Şriftin ölçüsü:
05.10.2010 01:46 | Oxunma sayı: 420
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərərək, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 141 min manata yaxın ziyan vurmuş şəxslərin ifşa edilərək yaxalanması ilə nəticələnmişdir.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, Azərbaycan vətəndaşı Şeyxov Fərid Fəxrəddin oğlu hazırda şəxsiyyəti istintaqla araşdırılan Rusiya Federasiyasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə lisenziya almadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərmişdir.
Məlum olmuşdur ki, 2010-cu ilin martında Fərid Şeyxov və qeyriləri "Azercell Telecom" MMC-nin mobil operator şəbəkəsində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa xüsusi texniki vasitələrlə qoşularaq icazəsiz beynəlxalq rabitə xidməti yaradıb külli miqdarda pul qazanmaq məqsədi ilə cinayət əlaqəsinə girmişlər. Onlar xaricdə istehsal olunmuş xüsusi "GSM" texniki avadanlığını əldə edərək, 2010-cu il martın sonlarında Bakı şəhərinin Nəsimi rayonunda kirayəyə götürdükləri mənzildə, əlavə olaraq eyni tipli digər avadanlığı isə Bakı şəhərinin Yasamal rayonundakı mənzildə quraşdıraraq qanunsuz fəaliyyət göstərməyə başlamışlar. Fərid Şeyxov və qeyriləri "Azercell Telecom" MMC-yə məxsus, ayrı-ayrı şəxslərin adına sənədləşdirilmiş 112 ədəd "GSM" mobil telefon nömrəsi almış, bu nömrələri həmin xüsusi texniki avadanlığa daxil etdikdən sonra internetə qoşularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasını təşkil etmişlər. Göstərilən ünvanlara baxış keçirilərkən həmin avadanlıq işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə aşkar olunmuşdur. Müəyyən edilmişdir ki, Fərid Şeyxov və qeyrilərinin qanunsuz təşkil etdikləri beynəlxalq telefon danışıqları nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 118 min manata yaxın ziyan vurulmuşdur.
Eyni üsulla törədilmiş daha bir cinayətin qarşısı Milli Təhlükəsizlik Nazirliyi tərəfindən qeyd olunan kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində alınmışdır.
Belə ki, 2010-cu il avqust ayının əvvəlində Türkiyə vətəndaşları - Yılmaz Yakup Bekir oğlu, Mihaliç Harun Hasan oğlu və qeyriləri "Azercell Telecom" MMC-nin mobil operator şəbəkəsində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa xüsusi texniki vasitələrlə qoşularaq icazəsiz beynəlxalq rabitə xidməti yaradıb külli miqdarda pul qazanmaq məqsədi ilə cinayət əlaqəsinə girmişlər. Bundan sonra, adları çəkilən şəxslər və qeyriləri xaricdə istehsal olunmuş müxtəlif markalı "GSM" kanalpaylayıcılarını Harun Mihaliçin yaşadığı Bakı şəhərinin Yasamal rayonundakı mənzildə, 2010-cu ilin avqust ayının ortalarında isə əlavə bu tip digər avadanlığı Bakı şəhərinin Xətai rayonunda kirayəyə götürdükləri otaqda icazəsiz quraşdırmış, habelə internet kanalı icarə edərək qanunsuz fəaliyyət göstərməyə başlamışlar.
Bu hüquqazidd əməllərini davam etdirən Yılmaz Yakup, Harun Mihaliç və qeyriləri "Azercell Telecom" MMC-yə məxsus 56 ədəd "GSM" mobil telefon nömrəsi almış, bu nömrələri həmin xüsusi texniki avadanlığa daxil etdikdən sonra internetə qoşularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasını təşkil etmişlər. Müəyyən edilmişdir ki, bu qanunsuz fəaliyyət nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 23 min manatdan artıq ziyan vurulmuşdur.
Qeyd olunmalıdır ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində informasiya texnologiyaları sahəsi üzrə ixtisaslaşmış və zəruri vərdişlərə malik şəxslərin qanunsuz sahibkarlıq fəaliyyəti ifşa edilməklə yanaşı, həmin rabitə şəbəkəsindən müxtəlif transmilli mütəşəkkil cinayətkar məqsədlər üçün mümkün istifadənin də qarşısı alınmışdır.
Hər iki faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla qanunsuz sahibkarlıqla məşğul olma) maddəsi ilə cinayət işi başlanılmışdır. Fərid Şeyxov, habelə Yılmaz Yakup və Harun Mihaliç təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyən olunması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.