Nizami parkı necə "Lunapark" oldu?

Nobel prospektinin üstündə yerləşən və bir vaxtlar Bakının ən şöhrətli istirahət məkanlarından biri olan parkın ad sarıdan bəxti gətirmir. XIX əsrin axırlarında - XX əsrin əvvəllərində Nobel qardaşlarının torpağını gəmi ilə Lənkərandan, qiymətli, nadir ağac və gül kollarını dünyanın müxtəlif ölkələrindən gətirib əkərək yüksək zövqlə saldıqları bu ecazkar guşə "Nobel bağı" adı ilə bakılıların və şəhərin qonaqlarının uzun illər boyu sevimli istirahət yeri olmuşdur.
Bir müddət sonra, daha doğrusu, Almaniya ilə münasibətlər istiləşdiyi dövrdə bağın adı dəyişdirilərək "Rote fane" (yəni "Qırmızı bayraq") qoyuldu.
İkinci Dünya müharibəsi dövründə isə bağın ad məsələsi yenidən gündəmə gəldi: Parka dahi Azərbaycan şairi Nizami Gəncəvinin adı verildi. Burada Nizaminin heykəli də qoyuldu. Əvvəlki adlar unuduldu, hamı buranı "Nizami parkı" kimi tanıdı...
Demə, bu da son deyilmiş. Təxminən 10-15 il bundan əvvəl bağın Fəhlə prospektinə (indiki Nobel prospekti) açılan darvazasının üstündə iri hərflərlə yazılmış "Lunapark" lövhəsi peyda oldu. Və bu ad elə tez "məşhurlaşdı" ki, nəinki kiçiklər, hətta böyüklər də parkın dahi Nizaminin adını daşıdığını unutdular. Hamı "Lunapark"a gedirik, "Lunapark"dan gəlirik - dedi. Hətta, buradan keçən marşrut avtobuslarının da lövhələri üzərinə "Lunapark" yazıldı...
Bir müddət bundan əvvəl nəvəmi həmin bağa aparmışdım. Məni narahat edən məsələ ilə bağlı parkın müdiriyyətini axtardım. Bağa qulluq edənlər bizə tərəf gələn bir nəfəri göstərib "parkın direktorudur" - dedilər.
Direktordan soruşdum ki, ay müəllim, dahi şairimiz nə günahın sahibi idi ki, onun adını daşıyan bağ "Lunapark" oldu? Tutalım, parka yeni ad qoymaq istəyirdiniz, niyə məhz "Lunapark"? Axı "luna" rus sözüdür", "ay" deməkdir, məgər "Aypark" qoymaq olmazdımı?
Direktor məni dinləyib sakit tərzdə bildirdi ki, ağsaqqal, elə belə də olar...
Onun adını soruşdum.
- Alfred Quliyev, - dedi.
Daha heç bir söz demədim, nəvəmin əlindən tutub, parkdan getdim.
Alfred müəllimlə ağız-ağıza verməyin mənası yox idi...

{nl}

Loğman NƏSİBLİ, Azərbaycan MEA Tarix İnstitutunun aparıcı elmi işçisi, coğrafiya elmləri namizədi

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında