Azərbaycanda hər zaman xalqın iradəsi hər şeydən uca tutulur
Yüz illərdən bəri gözlədiyimiz, həsrətində olduğumuz müstəqil Azərbaycan dövləti qüdrətlənir və beynəlxalq aləmdə özünəməxsus nüfuz qazanır. Çox təəssüf ki, bizim indiki uğurlarımıza sevinənlərlə, xalqımıza daha aydın sabahlar arzulayanlarla yanaşı bədxahlarımız da az deyil. Məhz həmin qüvvələrin qurduğu fitnə-fəsad toru ilə torpaqlarımızın 20 faizi işğal edilib, soydaşlarımızın bir milyona qədəri qaçqın-köçkün taleyi ilə üz-üzə qalıb. Ona görə də bu gün bizə birlik, həmrəylik, ümumi işimizin daha uğurla getməsi üçün həmfikirlik, istənilən prosesdə haqqı, ədaləti, halallığı qorumaq daha çox lazımdır. Çünki düşmən hiyləgər, kəmfürsət olduğu kimi himayədarları da əliuzundur. Biz bütün bu maneələrin qarşısını ancaq və ancaq milli birliyə nail olmaqla, halallığı bayraq etməklə ala bilərik. Fakt odur ki, həmin birliyə nail olmaq üçün xalqın iradəsi vardır, dövlətin qətiyyəti.
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ərəfəsində və bu siyasi kampaniyanın obyektiv və şəffaf keçirilməsini arzulayaraq qələmə aldığımız yazıda bədxahlarımız və bədnam qonşularımız barədə fikirlərin önə çıxması tamamilə təbiidir. Çünki biz ölkənin daha firavan, dövlətimizin daha qüdrətli olmasına çalışanda da məhz bədxahlarımıza qalib gəlmək - yəni torpaqlarımızı işğaldan azad edib ərazi bütövlüyümüzün bərpasına nail olmaq istəyirik. Digər ictimai-siyasi proseslər kimi seçkilərin də bu məsələyə birbaşa dəxli - dolayısı ilə təsiri vardır. Çünki ermənilər bir dəfə parlament seçkisindən sonra parlament binasına silahlı basqın edərək onlarla insanı qətlə yetirmişdilər. Bir dəfə də prezident seçkisindən sonra mitinqçilər gülləbaran edildi. Ona görə belə oldu ki, o dövlətin yarandığı torpaq özgə torpağıdır - yəni dövlət haram, oğurluq üzərində qurulub. Bu bir həqiqətdir - dövləti idarə edənlərin siyasi karyerasının mayası haramla başlanırsa, onun axırı mütləq qanla, qada ilə qurtarır. Şərqdə hamının bildiyi bir məsəl var, "özümə yer eləyim, gör sənə neyləyim". Bütün dünya tarixçilərinə məlum olan bir faktı - özlərinin Qafqaza köçürülməsi tarixçəsini bir kənara ataraq burada özünə yer edən, sonra isə torpağın həqiqi sahiblərinə qarşı ən çirkin yollarla fitnə-fəsad quran xalqın keçirdiyi seçki məhz bu şəkildə - eybəcərliklərlə nəticələnməlidir. Təəssüf doğuran məsələ ondan ibarətdir ki, ermənilərin son iki əsrdə qurduğu bütün planlar, bütün fitnəkarlıqlar bəzən həyata keçirilir. Ancaq dünya ictimaiyyəti onları cəzalandırmaq istəmir ki, istəmir. Yaxşı ki, özləri özlərini cəzalandırırlar. Tarixin bütün dönəmlərində haqqa, ədalətə söykənən addımlar atmış, bütün əməllərdə halallığı hər şeydən üstün tutmuş Azərbaycan xalqının isə seçkidən seçkiyə daha uğurlu, daha təmiz addımlar atacağına inanırıq və bunu arzu edirik. Əlbəttə, ortada özündən razı, müştəbeh siyasətbazlar da var. Onlara böyük tarixçi alim Abbasqulu Ağa Bakıxanovun ifadəsi ilə cavab veririk: "Dəniz özü üçün dalğalanır, çöpə isə elə gəlir ki, dəniz onun üçün dalğalanmışdır".
Milli Məclisə keçiriləcək növbəti seçkilərdə iştirak edəcək deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatmaq üzrədir. Bütün namizədləri təbrik edir, onlara başladıqları bu çətin prosesdə uğurlar arzulayırıq. Artıq bir neçə beynəlxalq təşkilatın təmsilçiləri seçkiyə hazırlığın yaxşı getdiyini bildiriblər. Amma əsas məsələ xalqın iradəsinin ifadə edilməsidir.Az qala hər dairədən 14-15 namizəd var. Biz bu gün onların hansının daha layiqli namizəd olduğunu söyləsək, mütləq subyektivliyə yol vermiş olarıq. Hansının daha layiqli namizəd olduğunu, sayı on minlərlə hesablanan seçicilər deyəcəklər. Ancaq bizim birbaşa seçicilərə deyiləcək sözümüz var: Seçki məntəqəsinə gələndə, səsvermə qutusuna yaxınlaşanda bir anlıq ayaq saxlayın - bu Vətən sizindir, bu dövlətin sabahını ədalətli qanunlar təmin edəcəkdir. O qanunların ədalətli olması üçün isə siz mütləq yaxşıların ən yaxşısını seçməlisiniz. Bunun üçün lazım olan şərait də yüksək səviyyədə yaradılmışdır. Seçki Məcəlləsi dünya standartları səviyyəsində təkmilləşdirilmiş, səsvermənin obyektivliyini təmin etmək üçün çoxsaylı beynəlxalq müşahidəçilər dəvət olunmuşlar. Dövlətin bu qədər vəsait xərclədiyi, minlərlə insanın aylardan bəri çəkdiyi zəhmət hesabına başa gəlmiş seçkinin müstəqil Azərbaycana beynəlxalq aləmdə yeni nüfuz qazandırması üçün ədalətli olun, layiqli namizədə səs verin.
Təbii ki, noyabrın 7-də seçkidə qalib gəlmiş namizədlərin - məhz həmin gündən sonra onlar artıq namizəd deyil, deputat olacaqlar - üzərinə daha böyük vəzifələr düşəcək. Onlar ictimai-siyasi proseslərin ən ağır məsuliyyətinin - millət vəkili məsuliyyətinin daşıyıcısına çevriləcəklər. Seçicilərin sözünü deyəcək, problemlərinin həllinə çalışacaq, ən başlıcası müstəqil dövlətimizi daha da inkişaf etdirəcək qanunların hazırlanmasının və qəbul edilməsinin iştirakçısına çevriləcəklər. Ölkənin istənilən vətəndaşı Milli Məclisdə hazırlanıb qəbul edilmiş qanunların ən ali səviyyədə olmasını arzulayır. Yəni bu, hansısa bir fərdin deyil, bütöv bir xalqın arzusudur. Həmin arzunun reallığa çevrilməsi üçün lazım olan mühüm şərti isə görkəmli ABŞ dövlət xadimi Avraam Linkoln söyləmişdi: "Qanunun aliliyi onu yazanların aliliyindən asılıdır". İnanırıq ki, biz növbəti çağırış üçün deputat seçilən soydaşlarımızdan həmin ali səviyyəni görəcəyik. Çünki, millət vəkili xalqın razılığı ilə seçilmiş qabaqcıl ziyalılardan olub, xalqın mənafeyini qoruyub saxlaya bilən, qanunla xalq arasındakı münasibəti tənzimləyən, daima xalqla ünsiyyətdə olan və Allah qarşısında insanlıq borcunu yerinə yetirib, məsuliyyət daşıyan şəxsdir.
Qeyd edilməli başqa bir məqam da var. Bu gün Azərbaycanda da dünyanın hər yerində olduğu kimi informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə böyük yer verilir. İndi az qala hər evdə kompyuter var və hamı internet vasitəsiylə dünyanın hər yerində baş verən hadisələrlə, ölkələrin həyatı, siyasətçilərin fəaliyyəti ilə yetərincə tanış ola bilir. Məhz həmin məlumatlar əsasında öyrənirik ki, Belçikada, Almaniyada, Yaponiyada və ya hansısa ölkədə xalqın seçimi ilə qalib gəlmiş şəxslər müəyyən bir dövrdən - bir ildən, üç ildən və ya səlahiyyət dövrü başa çatdıqdan sonra - ona səs vermiş insanlar qarşısında mütəmadi hesabat verirlər. Fikrimcə çox yaxşı bir ənənədir. Üstəlik, müstəqil Azərbaycan dövləti bu gün beynəlxalq aləmə iti sürətlə inteqrasiya olunur. Həmin inteqrasiyanın sürətləndirilməsi, seçicilərin səsverməyə maraq və inamının artırılması, eləcə də seçilmiş şəxslərin - yəni deputatların seçicilər və qanun qarşısında məsuliyyətinin artırılması məqsədiylə bizdə də belə bir tendensiyanın yaradılması məqsədəuyğun olardı. Bəlkə elə deputatlar özlərinin hesabatlarını təmin edəcək qanun da işləyib hazırlaya bilərlər. Yuxarıda dənizi yada saldıq. Dəniz xalqdır. Xalqın qarşısında hesabat vermək isə şərəfli əməllərin ən şərəflisidir. Bir də ki, Hacı Fərhad Mirzənin bir kəlamında deyildiyi kimi, seçilmişlər seçənlərin aynasıdır.
Ümumiyyətlə, ölkədə gedən ictimai-siyasi proseslərə hər kəsin öz səviyyəsində, öz qabiliyyəti çərçivəsində töhfə verməsi müstəqil Azərbaycanın daha da inkişaf etdirilməsinə xidmət kimi qiymətləndirilməlidir. Bunu bizdən milli dövlətimizin qurulmasını əsrlər boyu arzu edən, gözləyən, fəqət, onu görməyən əcdadlarımızın ruhu tələb edir. Tanrı bizə belə bir dövrdə - müstəqil Azərbaycan dövlətində yaşamaq şansı verib. Onu qorumaq, inkişaf etdirmək, halallıqla yaşatmaq isə hər birimizin borcudur. Səs verənin də, seçilənin də. Tanrı heç kəsi ədalət və halallıq hissindən məhrum etməsin.
{nl}
Vəfa ƏLİYEV, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.