Şairlərin cənub mirvarisinə bənzətdikləri Lənkəranda ilin bütün fəsilləri gözəl olur. Təbiət bu ulu diyardan səxavətini əsirgəməyib. Amma Lənkəranda hər fəslin özünəməxsus qayğıları da var. Vaxtında hazırlığını görməsən, çətinliklər qaçılmaz olar. Bu baxımdan qış fəsli xüsusilə "barışmaz"dır, necə deyərlər, nöqsanı "cəza"sız qoymur. Odur ki, Lənkəranın şəhər təsərrüfatlarında "ağsaqqal" fəslə hələ yay aylarından ciddi hazırlıq görülməyə başlanır. Bu günlərdə şəhər icra hakimiyyəti başçısı yanında şurada qışa hazırlığın ətraflı müzakirə olunması və qarşıdakı vəzifələrin müəyyənləşdirilməsi də elə həmin qayğıdan irəli gəlirdi.
Şəhər icra hakimiyyəti başçısının müavini Möhübbət Babayevin bu barədə şuraya təqdim etdiyi məlumat əhatəli idi. O, Lənkəranın elektrik, qaz istismarı, su təchizatı və kanalizasiya, mənzil-kommunal, istilik və digər təsərrüfatlarının 2010-2011-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar gördükləri işlərin geniş icmalını verdi.
Natiqin bildirdiyinə görə, Lənkəran Yüksək Gərginlikli Elektrik Şəbəkə Rayonu və Paylayıcı Elektrik Şəbəkəsi tərəfindən hazırlanmış tədbirlər planının icrası hər iki müəssisədə ciddi nəzarətdədir. Xidməti ərazidəki bütün hava xətlərinə və yarımstansiyalara baxış keçirilib, çatışmazlıqları aradan qaldırmaqdan ötrü tədbirlər görülüb. Ötürücü xətlərdə 190 ağac-dayaq, 43 dəmir-beton dayaq, 117dəmir-beton kötük, 85 dəmir-boru dayaq, 412 kiloqram müxtəlif en kəsikli naqil, 754 kiloqram "AS" naqili yenisi ilə əvəz olunub, transformatorlara yağ əlavə edilib. Lənkəran şəhərində 7657 ədəd yeni "Smart" kart tipli sayğac quraşdırılıb. Hava xətlərinə toxunan ağaclar budanıb. Ötən dövrdə 24 yarımstansiyada təmir aparılıb, 4 yeni, böyük yarımstansiya quraşdırılaraq istifadəyə verilib.
Yüksək Gərginlikli Elektrik Şəbəkə Rayonunun anbarında ehtiyat üçün müxtəlif güclü 5 transformator, habelə xeyli naqil, dayaq, transformator yağı və izolyator var. Qəzaları aradan qaldırmaq üçün şəbəkələrdə növbətçilər təyin edilib, qəza heyətlərinin sayı artırılıb. Amma qülləqaldırıcı və digər texnikanın azlığı, bəzi kəndlərdə elektrik montyorlarının çatışmazlığı operativliyə təsir edə bilər. Ucqarlarda dirək və naqillər dəyişdirilməyib, bu kimi digər işlər hələ başa çatdırılmayıb. Buna görə də həmin məntəqələrdə yağışlı-küləkli havalarda işıqlar sönür, transformatorlar sıradan çıxır. Məsələn, avqustun sonlarında leysan yağışları səbəbindən bir sıra kəndlərdə qısa qapanmalar olub və camaat işıqsız qalıb. Hər iki idarənin rəhbərliyi təbiətin bu xəbərdarlığından nəticə çıxarmalıdır.
Lənkəran Qaz İstismarı Sahəsi on üç mindən çox abonentə xidmət göstərir. Bütün abonentlər üçün sayğaclar quraşdırılıb. Mövsümə hazırlıqla əlaqədar şəhərin dörd küçəsində, həmçinin iki kənddə yeniləşdirmə və təmir işləri aparılıb. Şəhərin çoxmərtəbəli yaşayış binalarının qaz xətləri eyvan daxilindən kənara çıxarılıb, onlarca abonentin qaz təminati bərpa edilib. "Azəriqaz" İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi tərəfindən Lənkəran qazpaylayıcı stansiyasından müxtəlif diametrli, uzunluğu 7 min paqonmetr olan yeraltı daşıyıcı kəmər çəkilib. Hazırda həmin xətlərdə çıxış nöqtələri quraşdırılır. Eyni zamanda bir qəsəbə və dörd kənddə qaz təchizatının bərpası məqsədilə 8550 paqonmetr uzunluğunda daşıyıcı kəmərlər çəkilib. "Kaspian Yıldız" müəssisəsi tərəfindən isə iki kənddə analoji işlər görülüb. Lakin qaz təsərrüfatında nöqsanlar da yox deyil. Əsas işlər ləng gedir. Məsələn, şəhərin yaşayış məhəllələrinin beşdə-biri hələ də qazlaşdırılmayıb. "Azəriqaz"ın cari ildə rayonun 14 kəndini tam qazlaşdırmaq planı qismən yerinə yetirilib. Bu isə qarşıdakı qış mövsümündə də həmin ərazilərdə yaşayan əhalinin qazsız qalacağı deməkdir.
Şəhərin su təchizatını və kanalizasiya sisteminin işini yaxşılaşdırmaq üçün Lənkəran Su-kanal İdarəsi Xanbulan-Lənkəran ana xəttinin kəndlərdən keçən, qəzalı vəziyyətdə olan borularını dəyişib, nasos stansiyasında yeni siyirtmə quraşdırıb və şəhərin 18 küçəsində sıradan çıxmış su borularını təmir edib. Eyni zamanda, iki küçədə kanalizasiya nasos stansiyalarının elektrik mühərrikləri və bir sıra yaşayış binalarına xidmət göstərən baxış quyuları təmir edilib, yeni sayğaclar və ayırıcılar quraşdırılıb. Mövsümə hazırlıq çərçivəsində idarənin obyektləri qızdırıcılarla təmin edilib, maşın-mexanizmlər işlək vəziyyətə gətirilib. Bu sahənin də çətinlikləri var. Belə ki, şəhərdə içməli sudan istifadə edə bilən əhali cəmi 6 faiz təşkil edir və həmin abonentlərin əksəri sayğacla təmin olunmayıb.
Kanalizasiya borularının təzələnməsinə və vaxtaşırı təmizlənməsinə ehtiyac duyulur. Şəhərin mərkəzi meydanındakı fəvvarələr mütəmadi təmizlənməlidir. Əlli-altmış illik istismar dövrü keçmiş şəhər kanalizasiya sisteminin təkmilləşdirilməsi də vacibdir. İclasda qeyd olundu ki, bununla əlaqədar yeni, müasir layihənin həyata keçirilməsinə start verilib.
Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi tərəfindən payız-qış mövsümünə hazırlıqla əlaqədar xeyli əsaslı və cari təmir işləri görülüb. Müxtəlif binaların 45 mənzilində su-kanalizasiya xətləri cari, 26 ünvanda dam örtükləri qismən təmir edilib. İki binanın dam örtüyü yenidən qurulub. İndi daha bir binada həmin iş görülür. Xatırladıldı ki, iyun ayında əsən güclü küləklər nəticəsində bir çox kommunal evin dam örtüyü dağılmışdı. Müəssisə tərəfindən bununla bağlı vaxtında lazımi tədbirlər həyata keçirilib. Eyni zamanda, ərazidəki qanunsuz tikililər ləğv edilib, suötürücü kanallar təmizlənib, məişət tullantılarının vaxtaşırı daşınması təmin olunub və abadlıq işləri görülüb. Maşın və mexanizmlərin qışa hazırlığı təmin edilib, qarın təmizlənməsi üçün lazımi avadanlıq hazırlanıb. Amma arxayınlaşmağa əsas yoxdur. Çünki tullantıların vaxtlı-vaxtında daşınmasında, kanalların təmizlənməsində problemlər qalır. Şəhər zibilxanasının da vəziyyəti qənaətbəxş deyil, burada müvafiq qayda yaradılmalıdır.
Ötən müddətdə 42 saylı Yol İstismar İdarəsi 69 kilometrlik avtomobil yolunda təmir işləri aparıb, ümumilikdə 18110 kvadratmetr sahəyə asfalt-beton örtüyü çəkilib. 15 kilometrdə suötürücü borular təmizlənib, magistrallarda körpü məhəccərləri rənglənib, küveytlər təmir olunub, 80 ədəd yol siqnal dirəyi dəyişdirilib.
Lənkəran Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsi tərəfindən Qumbaşı və Dızqaru çaylarının 35 min kubmetr yatağı lildən təmizlənib. Vel, Cil, Siyavar və Vilvan kollektorlarında, Xan arxının Boladi ərazisində 35 min kubmetr torpaqqazma və hamarlama işi görülüb. Hazırda çaylarda işlər davam edir. Mövsümə hazırlıqla bağlı daha beş kənddə izafi suları kənarlaşdıran kollektorlar təmir olunacaq. Bəşəru və Lənkərançay suqəbuledici qurğuları, qaraj və idarə istilik sistemi ilə təchiz olunub, qarlı havalarda buz bağlayan yollara səpmək üçün qum ehtiyatı tədarük edilib və texnika işlək hala gətirilib.
Qış qayğılarından Lənkəranın rabitə, təhsil, səhiyyə müəssisələri də kənarda qalmayıb. Bu sahələrdə də görülən hazırlıq işlərindən şura iclasında ətraflı bəhs edildi. Məsələn, məktəb və uşaq bağçalarının yanacaq növləri ilə təmin olunması, xəstəxanaların əsaslı və cari təmiri, elektrik, su və kanalizasiya sistemlərinin qaydaya salınması, qızdırıcılarla təchizat, nəqliyyat xidməti, maye qazdoldurma məntəqələrinin hazırlığı və sair məsələlər diqqətə çatdırlıdı. Belə bir əminlik ifadə olundu ki, şəhər icra hakimiyyətində fəaliyyət göstərən qərargah öz işini baş verə biləcək bütün fövqəladə hallara uyğun şəkildə quracaqdır.{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.