirilməsinə diqqətin artırılması barədə təkliflər səslənmişdir.

{nl}

Azərbaycanın gələcəkdə investisiya qoyan ölkəyə çevrilməsi üçün geniş maliyyə imkanlarının yarandığı vurğulanmış və bu istiqamətdə parlamentlə hökumətin sıx əməkdaşlıq şəraitində işləməsinin vacibliyi bildirilmişdir.

{nl}

Müzakirələr başa çatdıqdan sonra Milli Məclis səsvermə yolu ilə Azərbaycan hökumətinin hesabat dövründəki fəaliyyətinin nəzərə alınması barədə qərar qəbul etmişdir.

{nl}

İş günün sonunda Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin təyin edilməsi və Rüfət Cəbrayıl oğlu Aslanlının başqa işə keçməsi ilə əlaqədar olaraq Mərkəzi Bankın idarə heyətinin üzvlüyündən azad edilməsi barədə məsələlərə baxılmışdır.

{nl}

Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd etmişdir ki, Azərbaycan Konstitusiyasına və Milli Məclisin Əsasnaməsinə uyğun olaraq, Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin adları qanunvericilik təşəbbüsü ilə Prezident tərəfindən Milli Məclisə təqdim olunur və parlament məsələyə baxaraq münasibət bildirir. Parlamentə daxil olmuş sənədə əsasən Mərkəzi Bankın İdarə Heyətinin üzvləri təyin edilməsi üçün Elman Sirac oğlu Rüstəmovun və Xəqani Sərxan oğlu Abdullayevin namizədlikləri irəli sürülmüşdür.

{nl}

İclasda Elman Rüstəmovun və Xəqani Abdullayevin fəaliyyəti barədə məlumat verildikdən sonra onların namizədlikləri təsdiq edilmiş, Rüfət Aslanlı başqa işə keçməsi ilə əlaqədar olaraq Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilmişdir.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında