Oktyabrın 8-də Milli Məclisin növbəti iclası keçirilmişdir.
Milli Məclisin sədri Oqtay Əsədov iclasın gündəliyi barədə məlumat verdikdən sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair illik məlumatı dinlənilmişdir.
Milli koordinator, daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov bildirmişdir ki, "Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı"na (2009-2013-cü illər) uyğun olaraq normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması, insan alveri cinayətlərinin profilaktikası,qurbanların müdafiəsi və sosial reabilitasiyası, müvafiq resursların əlaqələndirilməsi, əməkdaşlıq və maarifləndirmə tədbirlərinin icrası uğurla davam etdirilir.
Azərbaycan insan alverinə qarşı mübarizə məsələlərini tənzimləyən əksər beynəlxalq müqavilələrə qoşulmuşdur.
Bir sıra dövlət qurumlarının, beynəlxalq təşkilatların və insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təklifləri əsasında "İnsan alveri qurbanları ilə bağlı milli istiqamətləndirmə mexanizmi qaydaları", "İnsan alveri qurbanlarının müəyyən edilməsi qaydaları (indikatorlar)" təsdiqlənmişdir. Bu mexanizmin həyata keçirilməsi məqsədilə ölkənin 14 nazirlik, xidmət və komitəsini təmsil edən nümayəndələrdən ibarət idarələrarası komissiya yaradılmış və aidiyyəti dövlət orqanlarının xüsusi polis qurumu ilə əlaqələndiricisi qismində əməkdaşlar müəyyən olunmuşdur.
Cinayətlərin qurbanlarının, həmçinin potensial qurbanların müvəqqəti yaşaması üçün sığınacaq və 24 saat ərzində pulsuz xidmət göstərən əlaqə telefonu, həmçinin qeyri-hökumət təşkilatlarının əməkdaşları ilə komplektləşdirilmiş "qaynar xətt" istifadəyə verilmişdir. "Qaynaq xətt"in və sığınacağın normal fəaliyyəti, orada çalışanların maaşlarının ödənilməsi, qurbanların ərzaq, tibbi və s. ləvazimatlarla təmin edilməsi məqsədilə DİN-in büdcəsindən hər il orta hesabla 52 min manat, habelə qurbanlara birdəfəlik müavinətlərin verilməsinə 5 min manatadək vəsait xərclənmişdir.
İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləği 200 manata çatdırılmışdır.
Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının akkreditasiya olunduqları ölkələrin insan alverinə qarşı mübarizə qurumları ilə əməkdaşlığın genişləndirilməsi, insan alveri qurbanlarının Azərbaycana qayıtmaları üçün yardım göstərilməsi, onların qısa müddətdə ölkəyə qayıtmaq hüququ verən sənədlərlə təmin edilməsi istiqamətində tədbirlər də diqqət mərkəzində olmuşdur.
İnsan alverinə qarşı mübarizədə Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əməkdaşları tərəfindən "Təmiz dünya", "Sahibsiz uşaqlara kömək", "21-ci əsrin qadınları" qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə ölkənin 39 şəhər və rayonunda yerli icra hakimiyyəti, bələdiyyə və polis orqanları, tibb, təhsil, məşğulluq mərkəzləri, nəqliyyat, gənclər və idman təşkilatları, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün müxtəlif mövzularda seminarlar keçirilmişdir.
Uşaq baxımsızlığının profilaktikası istiqamətində də tədbirlər təşkil edilərək uşaq evləri və internat məktəblərini bitirən 128 gənc və yeniyetmə üçün insan alveri mövzusunda həftəlik seminarlar keçirilmişdir.
Cari ilin ötən dövründə polis tərəfindən keçirilən reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb edilən 611 azyaşlı müəyyən edilmişdir. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənmişdir. Övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, uşaqlarını hüquqazidd əməllərə cəlb edən valideynlər barəsində qanunla müəyyən edilmiş tədbirlər görülmüş, əksəriyyəti profilaktik uçota götürülmüşdür.
Vilayət Eyvazov diqqətə çatdırmışdır ki, ümumən ölkəmizdə insan alverinin bütün formalarının aradan qaldırılması istiqamətində ən yüksək səviyyədə siyasi iradə mövcuddur. Bu da həm Milli Fəaliyyət Planından irəli gələn tədbirlərin, həm də beynəlxalq təşkilatların tövsiyələrinin məqsədyönlü şəkildə yerinə yetirilməsinə təminat verir.
Müzakirələrdən sonra milli koordinatorun məruzəsi nəzərə alınmışdır.
Sonra iclasda Mərkəzi Seçki Komissiyasının yeni üzvləri təsdiq edilmiş, "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", eləcə də "Məhkəmələr və hakimlər haqqında" qanunlara əlavələr və dəyişikliklər olunmuşdur.
İclasda "İnvestisiya fondları haqqında" qanun layihəsi də ikinci oxunuşda müzakirə edilmişdir. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə layihə barədə məlumat verərək bildirmişdir ki, bu qanun ölkədə investisiya fondlarının təşkili, idarə edilməsi, ləğvi qaydalarını və bu sahədə dövlət nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edəcəkdir.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunmuşdur.
Bununla da Milli Məclisin iclası başa çatmışdır.
AzərTAc{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.