Dövlətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində əhalinin sosial müdafiəsi daha da güclənəcəkdir

Oktyabrın 6-da Milli Məclisin sosial siyasət komitəsinin iclası keçirilmişdir.
İclasda "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirə olunmuşdur.
Komitənin sədri Hadi Rəcəbli demişdir ki, qlobal maliyyə böhranının təsirlərinə baxmayaraq, Azərbaycan dövləti öz vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərini davam etdirmişdir. Bu ilin sentyabr ayının 1-dən əmək haqları, pensiya, təqaüd və müavinətlər artırılmışdır. Gələn ilin dövlət və icmal büdcələrində artımın nəzərdə tutulması 2011-ci il üçün nikbin proqnozlar vəd edir. Əhalinin sosial qayğıları yenə də dövlətin diqqətində olacaqdır.
Sonra Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov çıxış etmiş və demişdir ki, fondun 2011-ci il üçün büdcəsi mövcud resurslar, makroiqtisadi göstəricilər, sosial sığorta, pensiya sistemində gözlənilən mümkün dəyişikliklər nəzərə alınmaqla hazırlanmışdır. Layihəni hazırlayarkən Dövlət Sosial Müdafiə Fondu bir sıra digər müvafiq dövlət qurumları, o cümlədən maliyyə və iqtisadi inkişaf nazirlikləri ilə sıx əməkdaşlıq etmişdir.
Səlim Müslümov bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsinin gəlirləri və xərcləri bərabər həcmdə olacaq və müvafiq surətdə 1 milyard 970 milyon 540 min manat təşkil edəcəkdir. Bu isə gələn il üçün fondun büdcəsində heç bir kəsir yaranmayacağı deməkdir. Digər tərəfdən fondun 2011-ci ildə gəlir və xərcləri cari il üçün eyni məqsədlə ayrılan vəsaitdən çoxdur.
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri məcburi dövlət sosial sığorta haqları, büdcədən maliyyələşən təşkilatlar, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə və digər daxilolmalar hesabına formalaşacaqdır. Dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna gələn il ediləcək transfertlərin həcmi isə 691 milyon manat nəzərdə tutulmuşdur. Fondun xərclərinin əsas istiqamətləri isə əhaliyə ödənişlərdən ibarət olacaqdır. Buraya əsas etibarilə əmək pensiyalarının, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi və sair daxildir.
Layihədə deyilir ki, büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Fondunun orqanlarına tam məbləğdə daxil olmadıqda, nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların məbləği artırılır.
Əks təqdirdə isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların məbləği azaldılır.
S.Müslümov gündəlikdəki digər qanun layihələri barədə də məlumat vermişdir. Bildirilmişdir ki, "Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında" qanunun layihəsinə əsasən yaşayış minimumu artıralaraq 2011-ci ildə ölkə üzrə 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən olunmuşdur.
"Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunun layihəsində isə deyilir ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2011-ci il üçün ehtiyac meyarının həddi 75 manat məbləğində nəzərdə tutulmuşdur.
İclasda "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında", "Sosial sığorta haqqında", "Məşğulluq haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında" qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihələrinə də baxılmışdır. Qeyd olunmuşdur ki, dəyişikliklər və əlavələr əsasən texniki xarakterlidir.
Müzakirələrdən sonra qanun layihələri təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunmuşdur.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında