Bir bahar günü

Söhbət cəbhəyanı rayonun - Ağdamın yaz qayğılarından, quruculuq işlərindən gedir
... Savalan kişi ana arxdan bir baş su ayırdı. Sonra da uzunsaplı belinə söykənərək az qala dizə qədər çıxan taxıl sahələrinin arası ilə axıb gedən sulara baxdı. Bahar çiçəklərinin ətri ilə dolu meh əsirdi. Şırıltı ilə axan su, sərin meh, ilıq bahar günəşi kişinin fikrini çəkib uzaqlara apardı. Üzünü Qarabağ düzlərini üzük qaşı kimi dövrəyə alan dağlara tutdu.
Savalan kişinin kəndi, qədim Kolanı kəndləri o dağların arxasında idi. Keçmiş günlər, ömrün ötən çağları bir-bir gəlib gözləri önündən keçdi. Qəlbi həsrət və intizarla çırpındı. Bayaqdan Qarabağ dağlarını bürüyən duman çəkilmişdi. Bu, Savalan kişiyə xoş bir əlamət kimi göründü. Elə bil onun alışıb-yanan ürəyinə su səpdilər. Hətta sakitcə gülümsədi də...
- Sabahın xeyir, Savalan dayı. - Gələn Emin idi. - Noolub, əşi, niyə fikirə getmisən?
- Heç, ay oğul, yadıma ötən günlər düşdü... Fikrim çox uzaqlara getdi...
- Yəqin, yenə xəyalın Kolanı dağlarındadır. Fikir eləmə, əşi, bu gün-sabah biz özümüz də qayıdacayıq o dağlara... - Sonra da taxıl zəmilərinə baxa-baxa əlavə etdi:
- Təcrübəli adamsan. Sahələrin indiki vəziyyətindən ağlın nə kəsir?
- Maşallah, yaxşıdır. Səpin də, becərmə də vaxtında aparılıb. Suvarma da yaxşı gedir. İnanıram ki, builki məhsulumuz keçən ildəkindən çox olacaq.
Emin Bəşirzadə Ağdam rayonunun Qərvənd kəndində yaşayır. Buradakı "Qərvənd" fermer təsərrüfatının rəhbəridir, taxıl da yetişdirirlər, pambıq da, yem bitkiləri də, tərəvəz də... Məhsuldarlıq da yüksək olur, gün-güzəran da. Heç bir şeydən çətinlikləri yoxdur. Söhbət düşəndə deyir ki, ölkə Prezidenti İlham Əliyevin son illər ölkədə taxılçılığın inkişafına yönəldilmiş fərman və sərəncamları bu sahənin inkişafına güclü təkan vermişdir. Məsələn, elə bu təsərrüfatda taxıl əkini sahəsi 2 dəfə artırılmışdır.
E.Bəşirzadə o inamdadır ki, hər bir kənd adamı, fermer, sahibkar, rayon özünü ilboyu çörəklə təmin edə bilsə, onda xarici ölkələrdən baha qiymətə taxıl almağa da ehtiyac qalmaz:
- Yeganə çətinlik namərd düşmənlərin gecə-gündüz bitməyən hücumlarıdır. Axı, Qərvənd kəndi cəbhə xəttinin lap yaxınlığında yerləşir. Əkin sahələri, örüş yerləri üzbəüzdür. Elə bir gün olmur ki, əkinlə-biçinlə məşğul olan, mal-qoyun otaran günahsız kənd adamlarına güllə atmasınlar. Ancaq bu, bizi qorxutmur. Yaz-payız əkində-biçində, iş üstündəyik. Axı, bizim başqa yolumuz da yoxdur. Dədə-baba torpaqlarından hara getməliyik? Orası da var ki, düşmən tərəfi hər dəfə atəşkəs rejimini pozanda əsgərlərimizin layiqli cavabı ilə qarşılaşırlar.
Bir azdan Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev və rayon subartezian quyularının istismarı idarəsinin rəisi Teyyub Nəcəfov da gəldilər.
- İşiniz irəli...
- Xoş gəldiniz.
- Vəziyyət necədir? Əyər-əskik yoxdur ki?..
- Savalan kişi olan yerdə nə çətinlik olacaq? Hər şey qaydasındadır. Suvarmanı bu gün-sabah qurtarırıq, - Emin gümrahlıqla bildirdi.
Hər gün belədir. Onlar kəndlərə, xüsusilə sərhəd kəndlərinə baş çəkir, adamlarla iş üstündə görüşür, hal-əhval tutur, ortaya çıxan çətinlikləri birgə səylərlə həll edirlər. Söhbət, əlbəttə, təkcə hər hansı konkret köməkdən getmir. Cəbhə xəttində, az qala hər gün atışma və basqınla qarşılaşan, bir güllə məsafəsində yaşayan insanlara ürək-dirək vermək, mənəvi arxa durmaq, təsəlli və ümid vermək hər şeydən artıqdır.
Yolumuz Çəmənli kəndinədir. Bu kəndin əhalisi də, demək olar ki, güllə altında yaşayır və işləyir. Ancaq bu vəziyyət heç kimi qorxutmur, əlini işdən soyutmur. Hamı çöldə-bayırda, iş üstündədir. Başqa yol yoxdur. Kənd adamı yaxşı bilir ki, gələcək bol məhsulun əsası bu bahar günlərində qoyulur. Vaxtında, keyfiyyətlə aparılan suvarma, becərmə tədbirlərindən çox şey asılıdır.
"Yəhya" rayonun qabaqcıl fermer təsərrüfatlarından hesab olunur. Təsərrüfatın rəhbəri Şəmil Quliyev zəngin həyat yolu keçib, təcrübəli adamdır. Torpağın da, insanaların da dilini yaxşı bilir. Söhbət zamanı dedi:
- Qarabağ torpağının hər qarışı qızıldır. Nə əksən, birə-beş əvəzini qaytarar. Ancaq gərək bir əlin onun üstündə ola, qayğını, diqqətini əsirgəməyəsən. Adamlar indi torpaqdan ikiəlli yapışıblar. Günümüz-güzəranımız, dolanışığımız burdan çıxır. Əgər son illərin rəqəmlərinə nəzər salsanız, görərsiniz ki, göstəricilərimiz ilbəil artır. Bu isə xoş güzəran, firavan həyat deməkdir. Cəbhə xəttinə yaxın olsaq da, özünüz görürsünüz, adamlarımız tikir-qurur, ayaqlarını doğulub-böyüdükləri bu müqəddəs yurd yerlərinə daha möhkəm dirəyirlər.
... Maşınımız torpaq yoldan sağa buruldu. Geniş çöllər adamın üzünə gülür. İlin bu çağları min bir nemət yetişdirən Qarabağ düzləri daha gözəl, daha füsunkar olur. Elə bil ana torpaq yüz cür gülü, çiçəyi ilə insanlarla danışır, onları salamlayır. Ergi düzü burdan başlanır. Əvvəllər Ağdamdan Mərziliyə, oradan da bura rahat asfalt yol çəkilmişdir, böyük, nümunəvi təsərrüfat yaradılmışdı. Əli Abbasovu da elə o vaxtdan tanıyıram. Yadımdadır, həmin illər Əli Abbasovun başçılıq etdiyi qoyunçuluq təsərrüfatı respublika üzrə ən yüksək göstəricilər əldə edirdi. O vaxtdan 25 ildən artıq vaxt keçib. Bəs, Əli Abbasov indi nə işlə məşğul olur, təsərrüfat yaşayırmı?..
Kiçik təpələrin üstünə yayılmış qoyun sürülərinin yanında maşından düşdük:
- Bərəkətli olsun, çoban qardaş.
- Xoş gəldiniz.
- Əli kişinin obasına yol hardan gedir?
- Düz gəlmisiniz, qardaş. Elə bu sürülər də Əli Abbasovundur.
- Nə var, nə yox, qışdan necə çıxdınız? Qorxub eləmirsiniz ki?
- Nədən qorxacayıq, ay sağ olmuş. Erməni bizə yaxşı bələddir. Havadarlarına arxayın olub yekələnmələrinə baxmayın. Bax, bu sürüləri düz sərhəd postuna qədər aparırıq. Qaldı, qışdan necə çıxmağımıza - şükür Allaha, itkimiz olmadı. Sürülərimiz, gördüyünüz kimi, gümrahdır.
Çox çəkmədi ki, Əli Abbasov da gəlib çıxdı. Köhnə tanışlar kimi görüşdük, hal-əhval tutduq. Daha çox onun rəhbər olduğu "Orxan" fermer təsərrüfatının fəaliyyətindən, əldə edilmiş uğurlardan, qayğı və çətinliklərdən danışdıq.
- 40 ildən çoxdur ki, qoyun sürülərini gördüyünüz bu bərəkətli düzlərdə saxlayırıq. Builki baharın ayağı sayalıdır. Hiss olunur ki, il bərəkətli olacaq. Təsərrüfatımızda 30 nəfər çalışır. Gəlirimiz ildən-ilə artır, güzəranımız yaxşılaşır.
- Əvvəllər ilin bu çağlarında el yaylağa hazırlaşardı...
- Elədir. Ancaq dədə-baba yurd yerlərimiz - Kəlbəcər, Laçın dağları hələ də düşmən tapdağı altındadır. Ona görə də başqa yerlərə üz tuturuq. Möhkəm inanırıq ki, belə vəziyyət uzun çəkməyəcək, haqq-ədalət, nəhayət, öz yerini tutacaq, biz doğma yurd yerlərimizə qayıdacağıq.
Bu günlər - baharın bu xoş, təkrarsız günlərində yolumuz hara, hansı kəndə düşdüsə bax, beləcə hamını tarlada, iş üstündə, əkində-biçində gördük. Bu isə o deməkdir ki, il uğurlu gəlib, məhsul bol olacaq, gün-güzəran yaxşılaşacaq.
Yeri gəlmişkən, bəzi rəqəmləri burada bir daha xatırlatmaq istəyirik. Ötən il rayon üzrə 28430 hektar sahədə məhsul yetişdirilmişdir. Bunun 15376 hektarı isə buğda sahələri olmuşdur. Ümumi məhsul istehsalı 40398 tona çatdırılmışdır. Cari ildə ümumi əkin sahələri, o cümlədən taxıl əkini sahələri xeyli artırılmışdır. Mal-qaranın baş sayı da çoxalmışdır. Hazırda burada 31724 baş iri, 89998 baş xırda heyvan var. Ət, süd, yun, yumurta istehsalı əvvəlki illərlə müqayisədə xeyli artmışdır.
Biz burada, əsasən, kənddə işlərin gedişindən, təsərrüfat qayğılarından, fermerlərin, kənd adamlarının arzu və düşüncələrindən danışdıq. Onu da əlavə edək ki, son vaxtlar Ağdamda həyatın bütün sahələrində ciddi canlanma və irəliləyiş əldə edilmişdir. Tikinti-abadlıq və quruculuq tədbirləri daha ardıcıl və sistemli xarakter almışdır.
Elə buradaca təkcə son aylar başlanmış müxtəlif təyinatlı obyektlərin bəzilərini sadalamaq istəyirik. Rayon mərkəzi xəstəxanasının yeni binası istifadəyə verilmiş, müasir avadanlıqla təmin edilmişdir. Həyət-bacada təmizlik, səliqə-sahman işləri aparılmış, ağac və gül-çiçək əkilmişdir. Bərdə istiqamətində girəcəkdə giriş qapısı, şəhidlər kompleksi, rəmzi qala və parkda işlər yekunlaşmaq üzrədir. Sultanbud təpəsinin üstündə Azərbaycanın üçrəngli bayrağı qaldırılmışdır. Təpənin sinəsində isə müstəqil ölkələrin xəritəsi çəkilmiş, çoxlu ağac əkilmişdir. Təkcə Quzanlı qəsəbəsində yollar boyunca 20 mindən çox ağac əkilmişdir.
Bundan başqa, rayon təhsil şöbəsi, qaz istismarı idarəsi üçün inzibati binaların, veteranlar evinin tikintisi başa çatmaq üzrədir. Doğum evinin, uşaq xəstəxanasının, 480 nəfərlik liseyin, aqroservisin tikintisinə hazırlıq görülür. Uzun illər bərbad vəziyyətdə olan mədəniyyət sarayının əsaslı təmirinə də başlanılmışdır.
Canlanma, irəliləyiş və yüksəliş bütün sahələri əhatə edir. Yurdumuza daha bir barlı-bərəkətli bahar qədəm qoyub. Qarabağa isə bahar daha çox şey vəd edir: bolluq, bərəkət, bir də doğma yurd yerlərinə dönmək ümidi...

{nl}

Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında